525.Az

Xəyal gəmisinin gerçək limanları - Flora Xəlilzadənin qeydləri


 

Xəyal gəmisinin gerçək limanları - <b style="color:red">Flora Xəlilzadənin qeydləri</b>

Açığı, mənim şeirsiz nəinki günüm, saatım belə yoxdu. Ən məşğul vaxtımda da sevdiyim misraların ətəyindən yapışıram. Sevinəndə, kədərlənəndə, hətta əsəbləşəndə də sığındığım misralar ovqatıma sığal çəkir. Həqiqətən də insanın içini dəqiq ifadə edən ən qüdrətli meyar poetik pıçıltı və haraylardı. Amma son vaxtlar ancaq "köhnə" şairlərin misraları ilə həmsöhbət olardım. Bu günlərdə Şahnaz Şahin mənə iki kitab göndərmişdi. Adətən kitabı vərəqləyər, bir neçə misranı oxuyar, bununla da müəllifə bələd olar, sonda kitabı ya qatlayıb kənara qoyar, ya da qəribə bir maraqla axıra qədər oxuyaram. İndi də belə oldu. İlk oxuduğum misralar:

Ağac kölgəsində yoxam,
Yoxam, taleyində yoxam.
Hardadı o köhnə çuxam,
Ver mənə bürünüb gedim.

Amma mən getmədim, Şahnaz Şahinin "O sözəcən..." kitabındakı şeirləri bir içim su kimi ciyərlərimə, ürəyimə çəkdim. Xəyalımdan nələr keçmədi. Şahnazın şah misraları məni yaman titrətdi:

Alıb gedər nə verdisə əlindən,
Gözün doymaz çiçəyindən, gülündən.
Geyinərsən ipəyindən, tülündən.
Son günündə ağ kəfənmiş bu dünya?!.

Əslində hamımızın bildiyi həqiqətdir, amma Şahnaz elə ifadə edib ki, məlum qəliblər dağıdılıb, təsirli və düşündürücüdü. Müəllif misralardan al-əlvan bir gülüstan yaradıb.  Hansı gülü qoxlamaq istəsən, varlığına bir xəbərdarlıq yayılacaq - "Bütün həyatını, bütün ömrünü, qaşla göz arasında yaşayan adam..."; "Bütün yer üzünün yağışlarını, çəkib sinəm üstə qurutdu dünya..."; "Sən mənim ömrümü tutan ilk yağış, mən sənin ömründə son dayanacaq..."


Dünənin xiffəti, bu günün pəjmürdəliyi, sabahın nigarançılığı Şahnaz Şahinin şeirlərində elə həzin və məlhəm sözlərdən poetik libas geyinib ki, oxuduqca hissini, duyğunu qəribə bir ovqat bürüyür. Bu köhnə təzəliyin içindəki bəlli məsələlər adamın xəyalını haralara aparmır. Uşaqlığından üzübəri ömrün illərini təzədən addımlamalı olur, itirdiklərini, səhvlərini xatırlayır, darıxdığın günlər üçün içinin yanğısını hiss edirsən. Oxucuya bu qədər yaxınlaşmağı, doğmalığı bacarmaq şairin ən böyük qələbəsi və qələminin hünəridi. Həqiqətən də Şahnazın ürəkdən su içən misralarında bir güzgü aydınlığı var. Bu görüntülərin arasında özünü görmək, yox, bu, oxucunun deyil, müəllifin qabiliyyəti və daxili məninin qüdrətidir:
        
Özümü azdırıb özüm,
Gəzirəm, tapa bilmirəm,
Bu meşə, bu səhra yolu, 
Gedirəm, çata bilmirəm.

Həyatın təzadları şairin şeirlərindən bir ana xətt kimi keçir. Ağlı-qaralı, acılı-şirinli dünyada düzü kəsən əyri yolların təkcə mövcudluğu deyil, çox vaxt da üstünlüyü (qələbəsi deyil! - F.X.) müəllifin üzüntülərini misra-misra oxucuya çatdırır: 

Kiməsə yad görünürəm,
Kiməsə doğmayam hələ.
Kimsə bir dəfə aldanır,
Mənsə gör neçənci dəfə...

Bu etirafın ahəngindəki həyəcan oxucunun da duyğularında sanki bir oyanış yaradır. Poetik harayın nisgili qəlbimizdə əks-səda verir. Sualların çoxluğu artır və cavab axtarırıq. Nədən belə olur: "Üzümüzə gülə-gülə, yolumuza qurur tələ..." Müəllifin öz cavabı mərdanəliyin ifadəsi kimi təsəlliyə çevrilir: "Uçurub taxt gəlmişəm, ovudub vaxt gəlmişəm, özümü tox tutmuşam..." Bu yerdə oxucunun da nigaran duyğuları elə şairin misraları ilə qovuşaraq cavabsız suala çevrilir. Görəsən, öz cılızlıqlarını anlayacaqmı, bu "ürəyi başdan-başa yamaq adamlar".
Təbii ki, bu təzadlar elə həyatın verdiyi dərsdi. İlanların mövcudluğu göyərçinləri dəyərləndirmək, sevmək üçündü. Şahnaz xanımın dediyi kimi, "Hər sabah ümid doğurur, axşam ölür içimdə".

Ağrımı, acımı sıxdım gözümə,
Bir aslan hünəri gəldi dizimə.
İnandım, aldandım... şükür səbrimə,
Yüngül dalğalarda vaxt itirmədim.

Şahnazın bu şah misraları müəllifin həqiqətidi. İxtisasca həkim olan, uzun illər  doğulduğu kənddə (Sabirabad rayonu Ulacalı kəndi) soydaşlarının sağlamlığı keşiyində dayanan, bir müddət də Sabirabad rayonunda İcra Hakimiyyətində çalışan Şahnaz Şahinin iş yerləri dəyişsə də, əbədi sadiq qaldığı qələmi və bir də qəlbindəki duyğuları olub. Bu qatmaqarışıq səslərlə dolu dünyada, şeir yazanların bolluğunda fərqlənə bilmək, seçilmək əsl istedadın töhfəsidi. Şahnazın elə həzin misraları var ki, mən onları ümumi bir adla təqdim edərdim: əsl məhəbbət himni! Məncə, qadına şeir həsr etmək bir vurğunluq, qəlb sevgisinin ifadəsidisə, qadın özü şeir yazırsa, bu, elə bir ucalıq və gözəllikdi ki... Əsl adını hələ də tapa bilmirəm. Şahnazın şeirlərində çırpınan ürəyin təsiri çox güclüdür. Oxuduqca doymadım. Həmkarımla fəxr etdim.
Şahnazın xəyal gəmisi bəzən elə limanlarda lövbər salır ki, özünü o dayanacaqda hiss edirsən. Oxucusu ilə özü arasında bu dərəcədə yaxınlığı və doğmalığı yarada bilmək şairin həssaslığından və pisliklərə meydan oxumağından irəli gəlir:

Həyat verən dərsdi ha...
Ömür boyu bəsdi ha...
Tale yazan yazdısa,
Bəndə, gözəl ayrılaq...

Şahnaz Şahinin 2017-ci ildə nəşr edilmiş "O sözəcən..." kitabının qəlbimdə yaratdığı təlatümlərdən söz açdım. Mən qısa da olsa qələm dostumun uğurlarına öz sevgimi, rəğbətimi bildirdim. Müəllifin 2021-ci ildə işıq üzü görmüş "Zəfər nəğmələri" adlı kitabını da eyni maraq və diqqətlə oxudum. Möhnətli günlərimizdən və Zəfərimizdən yazan müəllif vətəndaşlıq qayəsi və fəxrli duyğuları ilə diqqət çəkir.

QÜRUBSUZ GÜNƏŞ

Müəllifin bu kitabında Zəfərimizdən öncə nisgilini əks etdirən şeirləri ilə bərabər, mübarək günümüzlə bağlı yazdığı poema və esseləri toplanıb. "Ön söz"də Şahnaz xanım yazıb: "Mən sözün ucalığına sığınaraq... 30 illik bir Vətən həsrətinin acısını, şəhid qanı ilə yazılmış qələbənin şirinliyini sığdırmağa çalışmışam. Hər sətirə ürəyimi qoymuşam. Allahın izniylə, Tanrının xeyri-duasıyla ərsəyə gətirmişəm bu əsəri. Sözdən körpü qurmaq istəmişəm, söz körpüsü möhkəm olar..." Hər kəs də bu körpüdən keçə bilməz ki... 44 günlük döyüşdən sonra dəmir yumruğun və müzəffər ordumuzun qəhrəmanlığı sayəsində doğma Qarabağımız erməni ışğalından azad edildi. Bu böyük Qələbənin yaratdığı sevincin və müəllifin  "Zəfər nəğmələri"ndə dediyi kimi Azərbaycan əsgəri tarixi təzədən yazır:

Üçrəngli bayrağımız
Tellənir Qarabağda.
Bu gün torpaq özü də
Əsgərdi Qarabağda.

Olmuş və olacaqların qəfil ağrılarından sarsılan, 30 il sızıldayan könlünün sarı simini misralarla haraylayan və ümidini heç vaxt üzməyən Şahnaz inamla yazırdı:
             
Şuşanın dağları olar tamaşa,
Gözəllər bürünər tülə, qumaşa.
Doğma eli qarış-qarış dolaşıb, 
Yollar keçər yenə düz Qarabağdan...

Şairin həsrəti sovuşdu. Müəllifin bir etirafı da ürəyimizdən xəbər verir:

Ən gözəl şeiri sən yazdın,
Ali Baş Komandanım!..
Mübtədası, təyini, xəbəri öz yerində.
Azərbaycan əsgəri cəbhənin köz yerində
Düşmənlərin başına od ələyir davada...

Bu qürur dolu şeirlərin ahəngindəki həqiqət duyğularımıza qəribə bir qürur bəxş edir. Biz hələ də keçirdiyimiz o ülvi hissləri tam dilə gətirə bilmirik. Sərtliyimizi, qətiyyətimizi, türklüyümüzü dünyaya göstərə bildik, erməni vandallarını torpaqlarımızdan qovduq, qəmli, kədərli şeirlərimizin ruhunu dəyişdik:

Dalğalanır vüqarla
Bayrağım Qarabağda.
Başlanır türk ellərin,
Novrağı Qarabağda.

Bu bir pafos, yaxud da şüar deyil, illərlə həsrətin çəkdiyimiz, arzuladığımız bir görüntünün poetik harayıdır. Düşmənin bağrını yarır, dostları sevindirir, xalqımızın fərəhini, qürurunu ifadə edir. Bu, həm də bir ananın yenilməz qürurudu.
Müəllifin esselərinin də mövzusu yenə vətənə, onun azadlığı yolunda çarpışanlara həsr olunub. "...Günəşin övladları" da məhz ordumuzun qələbə əzmindən və yenilməzliyindən söz açır. Müəllif Ulu öndərimiz Heydər Əliyevin bir kəlamını öz essesinə epiqraf seçib: "Azərbaycan dünyaya Günəş kimi doğacaq". Şahnaz Şahinin təbirincə desəm, "Qartal duruşlu, aslan baxışlı Azərbaycan" bu gün qürubsuz Günəşdi. 
 

 





01.06.2022    çap et  çap et