Naxçıvan Muxtar Respublikasının cənubda İran, qərbdə Türkiyə ilə Araz çayı boyunca, şimalda və şərqdə isə Ermənistanla Zəngəzur və Dərələyəz silsiləsi ilə həmsərhəd olan unikal məkanda yerləşməsi, buranı təkrarolunmaz təbiət laboratoriyasına çevirib. Qədim sivilizasiyaların və mədəniyyətlərin yaranma mərkəzi olan bu diyar, vəhşi təbiətin də xeyli sayda bitki və heyvan növlərinin yaranmasının təkzibedilməz mərkəzlərindən biri sayılır.
Muxtar Respublikanın iqlimi, onun coğrafi mövqeyi, ərazinin hər tərəfdən dağ silsilələri ilə əhatə olunması və iri su hövzələrindən (dəniz və okeanlardan) uzaqda yerləşməsi bu ərazinin flora və faunasına da öz təsirini göstərib. Hazırda ərazi cəhətdən çox da geniş olmayan muxtar respublikada ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilərin 160 fəsiləyə, 910 cinsə daxil olan 3020 növü məlumdur. Muxtar respublikanın quru onurğalıları faunasına 3 sinfə aid olmaqla, sürünənlər 39, quşlar 265 və məməlilər 70 növ ilə təmsil olunur. Bunlardan 39 növü nadir və ya məhvolma təhlükəsi altındadır. Hal-hazırda bu diyar məhv olmaq təhlükəsində olan nadir heyvan növlərindən - bəbir (Panthera pardus saxicolor), Manul pişiyi (Otocolobus manul), Qaya keçisi (Capra aegagrus), Dağ qoyunu (Ovis orientalis) və sairin, demək olar ki, axırıncı sığınacaqlarına çevrilib. Belə nadir növlərdən biri də muflon və ya dağ qoyunudur.
Dağ qoyunu və ya Asiya muflonu (Ovis orientalis Gmelin) - dünyada dağ qoyunları cinsinin 7 növündən biri olub, yalnız Cənubi Qafqazda yayılıb. Bu növlərdən biri də Asiya muflonudur ki, bu növü də şərti olaraq iki yarımnövə: Zaqafqaziya və Anadolu qoyunlarına ayırırlar.
Muxtar Respublikanın orta dağlıq zonasından başlayaraq, 3900 m d.s.h qədər Dərələyəz silsiləsinin Sədərək rayonu ərazisi və (Vəlidağ - Ardıcdağ), Zəngəzur silsiləsinin Soyuqdağ zonalarına qədər yayılmışdır. Vəlidağ, Ardıcdağ, Göy dağ, At dərəsi, Cərəcur, İlandağ, Darıdağ və Dərəşam ərazisinə keçərək mövsümi - miqrasiyalar edirlər. Küküdağ, Keçilidağ və Ərəci dağlarında da muflonlara az da olsa rast gəlinir.
Asiya muflonu, muflon və ya dağ qoyunu kimi tanınan yabanı qoyunlar əhli qoyunların əcdadı hesab edilir. Bezoar keçilərindən fərqli olaraq dişi fərdlərində buynuz olmur.
Dağ qoyunlarının görmə və səs eşitmə duyğuları çox yaxşı inkişaf edib, buna görə də qarşılaşa biləcək təhlükədən tez xəbər tuturlar. Buna görə də sıx meşələrdə yaşamırlar. Muflonların erkəkləri və dişiləri ayrı-ayrı qruplar əmələ gətirirlər. Erkəklər əsasən 10-15 fərd, dişilər isə 18-20 fərddən ibarət qruplar halında olurlar. Qoç sürülərində ancaq cinsi yetişkənliyə çatmış erkəklərdən ibarət olur.
Cinsi yetişkənliyə çatmamış 1-1,5 yaşlı cavan erkəklər isə dişi sürüləri ilə gəzirlər. 2 yaşlı dişilər mayalanır və ilk balasını doğur.
Otlamaları qruplar şəklində olur, qrup otlayarkən yüksək bir yerdə növbətçi bir muflon olur, təhlükə hiss etdiyi zaman, ayaqlarını yerə vuraraq, xüsusi fit səsinə bənzər səs çıxardaraq, digərlərinə xəbər verməklə təhlükədən qaçırlar. Muflonların erkək və dişi sürüləri ilin hardasa demək olar ki, 10 ayını ayrı-ayrılıqda keçirərlər. Dağ qoyunlarının erkəkləri və dişiləri ayrı-ayrılıqda qrup əmələ gətirirlər. Dağ qoyunları ancaq cütləşmə vaxtı çox saylı qarışıq sürülər əmələ gətirirlər.
Yaz və yay aylarında dişilər ayrı-ayrı sürülər halında, başqa bölgələrdə günlərinin 8-10 saatını otlayaraq keçirirlər. Yayda sübh tezdən intensiv otlayıb, günün isti vaxtında isə gündüz daldalanacaqlarda - qaya, ağac və ya kol kölgəliklərində istirahət edir, axşamçağı isə yenidən otlamağa başlayırlar. Azərbaycan şəraitində muflonların qida rasionunun əsasını - 78,4 faizini ot bitkiləri təşkil edir. Muflonların əsas yemi dənli bitkilərdir. Naxçıvan MR ərazisində dağ qoyunları təqribən 70-ə yaxın bitki növü ilə qidalanırlar. Muxtar Respublikada muflonların bir neçə təbii duzlaqları vardır. Onlar Nehrəmdağda, Darıdağda və Nəsirvaz silsiləsində yerləşir.
Adətən, sübh tezdən və ya axşamçağı su içmək üçün aşağılara enirlər. Noyabr-dekabr aylarında yavaş-yavaş dişilərin bölgəsində görünməyə başlayan qoç qrupları arasında şiddətli döyüşlər başlayır, hətta bəzən fərdlərdən biri ölümcül yaralanır. Qalib erkək sürüyə qarışaraq dişi ilə cütləşir. Cütləşmə dönəmindən sonra qış ayları başlayır ki, bu da dağ qoyunları üçün ən çətin vaxtlar hesab edilir. Qalın qar örtüyü altında yem tapa bilmədikdə, ayaqları ilə qarı təmizləyərək yem tapırlar.
5-5,5 ay sürən boğazlığın ardından, aprel ayının sonları may ayının əvvəllərində boğaz qoyunlar sürüdən ayrılaraq gizli və sakit bir yerdə doğuşlarını həyata keçirirlər. Doğuşdan bir neçə gün sonra yenə sürüyə qayıdırlar. Doğuşdan bir neçə saat sonra anaları kimi sürətli qaça bilən balalar, muflonların nəsil artımının göstəricisidir. Dişilər bir və ya ekiz bala doğurlar.
Qısa yun örtüyünə, balaca qulaqlara, quyruğa, uzun və incə ayaqları olan, dağ qoyunlarında görmə, qoxu bilmə və eşitmə duyğu üzvləri çox yaxşı inkişaf edib. Son dərəcə cəld və sürətli olan muflonların ön ayaqlarının arxa ayaqlarından qısa olması onların dağlara dırmanmasında çox köməklik edir. Kiçik Asiya muflonu Ovis cinsinin xarakterik nümayəndəsi olub, cinsi dimorfizm, bədən quruluşu, inkişaf etmiş buynuzlar, cidovluq və qarınaltı sahələrdə xüsusi sallaqlıqların olması, xüsusən, qış dövründə xarakterik rəng dəyişiklikləri ilə fərqli görünüşlərə malikdirlər. Yetkin qoçlarda bədənin uzunluğu 105-140 sm, cidovluq nahiyəsində hündürlük 80-90 sm, uzunluğu boyu kənarlara doğru genişlənərək əyilmiş dairəvi üçbucağı xatırladan buynuzlar qoçlarda 75 sm-ə qədər olur. Buynuzlar erkəklərdə 4 aylıqdan çıxmağa başlayır və yaşam müddətincə uzanır. 12-13 yaşlı qoçlarda buynuzların uzunluğu maksimuma çata bilər. Buynuz üzərindəki cizgilər (çıxıntılar) qoçun yaşını göstərir. Buynuzların digər özəlliyi onları digər heyvanlardan qorumasında istifadə edirlər.
Muflonların dişilərinin cidov hündürlüyü 80-90 sm olub, buynuzsuz olurlar. Cütləşmə ərəfəsində erkəklərin çəkisi 50 kq (nadir hallarda artıq olur), dişilərinki isə 35 kq-a qədər olur. Yay vaxtı dişilərin və cavan heyvanların rəngi qırmızıya çalan sarı və ya qum rəngində olur, qışda isə bozumtul-qum rənginə çevrilir. Erkəklərin ilin bütün fəsillərində sinəsində və boyun altı sahələrdə qara sallaqlıqları olur. Qışda erkəklərin dəri örtüyü dişilərə nisbətən daha tünd rəngli olur. 3 yaşdan böyük erkəklərin yanlarında açıq rəngli sahələr nəzərə çarpır ki, bunlar ön tərəfdə şaquli qara zolaqlarla məhdudlaşırlar.
Dişilər 16-20 aylıqda, erkəklər isə 24-30 aylıqda cinsi yetişkənliyə çatırlar, ortlama 15-18 yaşa qədər yaşayırlar.
Bezoar keçilərindən fərqli olaraq muflonlar qayalıq - dağ landşaftında deyil, açıq dağətəyi çöllərdə, alçaq təpəliklərdə məskunlaşmağa üstünlük verirlər və dağ keçilərindən daha çox miqrasiya fəallıqları ilə seçilirlər. Muflonlar istiliksevən növ olduğundan, arid şəraitə də uyğunlaşma xüsusiyyətinə malik olurlar. Yaşlı erkəklər, hətta, tipik alp yüksəkliklərində, Dərələyəz və Zəngəzur silsiləsi landşaftlarında məskunlaşa bilir. Payızda yüksək dağlıq ərazilərə qar yağdıqda, heyvanların orta və aşağı dağətəyi sahələrə miqrasiyası başlayır. Yazda isə geriyə miqrasiya edilir. Ancaq bəzi məlumatlara görə cavan heyvanlarla birlikdə bəzi yaşlı erkəklər də müəyyən qrup halında dağətəyi ərazilərdə qalaraq, çox gizli həyat tərzi keçirirlər.
2001-ci ildən Naxçıvan MR-də ova qoyulan qadağa və mühafizənin düzgün təşkili nəticəsində muflonların baş sayı xeyli dərəcədə artıb. Naxçıvan Muxtar Respublika Ekologiya və Təbii Sərvətləri Nazirliyinin, Beynəlxalq təşkilat olan WWF-lə (Ümumdünya Vəhşi Təbiət Fondu) birlikdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən 2021- ci ilin dekabr ayından 2022-ci ilin fevral aylarında aparılan monitorinq nəticələri də bir daha bunu subut edir.
Bütün bunlar bir daha Naxçıvan Muxtar Respublika ərazisinin unikallığını və orijinallığını göstərir. Buranın təbii zənginliyinin qorunması və artırılması bu müqəddəs diyarda yaşayan indiki və gələcək nəsillərin başlıca borcudur. Naxçıvanın çox maraqlı və dəyərli olan təbiətinin qorunması təkcə Azərbaycan və Qafqaz üçün deyil bütün Dünya üçün vacibdir!
İsmayıl MƏMMƏDOV AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun
baş direktoru, biologiya elmləri doktoru, dosent
Pərviz FƏTULLAYEV AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun
laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent