525.Az

Oxçuçaya qarşı ekoloji təxribat


 

İŞĞAL DÖVRÜNDƏ BU ÇAYIN HÖVZƏSİ TƏHLÜKƏLİ EKOLOJİ TƏSİRLƏRƏ MƏRUZ QALIB 

Oxçuçaya qarşı ekoloji təxribat <b style="color:red"></b>

Oxçuçay hövzəsinin Azərbaycan ərazisinə aid hissəsinin irimiqyaslı landşaft xəritəsinin tərtibi, ərazinin landşaft-ekoloji vəziyyətinin qiymətləndirilməsi, çay axınına landşaftların təsirinin, hövzə ekosistemlərində işğal dövründə yaranmış antropogen pozulmaların öyrənilməsi  məqsədilə tədqiqatlar aparılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun "Landşaftşünaslıq və landşaft planlaşdırılması" şöbəsinin əməkdaşları tərəfindən aparılan tədqiqat zamanı müəyyən edilib ki, Oxçuçayın Azərbaycan ərazisindən keçən 43 kilometrlik hissəsinin 10 kilometri bilavasitə Ermənistanla Azərbaycan arasında hazırkı dövlət sərhədinə uyğun gəlir. Onun 32,2 faizi meşə-kolluqlar, 32,1 faizi kserofit bozqırlar, 12 faizi quru bozqırlar və 6,9 faizi isə çay-dərə çəmən meşələrdən ibarətdir. Süsən, Piləsər, Ağcaqayın və Əsgülüm silsilələrinin çaya baxan yamacları dik olub, əsasən tektonik qırılmaya uyğundur. Vulkanogen süxurlardan təşkil olunmuş yamacların bəzən çılpaq qayalıqlarla, bəzən meşə və meşə-kolluqlarla örtülməsinin səth axınının nizamlanmasında, yeraltı axının yaranmasında və çayda sululuğun ilboyu qorunmasında çox əhəmiyyətli rolu var. Qısa məsafədə təbii landşaftların quru-bozqırlardan dağ meşələrinə doğru tədricən dəyişməsi və onlar arasında ekoloji koridor rolu oynayan Oxçuçayın təsiri ilə hövzədə unikal əhəmiyyətə və zənginliyə malik biomüxtəliflik yaranıb.

Mütəxəssislər apardıqları tədqiqatların nəticəsində müəyyən ediblər ki, işğal dövründə çay hövzəsi ekosistemləri ciddi landşaft-ekoloji təsirlərə məruz qalıb. Meşələr vəhşicəsinə talan edilib, sənaye əhəmiyyətli Araz palıdı, qoz ağacları, göyrüş və sair qırılıb, digər ağac və kol növləri isə yanacaq kimi istifadə edilib. Hazırda yaşıl görüntü yaradan bu meşəliklər, əslində vaxtilə ermənilər tərəfindən qırılmış ağacların kökü üstündə inkişaf edən topa şəkilli pöhrələrdən ibarətdir. Belə meşələrin yenidən bərpa edilməsi və qorunması Oxçuçay hövzəsinin unikal əhəmiyyətə malik təbii genefondunun gələcək nəsillərə çatdırılmasında əhəmiyyətlidir.

Araz çayının sol qolu olan Oxçuçay çayının uzunluğu 83 km, sahəsi 1 175 kvadrat kilometrdir. Mənbəyini Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Çayın böyük hissəsi Ermənistanın Sünik bölgəsində (Azərbaycanın Zəngəzur adlanan tarixi bölgəsidir) yerləşir, aşağı məcrası erməni işğalından azad edilmiş Zəngilan rayonu ərazisindən axaraq Araz çayına tökülür. Əsas axınını qar (46 faiz), yağış (10 faiz) və yeraltı (44 faiz) sular formalaşdırır. Orta illik su axını saniyədə 10 kubmetr, orta illik həcmi 315 milyon kubmetrdir. İllik axının 40 faizi yaz dövründə, 43 faizi yayda, 10 faizi payızda, 7 faizi qış mövsümündə formalaşır.
Təəssüf ki, bu gün Oxçuçay çayı erməni vandalları  tərəfindən çirkləndirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Oxçuçay üzərində mütəmadi analizlər aparılıb. Analizlər çayın 3 müxtəlif istiqamətindən götürülüb. Su nümunələri üzərindən 150-dən çox, dib çöküntülərindən isə 180-dən çox nümunə götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur. Təəssüflər olsun ki, çirklənmələr bu gün də davam edir. Çayda ağır metallar və digər çirkləndirici metalların çəkisi hazırda  5-7 dəfə çoxdur.

Prezident İlham Əliyev bildirib ki, Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı xüsusi məruzə hazırlandı və qəbul edildi: "Orada hər şey açıq-aşkar deyilmişdi. Tərtər çayının suyundan bizi məhrum etmişdilər. Halbuki Heydər Əliyev Suqovuşan su anbarını inşa edəndə Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar torpağını suvarması nəzərdə tutulurdu və su gedirdi... Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Biz bu məsələni qaldırmışıq. Məsələni qaldıranda bizə söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək. Amma artıq bundan bir il vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçayı zibilləyən, zəhərləyən "Cronimet" şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra Ermənistan hökuməti korrupsiyalaşmış həmin o erməni nümayəndələrindən bu kombinatın payını alıbdır. Ancaq bu fəlakəti törədən "Cronimet" şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb olunub. Biz erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik. O cümlədən, xarici şirkətləri, hansılar ki, bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan "Cronimet" şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq".
Qeyd edək ki, Ermənistanın Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatlarının toksik tullantılarının Oxçuçaya axıdılması bu su resursunu əsl ekoloji fəlakət girdabına sürükləyib. Ermənistanın Mis saflaşdırma kombinatlarının toksik tullantılarının Oxçuçaya axıdılmadan beynəlxalq standartlara  uyğun şəkildə toplanılması və zərərsizləşdirilməsi üçün İrəvan və həmin kombinatlarda iş aparmış Almaniyanın "Cronimet" şirkəti tərəfindən heç bir tədbir gprülməyib.  Halbuki, "Cronimet" şirkətinin Azərbaycana qarşı ekoloji terrorda iştirak etməsi Almaniyanın  beynəlxalq nüfuzuna ciddi zərbədir. Bu, Almaniya qanunvericiliyinin də pozulmasıdır. Almaniya qanunvericiliyi ölkə ərazisindən kənarda da bu ölkəyə məxsus şirkətlərin beynəlxalq hüquq və normaları gözləməsini özündə təsbit edir. Bu tələb pozduğu halda onlara qarşı Almaniya hökuməti müvafiq hüquqi addımlar atmaq səlahiyyətlərinə malikdir. Öz qanunvericiliyini və tərəfdar olduğu beynəlxalq hüquq normalarını, öhdəliklərini rəhbər tutaraq Almaniya hakimiyyəti "Cronimet" şirkətinə qarşı müvafiq addımlar atmalıdır. Əks hal Almaniyanın beynəlxalq imicinə ciddi zərər vuracaq, bu ölkənin qanunların aliliyinə hörmət prinsipinə əməldə riayət etmədiyinə dair rəy formalaşdıracaq.
Oxçuçayın davamlı çirkləndirilməsinin qarşısının alınmasının zəruriliyi və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan tərəfindən  beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Lakin hələ də istənilən nəticə yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyir ki, Oxçuçay faciəsi bu gün də davam edir. Bu səbəbdən beynəlxalq qurumlar Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsinə kəskin reaksiya verməlidir. U.Tağıyevanın sözlərinə görə, nazirlik bununla bağlı mütəmadi olaraq beynəlxalq təşkilatlara məlumatlar verir, çirklənmə səviyyəsini açıqlayır: "Ermənilər mütəmadi şəkildə Oxçuçayı ağır metallarla çirkləndirir. Çirklənmə halları ən çox yanvar-mart və iyun-avqust ayları, əsasən azsululuq dövlərində müəyyən edilir. Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında, Ermənistanla sərhəddə yaxın seçilmiş nöqtədədir". U.Tağıyeva deyib ki, orta illik nəticələrə əsasən yuxarı axında (Bürünlü kəndi) - ammonium 3.4 dəfə, manqan 3.1 dəfə, dəmir 1.5 dəfə, nikel 5.5 dəfə, kadmium 3.4 dəfə, molibden 1.9 dəfə normadan çox olub: "Yuxarı axında müxtəlif dərinliklərdən (səth, 10 sm, 20 sm) götürülmüş dib çöküntüləri nümunələrində metalların qatılığı orta və aşağı axına nisbətən daha yüksək olduğu müəyyən edilib. Tullantı suları təmizlənmədən birbaşa çaya axıdılır, bu da çayın ağır metallarla çirklənməsinə gətirib çıxarır. Çayın ağır metallarla yüksək səviyyədə çirklənməsi çayın ekosisteminin pozulmasına və orada yaşayan bioresursların məhvinə səbəb olur".
Sevinc QARAYEVA
 

 





02.06.2022    çap et  çap et