525.Az

Müsəlləh əsgər kimi... - Məlahət Hümmətqızından yeni yazı


 

Müsəlləh əsgər kimi... - <b style="color:red">Məlahət Hümmətqızından yeni yazı</b>

2020-ci ilin mart ayında ölkəmizi pandemiya dalğası  bürüyəndə biz - fədakar Azərbaycan həkimləri  Vətənin çağırışını vicdanımızın çağırışı kimi qarşılayıb səfərbər olduq. Heç nəyi gözə almadan,  ölümdən qorxmadan əsgər kimi "ön cəbhəyə" atıldıq. O vaxt xəstəlik barədə zəruri ibtidai məlumatı olmayan insanlar təşviş və qorxu içində  idilər, bu gözəgörünməz düşməndən - virusdan necə qorunacaqlarını bilmirdilər. Biz həkimlərin isə yalnız bir devizi vardı: "İnsanlar dardadır, onlara yardım etməliyik". Təxminən iki il virusa yoluxmaq təhlükəsi ilə üz-üzə, göz-gözə qaldıq. Ev, ailə qayğısını sanki unutmuşduq. O vaxt insanları xilas etmək üçün bir əsgər kimi yalnız irəli getmək barədə düşünürdük.

Pandemiyanın ilk 3 ayı çox ağır keçdi və o üç ayda ölüm sayı daha çox oldu. O ağır aylarda həkimlərimiz virusdan boğularaq ölən insanların  stressini yaşadılar, gündə on dəfə ölüb-dirildilər. Bəzən çarəsiz qalan həkim tərləmiş eynəyinin altından xəstəsinə göz yaşları ilə baxdı. Geri dönüşü olmayan xəstəsinin üzünə gülümsəyib, yalan danışmağa məcbur oldu, ona "sən sağalacaqsan, sən yaşayacaqsan" dedi. Belə də deməliydi. Keçirdiyimiz stress, həyəcan, hər dəqiqə xəstənin ölümünü görmək qorxusu bizim ömrümüzün yarısını aldı...
Yüzlərlə həkimimiz amansız virusa yoluxaraq  xəstəxanalara yerləşdirildi. 30 nəfərdən çox  həmkarımız virusa qurban getdi. Onlar da şəhid oldular. Təəssüf ki, bu gün onları tanıyan yoxdur.

Getsin o günlər, bir də gəlməsin. Unutmaq, əzablı xatirələrindən qurtulmaq istəsəm də, o günlər yaddaşıma ömürlük qara hərflərlə yazılıb. Sanki ağrı-acısı ilə bərabər, beynimin bir küncünə hopub. Səhhətinin ağırlaşması ilə əlaqədar başqa xəstəxanaya köçürülən, təcili yardım maşınına minərkən son anda çevrilib nəmli gözləri ilə üzümə baxaraq həyəcanla "Mən yaşayacağammı?" soruşan Məhəmmədi, Bilgəh modul xəstəxanasında  reanimasiya şöbəsinin olmaması üzündən itirdiyimiz neçə-neçə ağır xəstələrdən biri olan, baxışlarıyla "Doktor, qoymayın ölüm" deyən Mehrəlini, ölümünü gözləri qarşısına alan, öləcəyi ilə barışan, "ölməyə gedirəm" deyən polkovniki - Nurəddin müəllimi, 44 günlük Vətən müharibəsində cəbhəyə yük maşınında ərzaq daşıyan, neçə dəfə erməni  gülləsindən salamat qurtarsa da, yalvarışlı baxışları ilə COVİD-in əlində girinc olan sürücü Zauru,  balasının dilindən "Üşüyürəm ana, gəl üstümü ört" deyib fəryad edən Zöhrə ananı, özünün qaranlıq dünyasında tənha yaşayan və nə vaxtsa günəşi və günəşüzlü həkimini görmək arzusuyla yaşayan  Arifi, gözlərim önündə boğularaq dünyasını dəyişən  insanları heç vaxt unutmayacağam. Onları unutmağa haqqım da yoxdur! 85 yaşlı nənənin saturasiyası düşüb tənəffüsü çətinləşəndə göstərdiyimiz yardımlara baxmayaraq, vəziyyəti get-gedə pisləşdi. Reanimasiyaya köçürtmək istədik, yalvardı,   hönkürtü ilə ağladı: "Aparmayın bala, ora getsəm, qorxudan öləcəm, qoyun burda rahat ölüm", - dedi. Saxlaya bilməzdik, hər an gözümüz önündə ölə bilərdi. Aparmağa məcburduq. Apardıq... Üç gündən sonra ölüm xəbəri gəldi. Bu ağrı necə unudula bilər?!.
Zaura söz vermişdim ki, onun Vətən müharibəsindəki qəhrəmanlığı barədə yazı yazacam. Yazını sağlığında çatdırmadım, ölümündən sonra  yazdım...  

Bəs təcili yardım stansiyasının həkimi Fərmanı necə unuda bilərəm? Neçə-neçə ağır xəstəyə evində yardım etmişdi, onları xəstəxanaya daşımışdı.  Sonda özü pandemiyanın qurbanı oldu. Ona kömək edə bilmədik, həmkarımızı gözümüz baxa-baxa itirdik... Bunlar içimi yandırır, ürəyimin başını göynədir. Xatırladıqca məni qəhər boğur. Pandemiyanın, adlarını sadalamadığım qurbanları sıralanıb gözümün önündən keçir... 
Hərdən xəstəxanada dünyasını dəyişən insanlar yuxuma gəlir, qəmli, yalvarışlı baxışlar "Niyə bizi sağaltmadınız?" soruşur. Cavab verə bilmirəm.
Həkimlər bunları yaşadı və yaşadıqlarının təsirindən çıxa bilmirlər. Bunu da düşünürəm ki, medalın tərs üzünü cəmiyyətdən gizlətməyin mənası yoxdur. TƏBİB ilk vaxtlar sahə həkimlərinə evlərə çağırışa, getməyə icazə vermədi. Xəstələrlə təmasda olan həkimlərə otellərdə yer ayrıldı. Üç aydan sonra isə COVİD-lə döyüşən həkimlərə evlərinin yolunu göstərdilər. Bu, böyük risk idi. Paradoks bunda idi ki, viruslu xəstə ilə təmasda olduqdan sonra öz ailəmizin içinə gedirdik, ancaq qorxudan  xəstəxanaya getməyən xəstələrin üstünə gedə bilməzdik? Əgər virusa yoluxmuş xəstələr vaxtında sahə həkimləri tərəfindən evlərdə müalicə olunsaydı, ağırlaşıb xəstəxanaya düşməzdilər və ölənlərin sayı da az olardı. Tibb bacıları yaxma götürmək üçün evlərə skafandrda gedirdisə, sahə həkimləri də xəstə üstünə gedə bilərdi... Əslində, xəstə üstünə gizlin gedən həkimlər vardı və onların qoyduqları müalicə haqqı iki min, üç min, bəzən beş min manata çatırdı...

Kim yaratmışdı bu şəraiti? Heç şübhəsiz, səbəblərdən biri insanlardakı şüuraltı qorxu idi,  insanlar yığdıqları pulu ölməmək üçün son qəpiyinə kimi vəziyyətdən istifadə edən qansız, üzdəniraq həkimlərə verirdi. Oksigen balonları evlərə daşınırdı. Pandemiya dövründə apteklərdən tutmuş, evlərə gedən tibb bacısına, həkimə qədər kimlər qazanmadı ki...

Ancaq əsgər kimi səfərbərlikdə olan həkimlər bunların kölgəsində qalmamalı idi. Onların arasında şəkər, arterial hipertenziya, ürək-damar sistemi, artrit, böyrək, anemiya xəstəliyi olanlar da vardı. Həkimlərin vəziyyətini, təzyiqini, şəkərini hər gün  yoxlamaq heç yada düşmədi! Halbuki tibb məntəqələri yaradılmalı, hər gün həkim işə başlamazdan əvvəl onun təzyiqi yoxlanmalı, hərarəti, şəkəri ölçülməli idi. Düzdür, son aylar bütün müəssisələrdə işə çıxan işçilərin hərarəti ölçüldüyü kimi, həkimlərin də hərarəti ölçülürdü. Amma bu, az idi. 

İlk 3 ayı çalışdığım ATU-nun Tədris Cərrahiyyə Klinikasının ömrümdə fərqli izləri qaldı. Fasiləsiz çalışır, çox yorulurduq. Beş dəqiqə oturmağa vaxtımız yox idi. Bəzən xəstələrin çoxluğundan xəstəlik tarixçələrini yazıb bitirə bilmirdik. Yeni gələn xəstələrin müayinəsi, təyinatlar vaxt aparırdı. Bir palatadan o birinə qaçırdıq. Ağırlaşan xəstənin başının üstündən saatlarla çəkilmirdik. Klinikanın bütün tibb personalı, xüsusilə həkimlər fədakarlıq göstərirdi. Onların haqqında sosial şəbəkədə yazıb, "qəhrəman həkim" adlandırmış, hamısının ad və soyadını göstərmişdim. Onlar bir gecədə məşhurlaşmışdı...   

2020-ci ilin aprel ayında TƏBİB çağırış etsə də, həkim çatışmazlığı vardı. Həkim çatışmazlığından çox əziyyət çəkirdik. 13 mərtəbəli möhtəşəm binanın hər mərtəbəsində bir həkim çalışırdı. Yoluxmadan qorxub xəstəxanalara işləməyə gəlməyən, hətta bizə rişxənd edən həkimlər də vardı. "Özünüzü niyə öldürürsüz, sizə medal verəcəklər? Baxarsınız, elə adamları təltif edəcəklər ki..." (Onlar düz deyirmişlər. Axırda heç vaxt xəstə müalicə etməyən, kənardan baxan bəzi həkimlər medal və fəxri fərmanlar aldılar).  

Biz ruhdan düşmürdük. Tükənirdik, yorulurduq, taqətdən düşürdük, çəkimizi, immunitetimizi itirirdik, amma dözürdük. Şəxsən mən üç ayda 20 kq arıqlamışdım. 

Gecənin qaranlığında 11-ci mərtəbədən baxanda  uzaqdan "Alov qüllələri" üzümüzə gülümsəyirdi. Dövlətimizin həkimlərə dəstəyi bizi sabaha ruhlandırırdı. "Biz birlikdə güclüyük, Azərbaycan həkiminə eşq olsun!" şüarı "Alov qüllələri"ndən,  eləcə də yolkənarı plakatlardan ürəyimizə işıq saçırdı. Sərt karantin rejimi vaxtı avtobusumuz boş küçələrdə şütüyəndə isə vahimələnirdik: bu boyda şəhərdə bizdən başqa heç kim gözə dəymirdi. İnsanlar qorxudan eyvanlara belə çıxmırdılar.

Hava keçirməyən skafandrın içində 10-12 saat ac, susuz, ayaq üstə, tər içində çalışmağın nə demək olduğunu təsəvvürünüzə gətirin. Tibb işçilərinin  saçları tökülür, təzyiqləri enirdi. Həmkarlarımızın tibbi yardımları olmasaydı, vəziyyət daha da gərginləşə bilərdi. Gecələr səhərə kimi ağır xəstənin başı üstündə oyaq qalmaq, xəstənin halının pisləşəcəyindən qorxa-qorxa yaşamaq, bu məsuliyyətin ağırlığını daim üzərində hiss etmək, sizcə, asan idimi?

Dövlətimiz tərəfindən həkimlərə maaşlarının beş mislinin verilməsi müxtəlif ixtisaslı həkimlərin COVİD xəstəxanalarına axınını sürətləndirdi. Bununla da həkim çatışmazlığı aradan qalxdı. Xəstəxanalara axışan həkimlər arasında bu xəstəliyin müalicəsinə aid olmayan ixtisas sahiblərinə də rast gəlirdik. Bunlar da bizə bir yük olmuşdu, təcrübəsiz və savadsız olduqlarını görüb, onlara yardım etmək məcburiyyətində idik. Bura gələnlərin çoxu ehtiyac üzündən gəlirdi. Mən modul xəstəxanada maddi vəziyyəti yaxşı olan tibb işçisi görmədim. 

Belə düşünürəm ki, pandemiya ilə mübarizənin ilk günündən "ön cəbhədə" olan bir həkim kimi bu gün bunlardan söz açmağa haqqım var! 
Pandemiya ölkəmizdə tügyan edəndə ilk 3 ay modul xəstəxanalar yox idi. Xəstələr Tədris Cərrahiyyə klinikasına, Tədris Terapevtik Klinikaya, Əfəndiyev adına Xəstəxanaya, Neftçilər Xəstəxanasına və 1 saylı Şəhər Kliniki Xəstəxanaya (sonradan bu siyahıya  Yeni klinika da daxil oldu) qəbul edilirdi. O xəstəxanalarda  evindən-ailəsindən ayrı düşmüş 700 nəfər tibb personalı çalışırdı. Elə tibb işçiləri oldu ki, 2020-ci ilin aprelindən 2022-ci ilin aprelinədək - düz iki il xüsusi rejimdə çalışdı.    

İki ildən artıq davam edən, minlərlə can alan  COVİD, nəhayət ki, yoruldu və dizini yerə qoydu. Bu gün bütün dünyanı lərzəyə salan bu gözəgörünməz düşmən haqqında danışmaq kimin üçünsə, bəlkə, asan görünə bilər. Baş verən hadisələri, amansız ölümləri, insan əzablarını bir kino filmi kimi xatırlayanlar da yox deyil: baxıldı, bitdi. Bir televiziya aparıcısının dediyi kimi, "külək idi - əsdi, keçdi"... Sosial şəbəkələrdə pandemiya ilə mübarizə  aparan həkimləri təhqir edən, lağa qoyan, hər şeyi öz arşını ilə ölçən inasanlara da rast gəldik. Elə bil, evlərə qapanan, yoluxmadan qorxub küçəyə çıxmayan, bir evdə ayrı-ayrı otaqlarda yatan, yatanda da ağzından maskanı almayan, dost-tanışdan uzaq qaçan bu insanlar deyilmiş. Nə tez unutduq bunları?.. 

Unutmayaq ki, virus tarix boyu olub və olacaq. Koronavirus olmasa da, sabah başqa bir virus qapımızı döyəcək. Hökmən döyəcək. Meymunçiçəyi kimi... Ona görə də ehtiyatı əldən verməməliyik. Koronavirus insanlara bir həyat dərsi keçdi. Öz sağlamlığı haqqında ciddi düşünməyi insan övladının yadına saldı. Tez-tez əllərini yumaq, gigiyena qaydalarına riayət etmək, özünü xəstə insanlardan qorumaq, xəstə olarkən maska taxmaq, məsafə saxlamaq vərdişləri aşıladı.

Çox istərdim ki, pandemiyadan dünyasını dəyişən həkimlərimiz hər il yad olunsun, Vətənin müdafiəsi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimiz kimi onların da xatirəsi əziz tutulsun. Pandemiya ilə mübarizə aparan həkimlərin şərəfinə şəhərimizin görünən yerində abidə ucaldılması gələcək nəsillər üçün əsl fədakarlıq örnəyi ola bilər. 

Pandemiyanın əvvəlindən sonuna qədər müsəlləh əsgər kim gözəgörünməz ölümlə üz-üzə dayanıb insanların həyatının keşiyində dayanan həkimlərin əməyinə layiq olan qiymətin verilməsi isə cəmiyyətin üzərinə düşən borcdur. 


 

 





02.06.2022    çap et  çap et