525.Az

Kəşfiyyatın izi ilə


 

Kəşfiyyatın izi ilə <b style="color:red"></b> Korpus kəşfiyyat bölüyünün sabiq komandiri

Birinci yazı 

1993-cü il oktyabrın 23-də Bakı-Laçın yolu Füzulinin Böyük Bəhmənli kəndi yaxınlığında bağlandı. Bununla da Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın o günədək bizdə olan ərazilərinin mühasirəsi həyata keçirildi və sonrakı 4-5 gün müddətində işğal olundu. Bu, həm də Qarabağ müharibəsinin faciələrlə dolu yeni mərhələsi demək idi. Bu hadisə çoxları üçün gözlənilməz olmuşdu. Avqust ayındakı ağır keçən döyuşlərdən sonra Qarabağın cənubunda çox maraqlı bir konfiqurasiya alındı.

Azərbaycanın İranla sərhəd xətti burada Araz çayı boyunca gedərək Bakı-Mincivan avtomobil yolu və Bakı-Naxçıvan dəmir yolu kimi vacib kommunikasiyalar bu sərhəd xəttinə paralel olaraq uzanırdı. Avqust ayında sabitləşmiş cəbhə xətti bu xətlərdən 3-5 km-dən başlayaraq 10-15 km-ə qədər artaraq düşmən üçün əlverişli formaya düşdü. 

Sentyabr ayındakı nisbi durğunluqdan arxayınlaşan insanlar bu ərazilərdəki boşalmış torpaqlarına geri dönməyə başlamışdılar. Hətta yerli hakimiyyət orqanları tərəfindən əhalinin üzüm yığımına cəlb edilməsi kütləvi xarakter almışdı. Arxayınçılıq hissi mülki əhali kimi  bir çox hərbçiləri də müharibəni az qala unutdursa da bu illərin acı təcrübəsi bizə reallığı itirməyə imkan vermirdi. 

Hələ avqustun 16-dı yaralı olaraq ələ keçirdiyimiz düşmən döyüşçüsü son nəfəsində hərbi planları haqqındakı suallara cavab verərkən bizi tezliklə qovub Araz çayına tökəcəkləri ilə hədələdi.  Komandirlik etməli olduğum briqada kəşfiyyatının şəxsi heyəti olmadığı üçün tabur kəşfiyyatlarından bir qrup təşkil edib oktyabrın 18-dən 19-na keçən gecə axtarış deyilən əməliyyatı keçirmək məqsədiylə cəbhə xəttini keçdim. Səhərə yaxın əliboş qayıtsaq da (axtarış əməliyyatının məqsədi düşmən tərəfdən əsir götürüb ondan məlumat almaq olur), aparılan müşahidələr və dinləmələr belə nəticəyə gəlməyə qənaət yaradırdı ki, düşmən hücum hazırlığı aparır. 19-da bu barədəki mülahizələrimizi döyüş məlumatlarında yuxarıya bildirdik. 

Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi həmişə olduğu kimi, yenə də başqa mənbələrdən aldığı bilgiləri bizə göndərərək işimizə yardım etməyə çalışırdı. Ayın 20-də belə bir qısa məlumatı bizə çatdıran zaman qərargah rəisi mərhum A.Məmmədov “Şmays”ın bizim qarşı ərazilərlə gətirildiyini bildirdi. Qiyabi tanışlığımızı bildiyi üçün Akif müəllim məsələnin ciddi olmasını nəzərimizə çatdırdı.  Doğrudan da, quzğun kimi tərcümə olunan “Şmays” ləqəbli adamın butun Qarabağ cəbhəsində məşhur reyd dəstəsinə başçılıq etdiyini bilirdik. Hələ 1993-cü il yanvarın ilk günlərində bu dəstə Aşağı Veysəlli tərəfdən cəbhə xəttini yarıb ciddi təhlükə törətsə də, sonunda geri oturdulmuşdu. 2-3 tankla möhkəmləndirilmiş bu dəstə əsasən BTR və PDM ibarət olub cəbhənin ən zəif yerindən sürətlə irəliləyərək hərbi-psixoloji üstünlük qazana bildirdi. Artıq bu bilgilər düşmənin bu gün-sabah hücuma keçəcəyini yəqinləşdirirdi. Hücumun konkret hansı nöqtədən olacağı isə ancaq ehtimal ola bilərdi. Belə ki, həmin dövr üçün düşmənin hücum taktikası barədə bizim artıq konkret təsəvvürümüz mövcud idi. Onlar həmişə möhkəmləndirilmiş dayaq nöqtələrinə birbaşa hücum etməkdən çəkinərək cəbhə xəttinin ən zəif yerini asanlıqla müəyyənləşdirib oradan sürətlə irəliləyib digərlərinə mühasirə təhlükəsi  yaradıb onların geri çəkilməsiylə əraziləri işğal edirdilər.  Sonralar qarşı tərəfin, havadarı və müttəfiqi olan Rusiyanın kosmik kəşfiyyat imkanlarından faydalandığına görə belə zəif nöqtələrin asanlıqla və dəqiqliklə müəyyən etməsi faktına artıq təəccüblənmirdik (Silahı sağlam düşüncə olan kəşfiyyatçı ümumiyyətlə heç vaxt təəccüblənməməlidir). 

Oktyabrın 23-də düşmən qüvvələri Quruçay boyunca irəliləyərək Bakı-Laçın avtomobil yoluna çıxdı və oradan Yağlıvənd və Böyük Bəhmənlinin bir hissəsini işğal edib bütün ərazilərə təhlükə yarada bildi. Hücumların həmişə səhər saatlarında olmasına vərdiş etdiyimizə görə saat 10 radələrində baş verən bu əməliyyat bir çox insanın həyatına faciə kimi yazılıb.  Avtomobil və dəmir yolu düşmən nəzarətinə düşdüyü üçün Araz çayı boyunca sərhədçilərin istifadə etdikləri torpaq yol camaatın çıxması üçün yeganə xilas yolu olmuşdu. Amma təhlükə altında olduğu üçün bu yola da ümid yox idi. Təkcə Füzuli ərazisi deyil, artıq bütün Qarabağ cəbhəsi iki hissəyə bölünmüş oldu. Amma bu hadisə heç də bizim mühasirə qorxusu altında cəbhəni boşaldıb qaçmağımıza səbəb olmazdı və olmadı da. Horadizin üstündə müdafiə zolağı keçmiş Hadrut o vaxtkı Horadiz sərhəd dəstəsinin döyüşçüləri tərəfindən yenə də qorunurdu. Doğrudur, boşalmış sağ cinahı onlara indii təhlükə yaratsa da onlar vəziyyətə nəzarət edə bilirdilər. 

Səhər açılandan briqadanın Bala Bəhmənli kəndində yerləşən qərargahına getmiş 8-ci taburun komandir müavini Z.Qarayev “Qızılbaşın sürdüyü ZİL maşınında Araz qırağından keçib geri qayıtdıqda özüylə komandirin yaranmış vəziyyətlə əlaqədar xüsusi göstərişiylə birgə həm də bir ruh yüksəkliyi də gətirməli oldu. Axşamüstü mühasirəni yarmaq məqsədiylə o vaxtkı müdafiə nazirinin istiqamət üzrə müavini polkovnik Rasim Muxtarov Cəbrayıl ərvazisində yerləşmiş əfqan döyüşçülərini yığıb özü də başda olmaqla döyüşə girdi. Amma gecəyarıya az qalmış bunun alınmadığı aydın oldu. Uğursuzluğa baxmayaraq, polkovnik R.Muxtarov yeni (konfiqurasiya) cəbhə xəttinə qismən nəzarət üçün orada silahlı müqavimət təşkil edərək özü bir neçə döyüşçü ilə piyada geri qayıdıb mənimlə və digər komandirlirli Horadiz-Laçın yolunun 5 km-liyində görüşdü.

Bu görüşdən sonra yeni şəraitin yeni bilgilər tələbinə uyğun (həm də kəşfiyyatın fasiləsizliyi və məqsədəuyğunluyu tələblərinə cavab olaraq) olaraq mən iki nəfər etibarlı kəşfiyyatçı (onlardan biri mərhum Quliyev Xanalı 1994-cü ilin yazında Seyidəhmədli yaxınlığında şəhid oldu, digəri leytenant Tərlan Qarayev ağır yaralandıqdan sonra tərxis olundu və hazırda tanınmış riyaziyyatçı alimdir) götürüb hər addımı təhlükələrlə dolu kəşfiyyatçı cığırıyla qaranlığa doğru irəliləməyə başladıq...   
 





23.10.2012    çap et  çap et