525.Az

"Baydenin məktubu Azərbaycanla tərəfdaşlıq münasibətlərini genişləndirmək niyyətini əks etdirir"


 

DEPUTAT: "ABŞ AZƏRBAYCANIN UĞURLU DÖVLƏT OLDUĞUNU GÖRÜR"

"Baydenin məktubu Azərbaycanla tərəfdaşlıq münasibətlərini genişləndirmək niyyətini əks etdirir"<b style="color:red"></b>

 
ABŞ Prezidenti Co Baydenin Bakıda keçirilən Beynəlxalq "Xəzər Neft və Qaz Sərgisi" ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bir sıra vacib məqamlar yer alıb. Məktubu ilk növbədə Vaşinqtonun rəsmi Bakı ilə münasibətlərə verdiyi əhəmiyyət, Azərbaycan liderinin həyata keçirdiyi siyasətə, aparılan islahatlara yüksək qiymət kimi dəyərləndirmək olar. 

Birləşmiş Ştatlar Azərbaycanı təkcə enerji təchizatçısı kimi deyil, ümumilikdə etibarlı tərəfdaşı olaraq qəbul edir və münasibətlərin davam etdirilməsində, daha da dərinləşdirilməsində maraqlı olduğunu ortaya qoyur.

ABŞ və Azərbaycan arasında 30 illik diplomatik münasibətlər bir sıra vacib sahələrdə əməkdaşlıq qurulub. İki dövlət enerji təhlükəsizliyi, terrorla mübarizə, ikitərəfli ticarət, sərmayələr və digər məsələlərində güclü tərəfdaş ölkələr kimi çıxış edirlər. Rəsmi Vaşinqton ölkəmizin Əfqanıstanda sülhyaratma missiyasında iştirakını da hər zaman yüksək qiymətləndirib. 

Prezident Baydenin məktubunda bildirilir ki, ABŞ ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. 

Məlumdur ki, Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyinin təminində rolu artmaqdadır. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi Avropa ölkələrinə enerji tədarükündə problemlər yaradıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu isə daha da aktuallaşıb. Digər tərəfdən, ölkə Prezidentinin apardığı uğurlu xarici siyasət xətti, qlobal məsələlərdə sərgilədiyi mövqe dövlətimizin nüfuzunu daha da artırıb. Bu gün bütün dünyada Azərbaycana olan maraq göz önündədir. 

ABŞ liderinin təbrik məktubunda qarşıdan gələn illərdə Azərbaycanla münasibətləri daha da genişləndirəcəyini qeyd etməsi də Prezident İlham Əliyevin siyasətinə verilən dəyərdir. 

Mövzu ilə bağlı fikirlərini "525"ə bölüşən millət vəkili Asim Mollazadə bildirib ki, ABŞ Prezidenti Co Baydenin Azərbaycanın dövlət başçısına növbəti məktubu Birləşmiş Ştatların Azərbaycanla tərəfdaşlıq münasibətlərini genişləndirmək niyyətini əks etdirir. Onun sözlərinə görə, ABŞ-da çox gözəl anlayırlar ki, Azərbaycan etibarlı tərəfdaşdır: "Ölkəmiz hansı sahədə əməkdaşlıq və tərəfdaşlıq edibsə, hər zaman öz etibarını sınaqdan çıxara bilib".

Deputat deyib ki, Azərbaycanın həyata keçirdiyi strateji layihələrin uğurla davam etdirilməsi, ölkəmizin təhlükəsizlik sahəsində, terrorla mübarizədə etibarlı müttəfiq olduğunu isbat edib: "Düşünürəm ki, Birləşmiş Ştatlar nəhayət ki, haqq və ədaləti dəstəkləmək üçün Azərbaycanla öz münasibətlərini genişləndirərək, güclü müttəfiqlə əməkdaşlıq edərək bölgədə sülh və sabitliyin qorunması istiqamətində addımlar atmağa hazırlaşır".

C.Bayden məktubunda Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində atılan davamlı addımları da alqışlayıb. A.Mollazadə hesab edir ki, ABŞ tərəfi Azərbaycanın uğurlu dövlət olduğunu görür: "Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə bir milyona yaxın qaçqın və məcburi köçkün olub. İndi torpaqlarımız 30 illik işğaldan azad edilib, hazırda sürətli  tikinti-bərpa işləri aparılır. İnsanlarımız yaxın illərdə öz torpaqlarına qayıdacaqlar. Hər kəs 100 minlərlə qaçqının böyük qayıdış layihəsinin Azərbaycan dövlətinin iradəsi ilə reallaşdığını görür. Düşünürəm ki, bu özü-özlüyündə Azərbaycanın demək olar ki, bir dövlət kimi dünyada təsdiqidir".
PƏRVANƏ 

 





02.06.2022    çap et  çap et