Respublikamizda ilk dəfə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən keçirilən Peşələr Festivalı bu dəfə gəncəli gənc və yeniyetmələrə mehman olub. "Öyrən, əylən, peşəni seç" devizi ilə keçirilən festivalda iştirakçılara peşələr üzrə inkişaf yolunu tapmaqda, peşə seçimi sahəsində məlumat və tövsiyələr verilməsində dəstək göstərilib, onlar ilə gələcək əmək bazarında üstün mövqelər və gözləntilər haqqında müzakirələr aparılıb, ayrı-ayrı fərdlərin peşələr üzrə bacarıqların müəyyən etmək imkanları da sınaqdan keçirilib.
Şəhərin Heydər Əliyev meydanında təşkil olunan festivalda bir daha qeyd edilib ki, layihə 10 rayon və şəhəri əhatə edir, ictimaiyyət tərəfindən yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının, həmçinin, peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində bu tədbirin rolu yüksək qiymətləndirilir.
Festivalda DMA-nın idarə heyətinin sədri Mustafa Abbasbəyli, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Zəki Öztürk, Milli Məclisin deputatı Musa Quliyev, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər.
"Festival 15 may tarixindən etibarən start götürüb və bu tədbirin yeddinci günündəki görüşümüz Gəncədə baş tutur. Bu görüşlərimizdə əsas məqsəd gəncləri, əsasən on peşə üzrə məlumatlandırmaq və öz peşə seçimlərini düzgün yönləndirməyə yardımçı olmaqdır. Gənclər ilə yanaşı, onların valideynləri də tədbirə maraqla qatılır və öz övladlarının peşə seçimi məsələlərində onlara dəstək nümayiş etdirirlər", - deyə Mustafa Abbasbəyli qeyd edib.
Layihə çərçivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer (effektiv veb-sayt tərtibi), qrafik və interyer dizayn, kompüter proqram təminatı, barista (bar-kafe işi), turizm agenti, elektron cihazların təmiri peşələri üzrə professional ekspertlər tərəfindən təqdimat və təcrübi təlimlər keçirilib.
Zakir MURADOV,
Gəncə

çap et