525.Az

Xaricdə təhsil üzrə dövlət proqramları: yüksəliş üçün geniş imkanlar


 

Xaricdə təhsil üzrə dövlət proqramları: yüksəliş üçün geniş imkanlar<b style="color:red"></b>

Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə peşəkar mütəxəssislərin hazırlanması dövlətin əsas hədəflərindən biridir. Bu məqsədlə 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul edilib. 2019-cu ildə isə Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalar" təsdiq olunub.  Proqramın icrasını təmin etmək məqsədilə müxtəlif qurumlara ayrı-ayrı vəzifələr həvalə edilib. Bu  vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

"2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı hesab etmək olar. Bu proqram strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından çox ciddi əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Məhz bu yolla da Azərbaycanın ali təhsil müəssisələrinın kadr potensialı gücləndiriləcək.

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" nın imkanlardan yararlanaraq öz tədqiqatçılıq səriştə və bacarıqlarını daha da təkmilləşdirmək, ali təhsilimizin inkişafına töhfə vermək arzusu ilə yaşayan gənclərdən biri də Dövlət Proqramı çərçivəsində  Fransanın Monpelye Universitetinin "Bioinformatika elmləri" ixtisasında PhD (doktorantura)  təhsili alan  Zərifə Osmanlıdır.

Z.Osmanlı 2009-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində bakalavr üzrə təhsil alıb. O deyir ki, universitetdə oxuduğu müddətdə daha çox nəzəri biliklərə yiyələnsə də, təcrübi hissənin də mühüm olduğunu və təhsilini davam etdirməyin vacibliyini anlayıb: "Biofizika sahəsi üzrə ixtisaslaşmağım diqqətimi müxtəlif sahələrarası tədqiqatlara yönəltdi. 2014-cü ildə Türkiye Bursları təqaüdü qazanaraq Ege Universiteti molekulyar biologiya ixtisası üzrə magistratura təhsilinə başladım. Burada laboratoriya təcrübələri ilə yanaşı bioinformatikanın müxtəlif istiqamətləri üzrə kurslarda və dərslərdə iştirak edir, konfranslara və workshoplara qatılırdım. Ege xəstəxanasının tibbi biologiya laboratoriyasındakı ardıcıl stajlar klinik məlumatlarla işləmə qabiliyyətimi artırırdı. Beləliklə də, işin nəzəri və təcrübi hissələri bir-birini tamamlamış oldu. İnsanlarda və heyvanlarda rast gəlinən nadir neyrodegenerativ xəstəliklərdən biri olan prion xəstəliyi geni üzərindəki tədqiqatlar elm sahəsində davam etmək istəyimi daha da gücləndirdi. Daha sonra ölkəmizə qayıdaraq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Biofizika İnstitutunda kiçik elmi işçi kimi çalışmağa başladım. Burada bioinformatika sahəsi üzrə tanınmış alimlərimizdən biri olan biologiya elmləri doktoru İlham Şahmuradovun rəhbərlik etdiyi İnteqrativ biologiya laboratoriyasında xərçəng genlərinin bioinformatik analizləri layihəsində iştirak etdim".

Z.Osmanlı  bildirib ki, 2019-cu ildə Monpelye Universitetində doktorantura təhsilinə başlayıb. Hazırda Fransa Milli Tədqiqat Mərkəzi tərkibindəki Monpelye Hüceyrə Biologiyası Mərkəzi (CNRS, CRBM) Struktur bioinformatikası və molekulyar modelləşdirmə laboratoriyasında tədqiqat işlərini davam etdirir: "Çox sevindirici haldır ki, Azərbaycanda gənclərin xaricdə təhsili üzrə bir sıra Dövlət Proqramları icra olunur. "2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" mənim kimi onlarla gəncə geniş imkanlar açdı.

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın bir sıra əhəmiyyəti var. Bunlardan biri də təhsilinizə artıq başlamış olsanız belə, proqrama müraciət etmək imkanının verilməsidir. 2021-ci ildə Monpelyedə davam edən təhsilimin maliyyələşdirilməsi üçün Dövlət Proqramına müraciət etdim və hazırda bu proqram çərçivəsində təhsilimi davam etdirirəm. Nəzərinizə çatdırım ki, beynəlxalq çərçivədə bu imkanı təmin edən təqaüd proqramları  çox azdır".

O qeyd edib ki, hazırda doktorantura təhsilini Fransanın Monpelye Universitetində  alır. Burada doktorantlar işlədikləri laboratoriyanın və ya tədqiqat qrupunun hansı qurum nəzdində yerləşməsindən asılı olaraq fərqli yerlərdə çalışa bilərlər: "Mən hazırda Monpelye Hüceyrə Biologiyası Mərkəzində yerləşən Struktur bioinformatikası və molekulyar modelləşdirmə laboratoriyasında ixtisaslaşıram. Bioinformatika bioloji məlumatların toplanması, saxlanılması, təhlili və analizi üçün kompüter texnologiyasından istifadə edən elm sahəsidir. Bioloji məlumatların ümumi həcmi çox böyükdür və getdikcə də artmaqdadır. Böyük miqyaslı gen, DNT, zülal ardıcıllıqları məlumatlarının həm kəmiyyət, həm də keyfiyyət baxımından tədqiqatını bioinformatika olmadan aparmaq mümkün olmazdı. Bu elm sahəsinin təməli 1960-cı illərdə qoyulsa da, çox mühüm əhəmiyyət daşıması və "məşhurlaşması" İnsan Genom Layihəsindən sonraya təsadüf edir. Bu layihə çərçivəsində insan genomunu kodlayan bütün genlərin ardıcıllığı müəyyən edilmiş və geniş miqyaslı bioloji məlumatların analizində bioinformatikanın əvəzsiz rolu ön plana çəkilmişdir. Günümüzdə bioloji tədqiqatlar bioinformatik analizlərin köməyi ilə daha az vaxt, maliyyə və işçi qüvvəsi sərf etməklə aparılır".

Z.Osmanlının dediyinə görə, o, "Qaranlıq" proteomların - zülalların quruluş və funksiyaları məlum olmayan qisminin geniş miqyaslı analizləri üzrə tədqiqat aparır: "Qeyd edim ki, indiyə kimi bizə məlum olan zülalların təxminən yarısının quruluş və funksiyası hələ də məlum deyil. Milyonlarla zülal ardıcıllığının bioloji mənasını açmaq üçün onların, 3D quruluşu ilə yanaşı, təkamül və funksional əlaqələri haqqında da sistematik yanaşmalar və məlumatlar tələb olunur. Bunun üçün əvvəlcə zülal məlumatlarını toplayır, daha sonra xüsusi alqoritmlər yazaraq, kompüter proqramları yaradaraq, kompüter əməliyyatları xətti  hazırlayaraq analizləri yerinə yetiririk. Layihə çərçivəsində tədqiqatlar genomların yalnız qismən məlum olan kodlaşdırma potensialının mümkün qədər tam aydınlaşdırılmasına töhfə verə və yaradılmış yeni və təkmilləşdirilmiş məlum bioinformatik proqramlar və onların vasitəsi ilə əldə olunan nəticələr fərdi tibdə tətbiq edilə bilər. Yuxarıda sadaladıqlarım həm tərəfdaş ali məktəb olan ADA Universiteti, həm də müəyyən tədqiqat institutlarımız üçün prioritet sayıla bilər".

O vurğulayıb ki, bioinformatikanın son nailiyyətlərindən danışırıqsa, çox yüksək dəqiqliklə zülal quruluşlarının modelləşdirilməsi, əlaqəli mutasiyaların təyini, kiçik molekul dokinq simulyasiyasını mütləq vurğulamaq lazımdır: "Qeyd edim ki, bu nailiyyətlər struktur biologiyası ilə yanaşı, tibb sahəsinə, xüsusilə də yeni dərman preparatlarının hazırlanmasına töhfə verir.  Hər bir elm sahəsi kimi bioinformatika da daim inkişafdadır və qarşıdakı problemlərin effektiv həllinə çalışır. Günümüzdə bioinformatikanın qarşısında zülal qatlanmalarının təyini, zülal mühəndisliyi və sintetik biologiya, zülalların yaranması və təkamülü kimi bir sıra suallar durur. Əgər AMEA-da çalışdığım layihədən söhbət gedirsə, xərçəng genlərinin dəqiq analizi və dolayısı ilə xəstəliyi yaradan genlərin mexanizmini anlamağa kömək edə bilər. Hazırkı doktorantura layihəsi spesifik olaraq  xərçəng xəstəliyi ilə birbaşa əlaqəli deyil. Daha çox tədqiqat zamanı yaradılmış yeni və təkmilləşdirilmiş məlum bioinformatik proqramlar və onların vasitəsi ilə əldə olunan nəticələrin tətbiqi ilə əlaqəlidir. Hər bir xəstəliyin müalicəsini təyin etmək üçün ilkin olaraq xəstəliyi yaradan səbəbləri və mexanizmləri araşdırmaq lazımdır və biz də həmin mexanizmləri öyrənirik. Xaricdə təhsil almaq istəyən gənclərin ixtisaslaşmaq istədiyi sahədə qabaqcıl universitetləri, xüsusi ilə də tədqiqat qruplarını diqqətli şəkildə seçmələrini məsləhət görərdim. Bu seçim tədqiqatın gedişinə təsir göstərən əsas faktorlardan biridir.  Mənim əsas məqsədim seçdiyim sahədə ixtisaslaşmaq və sərbəst tədqiqatçı kimi formalaşmaqdır".

Sevinc QARAYEVA

 





03.06.2022    çap et  çap et