525.Az

Dövlət imtahanı niyə ləğv edilmir? - El ROMAN yazır


 

Dövlət imtahanı niyə ləğv edilmir? - <b style="color:red"> El ROMAN yazır</b>

Son günlərin təhsillə bağlı, demək olar ki, ən aktual mövzularından birincisi, ali təhsil müəssisələrində dövlət imtahanlarının keçirilib-keçirilməyəcəyi ilə bağlı qərarın necə olacağıdır. İndiki zamanda bu, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələri  narahat edən başlıca məsələdir. Gələcəyin potensial müəllimləri, mühəndisləri, dənizçiləri, hüquqşünasları, jurnalistləri, həkimləri, iqtisadçıları və digər ixtisas sahibləri, sözün əsl mənasında, əl-ayağa düşüblər. Artıq bir həftədən çoxdur, tələbələr ümidlə gözləyirlər ki, yekunda veriləcək qərar ədalətli olsun. Nədir bu ədalət və o necə tənzimlənir?

Mövzuya keçməzdən əvvəl qeyd edək ki, tələb olunan şeyin düzgün olub-olmaması tamamilə bir kənara qalsın, heç düşünmürsünüzmü ki, tələbələrin enerjiləri tükənir, ümidləri tükənir, gücləri tükənir? Yekunda veriləcək qərar "ədalətli" olmasa, minlərlə tələbənin sonuncu təhsil ilində ümidləri qırılmış olacaq. Özü də heç nədən.

Tələbələr deyirlər ki, 2022-ci ildə 4-cü kurslara keçiriləcək Dövlət imtahanı və Diplom işi ləğv olunaraq ÜOMG ilə əvəz olunmalıdır. COVİD-19 pandemiyası səbəbilə 2020-ci il pandemiya ili elan olunub. Bu səbəbdən də 2 təhsil ili tələbələr onlayn formada təhsil almaq məcburiyyətində qalıblar. Hazırda isə təhsil müəssisələri tərəfindən ənənəvi qaydaya qayıdaraq ən ağır formada Dövlət imtahanının götürülməsi prosesi başlayıb. Habelə, 2 il sonra ÜOMG sisteminə keçid, eyni zamanda, əvvəlki il məzunlarının Dövlət imtahanından azad olunması, qiymətləndirmənin ÜOMG əsasında keçirilməsi və cari ilin məzun tələbələrindən isə Dövlət imtahanı tələbi tələbələr arasında narazılıq yaradır.

Şikayətin məzmunu ilə tanış olanda görürük ki, tələbələrin məsələ ilə bağlı etirazındakı səbəbin məğzi onların uğradığı (oxu: uğradığını düşündükləri) haqsızlıqdan qaynaqlanır və imtahan fobiyasının məsələyə heç bir aidiyyatı yoxdur. Başadüşülən arqumentdir.

Onlar şikayətlərinin mahiyyətini bir neçə aspektdən izah edərək deyirlər ki, hamının yaxşı bildiyi kimi, biz tələbələr təhsil mövzusunda pandemiyadan ən çox zərər çəkmiş qrupuq. Müəyyən müddət dərslər keçirilmədi, sonradan isə onlayn dərslər tədris olunmağa başlasa da, bəzi tələbələrimizin bölgələrdə olması və buna görə də internet şəbəkələrinin olmaması tələbələrin təhsildən uzaq qalmasına yol açdı. Digər tərəfdən, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən II Qarabağ müharibəsi zamanı ölkə ərazisində internetə məhdudiyyətlərin tətbiqi də başqa bir səbəbdir. Əlavə olaraq bildirmək istəyirik ki, pandemiya davam etdiyinə görə, onlayn tədris hələ bundan sonra üç semestr də davam etdirilmişdi. Bundan sonra müəyyən yumşalmalar olmasına baxmayaraq, yenə də buna məhəl qoyulmamış, onlayn şəkildə tədrisə davam etdirilmişdi.

Azərbaycanda İmtahan atesstasiyasının keçirilməsi qaydalarına görə, Dövlət attestasiyasının keçirilməsi formasını və şərtlərini ali məktəbin Elmi şurası müəyyənləşdirir və onların başlanmasına ən azı 4 ay qalmış tələbələrin nəzərinə çatdırır. Tələbələr imtahan proqramları ilə təmin olunur, hazırlaşmaq üçün onlara lazımi şərait yaradılır, məsləhətlər verilir. Lakin universitetlər tələbələri imtahan barəsində ancaq 20.05.2022-ci il tarixində - imtahana cəmi 12 gün qalmış məlumatlandırıb və imtahanların 31.05.2022-ci il və 01.06.2022-ci il tarixində keçiriləcəyini bildiriblər.

Tələbələr həm də iddia edirlər ki, magistr pilləsinə 29.05.2022-ci ildə sənəd qəbulu ilə bağlı imtahan verən tələbələrin 150-200 suala 2-3 gün müddətində imtahan vermələri həqiqətən gülməlidir, tələbələrin hüquqlarının pozulması deməkdir. Buna görə də tələbələr  bu qanunsuzluqların, tələbələrin kəsilməsinə yönələn tədbirlərin qarşısının alınmasını, bu məsələyə ciddi şəkildə yanaşılmasını istəyirlər.

Veriləcək qərar necə olur-olsun, bir tələbə kimi bütün tələbələrin güclü və səbirli olmalarını arzulayıram. Unutmayaq, əgər təhsil alan tərəf biziksə, ədalətin öz yerini tutmasına da biz özümüz səy göstərməli və ruhdan düşməməliyik.

 





03.06.2022    çap et  çap et