Məmməd SƏFA,
Xalq artisti, professor
"Yazıçı hardadır? Onu harda axtarmaq lazımdır? Yaşadığı həyatdamı, yoxsa yaşadığı həyatın ilğımındamı? Sözdəmi, cümlədəmi, mətndəmi? Onu sözarası, cümləarası, mətnarası sükutda axtarmaq heç ağlınıza gəldimi?!"
Xalq yazıçısı Kamal Abdulla
70 il nə tez keçdi? 70 il nədir ki? Ömür gəlib keçir, heç bilmirsən necə keçir... Uçub getdi...
Görəsən nə üçün insanlar bir şəxsiyyəti digərindən üstün tuturlar? Bir portreti digərindən yuxarıda asmaqla həmin portretin gözəl olduğunu sübut etməyə çalışırlar?
Biz insan olaraq gözəlliyin, yaxşının həmişə qiymətini bilmişik, onu dəyərləndirmişik. Aydın məsələdir ki, insanın ləyaqəti zahiri gözəlliklə ölçülmür. İntellekt, şəxsiyyət və cazibədarlıq həmişə zahiri gözəlliyi üstələyib.

70 il bu gözəllikləri özündə qoruyub-saxlamaq, şərəfli bir ömür yaşamaq, məşhur və maraqlı bir yazıçı olmaq, uğurlar qazanmaq hər insana nəsib olmur. Mənim əziz dostum, qardaşım Aydın müəllim saydığım və saymadığım gözəllikləri özündə cəm edən bir şəxsiyyətdir.
Çox hörmətli Aydın müəllim! Sizin haqqımızda ən xoş sözləri, ən geniş fikirləri yazmaq olar. Amma mən bilirəm ki, siz çox təvazökar insansınız. Ona görə çalışacağam ki, haqqınızda fikirlərimi və düşüncələrimi bir az yumşaq tərzdə ifadə edim.
Mən onu Sükut Adamı adlandırardım. Sakit yerişli, dərin düşüncəli və ağıllı bir insan. Mən Aydın müəllimlə hər dəfə görüşəndə ilk diqqətimi çəkən onun sükutda dolaşan düşüncələri olub. Daim o sükutun içində gəzişən, vurnuxan və oradan çıxmağa çalışan bir insan.
Ömrün 70-nə çatmış qələm dostumuzu mən uşaqlıq illərimdən tanıyıram. Biz onda da qonşu olmuşuq, indi də qonşuyuq. Üstəlik həm də dostuq. Bu insanla mən həmişə fəxr etmişəm. Onun bilgisinə, dünyagörüşünə, sözə münasibətinə həmişə heyran olmuşam.
Aydın müəllim müasir ədəbiyyatımızda məxsusi və özəl yeri olan bir yazıçıdır. Onun ədəbi yaradıcılığı xüsusilə diqqətəlayiqdir. Müəllifin roman, povest və hekayələri, publisistik yazıları, doğma Şabranın tarixi, folkloru və etnoqrafiyası ilə bağlı qələmə aldıqları buna bariz nümunədir.
Aydın müəllim fəxr ediləsi bir insandır. Duz-çörəyə, dostluğa, qonşuluğa çox böyük dəyər verəndir.
Aydın müəllim böyük ürəyə malik birisidir. Hər kəsin ağrısını öz ağrısı, sevincini öz sevinci biləndir. Əlbəttə ki, bütün bunlar yaradıcı şəxsiyyətin təbiətinə məxsus keyfiyyətlərdir.
Əziz və dəyərli dostum Aydın müəllim! Nə yaxşı ki, varsınız, nə yaxşı ki, bizimləsiz, nə yaxşı ki, sizi tanıyırıq.
Bu 70 illik yubileyi ədəbiyyatımızda bir hadisə adlandırsaq, daha gözəl olar. Mənim kimi sizi istəyən, yaradıcılığınıza bələd dostlarınız da belə düşünür.
Dostumuz, qardaşımız, əzizimiz Aydın müəllim çox gözəl bilir ki, əlindən, qələmindən çıxan işlər oxucuları tərəfindən gözəllik kimi qarşılanıb. Gözəllik isə hansısa bir andır. Elə bir an ki, mütənasiblik, forma-məzmun, ölçü sizin yazıb-yaratmaq istədiyinizdə birləşir.
Mən çox xoşbəxtəm ki, belə əlamətdar bir gündə əziz dostumu, qardaşımı təbrik edə bilirəm.
Var olun, Aydın müəllim, yaşayın, yaradın!
çap et