525.Az

"Regional Təhsil İdarələrinin yaradılması zamanın mühüm tələbi idi"


 

MÜTƏXƏSSİSLƏRİN FİKRİNCƏ, BU İSTİQAMƏTDƏ ATILAN ADDIMLAR MÖVCUD MƏSƏLƏLƏRİN DÜZGÜN HƏLLİ İLƏ NƏTİCƏLƏNƏCƏK

"Regional Təhsil İdarələrinin yaradılması zamanın mühüm tələbi idi"<b style="color:red"></b>

Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsi yaradılıb. 2022-ci ilin 1-ci rübündə müvafiq yerli təhsil şöbə və idarələrin balansındakı dövlət əmlakı Regional Təhsil idarələrinin balansına verilib, inventarizasiyasının aparılması, müvafiq sənədlərin və məlumatların təhvil-təslim işləri başa çatıb.

Regional Təhsil idarələrinin yerləşəcəyi şəhər və ya rayon mərkəzləri də müəyyən olunub və təhsil  naziri  tərəfindən təsdiq edilib. Yeni  yaradılan Abşeron-Xızı Regional Təhsil İdarəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Qaradağ Regional Təhsil İdarəsi, Qazax-Tovuz Regional Təhsil İdarəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Mərkəzi Aran Regional Təhsil İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərləri də artıq təyin olunub.
Təhsil naziri Emin Əmrullayevin sözlərinə əsasən, regional təhsil idarələri hər rayonda təhsili idarə edən, regional  idarələrin tərkib hissəsi kimi fəaliyyət göstərən qurumlardır: "İndiyədək təhsilin yerlərdə idarə olunması müxtəlif qurumlar, müxtəlif təşkilatlar tərəfindən həyata keçirilirdi. Yerlərdə məktəbəqədər təhsil müəssisələri bir formatda, ümumtəhsil məktəbləri başqa bir formatda idi. Maliyyələşmə başqa bir qurum tərəfindən aparılırdı.

Bir sözlə, rayon təhsil şöbələri, ərazi maliyyə hesablaşma mərkəzləri, məktəbəqədər təhsili idarə edən qurumlar, o cümlədən də, metodik kabinetlər dördü biri-biriylə əlaqəli şəkildə işləmirdi. Regional idarələri bizə imkan verəcək ki, bu müəssisələr arasında təhsil fəaliyyətini vahid formata gətirək. Təhsildə idarəetmə və tənzimləmə funksiyalarını bir-birindən ayıraq. Bu gün təhsil mərkəzləşmiş şəkildə fəaliyyət göstərir. Hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli təhsil mexanizminə nail ola bilərik. Bu mənada inanıram ki, regional təhsil idarələrinin qurulması yerlərdə vətəndaşların müraciətlərinə keyfiyyətli baxılması, vətəndaşlara xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir edəcək".

Nazir bildirib ki, yerlərdə problemlərin həlli vətəndaşların da problemə münasibətindən, problemə qarşı mübarizə metodundan çox asılıdır. İstənilən problem barədə anonim, yarımçıq, sosial şəbəkələr vasitəsilə edilən müraciətlərin müsbət həlli ya mümkün olmur, ya da çox zaman tələb edir. Halbuki vətəndaş portal.edu.az vasitəsilə müraciət edərsə, şikayətinə daha tez baxılar: "Portal vasitəsilə müraciəti izləmək imkanımız var. Yaradılan texnoloji proses bizə vətəndaşın müraciətinə nə vaxt baxıldığını, necə həll edildiyini müəyyənləşdirməyə, həll edilməyibsə, səbəbini öyrənməyə imkan verir".

Emin Əmrullayev vurğulayıb ki, regional təhsil idarələrinin iqtisadi zonalar üzrə formalaşması və fəaliyyət göstərməsi həm də yerli ənənələrin təhsildə əksini tapmasına səbəb olacaq: "Bir yandan yerli ənənələr təhsilin məzmununda öz əksini tapacaq,  digər yandan da yerli problemlərin həlli və qərarların verilməsi yavaş-yavaş regional təhsil idarələrinin səlahiyyətinə ötürüləcək. Uzunmüddətli vədədə qeyri-mərkəzləşdirməni reallaşdırmaq planlaşdırılır. Məsələn,  müəllimlərin işə qəbulu vahid sistem şəklində həyata keçirilir. Regional təhsil idarələrinin bacarıqları artdıqca, onlara inam formalaşdıqca, işinə müsbət rəy verildikcə, bir sıra səlahiyyətlərin yerlərə - regional idarələrə verilməsinin tərəfdarıyıq və bunun daha doğru addım olduğunu düşünürük".

Təhsil nazirinin müavini İdris İsayevin dediyinə görə, Regional idarələrin yaranması təhsil fəaliyyətini vahid formata gətirəcək. Regional idarələrin əsas işi və məsuliyyəti təhsilin keyfiyyətinin daha da yüksəldilməsidir. Regional Təhsil idarələri fəaliyyət istiqamətləri vətəndaşlara çevik və keyfiyyətli təhsil xidmətinin təşkili, məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsil alan uşaqlar üçün sağlam və təhlükəsiz mühitin yaradılmasıdır.

Həmçinin, təhsilverənlər üçün müvafiq və səmərəli iş şəraitinin yaradılması, zəif nəticəsi olan şagirdlərlə işə xüsusi diqqət ayrılması, onların nailiyyətlərinin yüksəldilməsi, eyni zamanda məktəbəqədər yaşlı uşaqlar üçün əlverişli öyrənmə mühitinin təşkili diqqət mərkəzində saxlanılacaq məsələlərdəndir: "İndiyədək təhsilin yerlərdə idarə olunması müxtəlif qurumlar və təşkilatlar tərəfindən həyata keçirilirdi. Yerlərdə məktəbəqədər təhsil müəssisələrinin idarəetməsi və təşkili bir formatda, ümumtəhsil məktəbləri isə başqa bir formatda idi. Maliyyələşmə isə tamam başqa bir qurum tərəfindən aparılırdı. Bir sözlə, rayon təhsil şöbələri, ərazi maliyyə hesablaşma mərkəzləri, məktəbəqədər təhsili idarə edən qurumlar, o cümlədən də, metodik kabinetlər dördü bir-biri ilə əlaqəli şəkildə işləmirdi. Regional idarələrin yaranması bizə imkan verəcək ki, bu müəssisələr arasında təhsil fəaliyyətini vahid formata gətirək, təhsildə idarəetmə və tənzimləmə funksiyalarını bir-birindən ayıraq".
İdris İsayev qeyd edib ki, bu gün təhsil mərkəzləşmiş şəkildə fəaliyyət göstərir: "Hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli təhsil mexanizminə nail ola bilərik.

Bu mənada inanıram ki, regional təhsil idarələrinin qurulması yerlərdə vətəndaşların müraciətlərinə zamanında və düzgün baxılması, vətəndaşlara xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir edəcək".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun fikrincə, regional təhsil idarələri fəaliyyətə başladıqdan sonra vahid idarəetmə forması yaranacaq və təhsil sistemi daha mobil olacaq.

Təhsil Nazirliyi müxtəlif qurumlara parçalanmışdı. Təhsilin Keyfiyyətinə Nəzarət Agentliyi bir quruma, ibtidai sinif təhsili, uşaq bağçaları və uşaq evləri yerli icra strukturlarına tabe idi. Bu isə təhsildə keyfiyyətin aşağı düşməsinə və vahid idarəetmənin olmamasına səbəb olurdu. Regional Təhsil İdarələri mövcud olan bu nöqsanları aradan qaldıracaq, yeni qurumların müstəqil olmasına səbəb olacaq. Rayonlarda təhsil sahəsini dərindən bilən, bu sahədə ixtisaslaşmış və püxtələşmiş insanların çox olduğunu söyləyən Ş.Əsgərov onların sayəsində yeni idarələrin daha yaxşı işləyəcəyini və təhsilin keyfiyyətinin yüksəlməsində böyük rol oynayacaqlarını vurğulayıb: "Təhsil idarələri yerli icra hakimiyyəti orqanlarından ayrılandan sonra, Təhsil Nazirliyinin istənilən çağırışına operativ reaksiya veriləcək və təhsildə keyfiyyət yüksələcək. Bir sözlə, bu struktur dəyişikliyi ölkədə inqilabi dəyişiklik olacaq".

Təhsil eksperti Nadir İsrafilov bu qənaətdədir ki, regional təhsil idarələri təhsil sistemində şəffafllığı təmin edəcək: "Regional Təhsil idarələrinin yaradılması zamanın mühüm tələbi idi. Buna doğrudan da, çox ehtiyac vardı. Mən hesab edirəm ki, cənab Prezidentin bu barədə Sərəncamı alqışlanmalıdır. Çünki bu saat bizdə optimallaşdırma və rassionalaşdırma ilə bağlı çox işlər görülür. Buna misal olaraq, ayrı-ayrı kolleclərin universitetlərin nəzdinə verilməsini deyə bilərik. Bu proses dünya təcrübəsinə əsasən aparılır".

Millət vəkili Vüqar Bayramov hesab edir ki, təhsildə idarəetmənin regionallaşması bu sahədə nəzarətə kənar müdaxilələrin minimumlaşdırılması, şəffaflığın artırılması və idarəetmənin səmərəliliyinin daha da yüksəldilməsi baxımdan çox vacib idi: "Digər tərəfdən, sözügedən sərəncamda yaradılan bu regional formatda idarələr digər sektorlarda, o cümlədən, yerli idarəetmə sisteminin təkmilləşdirilməsi baxımdan da məqsədəuyğun olar. Qeyd edim ki, bir müddət öncə, Azərbaycan Prezidentinin sərəncamı ilə Qarabağ İqtisadi Rayonu üzrə xüsusi nümayəndə təyin olunmuşdu. Bu, yerli idarəetmənin iqtisadi rayonlar üzrə transferi baxımdan yeni yanaşma kimi də qiymətləndirilir. Bu kontekstdən, təhsil sektorunda idarəetmənin təkmilləşdirilməsi institutsional islahat kimi xarakterizə olunmalıdır".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədilə Nazirliyin regional idarələrinin yaradılması haqqında imzaladığı Sərəncam mühüm əhəmiyyət kəsb edir. Təhsil Nazirliyinin ləğv edilən rayon, şəhər şöbələrinin bazasında 12 Regional Təhsil İdarəsinin yaradılması təhsil sahəsində aparılan uğurlu islahatların davamıdır: "Regional Təhsil İdarələrinin yaradılması onu göstərir ki, artıq rayonlar üzrə idarəçilikdən regionlar üzrə idarəçiliyə keçilır. Bu da çox önəmli bir məsələdir".
Sevinc QARAYEVA

 





04.06.2022    çap et  çap et