525.Az

Bilinqval (polilinqval) təlimin təhsilimizdə prioritet istiqamətlərdən biri kimi elan olunmasının vaxtıdır


 

Bilinqval (polilinqval) təlimin təhsilimizdə prioritet istiqamətlərdən biri kimi elan olunmasının vaxtıdır<b style="color:red"></b>

Hazırda bütün dünyada geniş yayılmış bilinqval və polilinqval təlimin ölkəmizdə tətbiqinin vacibliyi, dördüncü sənaye inqilabı dövründə insan resurslarımızın səmərəli şəkildə istifadə olunmasında, maddi və mənəvi dəyər-lərimizin təbliğində əhəmiyyətli rol oynaya biləcək bu təlim modelinin elmi-nəzəri və metodiki əsasları, bu məqsədlə hər bir təhsil pilləsi və səviyyəsi üçün konkret tədris standartları və proqramlarının yaradılması ilə bağlı tövsiyələrimizi mətbuatdakı çıxışlarımızda, o cümlədən, "525-ci qəzet"in səhifələrində dəfələrlə təqdim etmişik. Təkliflərimizi müvafiq icra orqanlarına ünvanlamışıq. Fikrimizcə, Azərbaycanda bilinqval təlimin tətbiqini şərtləndirən əsas səbəblərdən birinin tədrisi əcnəbi dillərdə aparan məktəb və siniflərdəki tədris situasiyası ilə bağlı olduğundan məsələnin aktuallığı bir az da artır.
Cari tədris ilinin yekunlaşmaqda olduğunu və növbəti tədris ilinə hazırlıqların başlandığını nəzərə alaraq, təhsil pillələri və səviyyələrində bilinqval (polilinqval) təlim mühitinin formalaşdırılmasına nail olmaq üçün təkliflərimizi diqqətə çatdırırıq:

1) Respublikamızın təlim xarici dillərdə aparılan məktəbəqədər və ümumi təhsil müəssisələrində bilinqval təhsil modelinə keçid məqsədilə "Ümumi təhsil haqqında" Qanuna dəyişiklik edilməsi və göstərilən qanunun 6.2 bəndinə "Azər-baycan dilinin üstünlüyünü təmin etmək şərti ilə" ifadəsinin, 6.4 bəndinə isə "dövlət dilində" sözlərinin əlavə olunması və göstərilən bəndlərin aşağıdakı kimi verilməsi barədə təklifin irəli sürülməsi:   
"6.2. Ümumi təhsil müəssisələrində tədris "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, ümumi təhsilin dövlət standartlarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, Azərbaycan dilinin üstünlüyünü təmin etmək şərti ilə valideynlərin və təhsil alanların arzusu nəzərə alınmaqla digər dillərdə də aparıla bilər.
6.4. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası dövlət dilində tədris olunmalıdır";

2) "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsi"ndə (MKÇ) 1, 2, 4-cü səviyyələr üzrə bacarıqlara dövlət dilində ünsiyyət və danışma bacarığının əlavə olunması (məsələn, 4-cü səviyyədəki "müstəqil istifadəçi səviyyəsində ən azı bir xarici dildə danışa bilir" təsvirinin "müstəqil istifadəçi səviyyəsində dövlət dilində və ən azı bir xarici dildə danışa bilir" kimi verilməsi);

3) yuxarıda göstərilən dəyişikliklərə uyğun olaraq, yeni tədris ilinin başlanğıcınadək hazırda təlim xarici dillərdə aparılan məktəbəqədər və ümumi təhsil müəssisələri üçün dövlət və xarici dillərin mütənasibliyini və inteqrasiyasını təmin edən yeni tədris standartlarının və tədris planlarının hazırlanması, onlara uyğun yeni və milli məzmunlu tədris resurslarının yaradılması ilə bu tipli təhsil müəssisələrində bilinqval (polilinqval) təlim modelinin tətbiqinə start verilməsi, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeçiliyinə keçməsini nəzərə alaraq, məhz erkən inkişaf mərhələsindən başlayaraq, dillərin qabaqcıl tədris metodikasına və yanaşmalarına istinadən mənimsədilməsi üçün digər müvafiq tədbirlərin həyata keçirilməsi;  

4) ölkənin orta təhsil sisteminin köklü şəkildə müasirləşdirilməsi məqsədilə reallaşdırılan STEAM və "Rəqəmsal bacarıqlar" layihələri ilə yanaşı, həm dövlət, həm də əcnəbi dillərdə təlim aparılan məktəblərdə bilinqval (polilinqval) tədris modelinin tətbiqinin prioritet istiqamət elan olunması, bu məqsədlə erkən inkişaf və məktəbəhazırlıq mərhələlərində, ümumi orta təhsilin I-IV və V-VI siniflərində əcnəbi dillərin (əsas və ikinci dilin) tədrisinə ayrılan saatların ən azı 3+2 səviyyəsində təmin edilməsi, xarici dillərin yarımqruplarda tədrisinə nail olunması; belə olan halda təlim əcnəbi dillərdə aparılan məktəb və siniflərdə yaranan bilinqval (polilinqval) mühitin tədris dövlət dilində aparılan siniflərdə də təmin olunmasına şərait yaradılmasının nəzərə alınması;

5) ölkənin məktəbəqədər və ümumi orta təhsil müəssisələrində təlim prosesinin iki (üç) dildə təşkil olunacağı nəzərə alınarsa, müvafiq qanunvericilik aktlarından, tədris standartlarından, planlarından, tədris vəsaitlərindən təlimin bu və ya digər xarici dildə aparılmasını göstərən ifadələrin çıxarılması; məqbul variant kimi tədris planlarında iki dilin (Azərbaycan-rus və ya Azərbaycan-ingilis dillərinin) təlim dilləri kimi göstərilməsi;   

6) ali təhsilin bakalavriat səviyyəsinin məzunları üçün MKÇ ilə müəyyən edilmiş kompetensiyalara müvafiq olaraq ("fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələləri Azərbaycan və ən azı bir xarici dildə şifahi və yazılı şəkildə izah edir, həmçinin peşəkar müzakirələrdə iştirak edə bilir"), bir sıra təhsil, humanitar və sosial ixtisaslar üzrə tələbə qəbulu sifarişində "təlim dili" anlayışının "təlim dilləri" ifadəsi ilə əvəzlənməsi, "Xarici dil müəllimliyi (dillər üzrə)", "Tərcümə (dillər üzrə)", "Regionşünaslıq (regionlar üzrə)" kimi ixtisaslara tələbə qəbulu sifarişində Dövlət İmtahan Mərkəzi tərəfindən "tədris dili" ifadəsinin yerində təkcə tələbənin orta məktəbi bitirdiyi dilin yox, həm də ixtisasa yiyələnəcəyi dilin qeyd edilməsi (məsələn, ingilis dili üzrə "Xarici dil müəllimliyi", çex dili üzrə "Tərcümə", Çin üzrə "Regionşünaslıq" ixtisaslarında Azərbaycan dili ilə yanaşı, müvafiq olaraq ingilis, çex və Çin dilinin tədris dili kimi müəyyən olunması); bu halda, yeni tədris standartlarına uyğun universitetlərin öhdəsinə buraxılmış 60 kreditin tələbələrin seçimi və ixtisas kafedralarının potensialı nəzərə alınmaqla ixtisas dilinin dərindən mənimsədilməsinə yönəldilməsinin, təbii ki, fənlər üzrə təlim nəticələrininin peşə təlim nəti-cələrinə və MKÇ-nin müəyyən etdiyi kompetensiyalara uyğunlaşdırılmasının tövsiyə olunması;

8) bütün təhsil pillələri və səviyyələri üçün tədris proqramlarının məzmun, eləcə də dil problemlərinin öyrənilməsi, bilinqval və polilinqval təlimin metodikası və metodologiyası, nəzəri və praktik məsələlərinin araşdırılması, bu istiqamətdə pilot layihələrin icrası (uşaq bağçaları və xarici dillər təmayüllü orta ümumi təhsil müəssisələrinin bazasında), müvafiq tədris resurslarının yaradılması, tədris modellərinə uyğun fənn kurikulumlarının məzmun xətlərinə dəyişikliklərin edilməsi, pedaqoji kadrların fəaliyyətinin istiqamətləndirilməsi, qiymətləndirilməsi, onlar üçün ixtisasartırma kurslarının təşkili, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və beynəlxalq əməkdaşlığın təmin olunması məqsədilə Təhsil Nazirliyinin məzmun, tədris resursları və strateji inkişafın planlaşdırılması ilə məşğul olan şöbələrinə məqsədli tapşırıqların verilməsi, Təhsil İnstitutu və ya aidiyyəti üzrə pedaqoji universitetlərdən birinin nəzdində müvafiq elmi-tədqiqat mərkəzinin yaradılması, göstərilən problemlə məşğul olan xarici mütəxəssislər dəvət olunmaqla mütəmadi elmi-praktik seminar və konfransların keçirilməsi; 
Respublikamız üçün layihənin icrasının vacibliyini, bu layihənin uğurla həyata keçirilməsi məsuliyyətinin təkcə Təhsil Nazirliyinin üzərində olmadığını, onun təhsil, sosial-ictimai və milli-mənəvi əhəmiyyətini nəzərə alaraq, ölkəmizdə və dünyada reallaşdırılan mühüm mədəniyyət və təhsil layihələrinin müəllifi, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun nəzdində tövsiyəverici və maarifləndirici Bilinqval və Polilinqval Təlimə Dəstək Elmi-Metodiki Mərkəzin yaradılması və rüblük elmi-metodiki jurnalın təsis edilməsi barədə təklifin irəli sürülməsi;  

9) bilinqval və polilinqval təlim modellərinin uğurlu tətbiqi məqsədilə dövlət büdcəsindən maliyyələşən tədris müəssisələrinin yükünü azaltmaq, təlim-tərbiyə prosesinin səmərəli şəkildə təşkilinə və cəmiyyətdə düzgün ictimai rəyin formalaşmasına nail olmaq üçün xüsusilə də məktəbəqədər və ümumi orta təhsil pillələrində təhsil prosesinin üçüncü iştirakçısı - valideynlər arasında müvafiq  maarifləndirmə işlərinin aparılması (məsələn, iki valideyndən biri evdə daima uşaqla ana dilində, digəri əcnəbi dildə ünsiyyət qura bilmirsə, bu halda ikinci dildə ünsiyyətqurma cəmiyyətin - bağçalar, erkən inkişaf mərkəzləri, məktəb, tədris kursları və s. - öhdəsinə buraxılır. Əks halda tədqiqatçılar bu təhsil modelini tövsiyə etmirlər); ölkənin təhsil siyasətinə cavabdeh olan rəsmi icra orqanları lisenziyalı fəaliyyətə malik təhsil müəssisələri ilə yanaşı, özəl tədris mərkəzlərinin elmi-metodiki cəhətdən maarifləndirilməsi və rəğbətləndirilməsi, onların Təhsil Nazirliyinin bu istiqamətdə elan etdiyi layihələrə qoşulması, irəli sürdükləri  təşəbbüs və fəaliyyətlərin dəstəklənməsi (heç kəsə gizli deyil ki, uşaqların məktəbdənkənar vaxtının böyük hissəsi tədris mərkəzlərində, tədris kurslarında, repetitor yanında, dərsanə və günüuzadılmış qruplarda keçir. Bu tipli tədris mərkəzlərində uşaqlarla məşğul olan şəxslər də ölkənin tədris həyatının iştirakçısı olduğundan özəl tədris strukturlarının fəaliyyətinə elmi-metodiki, mənəvi və iqtisadi dəstəyi və qanunvericiliklə müəyyən olunmuş nəzarəti vacib hesab edirik).        
 
Bilinqval (polilinqval) təhsil 
modelinin üstünlüyünü və 
perspektivlərini əsaslandırmaq üçün potensial respondentin 
10 sualına 10 cavab 

1. Bilinqval (ikidilli) və ya polilinqval (çoxdilli) təlim nədir?
Hazırda dünyanın qabaqcıl ölkələrində geniş tətbiq olunan, təlim-tərbiyə prosesində iki və ya çox dilin tədris prosesində paralel şəkildə istifadəsinə, uşaq və gənclərimizin Azərbaycanda və dünyanın istənilən yerində təhsilin gələcək pillə və səviyyələrində oxumalarına, uğurlu karyera və maraqlı həyat əldə etmələrinə imkan verən təhsil modelidir. Ötən əsrin 20-30-cu illərindən başlayaraq, geniş şəkildə müzakirə edilən, dünyanın ən ciddi elmi mərkəzləri, dilçi alimləri, praktik psixoloqlar, metodistlər  və kulturoloqlar tərəfindən elmi-nəzəri və praktiki istiqamət kimi təsdiqlənən bu təlim modelinin tətbiqi Azərbaycanın bugünkü təhsil reallıqları üçün faydalı görünür.  Nəzərə almalıyıq ki, bu gün Azərbaycan məktəblərində övladını ingilis, rus, türk, fransız dillərində uşaq bağçasına və 1-ci sinfə göndərən valideynin əsas niyyəti ana dili ilə yanaşı, onun digər dilləri dərindən öyrənməsi arzusundan qaynaqlanır. Tədris müəssisələrimizdə xarici dillərə ayrılan saatlar, onların tədrisi konsepsiyası və metodikası, mövcud tədris resursları əcnəbi dillərin müvafiq səviyyədə mənimsədilməsinə hələ ki imkan verməməklə bərabər, bilinqval (polilinqval) təlimin yaratdığı tədris situasiyası qədər səmərəli deyil.        

2. Bilinqval və ya polilinqval təlimə hansı yaş dövründən başlamaq məsləhətdir?
Linqvodidaktika, linqvopsixologiya, linqvokulturologiya, metalinqvistika və sair əlaqəli elm sahələri üzrə mütəxəssislərin yekdil rəyinə, uşaq bilinqvizmi və polilinqvizmi üzrə çoxsaylı pedaqoji-psixoloji müşahidə və eksperimentlərə görə, iki və ya üç dildə təlimə başlamaq üçün ən optimal yaş dövrü uşaqların erkən inkişaf dövrüdür, yəni 0-2 yaşdan başlayaraq, 7 yaşınadək uşaqlar istənilən dildə eşitdikləri söz, ifadə və nitq konstruksiyalarını yadda saxlayır, tələffüz və nitqlərində istifadə edir, paralel olaraq öyrəndikləri dilə və ya dillərə tərcümə edə bilirlər. Üçüncü (və ya daha çox) dilin öyrədilməsinin məktəbəqədərki yaş dövrünə təsadüf etməsi, ibtidai təhsil pilləsində və V-VI siniflərdə davam etdirilməsi tövsiyə olunur. 8-12 yaş dövrü də dillərin mənimsənilməsi baxımından uşaqlar üçün münbit yaş mərhələsi hesab edildiyindən göstərilən yaş dövrlərində umumi təhsil səviyyəsində dillərin intensiv şəkildə tədrisi məqsədəuyğundur. Bu isə məktəbdə, məktəbdənkənar məşğələlərdə dil dərslərinə, cəmiyyətdə (ailə, məktəb, tədris mərkəzləri və sair) öyrədilən dillərdə ünsiyyətə üstünlük verməyi şərtləndirir.     
Hələ təxminən bir əsr əvvəl, bilinqvizmin təklif olunduğu ilk dövrlərdə  iki dilin paralel şəkildə öyrədilməsinin uşaqların idraki inkişafını ləngitməsi barədə fərziyyə və iddialar elmi əsasını tapmadığından ABŞ, Kanada, Almaniya, Finlandiya və digər qabaqcıl ölkələrdə bu gün bilinqval (polilinqval) təlimə üstünlük verilir.             

3. Bilinqval (polilinqval) təlimi Azərbaycanda aktuallaşdıran və motivləşdirən məqamlar hansılardır? 
Hazırkı mərhələdə bilinqval (polilinqval) təlimə keçidi ölkəmiz üçün vacib edən şərtlərə diqqət yetirək: 1) son on ildə Azərbaycanda, xüsusən də Bakı şəhərində əcnəbi dillərdə təhsilə maraq artıb. Valideynlərin öz övladları üçün məktəb seçimində rus və ya ingilis dilində təhsilə meyilli olması dövlət dilindən istifadə və gənc nəslin milli-mədəni-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi üçün əlverişli hesab olunmur; 2) respublikamızın göstərilən qisim tədris müəssisələrində və tədricən yerdə qalan təhsil müəssisələrində bilinqval (polilinqval) təlim mühitinin formalaşmasının dövlət dilinin üstünlüyü təmin edilməklə əcnəbi dillərdə təhsilə şərait yaradacağı, gənclərimizin ölkənin və dünyanın qabaqcıl universitetlərində təhsil almasına, yerli və beynəlxalq əmək bazarlarında uğurlu karyera inkişafına yol açacağı, ölkədə təhsil mühitinin canlanmasına səbəb olacağı qənaətindəyik; 3) etnik və dini rəngarəngliyə, Şərq-Qərb və Avrasiya məkanında ciddi iqtisadi və mədəni körpü roluna və geosiyasi mövqeyə və tarazdırılmış siyasi-diplomatik əlaqələrə malik Azərbaycanın yeritdiyi multikulturalizm siyasəti, azərbaycanşünaslığın inkişafı dil-ədəbiyyat və mədəniyyətimizin Avropa və dünyaya inteqrasiyası üçün geniş qapılar açıb. Təklif olunan təlim metoduna keçid daxil olmaqla Azərbaycan təhsil sisteminin bütün pillə və səviyyələrdə cəsarətli transformasiyası bu interqasiya proseslərini dərinləşdirə, Azərbaycan insana ciddi imkanlar qazandıra, təhsilimizin beynəlxalq reytinqlərdə təmsil olunmasına yol aça bilər.            

4. Erkən inkişaf və məktəbəhazırlıq dövründə iki (üç) dilin mənimsədilməsində məqsəd nədir?  
Erkən inkişaf və məktəbəhazırlıq dövrünü iki və ya üç dildə tədris aparılan  Azərbaycan məktəbləri üçün hazırlıq mərhələsi kimi qiymətləndiririk.  
Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeçiliyinə verilməsi şəraitində bu təhsil pilləsi üçün yaradılan və təklif olunacaq kurikulumun, tədris proqramları və planlarının məzmununun özəyini məhz dillərin mənimsədilməsi təşkil etməlidir.  

5. Erkən yaş dövründə uşaq inkişaf mərkəzləri, körpələr evləri və uşaq bağçaları hansı tədris standartlarını, qrafikləri, resursları istifadə etməli, hansı tərbiyəçi müəllimlərə üstünlük verməli, hansı tədris şəraitini yaratmalı, məşğələ otaqlarının tərtibatında nəyi nəzərə almalıdırlar? 
Tədqiqatlar göstərir ki, bilinqval təlimdə "bir şəxs - bir dil", "bir situasiya - bir dil", "bir ölkə - bir dil" prinsiplərinə əsaslanılmalıdır. Yəni Azərbaycanın məktəbəqədər və ümumi təhsil müəssisələrində ikidilli təhsil şəraitində valideynlərindən biri uşaqla mütəmadi olaraq bir dildə, digər isə ikinci dildə ünsiyyətdə olmalıdır (valideynlərdən heç biri tədrisdə lazım olacaq ikinci dildə danışa bilmirsə, bu rolu cəmiyyət, yəni uşaq bağçaları, erkən inkişaf mərkəzləri, məktəbəhazırlıq kurslarında səlis nitqə malik tərbiyəçilər oynayır). 
Təhsil müəssisəsində hər bir dil üçün dilin və ölkənin reallıqlarına uyğun tədris situasiyası yaradılmalı, ayrı-ayrı dillərdə tədris müxtəlif tərbiyəçi müəllimlər tərəfindən aparılmalıdır. İstər evdə, istər təhsil müəssisəsində tədris dilinə müvafiq dərs otaqlarının, oyuncaqların, şəkillərin ayrılması, daha çox oyunlara üstünlük verilməsi  tövsiyə edilir. Xarici dilin tədrisinə ayrılan saatların sayı dövlət dilində məşğələ saatlarının sayını aşmamalıdır. Bu, məktəqədər təhsilin kurikulumunda və  məktəbəhazırlıq proqramında öz əksini tapmalıdır.           

6. Ümumi orta təhsilin ibtidai, ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) səviyyələrində bilinqval (polilinqval) təlim modelinin səmərəli şəkildə reallaşması üçün hansı tədris standartları və planları təklif olunur? Təlimdə dövlət və əcnəbi dillərin paralelliyi və onlar arasında paritet necə təmin olunmalıdır? 
6.1 İbtidai təhsil səviyyəsində dövlət dili kimi öyrədiləcək və bəzi fənlərin tədris dili kimi çıxış edəcək Azərbaycan dilinin, həm də əksər fənlərin tədris dili kimi mənimsədiləcək xarici dillərin (hazırda ölkəmizdə əsasən rus və ya ingilis dili) müəyyən olunmuş standartlar üzrə öyrədilməsinə ayrılan həftəlik dərs saatlarının sayı eyni olmalıdır. Hazırkı şəraitdə təlim və dövlət dillərinə müvafiq olaraq 8-9 saat + 3 saat ayrılır. Bu saatlar tədris planlarında təlim dilləri üzrə eyni səviyyədə bölüşdürülməlidir. Tədris saatlarının bu formatda təqdimi dövlət məktəbləri üçün əlavə vəsait tələb etmir, çünki artıq Azərbaycan dili xarici dil kimi yox, təlim dili kimi tədris ediləcəyindən yarımqruplarda tədris olunmayacaqdır. Tədris planlarında təlim dilləri Azərbaycan, rus və ya Azərbaycan, ingilis dilləri kimi göstərilə bilər. Bu mərhələdə tədris planına xarici dil kimi daxil edilən ingilis, alman və s. dilin öyrədilməsinə ayrılan saatların sayı 3-dən az olmamalı və məşğələlər yarımqruplarda aparılmalıdır. 
Təklif olunan layihə mövcud tədris standartları və tədris planları bazasında reallaşdırıla və büdcədən əlavə vəsait ayrılmadan icra oluna bilər.  
Layihənin tətbiqi məktəbəqədər və ümumi orta təhsil üzrə müvafiq təhsil və tədris standartlarının yenilənməsini, təhsil qanunvericilik aktlarına dəyişikliklərin aparılmasını şərtləndirir.
6.2. Ümumi orta (V-IX siniflərdə) təhsil səviyyəsində hər iki dildə tədris saatlarının miqdarının bərabərliyi və paritetin gözlənilməsinə Azərbaycan dili və ədəbiyyatı dərsləri ilə yanaşı, dövlət dilində Azərbaycan tarixi, coğrafiyası, musiqi, Zəfər tarixi fənləri və maraq kursları hesabına nail olunur. Bu məqsədlə müvafiq qanunvericilik aktlarına (Ümumi təhsil haqqında "Qanun", "Milli Kvalifikasiya Çərçivəsi" və s.) dəyişiklik edilməsi gündəmdə durur.     
6.3. Yaranmış tədris situasiyası və xarici təcrübə təsdiq edir ki, tam orta təhsil səviyyəsində (X-XI siniflərdə) həftəlik 35-37 saat dərs yükü özünü doğrultmur və dövlət məktəblərində büdcə vəsaitinin məqsədsiz xərclənməsinə səbəb olur. Qabaqcıl Avropa ölkələrinin təcrübəsinə əsaslansaq, bu təhsil səviyyəsində həftəlik dərs yükünun 26-30 saat təklif olunması məqsədəuyğundur. Əgər hazırkı mərhələdə sosial məsələlərə önəm verilərsə, onda digər saatlar təmayüllər üzrə və ya V-IX siniflərdə münbit bilinqval və polilinqval təlim mühitinin təmin olunmasına yönəldilə bilər. 
Tam orta təhsil səviyyəsində təlim dillərinin iştirakı saxlanılmaqla texniki və təbiət fənləri üzrə təmayüllərin ingilis dilində təşkili məqbul hesab oluna bilər. Eyni qaydanın ümumi tədris planları üzrə (bilinqval təlim modeli) təhsil alan X-XI siniflərə şamil olunması tövsiyə edilir.  
   Dillərin mənimsədilməsi üçün intensiv yaş dövrünün VI sinifdə yekunlaşması və VII sinifdən digər fənlərin tədris planlarına daxil olunması təmayüllərin məhz bu mərhələdən təşkilini və dil dərslərinə yanaşmaya yeni münasibətin və metodologiyanın formalaşmasını tələb edir.   

7. Ölkənin qabaqcıl universitetləri xarici təcrübədən bəhrələnməklə və dil daşıyıcısı olan əcnəbi mütəxəsisləri cəlb etməklə özlərinin nəzdində olan liseylər və ya baza-təcrübə müəssisəsi kimi onlara ayrılmış ümumtəhsil müəssisələrinin X-XI siniflərində təlimin təmayüllər üzrə və xarici dildə təşkilindən nə əldə edə bilərlər? 
Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təlimin təmayüllər üzrə təşkili,   texniki və təbiət fənləri üzrə təmayül siniflərində tədris prosesinin ingilis dilində aparılması abituriyentlərə ölkə və xarici ali təhsil müəssisələrində (ATM-lərdə) təhsilalma imkanlarını genişləndirər, ingilisdilli ixtisaslarda hazırlıq ilinə ehtiyacı aradan qaldırar. 
Bu, dar ixtisaslar üzrə ölkə üçün mütəxəssis hazırlığı aparan ATM-lərə həm də dilbilmə səviyyəsi baxımından hazırlıqlı abituriyentləri qəbul etməyə və keyfiyyətli kadr hazırlığı aparmaq imkanlarını genişləndirər.     

8. Göstərilən təlim modelinin tətbiqi məktəb həyatına, universitetlərimizin təhsil mühitinə  hansı təsiri göstərəcək? 
Bilinqval (polilinqval) təlim modelinin tətbiqi təkcə təlim ingilis və rus dilinin iştirakı ilə aparılan məktəblərdə deyil, eyni zamanda, hazırda dövlət dilində təşkil olunan ümumi təhsil müəssisələrində yeni tədris situasiyası və mühiti formalaşdırmasına xidmət edəcək. Məktəblərin kadr potensialından asılı olaraq, ikidilli tədris planları rus və ya ingilis dilinin iştirakı ilə 6.1, 6.2 və 6.3 bəndləri ilə müəyyən olunmuş qaydada qurula bilər. 
Bu tətbiqin həm də ciddi sosial-ictimai əhəmiyyəti şübhəsizdir: təhsil müəssisələri və təhsilalanların müxtəlif bölgələr üzrə qeyri-bərabər imkanları, təhsil ehtiyacları üzündən bəzən ailələrin paytaxta və iri şəhərlərə üz tutması, MİQ imtahanlarında kifayət qədər bal toplamış gənclərin rayon mərkəzləri və kəndlərdə iş yeri ilə təmin olunması, bölgələrdə məktəbəqədər təhsil müəssisələri infrastrukturunun inkişafı və sair problemlər tədricən öz həllini tapa bilər. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaradılacaq təhsil müəssisələri, onların tədris proqramları həm yeni tələblərə, həm də nümunəvi ikidilli təhsil mühitinə malik olmuş Şuşa Realni Məktəbi, Qazax Müəllimlər Seminariyası kimi təhsil müəssisələrimizin klassik təhsil modellərinə və ənənələrinə söykənməlidirlər.       
Bilinqval (polilinqval) təlim modelinin
 tətbiqi ATM-lərdə təhsil ixtisasları üzrə mütəxəssis hazırlığı proqramlarının yenilənməsinə, məktəbəqədər və ümumi  təhsil müəssisələrinin yaxın gələcəkdə ikidilli və ya üçdilli pedaqoji kadrlarla təmin olunması probleminin aradan qalxmasına xidmət edəcək.   
Məktəbəqədər və ümumi təhsil pillələrində təklif olunan bilinqval və ya polilinqval təhsil modeli ali təhsil pilləsində mütəxəssis hazırlığı proqramlarının dil problemini aradan qaldırmaqla icrasını asanlaşdıracaq, yeni kadr və tədris resursları hesabına münbit təlim şəraiti yaradılacaq.  
ATM-lərdə göstərilən təlim metoduna diqqətin artırılması xüsusilə də linqvistik təmayüllü universitetlərimizə öz ixtisaslarına, mütəxəssis hazırlığı proqramlarına, elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq istiqamətlərinə yenidən nəzər salmaq, ən yeni tələblərə və şəraitə uyğun özlərinin transformasiyası imkanlarını araşdırmağa imkan verəcək.      

9. Hansı tədris standartlarına (proqramlarına) dəyişiklik edilməsi vacibdir?
Bilinqval (polilinqval) təlim modelinin tətbiqi məktəbəqədər təhsilin və ümumi təhsil pilləsində fənn kurikulumlarının yenilənməsini, ali təhsilin bakalavriat səviyyəsində təhsil ixtisasları üzrə mütəxəssis hazırlığı proqramlarının tədris dili aspektində yenidən nəzərdən keçirilməsi üçün ATM-lərə tövsiyələrin verilməsini (ixtisas blokuna daxil olan 120 + universitetlərin sərəncamında olan 60 kreditin müasir yanaşmalara uyğun istifadəsini) labüd edir.  

10. Təklif olunan təhsil modelinin ölkəmiz üçün önəmi nədir?
Dünya təcrübəsi və aparılan tədqiqatlar göstərilən bu təlim modelinin tətbiqinin etnik, dini və milli zənginliyə, multikultural dəyərlərə və siyasətə malik Azərbaycana öz təhsil sistemini Avropa və dünya təhsil məkanına real inteqrasiya etməyə, regionlarda təhsilə marağın yüksəlməsinə və təhsil müəssisələrində canlanmaya şərait yaradacaq, gənc nəslin təhsil və karyera inkişafı imkanlarını yüksəldəcək.  
 

 





04.06.2022    çap et  çap et