525.Az

"Yaşıl dəhliz" dünyanı xilas edəcəkmi? - Xaqani Cəfərli yazır


 

"Yaşıl dəhliz" dünyanı xilas edəcəkmi? - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Türkiyə Ukrayna limanlarında yığılıb qalmış taxıl və digər ərzaq məhsullarının dünya bazarlarına çıxarılması üçün "Yaşıl dəhliz" yaradılması üçün Rusiya ilə razılaşdığını açıqlayıb. Məlumatı “Anadolu” agentliyi yayıb. Yayılan məlumata görə, Türkiyə Ukrayna, Rusiya və BMT nümayəndələri ilə birlikdə hazırda Ukrayna limanlarında bağlanmış 20 milyon ton taxılın dünya bazarlarına çıxarılması planını hazırlayıb.

"Yaşıl dəhliz"in fəaliyyətini tənzimləyəcək və taxılın daşınmasını təmin edəcək qrupun fəaliyyəti İstanbulda yaradılması planlaşdırılan komanda mərkəzi tərəfindən əlaqələndiriləcək. Türkiyə diplomatları artıq yol xəritəsini hazırlayıblar və yaxın vaxtlarda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri tərəfindən müzakirə olunacaq. Tərəflər marşrut, gəmilərin sığortası və təhlükəsizliyi, o cümlədən, liman sularının minalardan təmizlənməsi məsələlərini müzakirə və həll etməlidirlər. Əks halda bu, yalnız xoş niyyətli təşəbbüs olaraq qalacaq.

Bu təşəbbüs isə aprelin 30-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya dövlət başçısı Vladimir Putinlə, daha sonra isə Ukrayna prezidenti Vladimir Zelenski ilə apardığı müzakirə zamanı irəli sürülüb. Putin Ərdoğanla telefon danışığı zamanı Rusiyanın türk tərəfdaşları ilə razılaşaraq malların maneəsiz çatdırılmasına, o cümlədən, Ukrayna limanlarından taxılın daşınmasına şərait yaratmağa hazır olduğunu bildirib. Rəsmi Kiyev də Moskva kimi Ankaranın "taxıl dəhlizi" yaradılması üzrə təşəbbüsünü müsbət qiymətləndirib. Tərəflər BMT-nin yardımı ilə

İstanbulda yaradılacaq komanda mərkəzinin işində də iştirak etmək barədə razılığa gəliblər.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı Ukrayna limanlarındakı 20 milyon tondan çox məhsulun dünya bazarlarına çıxarılmasının qarşısını almaqda və dünyada ərzaq böhranı yaratmaqda ittiham edir. Ukrayna eyni zamanda Rusiyanı taxıl oğurluğunda da günahlandırır. Ukraynanın aqrar siyasət naziri Nikolay Solskinin hesablamalarına görə, Rusiya hərbçiləri işğal olunmuş ərazilərdə 400-500 min ton taxıl məhsulu oğurlayıblar. Ukrayna kəşfiyyatının məlumatına görə, oğurlanmış taxılın əhəmiyyətli hissəsi Aralıq dənizində Rusiya bayrağı altında üzən yük gəmilərindədir. CNN-in məlumatına görə, Rusiya oğurladığı taxılın bir hissəsini Suriyaya göndərib. Xerson şəhərinin rus hərbçiləri tərəfindən ələ keçirilməsindən sonra formalaşmış hərbi-mülki administrasiyasının rəis müavini Kirill Stremousovun sözlərinə görə, taxıl satılmaq üçün Rusiyaya aparılır.

Moskva Qərbin Rusiya ixracına qarşı sanksiyaları dayandıracağı təqdirdə limanların blokadasını qaldıracağında israr edirdi. İndi onun Türkiyənin təşəbbüsü ilə razılaşması gözlənilməz olub. Ekspertlər isə hesab edirlər ki, Rusiyanı mövqeyindən geri çəkilməyə vadar edən ABŞ və Avropa Birliyinin problemi mümkün qədər tez həll etmək üçün alternativ yollar hazırlamasıdır. Ukrayna limanlarının blokadasının açılması üçün hərbi gücə əl atılması da istisna olunmurdu. Görünür, bütün bu amillər Rusyanı geri addım atmağa vadar edib.

Müharibədən əvvəl dünya taxıl ticarətinin 30 faizi Rusiya və Ukraynanın payına düşürdü. Lakin Qara dəniz bölgəsinin tədarük zəncirləri işğal başlayandan sonra xaosa çevrildi. Odessanın limanları bağlı qalsa, bu, qlobal ərzaq təhlükəsizliyinə ciddi zərər vuracaq. BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli hesab edirdi ki, hazırda dünyada aclıq çəkən  insanların sayı 276 milyon nəfərə çatır. Əgər

Ukrayna taxılı bazara çıxmasa, bu rəqəm 323 milyon nəfərə yüksələ bilər.
 

 





04.06.2022    çap et  çap et