525.Az

Egeyin bağrındakı şah əsər - Türkan Turan yazır


 

QARA VƏ BOZ RƏNGİN UNUDULDUĞU YER...

Egeyin bağrındakı şah əsər - <b style="color:red"> Türkan Turan yazır </b>

Yüz illər əvvəlin canlılığını iliyinə qədər hiss edirsən burada. Qılınc şaqqıltısı qulağında cingildəyir. Sanki bir az sonra dəmir zirehli, dəbilqəli, qalxanlı cəngavərlər yolunu kəsəcəklər. Tarixi bu qədər dərindən hiss etmək insanı həyəcanlandırır.

Zindanların qarşısından keçərkən bir üşütmə dolur canına. Adama elə gəlir ki, buradakı zindanlar digərlərindən daha qaranlıq, daha soyuq, daha öldürücüdür. Yeddi qapıdan keçirsən içəri daxil olmaq üçün. Yeddinci qapını adlayıb pilləkənləri qalxarkən ucsuz-bucaqsız, dupduru Egey dənizini sehrinə düşürsən. Dənizin bitdiyi yerdə başlayan göyün mavisinə qapılırsan. Bu cür qüsursuz göy üzünün altında axıdılan, axıdılmaqda olan qanları düşünürsən. İnsanın necə qana susayan, savaşa həris varlıq olduğunu kim bilir neçənci dəfə fərqinə varıb kədərlənirsən. Həqiqətən, 60-70, bəzən daha az ömür üçün dəyərmi deyə fikirləşirsən. Sonra içində olduğun bu möhtəşəm memarlıq abidəsinə göz gəzdirib bir vaxtlar uğrunda qanlar axıdılan, ölən minlərlə insanı yada salırsan. Özləri gedib, izləri qalıb. Ən çox da divarlarda, pilləkənlərdə, qüllələrdə, sırayla düzülmüş toplarda, başsız qalmış dəbilqələrdə, əlsiz qalmış qılınclarda... Əgər bu yer muzeyə çevrilməsə, yadda qalardılarmı? Sanmıram. Çünki bura fərqli dövrlərdə müxtəlif millətlərin tabeliyində olan Bodrum qalasıdır. Egeyin bağrında əzəmətlə ucalan Bodrum qalası.

Qala inşa edilərkən nə Bodrum Bodrum idi, nə də qala Bodrum Qalası. Bodrum qədim zamanlarda yunanlar tərəfindən salınmış Halikarnas şəhəri idi. Ona görə bu gün hər tinində, bucağında yunan ab-havası, zərafəti hiss edilir. Bu kiçik, sakit, hər tərəfindən hüzur fışqıran şəhərdə insan bozu, qaranı unudaraq üç rənglə yaşayır: mavi, yaşıl, ağ! Qalanın ən yüksək nöqtəsindən ətrafı seyr edərkən dənizi göy üzündən yaşıl meşələrin ayırdığını görürsən. Ağappaq evlər, uzanıb gedən təpələr və çinarların, şamların, naringi, limon ağaclarının arasından tablo kimi düzülən yaxtalar Yunanıstanın və İtaliyanın Aralıq dənizi sahilləri, mavi peyzaj kimi görünür.

Vaxtilə bu şəhər dünyanın yeddi möcüzəsindən birinə ev sahibliyi edirdi. Doğrudur, Halikarnas mavzoleyi inşasından on doqquz əsr sonra XIII əsrdə baş vermiş zəlzələ, hücumlar, barbarlıq ilə yerlə-yeksan edilir, amma yox olmur. Bu gün onun cilalanmış ağ mərmər daşlarının üzərində Bodrum qalası ucalır.

Seint Cen cəngavərləri 1402-ci ildə o vaxtlar adı Müqəddəs Pyotr olan bu qalanı inşasına başlayarkən sağlam, keyfiyyətli daş axtarışına çıxırlar. Ağıllarına ilk gələn isə yaxınlıqda yerləşən Halikarnas mavzoleyi olur. Dünyanın yeddinci möcüzəsini parça-parça qoparıb buranı tikirlər. Qala beş qüllədən ibarətdir. Bunlar ingilis, italyan, alman, fransız, ilanlı qülləsi olaraq tanınır. Bu qüllələrdən dörd bir tərəfi də müşahidə etmək mümkündür.

Min illər boyu bir-birinin ardınca müxtəlif xalqların yaşadığı bu yerlərdə, hər qrup öz quruluşlarında, özündən əvvəlki cəmiyyətin qalıqlarını istifadə edib. Ən çox yağmalanmaya məruz qalan şəhərlərdən biridir Bodrum. Məsələn, 1846-cı ildə Türkiyədə olan İngiltərə səfiri Lord Stratford Canning Bodrum qalasının divarında olan Mavsolun relyefini Londona aparır. Bu, ingilislərin ilk tarixi oğurluğu deyil. Onlar buna "icazə" donu geyindirir, amma fakt budur ki, ingilislər və almanlar həmin dövrlərdə bu ərazilərdəki memarlıq abidələrini qüsursuz şəkildə yağmalayıblar. Ən böyük isbat İngiltərənin Britaniya Muzeyi və Almaniyanın Perqam Muzeyidir. Oğurlanan parçaları bu günün özündə belə qürurla sərgiləyirlər. 

Qapıların üzərində gerblər diqqət çəkən görüntülərdəndir. Gerblər üzərində xaçlar, düz və ya üfüqi lentlər, əjdaha və aslan fiqurları var. Qalanın torpaqla əhatə olduğu tərəfdə divarlar iki qatlıdır. Lakin dənizə doğru baxan divarlarda bu qüvvətləndirmə yoxdur, çünki cəngavərlər dəniz döyüşləri mövzusunda iddialı olduqları üçün dənizdən gələn hücuma qarşı donanmanın yaxşı müdafiə edəcəyinə əmin idilər. Bununla yanaşı, 7 qapı quraraq qalanı daha nəzarətli hala gətiriblər. Qapılardan birində XVI əsrdən qalma yunanca yazılmış belə bir yazı var - "Cəsusluq edənlər cəzalandırılacaq". Qalada 14 çən var ki, mühasirədə olarkən su ehtiyacı bu çənlərə yığılan sular vasitəsilə ödənilirdi. İkili divarlar arası su xəndəyi, asma körpü, nəzarət qülləsi gözə çarpan yerlərdəndir.

Qalanın daxilində XIX əsrin sonunda həbsxana kimi istifadə edildiyi dövrdə hamam quruluşu ilə Osmanlı keyfiyyəti qazanmış yer var. Həmin yer bu gün Sualtı Arxeologiya Muzeyi olaraq istifadə edilir. Türk hamamı, Amfora zalı, Şərqi Roma gəmisi həmin yerdə sərgilənir. Şüşə zalı, Sikkə və cəvahirat zalı, Karyalı Knyaginya otağı, İngilis qülləsində, İşgəncə və Qətl otaqları isə Alman qülləsində nümayiş etdirilir. Bu əsərlərin hamısı ilə yaxından tanış olmaq üçün ən azı 3-4 saatdan çox vaxt lazımdır.

Qeyd edək ki, bura dünyanın ən böyük Sualtı Arxeologiya Muzeyi hesab edilir. "Yaşayan Muzey" tərzinin ən gözəl nümunəsi olan Bodrum Sualtı Arxeologiya Muzeyinin bənzəri yoxdur. Burada sərgilənən qədim sualtı qalıqlarından tapılan nümunələr dünya miqyasında əhəmiyyət daşıyır və UNESCO mədəni irsinin müvəqqəti siyahısındadır.

1523-cü ildə Sultan Süleyman tərəfindən Rodos ələ keçirilincə cəngavərlər qalanı tərk etməyə məcbur olurlar. Ələ keçirilən qalaya təcili surətdə məscid əlavə edilir. Birinci Dünya müharibəsində fransız topçunun atəş açması nəticəsində minarə dağılır, sonra təkrar inşa edilir. 1895-ci ildə qalanın bu bölümünü həbsxanaya çevirirlər. Muzey olmasına isə 1960-cı ildə başlayan sualtı arxeoloji axtarışlar zamanı qərar verilir. Bölgədəki batıqlardan çıxarılan əsərlərin sərgiləndiyi hazırkı Bodrum Sualtı Arxeoloji Muzeyi olaraq 1964-cü ildə qapılarını açır. Bu ecazkar muzeyin eksponatlarının əsasını Ulu-burun xəzinəsi təşkil edir. Bu xəzinə 1982-ci ildə Türkiyənin Kaş şəhəri yaxınlığındakı Ulu-burun burnunda batmış Finikiya gəmisində aşkar edilib. Bodrum qalası muzeyində uzunluğu 15 metr olan bu gəminin maketini görmək olar. Burada, həmçinin, kürək və daş lövbərlərin orijinal parçalarına da rast gəlmək mümkündür. Maraqlısı odur ki, alimlərin tədqiqatına görə, gəmi eramızdan əvvəl 1300-cü illərdə Kiprdən Misirə gedərkən batıb. Yəni dalğıcların aşkar etdiyi günədək gəmi dənizin dibində 3 min ilə yaxın qalıb! Gəminin parçaları ilə yanaşı, göyərtədə olduğu ehtimal edilən qədim silah, qab-qacaq, bəzək əşyaları, hətta ərzaqdan ibarət 18 min müxtəlif əşya da tapılıb. Həmin tapıntılar da Sualtı Arxeologiya Muzeyində nümayiş olunur.

Yeri gəlmişkən, insanı valeh edən bölmələrdən biri amforaların sərgiləndiyi yerdir. Bu amforalar Qədim Yunanıstanda istifadə olunmuş əsasən gildən, bəzən də metaldan hazırlanan dar boğazlı iki qulplu antik qablardır. Arxeoloji qazıntılar e.ə. 2-ci minilliyin 2-ci yarısından etibarən Amforanın məişətdə istifadə edildiyini göstərir. Amforalar maye və yağların daşınması və saxlanmasında, həmçinin, ziyafətlərdə istifadə olunurdu.

Gördüyümüz kimi, XV əsrdə Rodos adasından olan hospitalyer-cəngavərlər tərəfindən ucaldılmış Müqəddəs Pyotr Qalası tarixin sınaqlarından öz ilkin görkəmini qoruyaraq keçib. Doğrudur, ilk dəfə görənləri qala öz əzəməti ilə tilsimləyir. Lakin muzeyin əvvəlki rəhbərliyi, yerlilər, mütəxəssislər eyni fikirdə deyillər. Onlar sonuncu restarvasiya zamanı qalanın ciddi deformasiyaya uğradığını iddia edirlər. Bütün hallarda bu qala Bodrumun şah əsəri, Egeyin qürurudur! Gedib görülməsi vacib olan yerlərdəndir.

Türkan TURAN

 

 





05.06.2022    çap et  çap et