525.Az

Rusiya iqtisadiyyatının ölüm fərmanı


 

Rusiya iqtisadiyyatının ölüm fərmanı<b style="color:red"></b>

Ötən gün Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının 100 günü tamam oldu. Rusiya hərb meydanında kiçik üstünlüyünü saxlasa da, müharibəyə görə çox ağır iqtisadi itkilər verməkdədir.

Rusiyanın maliyyə naziri Anton Siluanov Ukraynada "xüsusi hərbi əməliyyat"ın keçirilməsinin böyük maliyyə vəsaiti tələb etdiyini etiraf edib. Maliyyə nazirinin bu etirafı olmadan da Rusiyanın "xüsusi hərbi əməliyyat" adlandırdığı müharibəyə külli miqdarda maliyyə sərf etdiyi aydın görünür. Rusiyanın qlobal iqtisadiyyatdan təcrid edilməsi də böyük iqtisadi itkilərə səbəb olur. Ancaq bunların heç biri başa çatmaqda olan həftə ərzində yayılan bir neçə xəbər qədər Rusiyaya təsir edə bilməz. Söhbət Avropa Birliyinin ilin sonuna kimi Rusiya neftinin idxalını 92 faiz azaltmaq planı ilə bağlıdır. Ötən ilin rəsmi məlumatına görə, Rusiya ixrac etdiyi neftin 47 faizini Avropa Birliyi ölkələrinə göndərib. Avropa Birliyi ölkələri arasında Rusiyadan ən çox neft alan ölkə Niderland olub. Niderland ötən il Rusiyadan 37.4 milyon ton neft alıb. Rusiyadan ən çox neft alan ölkələrin siyahısında Niderlandın ardınca  19.2 milyon tonla Almaniya, 11.2  milyon tonla Polşa, 8.9 milyon tonla İtaliya, 6.3 milyon tonla Finlandiya, 5.3 milyon tonla Slovakiya gəlir. Avropa Birliyinin ilin sonuna kimi Rusiyadan neft idxalatını 92 faiz azaltmaq qərarı Niderland, Almaniya, Polşa, Finlandiya, Slovakiya kimi ölkələrin itirilməsi deməkdir. Bundan sonra Rusiyanın Avropa Birliyinə satdığı nefti hansı ölkələrə satacağı məlum deyil. Əslində, Rusiyanın Avropa və Qərb bazarlarını əvəz edəcək bazar tapması qeyri-mümkündür. Çünki Avropa Birliyindən üç ay əvvəl, mart ayında ABŞ və Böyük Britaniya Rusiyadan neft idxalatını qadağan edib.

ABŞ, Avropa Birliyi və Böyük Britaniyanın Rusiyadan neft idxalatına qadağa qoyması ilə yanaşı, Brüssel və London Rusiya neftini daşıyan gəmilərinin sığortalanmasına qadağa qoymaq haqqında razılığa gəliblər. Bu qadağa Rusiya neft daşıyıcılarını Böyük Britaniyanın Lloyd's of London” sığorta bazarına - dəniz nəqliyyatı üçün ən böyük sığorta bazarına çıxışdan məhrum edəcək. Bu isə o deməkdir ki, Rusiyanın dəniz yolu ilə neft ixracı imkanları ciddi şəkildə azalacaq. Ekspertlər bu vəziyyətin Rusiya limanları vasitəsilə neft ixrac edən ölkələr, ilk növbədə isə Qazaxıstan üçün ciddi problemlər yaradacağı anlamına gəlir. Çünki Rusiya limanlarından daşınan neftin hansı ölkəyə məxsus olduğunu müəyyən etmək çox çətindir. Neft daşıyıcıları isə Qərbin sanksiyalarına məruz qalmamaq üçün Rusiya limanlarından neft daşımaqdan çəkinəcəklər.

Polşanın Baş naziri Mateus Moravetski Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa Birliyi üçüncü ölkələrin Rusiyadan neft almasını qadağan etmək istəyir: "Polşa və Avropa Birliyinin əksər ölkələri ikinci dərəcəli sanksiyalar adlanan sanksiyaların da tətbiq edilməsini təklif edir. Bu sanksiyalar Rusiyadan neft alan üçüncü ölkələrə yönəlməlidir ki, onlar Rusiyadan neft ala bilməsinlər".

Rusiya neftinə qarşı tətbiq olunan bu qadağalar onun OPEK+ platformasından da kənarlaşdırılmasına səbəb ola bilər. “The Wall Street Journal”ın məlumatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) bəzi üzvləri Rusiyanın neft hasilatı üzrə OPEK+ sazişində iştirakının dayandırılması ilə bağlı məsələni nəzərdən keçirirlər. OPEK üzvləri hesab edirlər ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və Avropa İttifaqının Rusiya neftinə qismən qadağa qoyması neft ixracatçısı ölkələrinin xeyrinə olacaq. Onlar daha çox neft satmaq imkanı qazanacaqlar. Yeri gəlmişkən, Venesuela və İran Rusiyanın neft bazarın kənarlaşdırılmasının onların da xeyrinə olacağını güman edir. İran artıq dünya bazarlarında Rusiyanı əvəz etməyə hazır olduğunu hər imkanda ifadə edir.

Rusiya neft bazarlarından kənarlaşdırıldığı kimi, qaz bazarlarını da itirməkdədir. Rusiyanın qaz nəhəngi "Qazprom" rublla ödəniş edilmədiyinə görə Danimarkanın “Orsted” və “Shell Energy Europe” şirkətlərinə qaz tədarükünü tamamilə dayandırıb. Ötən il "Qazprom" Danimarka şirkətinə 1,97 milyard kubmetr qaz satıb ki, bu da Danimarkada ümumi qaz istehlakının təxminən 70 faizini təşkil edir. Bundan əvvəl isə "Qazprom" Niderlandın "GasTerra" qaz treyderinə rublla ödənişdən imtinaya görə qazın nəqlini tam dayandırmışdı. Bütün bu məlumatlar o anlama gəlir ki, Rusiya qazına qarşı sanksiya hələ tətbiq edilməsə də, "Qazprom" alıcılarını sürətlə itirməkdədir.

İqtisadçılar isə ABŞ və Böyük Britaniyanın ardınca Avropa Birliyinin Rusiyadan neft idxalatına qadağa qoymasını Rusiya iqtisadiyyatı üçün ölüm fərmanı hesab edirlər. Bu bənzətmədə heç bir şişirtmə yoxdur. Çünki Rusiyanın iqtisadiyyatı əsasən enerji daşıyıcıların, xüsusilə də neftin ixracı üzərində qurulub. Neftin ixracının azalması onun hasilatına ağır zərbə vuracaq. Çünki Rusiyanın kəmərlər vasitəsilə Avropa Birliyinə ixrac etdiyi nefti hansısa başqa istiqamətdə satmaq imkanı yoxdur. Üstəlik, böyük həcmdə nefti uzun müddət ərzində saxlamaq üçün yeraltı anbarları da mövcud deyil. Bu isə o deməkdir ki, Rusiyada neft hasilatı ixracatın zəifləməsi ilə problemlə üzləşəcək.

Rusiyanın neft məhsullarının ixrac etməsinə də qadağa qoyulduğunu nəzərə alanda ölkənin neft emalı sənayesinin də tədricən məhv olacağını proqnozlaşdırmaq olar. Çünki neft məhsullarının alıcısı olmasa, emal zavodları fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.

Bütün bunlar təsduqləyir ki, Avropa Birliyinin ilin sonuna kimi Rusiya neftinin idxalını 92 faiz azaltmaq qərarı Rusiya iqtisadiyyatı üçün həqiqətən də ölüm fərmanı olacaq.

 

 

 





05.06.2022    çap et  çap et