525.Az

Sonuncu nokaut


 

Sonuncu nokaut<b style="color:red"></b>

Arzularının arxasınca gedənlərin yolunu həyat haraya calayar, hara tuş edər, əvvəldən bilməz adam. O da arzularının arxasınca Şərur rayonunun məşhur Xanlıqlar kəndindən yola çıxmışdı. Balacalıqdan atası Əziz kişinin altı oğluna - Misir, Babək, Zöhrab, Fərhad, Cavanşir və Cavidə nəsihət kimi dediyi sözlərin işığına çıxıb gəlmişdi Bakıya: "Kişidə ilk olaraq fiziki güc olmalıdır. O, özünü hər məqamda müdafiə etməyi, zəiflərə də arxa olmağı bacarmalıdır.

Fiziki cəhətdən güclü olmaq kişiyə məxsus ən ümdə əlamətdir və bu, dönməz iradə, möhkəm xarakter də formalaşdırır". Amma bizim qəhrəman təkcə öz şəxsi fiziki gücünü inkişaf etdirmək üçün yox, doğma vətənin bayrağını yüksəklərə qaldırmaq, bütöv bir ölkəni dünyanın hər yerində təmsil etmək üçün çıxmışdı yola.

1980-ci ilin fevralında Şərur rayonunun məşhur Xanlıqlar kəndində doğulan Babək Əliyevin atası uzun müddət kənddəki sovxozun direktoru, aqronom işləyib. Anası Siddiqə xanım isə Naxçıvan DPİ-nin fizika-riyaziyyat fakültəsini bitirmişdi. Bu cür ziyalı ailəsində böyüyən Babəkin hansı köklə bağlı olduğunu təsəvvür etmək çətin deyil. İrəvan tərəfin məşhur Çobankərə tayfasından olan Babəkin əslən ata-babaları da fiziki cəhətdən güclü olmaları ilə ad qazanmış, qürurlu, söz götürməyən adamlar olublar. 

1998-ci ildə Bakıya gələn Babək Əliyev elə həmin il Azərbaycan İdman Akademiyasına qəbul olunur.  Akademiya onun arzularının həyata keçməsi üçün bir tramplin olur, üzünə  dünya idmanının ecazkar aləminin qapılarını açır. Babəkin yaşıdları əyləncələrdə, müxtəlif yerlərdə vaxt keçirməyə gedəndə o, gecə-gündüz yorulmaq bilmədən məşq etdi. Məşq, məşq, yenə də məşq! İnadla öz üzərində çalışdığına görə akademiyada oxuduğu vaxt taekvando üzrə yığma komandanın tərkibinə daxil olur və finala çıxır. Sonra  kinq-boksinqlə məşğul olur, cəmi iki ay sonra isə Bakı çempionatnda bu idman növü üzrə birinci yerə çıxır. Bu iki idman növü bir-birindən fərqli olsalar da, hər ikisinin sirlərini mənimsəyən qəhrəmanımız sürətli taktikası ilə belə qısa müddətdə böyük uğur qazanır.  Nəhayət, güləş, boks, karate idman hərəkətlərini kompleks şəkildə özündə birləşdirən, dərin fəlsəfəsi ilə Babəki cəlb edən kunq-fu ilə məşul olmağa başlayır. Qalxmaq istədiyi zirvənin ilk pilləsinə bu idman növü ilə qədəm qoyur. 2002-ci ildə İtaliyada kunq-fu üzrə keçirilən dünya çempionatında birinci yerə çıxır. Bu uğur 10 mayda Ulu öndərin doğum gününə Babək Əliyevin təbrik hədiyyəsi olur.

Babək Əliyev həmin çəkidə kunq-fu üzrə Dünya çempionatına çıxan ilk Azərbaycan idmançısı idi. Öz vətənində - Çində ikisi də eyni olan vuşu və kunq-fu federasiyaları ayrıdır, amma ikisini birləşdirən sanda döyüşü eynidir. Sonra sanda modernləşdirilərək kunq-fu və vuşu kimi sistemləşdirilmişdir. Kunq-funun taktikalarına mükəmməl şəkildə yiyələnən, İtaliyadakı uğurundan ruhlanan çempion sonra dünyanın müxtəlif ölkələrində - Portuqaliya, Braziliya, Macarıstan, Rumıniya, İspaniya, Bolqarıstan və başqa yerlərdə keçirilən yarışlarda doqquz dəfə dünya çempionu olur. Bəli, məhz 2002-ci ildən 2008-cu ilədək 9 dəfə dalbadal dünya çempionu! Bu, böyük qələbə idi! Azərbaycan bayrağını çempion olduğu ölkələrdə dalğalandırmaq, fəxri kürsünün ilk pilləsinə qalxmaq, himnimizi səsləndirmək xoşbəxtliyi Babəkə doqquz dəfə nəsib olmuşdur. Bu qələbələr çox gərgin zəhmət bahasına başa gəlsə də, o möhtəşəm, sevincli anlar çəkdiyi əziyyətləri unutdururdu. Babək Əliyev  beş dəfə "Dünyanın ən texnikalı döyüşçüsü", iki dəfə "Avropanın ən texnikalı döyüşçüsü" adına layiq görülmüşdür. O, 2010-cu ildən Avropa Kunq-fu Federasiyasının vitse-prezidenti, ölkədə kunq-fu yarışlarının baş hakimidir. Azərbaycanda kunq-fu yarışlarının ilk beynəlxalq dərəcəli hakimi də Babək Əliyevdir.

Babək Əliyev, həmçinin, iki dəfə Avropa çempionatında iştirak etmiş və yenə də  fəxri kürsünün ən yuxarı pilləsinə qalxmışdır. Doqquz dəfə dünya çempionu siyahısına iki dəfə Avropa çempionu fəxri adı əlavə olunmuşdur.

2004-cü ildə dizində ağır əməliyyat keçirən cəngavər döyüşçü peşəkar idmançılar arasında keçirilən beynəlxalq yarışda ikinci yerə çıxır. Bu, onun qazandığı qələbələrin üzərinə kölgə salmadı. Ruhuna "Heç zaman məğlub olma!" fikrini əbədi həkk edən Babək heç bir yarışda uduzmamağı qərara almışdı. May ayında keçirilən bu yarışdan cəmi yeddi ay sonra - dekabrda  Macarıstanın Budapeşt şəhərində keçirilən yarışda həmin adamı - Rusiyanı təmsil edən Dağıstan idmançısını 28 saniyəyə nokautla məğlub edir. Bax budur əzm! İnadkarlıq! Türkün enilməz ruhu! Hər yerdə olduğu kimi, burda da ona həsəd aparanlar çoxalmağa başlayır: dopinq-kontrol, çəkinin qərəzli yoxlanılması və s. Nəticədə Babək Əliyev 70 kq çəki ilə dünya çempionatında 75-80-kq çəkisi olan idmançılarla döyüşməli olur. Amma bu, onun qələbə əzmini sındırmır, bütün döyüşləri fəxri kürsünün ilk pilləsinə qalxmaqla bitirir. İlk pillə həmişə onundu və bu yeri kimsəyə güzəştə getmək fikri yox idi!

Babək Əliyevin son döyüşü 2013-cü ldə olub. İki il fasilə etdiyi üçün çəkisi 94-95 kq-a çatan qəhrəmanımıza kunq-fu idman növü üzrə peşəkar idmançılar arasında keçirilən dünya çempionatına qatılmaq təklif olunur. Çünki Babək yarışları tərk edəndən sonra Azərbaycan komandası bu çəkidə bu idman növü üzrə heç bir uğurlu nəticə əldə etməmişdi. O, 12 gün ərzində 14,5 kq çəki azaldaraq qısa müddət sonra dünya çempionatına qatılır. Birdən-birə bu qədər çəkini atmaq idmançının fiziki gücünə təsir edir. Lakin o, inadla məşq edərək hazırlığını tam bərpa edir. Barselonada keçirilən həmin yarışda yenə birinci yerə çıxır. Barselona çempionatında dünyanın ən tanınmış, hər il fəxri kürsünün ilk pilləsinə qalxan məşhur kunq-fuçusu ilə qarşılaşmalı olur. Bu yarışda qazax, özbək, ispan döyüşçülərinə qalib gələn həmyerlimiz məşhur iranlı idmançı ilə finalda görüşməli olur. Bu döyüş sanki milli marağa çevrilmişdi. Bütün dünya maraqla həmin döyüşün nəticəsini gözləyirdi. Nəticə isə nokaut: qalib Babək Əliyev! Bu sonuncu nokaut onun idman karyerasının zirvəsi idi!

Ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan Babək Əliyev də kənarda qalmamışdı. Dəfələrlə yüksək mükafatlara təqdim olunan cəngavər idmançımız Azərbaycan Respulikasının Prezidenti tərəfindən xüsusi mükafatla - evlə mükafatlandırılır. Bu evin sonrakı taleyi barədə yazının sonunda danışacağam.

2020-ci ilin 27 sentyabrı hamımız kimi, Babəkin də taleyinə öz möhtəşəm səhifələrini yazdı. Döyüş başlayan gündən könüllü cəbhəyə getmək istədiyini bildirsə də, "Dünya çempionlarını cəbhəyə aparmırıq", - cavabını almışdı. Lakin o mötəşəm döyüş günlərində bir kənarda qalmaq olardımı? Dərhal bir qrup yoldaşları ilə döyüş bölgəsinə getmək imkanı əldə edirlər.  Babək Əliyev dövlətin mükafat kimi verdiyi evini sataraq onun pulu ilə hər gün ön cəbəhədə olan əsgərlərimizə ərzaq, tibbi ləvazimat və başqa lazımi  yardımlar alıb aparır. Ön cəbhədə yaralıların döyüş meydanından çıxarılması, onların hərbi səhra hospitalına çatdırılmasında gecə-gündüz dayanmadan çalışır.  

- Həmin günlər həyatımın ən mötəşəm günləri idi, - deyən Babək Əliyev əlində silah 44 gün Murovda, Tərtərdə, Goranboyda, Gülüstan kəndində döyüşən əsgərlərlə birlikdə oldu. Qələbə xəbərini də elə Murovda olarkən almışdı. "Ən gözəl ölüm şəhidlikdir", - deyən Babək  milləti gözümüzdə, dünyanın nəzərində göylərə qaldıran Azərbaycan əsgərlərinin qəhrəmanlığına cəbhədə şəxsən şahid olmuşdur.

Ağbənd sərhəd zastavasının alınması xəbərini ölkə başçısına Babək Əliyevin böyük qardaşı Misir Əliyev məruzə etmişdi. "Azərbaycan Bayrağı" ordenli Misir Əliyev döyüşdən sonra ölkə başçısının sərəncamı ilə müxtəlif medallarla təltif olunmuşdur. O, hal-hazırda DSX-də məsul vəzifəni yerinə yetirir. Döyüş zamanı hər iki oğlunun cəbhədə olması xəbərini eşidən Siddiqə xanım övladlarından nə qədər nigaran olsa da, onlarla fəxr edir, belə övladlar böyütdüyü üçün qürur hissi keçirirdi.  "Anam heç birimizə bir kəlmə "Getmə!"-demədi ", - deyə Babək anasını fəxrlə xatırlayır. İndi beş qardaş Əliyevlər birlikdə dövlətin xidmətində çiyin-çiyinə dayanmışlar.

Hazırda "Sərhədçi" idman kompleksində onlarla tələbəsinə idman dərsi keçən Babək Əliyev onların da dünya, Avropa  çempionatlarında ölkəni uğurla təmsil etməsi üçün əlindən gələni əsirgəmir. Fəxrlə:

- Otuza qədər Avropa və dünya çempionu yetişdirmişəm. Onların dördü  ölkə Prezidentinin xüsusi mükafatına layiq görülüb, - deyir.
Bir neçə gün əvvəl - mayın 28-29-da  Azərbaycanda ölkə üzrə keçirilən 28-ci kunq-fu yarışlarını baş hakim kimi idarə edən Babəkə həmin yarışlardan sonra daha məsul vəzifə tapşırılmışdır: Azərbaycan Kunq-fu Federasiyasının birinci vitse-prezidenti vəzifəsi ona həvalə olunmuşdur. Bu yarışda da "Sərhədçi" idman kompleksinin idmançıları müəllimlərinin yolunu davam etdirmiş, birinci yerə çıxmışlar. İnanırıq ki, bundan sonra bu idman növü  ölkəmizdə daha da inkişaf edəcək, idmançılarımız dünya çempionatlarında daha böyük uğurlar qazanacaqlar.

Biz bir Azərbaycan oğlunun uzaq kənddən başlayan, yarış, çarpışma və gərgin məşqlərdə, döyüşlərdə keçən ömür yolunun bir hissəsinə qısaca nəzər saldıq. Onun gələcək planları çoxdur. Bu planların əsasını Vətənə xidmət, onun şərəfini ləyaqətlə yüksəklərə qaldırmaq,  doğma Azərbaycan üçün özü kimi bacarıqlı idmançılar, vətənpərvər, cəsur  oğullar yetirməkdir. Bu yolda Babək Əliyevə uğurlar, möhkəm cansağlığı arzulayırıq. 
 

 





06.06.2022    çap et  çap et