525.Az

Bakı salnaməsi


 

Bakı salnaməsi<b style="color:red"></b>

"Bakinski listok"dan səhifələr

1871-ci ilin mart ayında Bakıda rus dilində ilk dövri mətbuat orqanı "Bakinski listok" qəzeti nəşr olunmağa başladı. Qəzetin baş redaktoru Xristian Sink 1868-ci ildə çar II Aleksandrın fərmanı ilə Sankt-Peterburqdan Bakıya Bakı realnı gimnaziyasına alman dili müəllimi kimi işləməyə göndərilmişdi. Realnı gimnaziyada alman dilindən dərs deyən Xristian Sink həm də Bakıda rus dilində qəzet nəşr etdirirdi. Azərbaycan dilində çıxacaq "Əkinçi"miz hələ 4 ildən sonra işıq üzü görəcəkdi. "Kaspi" qəzetinin nəşrinə isə on il vardı. İki ildə 40 nömrəsi çıxmışdı. 150 il bundan əvvəl Bakımız necə idi? Uzaq Rusiyadan Azərbaycana alman dilindən dərs deməyə göndərilmiş alman mənşəli Xristian Sink Azərbaycanı, Bakını, burada yaşayan xalqları necə tanımışdı? Qəzet nəşr olunduğu müddətdə öz səhifələrində onlarla maraqlı yazılar, yol qeydləri çap etmişdi. Müxbirləri əyalətlərdən maraqlı yazılar göndərirdilər.

Zamanın köhnəltdiyi, saraltdığı bu qəzet səhifələrindən biz keçən illərimizin tarixini, salnaməsini olduğu kimi öyrənə bilirik, çox mətləblərdən agah oluruq. XIX əsrin 60-cı illərindən əcnəbilər bizi necə görürdülər? İşğalçı, fateh, qəsbkar dövlətin nümayəndəsi olduğunu etiraf edən qəzetin redaktoru Xristian Sinkin müəllif yazılarından öyrənməli çox məqamlar vardır. Maraqlıdır ki, Bakıda nəşr olunan bu qəzet Bakıdakı Erməni insansevərlər cəmiyyətinin Minasova məxsus mətbəəsində çap edilirdi.

Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti Lalə Hacıyeva "Bakinski Listok" qəzetinin Sankt-Peterburqdakı komplektini çox səliqə ilə kitablaşdırıb 2013-cü ildə oxucuların ixtiyarına vermişdir. Bu yazıda qəzetin redaktoru, həm də Bakı realnı gimnaziyasının müəllimi Xristian Sinkin "Bakı salnaməsi" adlı məqaləsini oxucuların diqqətinə çatdırmaqdan məqsədim bədnam, gəlmə qonşularımızın xislətinin 150 ildə də dəyişmədiyini bir daha yada salmaq, xatırlamaqdır.

Çox iti müşahidə qabiliyyətinə malik olan Xristian Sink Bakıda yaşadığı müddətdə burada yaşayan xalqların milli xüsusiyyətlərini çox dəqiq müəyyənləşdirə bilmişdi. Məqalədə alman mənşəli rus vətəndaşının xalqımıza rəğbəti özünü aydın göstərir. Sink ermənilərdən danışarkən, xüsusi vurğulayırdı ki, rusların məqsədi müsəlman ölkəsinin sivilizasiyasıdırsa, ermənilərin məqsədi "ölkənin istismarıdır". Qarabağımızın 30 illik işğalı dövründə erməni faşistlərinin Kəlbəcərdəki filiz yataqlarının amansızcasına istismarı, Zəngilandakı nadir, qədim çinar meşələrinin qırılması onların köhnə vərdişlərindən əl çəkmədiklərini əyani sübut edir.

Ülkər HÜSEYNOVA
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Bakının hərbi qubernatoru, zati-aliləri 1871-ci il fevralın 22-də miniklə quberniyanı gəzməyə çıxmışdır.

 

6 mart

 

3 il müddətində Bakı şəhəri, onun əhalisi, ümumiyyətlə, cəmiyyətimizin həyat şəraiti ilə tanışlıq bizdə əminlik yaratdı ki, biz çox sürətli inkişaf yolundayıq və yaxın gələcəkdə bizi və şəhərimizi həsəd aparılacaq tale gözləyir. Həqiqətən, elə bircə onun coğrafi mövqeyinə diqqət yetirin; Bakı nəhəng Xəzəryanı vilayətin təbii mərkəzi deyilmi? Xəzər dənizi öz sahillərinin heç bir yerində bizim buxtamız qədər əlverişli buxtaya malik deyil. Həştərxan artıq öz dövrünü başa vurub; o, öz vəzifəsini yerinə yetirib, bizə zəngin yeni bir ölkənin darvazalarını açıb və biz bu ölkənin bütün həyat qaynaqlarını bir mərkəzə cəmləşdirməyə diqqət yetirməliyik və bu mərkəz Bakıdır, hətta biz Bakının yerində Bakı kimi bir şəhərlə deyil, səhrayla da rastlaşsaydıq, yenə də Bakı yaranacaqdı. Bu, əlbəttə sözgəlişidir.

Əhalimizin tərkibi olduqca qarışıqdır və az qala otuza qədər müxtəlif xalqlardan ibarətdir, elə o qədər də dildə danışırlar, lakin əsas hissəsini üç xalq təşkil edir: ölkənin sahibləri - biz ruslar, yerli əhali - farslar (azərbaycanlılar nəzərdə tutulur - Ü.H.) və qonşu ölkələrdən gəlmələr - ermənilər. Ruslar istilaçı və ramedici kimi vilayətin hökmran əhalisidir. Bütün yatmış Şərq kimi bu ölkəyə həyat vermək, onu canlandırmaq onun əlindədir. Bu cəmiyyətin - rus cəmiyyətinin üzərinə yerli əhalini mədəniləşdirmək, onları oyatmaq, müasir insana layiq həyata qovuşdurmaq kimi böyük vəzifə düşür. Onlardan qul deyil, rus xalqının bərabərhüquqlu böyük ailə üzvünü yaratmaq bizim vicdanımızdan asılıdır. Belə böyük bir amalı yerinə yetirmək üçün cəmiyyət ikiqat qüvvəyə malik olmalıdır: əvvəla özü lazımi qədər inkişaf etmiş olmalı, ikincisi isə hökumət tərəfindən rəğbətlə yanaşılmalı və dəstəklənməlidir. Biz ruslar buraya Rusiyanın müxtəlif ucqar yerlərindən - Peterburq, Moskva, Xarkov və s. gəlmişik. Rusiyanın keçmiş sakinləri bir səma altında Xəzər sahilləri boyunca, ən çox isə mərkəz Bakı şəhərində daha sıx məskunlaşmışıq.

Görəsən, taleyin qədəri ilə, təsadüflər nəticəsində uzaq, yarım vəhşi bir ölkəyə atılmış bu qədər müxtəlif təbiətli, çox zaman bir-birinə əks təbiətli insanlardan ibarət olan cəmiyyətdən həmrəylik gözləmək olarmı? Lakin bu, ilk baxışda belə görünə bilər. Əgər biz fiziki, kimyəvi, psixoloji qanunları - yəni elementlər nə qədər müxtəlif olsa, onların daha sürətlə və sıx birləşdiyini, onların birləşməsindən daha möhkəm növün yarandığını xatırlasaq, müxtəlif temperamentlərin daha tez dostlaşdığını, əgər xatırlasaq ki, ümumi toplumdan ayrı düşmüş kolonistlər, adalara sürgün olunmuş insanlar, dənizin ortasındakı gəminin sərnişinləri; nəhayət, dövlətin qayğısı ilə bura gəlmiş, yaxud çağırılmış bizlər bir işə, bir məqsədə, ölkənin sivilizasiyasına xidmət etməliyik.

Lakin əhalimizin digər hissəsi - qonşu ölkələrdən gəlmiş ermənilər tamam başqa məqsəd güdürlər. Onlar təhsil baxımından ölkədəki əhalinin içərisində ikinci yerdədirlər, dinləri isə bizim kimi xristiandır. Buna baxmayaraq, biz onlarda bir qapanma, nə biz ruslarla, nə müsəlman əhalisi ilə yaxınlaşmaq meylini görmürük, onlar özlərinin ayrıca erməni cəmiyyətini yaradırlar. Lakin bir cəhəti qeyd etməyə borcluyuq ki, rus təhsil müəssisələrində az və ya çox oxumuş erməniləri bura daxil etmirik: onlar biz ruslar - ruslaşmış almanlar, finlər, isveçlilər və s. bütünlüklə rus maraqlarına xidmət edənlərdir. Ermənilər arasında ticarət işlərində çox istedadlı, zəhmətkeş insanlar vardır. Əgər ticarətə praktiki nəzərdən baxsaq, onlar ölkəyə xeyli xeyir gətirirlər, lakin bu, dolayısı yolla baş verir, bu, sanki onların tərəfindən heç arzu olunmadan baş verir. Belə ki, əgər rusların məqsədi ölkənin sivilizasiyasıdırsa, ermənilərin məqsədi ölkənin istismarıdır. Biz ölkənin yerli ticarətindən ayrıca bəhs etmək fikrində olduğumuzdan, bu məsələyə indi toxunmayacağıq, ancaq biz erməni cəmiyyətindən nəyi arzuladığımızı demək istəyirik. Düzünü desək, biz arzulayardıq ki, bu ayrı-seçkilik heç olmasın, ayrı bir cəmiyyət olmasın, ümumi vahid rus cəmiyyəti, müxtəlif xalqlardan, onların övladlarından ibarət vahid bir vətənin mükəmməl bir maşının mexanizmini təşkil edən, ümumi rus cəmiyyətini arzulayardıq. Biz ermənilərin bizə inanmağını arzulayırıq, nəhayət yalnız erməni, lap vicdanlı erməni olmaqdan əl çəkmək lazımdır; həyat çərçivəsi, hətta rus olmaqdan da daha genişdir, mütləq mənada insan olmaq lazımdır. Bilirik ki, sizi ruslaşmaq fikri qorxudur, bu da təbiidir. İnsan adətlərin övladıdır, nə qədər az inkişaf etmişdirsə, öz milliliyindən ayrılmaq çətindir. Lakin biz sizə nə özümüzün borşunu, kvasını, trepakını (rus xalq rəqsi - Ü.H.), qırmızı köynəyini sırımaq fikrində deyilik; biz Sizə ümumbəşəri müqəddəs dəyərlərdən bəhs edirik. Bunları sadalamırıq. Əgər siz onlar haqqında eşitməmişsinizsə, onda uşaqlarınızı öyrənmək üçün bizim məktəblərə göndərin. Öz qapalılığınızdan əl çəkin. Axı, hətta çinlilər sədlərini yarıb öz limanlarını üzümüzə açırlar, amma siz öz arvadlarınızı rus nəzərlərindən qısqanclıqla qoruyur, rus qızı ilə evlənməyə, yaxud qızınızı rusa verməyə ölümə betər günah kimi baxırsınız. Nəhayət, yalnız pulu, varlı adamı deyil, sadəcə insana hörmət etməyi bacarın. Onda sizin də həyatınız daha dolğun, daha zəngin olacaq, onda biz də sizə rəğbət, simpatiya bəsləyəcəyik və Sizi doğma adlandırıb, öz qardaşlarımızın sırasında görəcəyik.

Əhalimizin ən çox saylı hissəsini köklü yerlilər, farslar, yaxud da bizim onları səhvən tatar adlandırdığımız əhali təşkil edir. Onlar islam dininə qulluq edirlər, çox az inkişaf etmişlər, heç cəmiyyətləri də yoxdur, lakin aralarında xeyli savadlı adamlar vardır; maddi cəhətdən onlar ölkənin digər əhalisindən çox kasıbdırlar, ona görə də daha az müstəqildirlər. Fars hələ ki, təbiətin körpə övladıdır, ləngdir, qayğısızdır, sanki ətrafında baş verən hər şeyə biganədir, çoxbilmişdir, fəndgirdir, yeri gələndə sizi aldatmağı, kəf gəlməyi xoşlayır. Lakin bütün bu çatışmazlıqlarına baxmayaraq, onlar öz şəxsiyyətləri ilə adamda mənfi ovqat yaratmır. Əksinə, özlərinə qarşı simpatiya və hüsn-təvəccöh yaradır; fikirləşirsən ki, bu nədən və niyə belədir. Çünki onun təbiətində eqoizm və kin azdır; çünki o, təbiətən namuslu və xeyirxahdır. Onun ticarətinə diqqət yetirin, o, lap cüzi gəlirə qane olur, kapitala da cüzi faiz qoyut. Evinə qonaq gedin, öz qonaqpərvərliyi ilə o, sizə şərqli olduğunu xatırladacaq. Onunla tanış olun, dostluq edin, sizə bəxşeyişlər verəcək. O, sizi heç vaxt mənfəət məqsədilə aldatmayacaq, əgər belə bir iş görsə də, sadəcə sənətə məhəbbətindən edəcək: Təbiətən çoxbilmiş və fəndgir olsa da, həmişə verdiyi sözə etibarlıdır. Bax, ona görə biz müsəlman əhalimizin tərəfinə meyilliyik; bax, ona görə biz onun inkişaf yolunda hər addımının uğuruna sevinirik; Övladlarının təhsilini bizim məktəblərə etibar etdiyinə görə sevinirik; rus xidmətində olduğuna sevinirik, rus cəmiyyətində, rus arasında rast gəldiyimizə sevinirik; tatar dilində ilk qəzet çıxartmaq cəhdlərimizə xoş məramla yanaşdıqlarına sevinirik; elanımız onların tərəfindən hüsn-rəğbətlə qarşılandı; abunəçilərin sayı gözlədiyimizdən də çox oldu, abunə hətta ucqar tatar kəndlərinə də yayıldı və biz öz kiçik qardaşlarımızın xeyri və faydasına fəaliyyət göstərəcəyimizə tam ümidvarıq.

Xristian SİNK
"Bakinski listok" qəzeti,
6 mart 1871-ci il

 

 





06.06.2022    çap et  çap et