525.Az

Blogerlik: "ideal kimi bölüşülən" həyat tərzi


 

Blogerlik: "ideal kimi bölüşülən" həyat tərzi<b style="color:red"></b>

Müharibə hər neçə şaxəli olursa olsun, əminəm ki, heç də təkşaxəli deyil. Bu barədə heç nə vahid xətt üzrə getmir və kənar amillərin təsiri mütləq özünü göstərir - həm gedişatda, həm də başa çatdıqdan sonra.

İkinci Qarabağ müharibəsi zamanı ön cəbhədə vuruşan igidlərimizlə birlikdə, sözün əsl mənasında, bizlər də orta cəbhədə (gördüyümüz işə arxa cəbhə məsuliyyətini yükləyə bilmirəm) vuruşurduq. Buna informasiya müharibəsi deyilir və kimin tələb etməsindən asılı olmayaraq, bu, bizdən tələb olunurdu. Fərqi yoxdur, bəlkə də bunu elə özümüz özümüzdən tələb edirdik.

Hətta radioda da tez-tez eşidirəm ki, biz o torpaqlara mütləq gedəcəyik, amma həmin torpaqlar hələ minalardan tamamilə təmizlənməlidir. Buna rəğmən, çox sürətli şəkildə bu proses baş verir və insanlar hissə-hissə həmin doğma torpaqlara axın edirlər.

Onlar müxtəlif layihələrdə müəyyən çərçivələrə görə seçilib aparılır. Məsələn, tanınmamış populyar bloger-influenserlərin səyahətləri kimi.

Bunu deməklə, qətiyyən bir qrup insan kimi "filankəs Qarabağa getməyə layiq deyildi" söhbətini açmıram. "Layiq olmamaq" deyə bir şey yoxdur, hər bir azərbaycanlı eyni səviyyədə layiqdir ki, o torpaqları gedib görsün.

Rəşad Məcid bir neçə gün əvvəl feysbuk hesabında yazıb:

"Xəbəri eşidəndə, sözün açığı, əvvəlcə mən də təəccübləndim və hətta belə bir münasibət də bildirdim:

"Səhərdən axşama telefon əlimizdən düşmür, baxmadığımız profil, göz atmadığımız sayt yoxdur. Hər dəfə də bir fərqli xəbər, bir istedadlı cümlə sorağında. Yaxşı, bəs onda bu bloger-influenserlərdən bizim niyə xəbərimiz yoxdur, onları biz niyə tanımırıq?

Belə çıxır ki, Novruzəliyik?"

Amma sonradan instaqramda Kəlbəcərə gedən bu bloger-influenser xanımların şəkillərini və paylaşımlarını görəndə fikrim dəyişdi: bu ideyanı bəyəndim və haqq qazandırdım.

Bu bloger-influenser xanımların geniş və fərqli izləyici auditoriyası var. Onların Kəlbəcərlə bağlı xəbərləri öz izləyicilərinə çatdırması, möcüzəli məkandan cazibədar şəkillərinin yayılması, məncə, uğurlu təbliğatdır və çox güman ki, diqqəti cəlb edəcək.

İndi içi özüm qarışıq ilkin qınaqların yersiz və tələskənlik olduğu qənaətindəyəm".

Nəzərə almaq lazımdı ki, onların bir çox xarici ölkələrdən də yüz minlərlə izləyicisi var və işğaldan azad olunmuş torpaqlar belə bir "müharibəylə" sosial şəbəkələrdə ön plana çıxır. Amma ağlımı qarışdıran bəzi suallardan da qaça bilmirəm: bəs bu cür şəkillərdə ən ön planda olan tərəf hansıdır, blogerlərin olduğu məkan, yoxsa özləri?

Blogerlərdən birinin səyahətlə bağlı belə bir paylaşımı da var: "Bir gün desələrdi ki, Kəlbəcərə gedib "vloq" çəkəcəksən, bəlkə də inanmazdım. Amma bu gün real idi".

Bilirsiniz, həmin bloger, əslində, burada izləyicilərinin şüuraltına yeridir ki, əziz izləyicilərim, mən bura sizə görə gəlmişəm. "İşim" mənim hər şeyimdir, məni ayaqda tutan sizlərsiniz. Həmişə arzum olub ki, torpaqlarımız azad olunsun və mən bura gəlib məhz "vloq" çəkim.

Nəzərə almaq lazımdır ki, 600 min izləyicisi olan bir blogerin Kəlbəcərdəki şəklinə 40 min "layk" gəlirsə, bu o demək deyil ki, 560 min izləyici bu halı bəyənmir və ya sadəcə paxıllıqlarından "layk" etmir. Ola bilər ki, bot izləyicilərdir, ola bilər ki, həmin şəkil izləyicilərinin sadəcə 5 faizinin qarşısına çıxıb, amma qətiyyən ola bilməz ki, 560 min nəfər həmin şəkli bəyənmədiyi üçün "layk" qoymamış olsun. Hə, əgər "dislayk" düyməsi olsaydı, bax, bu, başqa məsələ...

 





06.06.2022    çap et  çap et