Rusiya KİV-lərində zaman-zaman Azərbaycanla bağlı qərəzli, təxribat xarakterli yazılara yer verilib. Bu cür yazılar həm də dövlət mətbuatında dərc edilib. Ötən həftə öz dəsti-xəttinə "sadiq qalan" "RİA Novosti" agentliyi Qarabağdakı qanunsuz qurumun qondarma nümayəndəsi kimi təqdim etdiyi Artak Beqlaryanla müsahibə yayıb. Rusiyanın tamamilə dövlətə məxsus xəbər agentliyində separatçını "DQR" adlı "dövlət"in naziri kimi təqdim etməsində məqsəd nədir?
Nəinki "DQR", hətta Azərbaycanın inzibati bölgüsündə "Dağlıq Qarabağ" adlı ərazi vahidinin belə artıq mövcud olmadığı hər kəsə məlumdur. Kremldə də bunu çox yaxşı bilirlər. Eyni zamanda hazırda Azərbaycanla Rusiya arasında hər hansı problem yaşanmır. Belə olan halda "RİA Novosti" təxribat xarakterli müsahibəyə yer verməklə qonşuluq prinsiplərini pozur, həmçinin, Bakı ilə Moskva arasında müttəfiqlik münasibətlərinə xələl gətirir. Yeri gəlmişkən, Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti - "Roskomnadzor" Ukraynaya görə bu günə kimi Azərbaycanın bir çox aparıcı KİV-lərinin Rusiyada yayımını bloklayıb. "RİA Novosti" təxribatına, dövlətlərarası münasibətlərə zərər vuran addımına isə göz yumulur.
Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb.
"Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur.
Dövlət agentliyinin bu addımı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin "BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək", habelə "separatçılıq təhdidlərinə qarşı mübarizə" müddəaları ilə ziddiyyət təşkil edir. RİA Novosti agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin, Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır", - XİN-in
Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın açıqlamasında vurğulanır.
Qeyd edək ki, Azərbaycanda "RİA Novosti" agentliyinin internet informasiya resursuna giriş ötən həftənin sonlarından məhdudlaşdırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında qeyd olunub ki, Azərbaycan Respublikasında yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Həmin Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı hallarda internet informasiya resursuna və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılır.
Mövzunu "525"ə şərh edən politoloq Elçin Mirzəbəyli deyib ki, Rusiyanın "RİA Novosti" agentliyinin mütəmadi olaraq Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yaymasında təəccüblü heç nə yoxdur. Çünki bu agentliyin baş redaktoru Marqarita Simonyandır. Bütövlükdə Rusiya mediasını başına götürmüş erməni "jurnalistləri" kimi Simonyanın da əsas məqsədi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməkdən və təbii ki, Ermənistanın, ermənilərin qarşısında duran çirkin əməllərə, niyyətlərə çatmaqdan ibarətdir.
"Ümumiyyətlə "RİA Novosti"nin təsisçisinin Rusiya hökuməti olmasına baxmayaraq mahiyyət etibarilə faktiki olaraq bu təsisat tamamilə ermənilərin və Marqarita Simonyanın nəzarətindədir. Məhz onun həyata keçirdiyi informasiya siyasəti "RİA Novosti"nin vaxtilə dünyada olan nüfuzunu tamamilə alt-üst edib. Faktiki olaraq bu agentliyi bütün dünyada gözdən düşmüş, yalnız yalan və böhtan xarakterli məlumatlar yayan, feyk tirajlamağı özünə sığışdıran ucuz təbliğat resursuna çevirib. Bu aspektdən də "RİA Novosti" haqqında ümumiyyətlə media təsisatı kimi danışmaq düşünürəm ki, yolverilməzdir, çünki fəaliyyətində hər hansı bir formada obyektiv bir informasiya siyasətindən söhbət gedə bilməz", -Mirzəbəyli əlavə edib.
PƏRVANƏ
çap et