525.Az

Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən Gəncə hadisələri niyə baş verdi?


 

DEPUTAT ELMAN NƏSİROV ƏSAS SƏBƏBLƏRDƏN DANIŞIB 

Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən Gəncə hadisələri niyə baş verdi?<b style="color:red"></b>

1993-cü il 4 iyun Gəncə hadisələrindən bizi artıq 29 il ayırır. Amma hələ də yenicə müstəqilik əldə etmiş Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoyan, onu faktiki olaraq məhvə aparan 4 iyun hadisələrinin səbəbləri müzakirə olunur.

1993-cü ilin yayında ölkədə vəziyyət son dərəcə ağır idi, AXC-Müsavat iqtidarı hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirmişdi, artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.

Hələ 1993-cü ilin fevralında o vaxtkı prezident Əbülfəz Elçibəy keçmiş korpus komandiri Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissənin ləğv edilməsi haqqında sərəncam imzaladı. Surət Hüseynov bu sərəncamı icra etmədi. Prezidentin 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni sərəncamı da kağız üzərində qaldı. Üstəlik, Gəncəyə gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər. Bundan sonra hakimiyyət 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı növbəti səhv qərar qəbul etdi və bununla da ölkədə qardaş qırğınına əsas yaratdı. İyunun 4-də Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi, nəticədə 35 nəfər həlak oldu.

"Gəncə hadisələri" Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına gətirildi, S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirdi və Bakıya doğru hərəkət etməyə başladılar.

Vətənin bu ağır günündə xalqın tələbi ilə Bakıya qayıdan Ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, Ümummilli liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas olundu.

Millət vəkili Elman Nəsirov "525"ə bildirib ki, 4 iyun hadisələrinin baş verməsinin səbəblərini araşdırarkən birinci qənaət budur ki, o zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyü antimilli siyasət həyata keçirirdi, bu siyasət nəticəsində isə torpaqlarımızın işğalı prosesi sürətlənmişdi, ölkədə hərc-mərclik hökm sürürdü, cənubda qondarma "Talış-Muğan respublikası" elan edilmişdi, faktiki olaraq ölkənin cənubu nəzarətdən çıxmışdı. Şimalda isə "Sadval" deyilən separatçı hərəkat formalaşmışdı və ölkənin şimalını Azərbaycandan qoparmaq niyyətini ortaya qoymuşdu.

"Ermənistanın işğalçılıq siyasəti, cənubda və şimalda baş verənlər paralel şəkildə də Gəncədə faktiki olaraq vətəndaş müharibəsi baş verirdi. O zaman Surət Hüseynova tabe olan hərbi hissələr döyüş meydanından çıxarılırdı. Ona məxsus silahlı qüvvələrlə hakimiyyətin silahlı qüvvvələri arasında real müharibə təhlükəsi mövcud idi. Belə olan vəziyyətdə yeganə nicat yolumuz, dövlətçiliyimizin xilası yalnız bir şəxsin - Heydər Əliyevin adı ilə bağlı idi. Yalnız onun gəlişi, hakimiyyətə qayıdışı xalqımızı bu bəladan, fəlakətdən hifz edə bilərdi. S.Hüseynov özünə tabe olan hərbi hissələri Gəncədən Bakı istiqamətində yeritməkdə idi. Yeri gəlmişkən, rayonları demək olar ki, müqavimətsiz alırdı, bu, o demək deyildi ki, həmin rayonlarda xalq Hüseynova rəğbət bəsləyirdi, qətiyyən. Məsələnin kökündə dayanan əsas amil o idi ki, xalq bir illik AXC-Müsavat hakimiyyətindən o dərəcədə bezmişdi ki, bu müqavimət yox idi. Xalqın bir ümid yeri var idi - Ulu öndər Heydər Əliyev. O dövrdə məhz Heydər Əliyevin Naxçıvanda hakimiyyətə gəlişi buranın işğalının qarşısını aldı. Naxçıvanı işğal etmək digər rayonlarımızı işğal etməkdən qat-qat asan idi, çünki təcrid olunmuş, blokada şəraitində idi. Təkcə Heydər Əliyev fenomeni bu işğalın qarşısı aldı".

E.Nəsirov deyib ki, xalq ağır gündə yenə də üzünü Heydər Əliyevə tutdu, onu hakimiyyətə dəvət etdi: "Görəndə ki, xalq təkid edir, səhhətinə baxmayaraq Heydər Əliyev xalqın çağırışına səs verdi. O vaxtkı AXC-Müsavat iqtidarı da Heydər Əliyevin hakimiyyətə gəlməsində son dərəcə maraqlı idi. Çünki Ulu öndərin gəlişi təkcə Azərbaycan dövlətini və xalqını xilas etmirdi, eyni zamanda bu şəxslərin fiziki baxımdan məhvinin qarşısını alırdı. Surət Hüseynov Bakıya gələndə elan etmişdi ki, hakimiyyətdə olan şəxslərin hər birini Azadlıq meydanında boynundan asacaq. Ulu öndərin 1993-cü ildə Bakıya gəlişi Ali Sovetin sədri seçilməsi, sonra xalqın mütləq əksəriyyətinin  etimadını qazanaraq prezident seçilməsi sözün həqiqi mənasında Azərbaycanın xilası oldu. Həmin vaxtdan başlayaraq Azərbaycan əsl, real müstəqilliyini əldə etdi. İlk növbədə atəşkəs əldə olundu, bunun üçün uğurlu Horadiz əməliyyatı həyata keçirildi və 22 kənd işğaldan azad edildi. Sonra tarixi əhəmiyyətli "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycanın inkişafının əsası qoyuldu. Bu gün də biz onun bəhrəsini görürük. Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm bir oyunçudur".

Deputat əlavə edib ki, Ulu öndərin siyasi varisi Prezident İlham Əliyev bu gün Azərbaycanı inkişaf etmiş dövlətlər cərgəsinə qatmağı strateji hədəf seçib: "Prezident Ulu öndərin ən böyük arzusunu həyata keçirib - torpaqlarımız işğaldan azad edilib. Qarabağın tacı olan Şuşa azadlığına qovuşub. Bu gün Ulu öndərin ruhu şaddır, çünki onun ən böyük arzusu torpaqlarımızı azad görmək idi".

PƏRVANƏ

 





07.06.2022    çap et  çap et