525.Az

Gün var şeirə bərabər... - Nadir Yalçın yazır


 

ŞAİRLƏR GÜNÜNDƏN QEYDLƏR

Gün var şeirə bərabər... -<b style="color:red"> Nadir Yalçın yazır</b>

Ömür bənzəyənlərlə bənzədilənlər arasında körpü qurmaqla keçir. Fikrimizin qayəsi iki nəsnənin müxtəlif müstəvilərdə müqayisəsi ilə aydınlanır. İnsan yaşadıqca bütün var olanları sözə çevirərək qocaman dünyanı bir əlcə ürəyinə sığdırır. Sözün qüdrəti bütün möhtəşəmlərdən daha möhtəşəmdir. Əslində, bütün texniki tərəqqinin ideya müəllifi sözdür. Elm mürəkkəbləri sadələşdirməklə, böyük texnikaları kiçiltməklə məşğuldur, ucsuz-bucaqsız ənginliyi üç-beş kəlmə ilə əqlimizə həkk etdiyimiz kimi.

Əgər sözün nazlı libas geyinmiş birləşməsini - şeiri bənzəyən və bənzədilən nəsnələr sırasında görmək istəsəm, ona belə tərif verə bilərəm: şeir sübh çağı sədası qəlbə doğan ən şirin zümzümədir. Elə bir zümzümə ki, ahəngində məst olmağa aludəlik böyük eşqdir!

Ədəbi taleyimizdə imzası ilə, yazıb-yaratdıqları ilə öyündüyümüz qələm sahiblərini xatırlamaq həm də özümüzü, sözümüzü xatırlamaqdır. Söz böyük qüdrətdirsə, qüdrət sahiblərini yada salmaq - 5 iyun dünyaya gələn Mikayıl Müşfiqi, Vaqif Səmədoğlunu yad etmək səadətdir...

Hələ Vaqif Səmədoğlu sağ ikən şair Xəyal Rza Mikayl Müşfiqin dünyaya gəldiyi günü Şairlər günü kimi elan etdi və hər il bu ənənə davam etdirildi. Maraqlıdır ki, bu təşəbbüs kütləviləşdi. 5 iyun tarixində hamı bayramlaşır, bir-birinə təbrik ünvanlayır, tanıdıqlarımız, tanımadıqlarımız qələm dostlarını təbrik edirlər. 7 ildir ki, Vaqif Səmədoğlu həyatda yoxdur. Müşfiqlə bərabər onun da əziz ruhunu ehtiramla yad etmək elə poeziyanın dünənini yad etməkdir.

Səhər mehinin xoşhallandıran vədəsində bir telefon zəngi o meh qədər ülvi, həmin an tamaşa etdiyim səma qədər aydın idi. Xəyal Rza saat 5-də Dəniz vağzalında olmağımı tapşıranda, şəksiz, bildim ki, şairlər günü ilə əlaqədar bir dəvətdir:

- Gələndə qərənfil alarsan.

- Niyə?

- Gəmi ilə dənizə çıxacağıq və sulara qərənfil səpib Müşfiqi yad edəcəyik.

Tutuldum, qəhər boğazımı düyünlədi. İçimdə yaranan kədərli sükut ilin-günün bu vaxtında nakam şairimizin taleyinə ağı əvəzi idi.

Şairlər Elçin Mirzəbəyli, Aqşin Evrən, Xəzər Süleymanlı, Ramil Əhməd, musiqiçi Elxan Çələbi, anı əbədiləşdirən fotoqraf Səfiyar Məcnun və nəhayət, bu təşəbbüsün müəllifi, şair Xəyal Rza ilə birlikdə göy suların qoynuna atıldıq.

Elxan Çələbi Mikayıl Müşfiqin və Vaqif Səmədoğlunun sözlərinə yazılmış mahnıları ifa etdikcə gəmi ləngərlənir, sözlə musiqinin ecazlı vəhdəti bizi xəyaldan xəyala aparırdı.

Xəzər Süleymanlının qiraətində şairlərimizin şeirlərini bir daha xatırladıq, ruhlarına rəhmət oxuduq. Həmiş şeirlərin fonunda ürəyimizi didən məqamları xatırladıq, sevgimizi, həyatımızı, yaşadıqlarımızı yada saldıq.

Elxan Çələbi gitarada simlər üstə gəzişdikcə öz şeirlərimizdən səsləndirdik. Şeirlərimizlə Müşfiqin rəmzi hüzurunda ondan biri olduğumuzu, onun ürəyini döyündürən nəsnələrin bizi də həyəcanlandırdığını deməyə çalışdıq. Müşfiq yaşdadı Ramil Əhməd də, Aqşin Evrən də... Neçə-neçə Müşfiqlər yetişib, yetişəcəklər...

Müşfiq Xəzər boyda məhəbbət qazanıb. Müşfiq Xəzər qədər coşqun olub. Müşfiqin əbədi məkanı bu dəniz və ürəyimizdir. Qərənfilləri sulara səpələdikcə, həqiqətən, onun məzarı önündə olduğumuzu hiss etdik. Bu kədərin adını, çalarını müəyyənləşdirmək çətindir. Müşfiq boyda kədər... Nəbi Xəzri demiş, nə qədər dəniz var o bizimlədir...

Yığışmaq səbəbimiz və ümumən, yaranmış ab-hava ruhumuzu təzələdi. Xəyal Rza bu təşəbbüslə təkcə ustadlar qarşısındakı mənəvi borcunu ödəmədi, həm də günümüzün poeziyasına hörmət əlaməti olaraq bizi ora topladı. Bir saat dünyanın dərd-sərindən uzaq olduq, mənəvi istirahət elədik. Şairlər gününün keçirilməsi və bunun ənənə halını almasına görə hamılıqla Xəyal Rzaya minnətdarıq.

Şeir kimi günlərin sayı artdıqca dünya paklaşacaq...

 





07.06.2022    çap et  çap et