525.Az

"Azərbaycançılıq hər birimiz üçün düşüncə və həyat tərzidir"


 

"BU İDEOLOGİYA HƏR BİR VƏTƏNDAŞIN ÖZ DÖVLƏTİ İLƏ DAHA SIX BAĞLILIĞINA ZƏMİN YARADIR"

"Azərbaycançılıq hər birimiz üçün düşüncə və həyat tərzidir"<b style="color:red"></b>

Milli ideologiyamız olan azərbaycançılıq ideologiyası ölkədə, kimliyindən asılı olmayaraq, bütün vətəndaşları bir araya gətirir və birləşdirir. Sağlam təməllərə söykənərək, birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ifadə edir.

Ona görə də azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu ideologiya siyasi və dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, güclü olmasına xidmət edir. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir.

Millət vəkili Hikmət Babaoğlu deyir ki, azərbaycançılıq ideologiyası böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda Azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir hadisədir: "Azərbaycançılıq ideologiyası ilə bağlı Ulu öndər bir neçə dəfə danışıb və onu izah edərkən çox mühüm məsələlərə toxunub. Əgər biz bunu konkret olaraq siyasi, elmi nöqteyi-nəzərdən formalaşdırmağa çalışsaq, deyə bilərik ki, azərbaycançılıq ideologiyası Azərbaycanın milli neokonservatizmidir. Neokonservatizm - konservatizm və liberalizmin birləşməsidir. Yəni, mühafizəkarlıq üstəgəl müasirlik və liberallıq azərbaycançılıq ideologiyasına bərabərdir. Ona görə də bütün bunlar cəmiyyətimizin çox rəngli etno və sosial palitrası tərəfindən qəbul olunur. Azərbaycanda yaşayan hər bir azərbaycanlı özünü xalqımızın bu vaxta qədər yaratdığı milli-mənəvi dəyərlər sisteminin varisi hesab etməklə həm də onu zənginləşdirmək üçün fəaliyyət göstərir". Azərbaycançılıq ideologiyasının təbliğinin aparılma formalarından danışan Hikmət Babaoğlu bildirib ki, əslində ölkəmizdə mövcud olan multikultural və tolerant mühit bu təbliğatı asanlaşdırır və bu təbliğatın ümummilli konteksdə realizə olunmasını şərtləndirir: "Azərbaycançılıq ideologiyası bizim ümumi sosial identifikasiyamız və ortaq dəyərlərimizi müəyyənləşdirir. Bu da çox vacib məsələdir. Amma hazırda hər bir cəmiyyətin milli ideoloji sisteminə xaricdən müəyyən impulslar ötürülməkdədir, postmodern cəmiyyətlərdə olan informasiya mühiti, informasiyanın yayılması və mübadiləsi prosesində meydana çıxan yeni seqmentlər, sosial şəbəkələr, internet resursları və digər vasitələr ümummilli identliyə, ümummilli bənzərliyə, ümummilli dəyərlərə müəyyən mənfi impulslar ötürə bilir. Burda azərbaycançılığın təbliğ olunması, azərbaycançılıq ideologiyasının milli fəaliyyətimizin və yaxud ümumi ictimai fəaliyyətimizin leytmotivinə çevrilməsi zəruri hal alır. Çünki informasiya cəmiyyəti sadəcə informasiya mübadiləsi və informasiyanın sürətlə əldə edilməsi hadisəsi deyil, həm də cəmiyyət üzvlərinin düşüncələrinə təsir edən, onun keyfiyyətini təyin edən bir hadisədir".

Millət vəkilinin fikrincə, azərbaycançılığın təbliğ olunması ilk növbədə, dövlətin kiçik modeli olan ailə institutundan başlamalıdır:  "Azərbaycançılıq artıq hər birimizin mənimsədiyi düşüncə və həyat tərzidir, ancaq bunun üzərində daim dayanmalı və bizi birləşdirən bu dəyərin daha geniş təbliğ olunması istiqamətində addımlar atmalıyıq. Məktəb mühitində, sosial mühitdə, radio və televiziyalarda, internet resurslarında daima yuxarıda qeyd etdiyimiz prinsiplərə, dünyada maraqlarımıza, inkişafımıza cavab verən nə varsa, onu mənimsəməklə və onların cəmiyyətimizin bu vaxta qədər əldə etdiyi dəyərlə uzlaşdırılmasını təmin etməklə xalqımızın inkişafına doğru addım atmaq vəzifəsi hər bir azərbaycanlının qarşısında durmalı və bu istiqamətdə də daima aralıqsız və sistemli şəkildə təbliğat aparılmalıdır".

Millət vəkili Ceyhun Məmmədovun sözlərinə əsasən, Azərbaycan cəmiyyətinin inkişafının təməlini azərbaycançılıq məfkurəsi təşkil edir. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirir və azərbaycanlı anlayışının mahiyyətini müəyyən edir. Onun fikrincə, müasir dünyada sivilizasiyalararası münaqişə və müharibələr fonunda azərbaycançılıq ideologiyasının alternativi yoxdur. Azərbaycançılıq cəmiyyətin ali inkişaf mərhələsinə qədəm qoyması, dövlət müstəqilliyinin qorunması və milli təhlükəsizliyin təmin olunması baxımından ən uyğun ideologiyadır: "Azərbaycançılıq dövlət müstəqilliyini və milli təhlükəsizliyin qorunmasını strateji məqsəd kimi müəyyən edən Azərbaycan xalqının vahid ideologiyasıdır. Azərbaycan xalqı həmin ideologiya ətrafında sıx birləşib və tarixin bütün dövrlərində milli və mənəvi dəyərlərini qoruyub saxlaya bilib. Azərbaycançılıq ideologiyası dövlətimiz əleyhinə yönəlmiş anti-milli qüvvələrlə mübarizədə ən güclü silahımızdır. Ölkədə azərbaycançılıq məfkurəsinin təbliğində Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın rolu əvəzsizdir. Azərbaycançılıq dövlətin milli ideologiyasıdır. Milli ideologiyamız ölkədə hüquqi və sosial dövlət quruculuğunun inkişafına xidmət edir. Bu xidmətdə biz də vətəndaş borcumuzu yerinə yetirməliyik. Burada Ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında səsləndirdiyi fikirlərə diqqət çəkmək yerinə düşər. Ulu öndər qeyd etmişdi ki, hər bir azərbaycanlı azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır".

Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycançılıq ideologiyası dedikdə ölkə daxilində, eləcə də xaricdə yaşayan müxtəlif xalqların, millətlərin və dinlərin nümayəndələrinin bir çətir altında, vahid təfəkkür və vahid ideologiya ətrafında toplaşması başa düşülür: "Diqqət etsək, görərik ki, ölkədə xeyli sayda millətlərin nümayəndələri, fərqli dinlərə mənsub insanlar azərbaycançılıq ideologiyası ətrafında birləşiblər. Həmrəylik azərbaycançılıq təfəkkürünün formalaşması üçün vacib faktordur. Burada Azərbaycanda yaşayan xalqların adət-ənənəsi, dili, dini və mənəvi dəyərlərinin qorunması nəzərdə tutulur. Ölkədə həmin ideologiyanın qorunması və təbliği uğurla icra edilir. Əlbəttə ki, dövlət də azərbaycançılıq ideyasının geniş təbliğində maraqlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını dövlətçiliyimizin ideoloji əsası hesab edir. Prezident qeyd edib ki, "bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır".

Millət vəkilinin dediyinə görə, Azərbaycançılıq ideologiyası dövlətçilik təfəkkürünə əsaslanır. Həmin ideologiyanın əsasını Azərbaycan xalqının mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələri təşkil edir. Azərbaycançılıq ideologiyası Azərbaycan dövlətinin müstəqilliyini arzulayan, onun inkişafı naminə daim həmrəylik nümayiş etdirən bütün insanları - etnik mənsubiyyətindən, dinindən və dilindən asılı olmayaraq ölkədə və xaricdə yaşayan bütün vətəndaşları, soydaşları, eləcə də digərlərini birləşdirir. Bu, birmənalı olaraq, belədir. Sözsüz ki, hər bir ideologiya əsas elementlərə və struktura malikdir. Həmin elementlərdən biri də, əlbəttə ki, vətəndaşlıqdır. Azərbaycan vətəndaşının mühüm vəzifələrindən biri də dövlətçiliyə sadiq qalmaq və vətənpərvərlik ruhunda inkişaf etməkdir. Azərbaycançılıq ideologiyasına əsasən, vətənpərvərlik hissi vətəndaşın öz dövləti ilə daha sıx bağlılığına zəmin yaradır: "Bu ideologiyanın ölkədə təbliği yüksək səviyyədə həyata keçirilir. Azərbaycançılığın dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Həmin ideologiya Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilib. Heydər Əliyev irsinə dərin ehtiram nümayiş etdirən möhtərəm Prezident İlham Əliyev də fəaliyyəti müddətində azərbaycançılıq məfkurəsinin geniş ictimai dəyər qazanmasına çalışıb, bu siyasəti böyük uğur və peşəkarlıqla davam etdirib. Sözsüz ki, dövlət azərbaycançılıq ideologiyasının ölkədə geniş təbliği üçün ciddi addımlar atır. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva öz əməlləri və fəaliyyətləri ilə bu mənada nümunəvi yanaşma sərgiləyirlər. Bu baxımdan, Azərbaycanda azərbaycançılıq ideologiyasının uğurla həyata keçirildiyini əminliklə deyə bilərik. Ümumiyyətlə, Azərbaycançılıq dövlət müstəqiliyinin qorunmasına və demokratik inkişafın təmin olunmasına xidmət edən, eləcə də radikal millətçilik əleyhinə formalaşmış ideologiyadır".

Sevinc QARAYEVA

 





07.06.2022    çap et  çap et