525.Az

Xarıbülbül ovqatlı Bakı küçəsi - Dilarə Adilgil


 

Xarıbülbül ovqatlı Bakı küçəsi - <b style="color:red"> Dilarə Adilgil</b>

Bakı dünyanın ən fotogenik şəhərlərindən biridir. Elə suvenir-fotolarına baxan əcnəbi görmədən öncə də paytaxtımıza aşiq olur. Şəhərimizi gözəlləşdirən, atmosferini, ruhunu, koloritini təsdiq və təqdim edən onun küçələridir. Azərbaycan müstəqillik qazanandan sonra toponomiya komissiyası yaradıldı və sovet dövründə ərazi vahidlərinə verilən adlara yenidən baxıldı. Tarixə baş vuraq...

Bakının qəza olmaqdan çıxıb şəhər şəkli alması öz başlanğıcını keçən əsrin əvvəllərindən - "Əli və Nino"nun  zamanından götürmüşdü. Şəhər bələdiyyəsinin ilk işi də küçələrə ad verib evləri nömrələməklə başlamışdı. O vaxtdan bir əsrdən çox ötüb, bu günün Bakısı yalnız Dubayla, Nyu-Yorkla yarışmır, hətta aya-ulduza meydan oxuyur. Şəhərlərin toponimləri, oykonimləri əsasən, filoloqlardan, tarixçilərdən ibarət ciddi komissiyadan keçir. Burada üstünlük ölkənin tarixində, ədəbiyyat və mədəniyyətində silinməz izlər qoyan həmvətənlərimizə verilir. Lakin məqsəd ada küçə tapmaq deyil... küçəyə ad verməkdir. Ad -  şəxsiyyəti əbədiləşdirməklə yanaşı, onun kimliyini açmalı, tanıtmalı, həm də şəhərin mədəni landşaftına uyğun olmalıdır. Piyada gəzərkən istər-istəməz küçələrin adları yazılmış lövhələrə baxırsan, bu küçənin adını daşıyan obyekti, subyekti ya toplumu düşünürsən, onunla bir uyğunluq axtarırsan... Yazıçıdırsa, əsərləri, müğənnidirsə, mahnıları, siyasətçidirsə, çıxışları yada düşür. Lakin ənənəvi - Nizami küçəsi, Cavid prospekti, Füzuli meydanından başqa, şəhərimizin təntənəli, pafoslu simvolları da onun küçələrində öz əksini tapıb. "Neftçilər" prospekti, "Qaraşəhər"likdən qurtulub ağ günə çıxmış "Ağ şəhər", "Nobel qardaşları", "Fəhlə" prospekti (sıralama tam təsadüfdür) kimi ünvanlar şəhərin həm siması, həm də "ağır artilleriyası"dır. Çar dövründən, SSRİ "mülkiyyət"indən də bəzi miraslar qalıb... Hələ də Azərbaycanın iki böyük şəhərində Qubernator bağı vardır. Bakıda və Gəncədə. Zamanla bu adlar rəsmi dəyişilsə də,  yenə də xalq arasında köhnə adı işləkdir. Sovet paradiqmasına uyğun keçmiş ittifaqın hər şəhərində indinin özündə də şablon "Həmkarlar", "İnşaatçılar" qalmaqdadır. "Tretya ulisa Stroiteley, dom 25" - "Taleyin ironiyası..."nın məşhur ünvanı kimi... Dünya praktikasından da geri qalmırıq.

Bütün qədim şəhərlərin "İnqilab"ı da var, "Azadlıq"ı da, bundan doğan "İstiqlaliyyət"i də... Əksər şəhərlərdə "Sahil", ya "Sahilyanı" küçə var. Simenonun məşhur qəhrəmanı da hər telefonu götürəndə "Sahilyanı Orfevr, 36",  - deyə cavab verirdi.  Gözəl adı olan küçədə yaşamaq, heç olmasa, te-tez içindən keçib getmək, məncə zövqlü və xoş bir hissdir. Lakin...  hər sahədə olduğu kimi, "adqoydu"da da maraqlı istisnalar, tapıntılar  olur. Komissiya bəzən hissə qapılıb hansı küçəyəsə "Xoşbəxt" adı qoymaqla dəxli olan, ya olmayan hər kəsi xoşbəxt edə bilir. A.P.Çexov yazırdı: "Saxalində küçələrə dövlət məmurlarının adını sağlığında vermək kimi adət var.

Ona görə küçənin, təkcə adı olmur... Həm də soyadı, atasının adı olur". Məsələn, İvan İvanoviç Petrov küçəsi. Hörmət... yoox, Çexova xas sarkazmı, ironiyanı nəzərə alsaq, sırf yarınmaq məqsədilə. Moskvada məşhur Nikulin sirkinin yerləşdiyi "Svetnoy bulvar"... Vaxtilə burada gül bazarı olub. "Baharın 17 anı"ndan biri - konspirativ mənzilin yerləşdiyi "Svetoçnaya ulisa..." (Küçənin doğma adı doğrudan da elədir, amma... Berndə deyil, köhnə Riqadadır). "Qarağac küçəsi" deyincə gözümüzün önünə "Qarağac küçəsində qarabasma" filmi ("Koşmar na ulise Vyazov"), onun mənfi personajı Freddi Kryuger gəlir. Reytinqli türk serialındakı "Gülçıkmaz sokak".

Bizimcə - Gül dalanı. Şuşanın indi viran qalmış məşhur "Güllü bağ"ı. Dünyada "güllü" bulvarlar, prospektlər, xiyabanlar çoxdur. Varnada "Orxideya" küçəsi var, daha bilmirəm, "vəhşi"di, ya yox... Ufada eleqant "Lirik" küçə, praktik "Buket" küçəsi var, Xarkovda "Poeziya" meydanı. Soçidə "Sentyabr səhəri" (Lap sovet ətirlərinin adına oxşadı). 90-larda hit-paradın önündə gedən mahnı var idi... Yuri Antonov gitarada çalıb-oxuyurdu. Tərcüməyə cəhd... "Qaysılı" küçədən keçib, "Üzümlüyə" dönürəm. "Kölgəli" küçədə kölgəlikdə dayanıram..."  Əlbəttə, belə vanilli adlar şəhər peyzajına yaraşmır, kurort şəhərciklərinə isə tam uyğundur. Novxanı bağlarında xalq özü küçələrə adlar verib. Məsələn, fırça ilə iri hərflərlə hasarın, ya darvazanın üstündə yazılıb: "FİDAN" (Deyilənə görə, Fidan Qasımovanın bağı bu aralardadır).

Ona paralel... "Aytən", sonra gəlir "Aynur", perpendikulyar  "Nigar" və s. Ətrafinda da, kimin fantaziyası və əl qabiliyyəti nəyə çatırsa, onu yaradır. Tematika da - üzüm-əncir, dondurma, çətir... Yaşıl qapını, qonşunun  bakını, qəssab dükanını orientir kimi nişan verməkdənsə, küçələri, döngələri belə gül-çiçəkli, ay-ulduzlu adlarla işarələmək həm sivil, orijinal, həm də konstruktivdir. Bizim də, az olsa da, sıradan olmayan - "Gül passajı"mız, "Günəşli" yaşayış massivimiz, "Albalılıq" kimi dadlı adı olan qəsəbəmiz var.  Şəhidlərimizə ehtiramla  - "Qırmızı Qərənfil" küçəsi necədir? Məncə, səslənir... Heyfim gəlir bu çiçəyə. Qərənfil də 32 ildən sonra matəm gülü olmaqdan qurtarıb bəraət alar. Biz qaradan çıxdıq, o da çıxsın. Yavaş-yavaş gəlirəm mətləb üstə... Sürpriz! "Xarıbülbül" ətirli küçəmiz də olacaq. Bayaqdan yazdıqlarım da bu münasibətlədir, Onun şəninədir. Təşəbbüsün özü vətənpərvər, alqışlanandır. 

Respublikamızın Qırmızı Kitabına salınmış Xarıbülbül Şuşanın emblemi, Zəfər ikonumuzdur. 28 il nisgillə həsrətini çəkmişik,  28 il "Vətən sarı boylanmışıq", o da mətanətlə  "xətrimizə dözüb". "Yarı bülbül, yarı gül" olan Xarıbülbül ovuca sığsa da, iradə, güc, cəsarət, qəhrəmanlıq dastanına çevrilib. Buranı ziyarətə gələn qonaqlar Xarıbülbülün vəfa əfsanəsini dinləyəcək, onun əsirlik rəvayətini eşidəcəklər. Cıdır düzündən gətirilən Xarıbülbül kolları göz oxşayacaq, turistlər  onunla  xatirə şəkli çəkdirəcəklər.

O, dünyanın ən məşhur, adlı-sanlı küçələrindən, paytaxtımızın görməli yerlərindən olacaq. Adının gözəlliyi bir tərəfə, tarixi, Vətən müharibəmizdə, qələbəmizdə rolu vurğulanacaq, tanıdılacaq. Burada şopinq də nəzərdə tutulacaq, şəhərimizin qonaqları Xarıbülbülün əksi olan bəzək əşyaları, nişanlar, kələğayılar alıb aparacaqlar. Onun sorağı hər yerə yayılacaq. Dünyada bu adda ikinci bir küçə olmayacaq.

Bu xəbərin sevincini fantaziyamı işə salaraq belə qarşıladım. Məşum işğal illərində Qarabağdan, Şuşadan, Xarıbülbüldən, Xan qızından, Xanbağından, Cıdır   düzündən çox uzaqlaşmadıq, yan-yana düzülmüş şadlıq evlərinə adlarını verməklə ürəyimizi soyutmağa çalışdıq, odu söndürüb külü ilə oynadığımıza görə özümüz-özümüzə tənə-töhmət yağdırdıq.

"Cıdır düzü"ndə qəlbimiz qan ağlaya-ağlaya "Qarabağ şikəstəsi"nə oynadıq, amma gənc nəsli unutmağa qoymadıq, ümidimizi də itirmədik, bu günü gözlədik. Deyir, əgər yolun cəhənnəməmin üstündən keçirsə, qaça-qaça keç... Uzun, ağır, enişli-yoxuşlu keçdik. Amma keçdik. Keçə bildik. Şəhidlərimizin çiynində və çiynimizdə şəhidlərimizlə. Hazırda Xarıbülbül adının hansı küçəyə verilməsi ilə bağlı Bakı meriyasında müzakirələr aparılır. Bu dəfə Xarıbülbülün ətri lap yaxından gəlir...

 

 

 





07.06.2022    çap et  çap et