525.Az

Dünyanın fındıq bazarı: itirən kimdir, qazanan kim... - Etibar Rəhimov yazır


 

Dünyanın fındıq bazarı:  itirən kimdir, qazanan kim... - <b style="color:red"> Etibar Rəhimov yazır</b>

Ukrayna-Rusiya savaşının elə ilk günlərində regionda günəbaxan yağının qiyməti artan kimi diqqətlər alternativlərə yönəldi. Dünya bazarlarının mexanizmi belədir: boşluq varsa, dolmalıdır. İndiyədək siyasi termin olan millətçilik artıq qida sektoruna da sıçrayıb. Bəzi dövlətlər pandemiyanın elə ilk aylarından strateji qida məhsullarının ixracını dayandırdılar. Ukrayna-Rusiya konflikti isə bu gərginliyi bir az da artırdı. Belə gedərsə, 2023-cü ildə dünyanın yarısı qıtlıqla üzləşə bilər.

FINDIĞI QABLAŞDIRAN DAHA ÇOX QAZANIR

Fındıq, daha doğrusu, fındıqçılıq günümüzdə dünyada çoxdan xüsusi önəm daşıyır. Azyaşlıların sevdiyi şokoladlı şirniyyat məhsullarının bütün dünyada məşhur olmasının bir səbəbi də fındıqdır. Dünyada hər il təqribən 1 milyon ton fındıq yetişdirilir. Bu sahədə 5 ölkə öndədir: Türkiyə, İtaliya, Azərbaycan, Çili, ABŞ. 2021-ci ildə təkcə Türkiyənin fındıq ixracatından qazancı 2 milyard dollar olub. Həmin o fındıqlar Avropanın 5 ölkəsinə - İtaliya (522 milyon dolar), Fransa (220 milyon dollar), Almaniya (200 milyon dollar), İsveçrə (180 milyon dollar) və Belçikaya (150 milyon dollar) səyahət edərək orda şokoladla qarışıb, sonra da yenidən Türkiyəyə qayıdıb. Ancaq bu dəfə Avropa ölkələri 8 milyard dollar qazanıb. Çünki əlavə dəyərli məhsul dəyərə dəyər qatır. Dünyada fındığın 91 faizini Avropa ölkələri satın alır və bunun da üçdə ikisi şirniyyat sənayesində işlədilir.

Dünyada fındığa tələb gündən-günə artır. Almaniya, Hollandiya, Belçika, Lüksemburq, Avstriya, Birləşmiş Krallıq, İrlandiya, İsveçrə, Danimarka və Macarıstanda bircə fındıq kolu da görməzsiniz. Ancaq bu ölkələr əməlli-başlı fındıq ticarəti ilə məşğuldur. Avropa İttifaqı üzv ölkələrə bu sahədə qazanc əldə etməsi üçün lobbiçiliklə hər cür şərait yaradır. Dünyada yetişən fındığın 10 faizini Aİ-nin lokomotivi olan Almaniya təkbaşına alır. XVI əsrdə yaranan Hamburq fond birjası müxtəlif ölkələrdən fındıq, şəkər, kakao, qəhvə kimi strateji məhsulları toplayaraq sonra bütün dünyaya əlavə dəyərli məhsullar satır.

TÜRK FINDIĞI DOĞRUDANMI TÜRK MALIDIR?

Məhsulunuzu ixrac etməyin 2 yolu var. Birbaşa alıcı ölkəyə, ya da 3-cü ölkə (broker şirkətlər) vasitəsilə ixrac. Ancaq əvvəlcə fındıq ixracatında lider olan qardaş Türkiyədəki duruma diqqət yetirmək fermerlərimiz üçün faydalı olardı. 

Fındıq bazarı heç də stabil bir bazar deyil və təzadlarla doludur.  Məsələn, Türkiyə 2008-ci ildə 800 min ton fındıq ixrac etmişdisə, 6 il sonra, yəni 2014-cü ildə bu rəqəm 412 min tona geriləyib. Çünki leysan yağışlar torpağın azot təbəqəsini yuyub aparır. Fındıq subtropik bitkidir və azotsuz inkişaf etməz. İqlim dəyişikliyi, quraqlıq, zərərvericilər məhsuldarlığa təsir göstərsə də, Türkiyədə fındıqçılığın gündən-günə zəifləməsinin başqa 3 amili də var. Birincisi, Qaradəniz bölgəsində fındıq bağlarının yaşlanması, ikincisi, fındıq kollarının kəsilməsi, üçüncüsü isə, dünyada gübrənin qiymətinin artması. Yaşlanan və gübrə tələb olunan fındıq bağlarında məhsuldarlıq aşağı düşür. Fermerlər bağlarını yeniləmək və gübrə alımı üçün dövlətdən dəstək gözləyir, xərc çəkmək istəmirlər.

O ki qaldı bağların kəsilməsinə, Qaradənizli fermerlərin çoxu fındığın satınalma qiymətindən razı deyil. Son 20 ildə Türkiyədə 10 Kənd Təsərrüfatı naziri dəyişdi, amma fındıqçılıq siyasəti dəyişmədi. Məsələ burasındadır ki Türkiyədə fındığın satınalma qiymətini Kənd Təsərrüfatı Nazirliyinin yanında Torpaq Məhsulları Ofisi (TMO) müəyyən edir.  Türkiyə dünya fındıq bazarında 75 faizlik bir paya sahibdir. Lakin bu payın da 80 faizi Türkiyə daxilində İtaliya (Ferrero) və Sinqapur şirkətlərinə məxsusdur. Yəni Ordu, Giresun və Trabzonda yetişən fındığın 90 faizi əslində əcnəbilərindir. Xarici sərmayələr strateji addımlardır və bu addımlarda "Troya atı" riski hər zaman mümkündür. 1 kq fındıq bağlarda 35, İstanbul marketlərində isə 140 lirədir. Bu səbəbdən də fermerlər kütləvi surətdə fındıq bağlarının yerinə kivi, zəfəran, moruq, böyürtkən, izabella üzümü, subtropik meyvə və giləmeyvə və gül-çiçək əkməyə başlayıblar. Son iki ildir ki, dünya nəhəngi "Ferrero" şirkəti isə satınalma qiymətinin aşağı olması üçün paralel olaraq Polşa, Çin, Kanada, Malayziya, eləcə də bir çox ölkədə fındıq yetişdiriciliyini hər cür dəstəkləyir. Yaxın illərdə qardaş ölkənin liderliyi əlində saxlaması sual altındadır.

Türkiyənin Qara dəniz bölgəsinə səyahət etsəniz, hər yerdə - marketdə, kafedə, yeməkxanada, oteldə, yaylaqlarda, hətta dövlət idarələrində də iki mövzu var. Fındıq və çay. Çünki fındıq 200 ildən bəri Qara dəniz bölgəsindəki kəndlilərin ümidi, gündəlik ərzaq ehtiyacını ödəyən maddiyyat mənbəyidir.  Elə bu səbəbdən də bir çox kəndlərdə fermerlər ehtiyac üzündən məhsulunu yığımdan aylar öncə sənədlə satınalma nöqtələrinə satır. Bunun üçün bir telefon zəngi yetərlidir. Fındıqda dünya lideri olmanın eyforiyası və dövlət dəstəkləri Suriya sərhəddindəki Hatayda və ya Yunanıstan sərhədindəki Edirnədə yaşayanları da şirnikləndirir. Bu gün su problemi olan Balıkəsirdə fındıq yetişdirən də var, Tunceli və Diyarbəkirdən gəlib Giresunda hektarlarla fındıq bağı alan da. Hətta İstanbulun Beykoz rayonunda da son 5 ildə xeyli fındıq bağı salınıb. Çünki dəstəklər daşınmaz əmlakı təsdiqləyən mülkiyyət sənədinə görə ödənir: hər 1 hektar fındıq bağına 1000 tl. Yəni bu dəstəyi fındıq bağını icarəyə götürən deyil, əmlak sahibi alacaq. Lakin bu sahədəki məhsuldarlıq göstəricisi 1 hektardan nə qədər məhsul alınmasına bağlıdır. Statistikaya görə, 1 hektar fındıq bağından ABŞ-da 2540, Gürcüstanda 1780, İtaliyada 1460, Azərbaycanda 1180, İspaniyada 9000, Türkiyədə isə ortalama 1100 kq məhsul alınır. Türkiyədəki məhsuldarlığın hətta Gürcüstandakı qədər olmaması lider durumunda olan bir ölkədəki torpaqlardan düzgün istifadə olunmadığını göstərir. 

AZƏRBAYCAN FINDIQ BAZARINDA LİDER OLA BİLƏR

Dövlət başçısı İlham Əliyev fermerlərlə görüşündə Azərbaycanın fındıq ixrac edən ölkələr arasında üçüncü yerdə olmasını fəxrlə vurğulayıb. Bu sahədə önə çıxmaq üçün azərbaycanlı iş insanlarını məlumatlandırmaq istərdim. Xarici ölkələrdə hazır fındıq bağı da almaq olar, torpaq ərazisi də. Bu ərazilərin Azərbaycan şirkətləri tərəfindən satın alınaraq modern fındıq bağlarının salınması ölkəmizi bu sahədə ön cərgəyə çəkər. Məsələn, qardaş Türkiyədə bu layihəni reallaşdırmaq mümkündür. Lakin Qaradənizin şərq hissəsi (Artvin, Rize, Trabzon, Giresun, Ordu, Samsun) yamaclı ərazilərdir.  Qaradənizin qərb hissəsindəki düz ərazilərdə - Bolu, Sakarya, Düzcə, Zonquldak, Bartın, Kastamonu, Kocaelində bu layihəni həyata keçirtmək mümkündür.  Qeyd olunan vilayətlərdə fındıqçılığa uyğun ərazilərin qiyməti hektar başına 50.000-70.000 ABŞ dolları arasındadır.

Ölkəmizdə fındıqdan yağ emal edilərsə, həm yüksək gəlir alınar, həm də bitki yağı idxalına ehtiyac olmaz. Fındığın 50 faizi yağdır. 20 kq qabıqlı fındıqdan 10 kq ləpə, həmin ləpədən də 5 kq yağ çıxar. Əgər fındığın nə qədər dəyərli olduğunu hamılıqla bilsəydik, balkonumuzda da fındıq əkərdik. Fındıq təkcə şirniyyat üçün yaranmayıb. Sərt qabığı yanacaq, yaşıl qabığı və yarpaqları kalsium və fosfor mənbəyi olan gübrədir. Fındıq yağı qızartma yeməklər üçün zeytun yağından daha dəyərlidir. Açıq yaranız varsa, iltihab əleyhinə oraya fındıq yağını rahatlıqla sürtə bilərsiz. Dünyada tibb sənayesində və kosmetologiyada bu yağdan geniş istifadə olunur. Sürücülərə və ustalara yaxşı tanış olan solidol sürtküsü də rafinasiya olunmamış fındıq yağından əldə edilir. Fındıq yağından geriyə qalan jmıx isə heyvan yemi üçün ideal əlavədir. Çünki fındıq təkcə çərəz deyil, həm də qiymətli sənaye bitkisidir.

 





07.06.2022    çap et  çap et