Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri
Bu yaxınlarda sosial şəbəkələrin birində daha bir rayon sakininin təxminən belə bir məzmunda yazısını oxudum ki, bəs Ağsu rayonunda Səlim Müslümovun qohumu bizi çox incidir, bir tədbir görün və s. və ilaxır. Məsələ burasındadır ki, mən Səlim Müslümovla eyni kənddənəm. Yazıda adıçəkilən şəxsin nə dərəcədə günahı olub-olmadığını deyə bilmərəm, onun Səlim Müslümovla bilmərrə qohum olmadığını isə yəqin bilirəm. Amma əgər bir az başqa tərəfdən yanaşsaq, ciddi araşdırma aparsaq ölkənin tən yarısı bir-birinə qohum çıxar, onda qalmış bir kənd ola. Kimsə filankəsin filankəsinin filankəsinə görə cavab verməlidir? Bəlkə hər kəs öz yerinə cavab versin? Axı, qanunlarımız da bunu deyir. Ağsu rayonunda (öz rayonlarında!) təbii ki, Səlim Müslümovun qohumları da yaşayırlar və işləyirlər. Necə ola bilər ki, doğulduğun, böyüyüb boya-başa çatdığın yerdə sənin qohumların olmasın. Bu qohumların bir çoxu Səlim Müslümov hətta şagird, tələbə olduğu vaxtlarda Ağsuda hərəsi öz ixtisasına, bacarığına uyğun bir işdə çalışırdılar. İndi neynəsinlər, hamısı ərizə yazıb işdən çıxsınlar ki, onların qohumları sonradan yüksək vəzifəyə irəli çəkilib? Görünür, "Səlim Müslümovun qohumları" deyib onların adlarını dedi-qodulara maraq ağzını açan qəzetlərdə dönə-dönə çəkənlər (bu yerdə çəkdirənlər sözü daha münasib idi) belə düşünür, daha doğrusu, belə arzulayırlar. Mən ölkədə, yaxud Ağsuda hər şeyin tam qaydasında olduğunu bildirmək fikrindən uzağam. O şikayətçinin də yalan yazdığını deyə bilmərəm. Amma bu cür şikayət məktubları məndə həmişə şübhə oyadıb və oyadır. Çünki bayaq dediyim kimi hədəf həmişə birdir: Səlim Müslümov. Ağsuda müəyyən adamlar var ki, vəzifə ehtirası ilə alışıb-yanır və məqsədlərinə çatmaq üçün çox çirkin yollara əl atır , ələlxüsus özləri gizlənib mətbuatda kimlərinsə əli ilə Səlim Müslümovun ünvanına neçə müddətdir şər-böhtan yağdırırlar. Bu qarayaxmalardan sonra öz aləmlərində onun "yıxılacağı" günü səbirsizliklə gözləyirlər. Niyə məhz onun "yıxılmasını" istəyirlər? Çünki düşünürlər ki, əgər filan vəzifədə çalışan nazirin (Fond sədrinin) simsarıdırsa, yaxud həmkəndlisidirsə, deməli, onu Səlim Müslümov müdafiə edir, Səlim Müslümov yüksək postda olmasa, gözaltı edilən vəzifəni asan və maneəsiz ələ keçirmək olar. Bunu havadan, elə-belə demirəm. Bir vaxtlar Səlim Müslümov Maliyyə Nazirliyində işləyərkən qəfildən, özü də heç nədən bir problemlə üzləşdi. Bir müddət sonra ədalət öz yerini tapdı və o, Maliyyə Nazirliyindəki işinə davam etdi. O "problemli günlərdə" sevinən, bayram edən bəzi adamların "xoşbəxt" sir-sifəti hələ də yadımdadır.
Ümumiyyətlə, gəlin baxaq görək bu şikayət məktublarında az qala "zülümkar bir dəstənin başçısı" kimi təqdim olunan Səlim Müslümov kimdir? Sadə bir kəndli ailəsində doğulub. Ağsu rayonundakı Pirhəsənli kənd orta məktəbini bitirib. İqtisadiyyat üzrə ali təhsil alıb.Sovet dönəmində namizədlik, daha sonralar isə doktorluq dissertasiyalarını Moskvada müdafiə edib. Tanıdığım, söhbət etdiyim bütün iqtisadçılar onun bu sahədə fitri bir istedad sahibi olduğunu, təşkilatçılıq qabiliyyətini və zəhmətsevərliyini xüsusi olaraq qeyd edirlər. Yəqin elə bu xüsusiyyətləri ölkə rəhbərliyinin diqqətini cəlb edib, müxtəlif vaxtlarda, müxtəlif vəzifələrə irəli çəkilib. Dövlət Sosial Müdafiə Fondunun sədri işlədiyi dövr isə mənim fikrimcə, onun fəaliyyətinin ən diqqətçəkən dövrüdür. O zamanı xatırlayanlar yaxşı bilirlər ki, Fond az qala yox kimi idi, elə bil təzədən var oldu. Bütün neqativ hallar modern yanaşma sayəsində aradan qaldırıldı. Elə nəticələr qazanıldı ki, yaxın və uzaq ölkələrdən bizim təcrübəmizi öyrənməyə gəldilər. Mənə elə gəlir ki, onun məhz bu vəzifədə özünü doğrultması daha məsul və çətin, ilk növbədə isə islahatlar tələb edən vəzifəyə təyin olunmasına səbəb oldu. İndi o əmək və əhalinin sosial müdafiəsi naziridir. Mənim yaxşı tanıdığım, xasiyyətinə bələd olduğum, müdafiə etdiyim nazir dövləti, dövlətçiliyi hər şeydən uca tutan, olduqca vətənpərvər, kövrək və humanist bir insandır. Özünü elindən-obasından bir an belə ayrı bilmir. Ağsunun, doğma kəndinin xeyrində-şərində vaxtının az, işinin çox olmasına baxmayaraq cani-dildən iştirak edir. Hər bir hərəkəti və hər bir addımı mən sizin birinizəm deyir. Fikrimcə, yüksək çinli məmur ilk növbədə mənəvi dəyərlərimizə bağlı, müasir dünyanı bilən, modern düşüncə tərzinə malik bir insan olmalıdır. Səlim Müslümovda bu keyfiyyətlərin hamısı var. Ona görə də düşünürəm ki, düzgün yol qarayaxmaları, gözügötürməzliyi, paxıllığı bir kənara qoyub onun uğurlarına sevinməkdir.
Ən sonda şəkkakların nəzərinə aşağıdakıları çatdırmağı da özümə borc bilirəm: bəli, tamamilə haqlısınız, bu yazı sifarişlə yazılıb, mənim qəlbimin sifarişi ilə.
çap et