525.Az

"İnsanların gözlərində torpaqları azad etməyin qürurunu görmək məni çox sevindirdi"


 

ƏBDÜLHƏMİD AVŞAR: "15 İLDƏN SONRA YENİDƏN BAKIYA GƏLƏNDƏ ŞƏHƏRİ TANIYA BİLMƏDİM: BAKI ÇOX GÖZƏLLƏŞİB, İNKİŞAF EDİB, MODERN BİR ŞƏHƏR OLUB"

"İnsanların gözlərində torpaqları azad etməyin qürurunu görmək məni çox sevindirdi"<b style="color:red"></b>

Müsahibimiz Türkiyənin tanınmış televiziya rejissoru, professor Əbdülhəmid Avşardır

 

- Əbdülhəmid bəy, Azərbaycana xoş gəlmisiniz. Axırıncı dəfə Bakıda nə vaxt olmuşdunuz?

- Təşəkkür edirəm. Mən Bakıdan 2007-ci ilin sonunda ayrılmışam. Təxminən, 15 ildir ki, Bakını görmürdüm.

- Necə düşünürsünüz, 15 ildə Bakı çoxmu dəyişib?

- Bəli, çox şey dəyişib. Mən şəhəri tanıya bilmədim, bilmədim ki, hara-haradır. Bakı gözəlləşib, inkişaf edib, rənglənib, çox modern bir şəhər olub.

- Modernləşən şəhərlərdə qədimliyi axtaranlar da olur. Siz bu axtarışa çıxmadınız?

- Təbii ki, şəhəri şəhər edən həm də onun qədimliyidir. İndi Bakıda binalar yüksəlib, ancaq şəhərin ruhunda tarixilik də hiss olunur. Bakıya gəldiyiniz zaman tarixi bir yerə gəldiyinizi hiss edirsiniz.

- Bir müddət TRT kanalının Azərbaycanda nümayəndəsi olmusunuz. Çox güman ki, ölkəmiz haqqında çox şeylər bilirsiniz. Sizin bu bilginizdən faydalanmaq istəyən insanlar daha çox hansı suallarla sizə müraciət edirlər?

- Öncəliklə insanlar Bakı haqqında soruşurlar. Bakı necə bir şəhərdir? Haralara gedə, nələri görə bilərik? Bakıda günlük həyat necə keçər? Bir də Gəncəni çox soruşurlar. Ən çox da Azərbaycan türkcəsi insanlara maraqlı gəlir.

- Bu maraqlı məqamlar haqqında bizə danışa bilərsinizmi?

- Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsində eyni olub, ancaq fərqli mənaya gələn kəlmələr var. Məsələn, mən 2004-cü ildə ilk dəfə Gəncəyə gedəndə bir qəssab dükanının üzərində "Erkək əti satılır" yazıldığını görmüşdüm. Türkiyə türkcəsində də "erkək" bilirsiniz ki, "kişi" deməkdir (gülür). Bir dəfə də Türkiyədən bir dostumuz gəlmişdi. Onu Bakı ilə tanış edəndə deyirdim ki, "Bakü öyle güzel kend, böyle bir kend", birdən getdiyimiz taksinin sürücüsü maşını saxlayıb mənə tərs-tərs baxdı. Başa düşdüm ki, Bakı böyüklükdə bir şəhərə kənd deməyim onun xoşuna gəlməyib. Bir dəfə də bir dostumuz danışmışdı ki, Türkiyədən xəbərlər izləyən bir azərbaycanlı orada "kazada üç kişi öldü, beş kişi yaralandı" deyildiyini eşidib soruşub ki, Türkiyədə qadınlar avtobusa heç minmirlərmi? (gülür).  Baxın, Türkiyədə olan 81 vilayətin 75-ni görmüşəm. Özəlliklə Ərzurum, Bitlis, Van kimi şəhərlərdə Azərbaycan türkcəsinə bənzər kəlmələr daha çoxdur. Ancaq İstanbulda fərqli anlamlar meydana çıxır. Bir şeyi də xüsusilə qeyd etmək istərdim ki, Türkiyədə Azərbaycan kəlmələri, Azərbaycanda da Türkiyə kəlmələri geniş şəkildə istifadə olunmağa başlayıb. Bir sözlə, ortaq kəlmələrin sayı günü-gündən artmaqdadır.

- Əbdülhəmid bəy, bir neçə gün öncə Bakıda "Teknofest" festivalı baş tutdu. Nə əcəb o festival üçün bir neçə gün tez gəlmədiniz?

- Əslində, festivala iştirak etməyi çox istəyirdim, alınmadığı üçün çox üzüldüm. Bilirsiniz, hazırkı gəlişimin məqsədi Qarabağla bağlı bir elmi konfransda iştirak etməkdir. Simpoziumla əlaqədər olaraq bu tarixdə gəlməli olduq.

- Qarabağ... Azad Qarabağdan bir film çəkmək istəyərdinizmi?

- Hazırda mən TRT-də çalışmıram, universitetdə professoram. Mən o vaxt olduğum müddətdə Qarabağla bağlı çox sayda sənədli film çəkdik - Qarabağın tarixi, hazırkı durumu və s. Filmlər çəkilərkən məcburi köçkünlərlə bir çox görüşlərimiz oldu. Ancaq bilirəm ki, hazırda Türkiyədə azad olunmuş Qarabağla bağlı bədii film çəkilişinə hazırlaşan dostlar var. Çox arzu edərdim ki, həm savaşı, həm də işğaldan öncəki və işğaldan sonrakı Qarabağı göstərən filmlər çəkilsin.

- Qaynar televiziya həyatından sakit akademik həyata keçid etmək sizə çətin olmadı ki?

- Mən 58 yaşıma girdim. Bu günə kimi yüzlərlə sənədli film çəkib, fərqli mövzularda televiziya proqramları hazırlamışam. Ancaq insan bir yaşdan sonra istəyir ki, topladığı təcrübənin xəmirini çörək eləsin. Yavaş-yavaş təcrübəmizi kitab və məqalələr halına gətirmək istəyirik. Baxmayaraq ki, akademik həyata keçmişəm, yenə də bir yerdə dayanmırıq, sosial fəaliyyətimiz də davam edir. Bir sözlə, çox sürətlə qaçmasaq da, yenə qaçırıq. İnsanlara faydalı olmaq əsas dəyərlərdən biri kimi qalır mənim üçün.

- Sizin üçün başqa hansı ali dəyərlər var?

- Bu, çox mübahisəli mövzudur, fəlsəfədə də bunu çox müzakirə edirlər. Həyatı niyə yaşayırıq? Bu sualın müxtəlif cavabları ola bilər. Mən şəxsən buna inanıram: həyatı başqasına faydalı ola bilmək üçün yaşamaq lazımdır. Mən özümdən savayı, başqa insanlara nə qədər kömək ola bildim? Məsələ budur.

- Bəs özümüz? Başqalarına faydalı olarkən özümüzü ikinci plana atmış olmuruqmu? Bu, nə dərəcədə düzgündür?

- Razı deyiləm. Bu, özünü arxa plana atmaq deyil, daha çox həyata necə baxmaq önəmlidir. Mən həyatı ancaq özüm üçünmü yaşayıram? Mal-mülk sahibi olum, güclü olum, qazandıqlarımla başqalarının üzərində hegemonluq edim deyəmi yaşayıram? Yoxsa mən bir şeylər edim və bunlar cəmiyyətə yararlı olsun deyəmi? Buna qərar vermək lazımdır. Biz gördüyümüz işlərlə cəmiyyətə necə fayda verə bilərik deyə düşündüm həmişə. Fayda verə bildik, bilmədik, bu, başqa məsələ, ancaq həmişə belə bir narahatlığımız oldu. İnsanın sadəcə özü üçün yaşamasının mənasız bir şey olduğunu düşünürəm. Başqasının həyatına toxuna bilməmisənsə, fayda verməmisənsə... bu, qoyun kimi yaşamaqdır. Təbii ki, bu, mənə görə belədir. Bir filosofun da dediyi kimi, dəmir balta daş baltadan daha dəyərli deyil, sadəcə fərqlidir.

- Bayaq dediniz ki, Qarabağ haqqında sənədli filmlər hazırlayarkən məcburi köçkünlərlə görüşləriniz olub. Əlbəttə, müharibənin hər üzü ağırdır, ancaq hərəyə bir məqam, bir tale daha çox təsir edir.

- Mən bütün faciələri içdən yaşamışam, ancaq niyəsini bilmirəm. Xocalı faciəsi mənim üçün tamam başqa ağrıdır. Oradakı insanların həyat hekayələrindən ibarət "Xocalının dramı" adlı bir film çəkdim, bir neçə yazı yazdım. Xocalıda yaşananlar hələ də ürəyimdə bir ağrı, acı olaraq qalır. O vaxt Xocalının icra başçısı Elman müəllimlə görüşüb o gecə yaşananlar haqqında xeyli danışmışdıq, Xocalı qaçqınlarının neçəsi ilə görüşmüşdüm. Xocalının kadrlarını ilk dəfə mən aparıb TRT-yə təhvil vermişəm. Xocalı mənim üçün tamam başqadır, röyalarıma dəfələrlə girib... (susur) Sanki mən qarın üstündə qaçıram, məni güllə ilə vururlar. Xocalı faciəsi mənim üçün tamam başqadır. İnsanın öz yaşadığı yurd-yuvasından zorla çıxarılması özü-özlüyündə böyük bir dərddir.

Bu gün Şəhidlər xiyabanına getmişdim. Orada şəhid məzarlarındakı rəsmlərə baxdım, o insanlar gülümsəyirmiş kimi gəldi mənə. Bu gün xalqa baxıram, sanki xalqa bir ruh gəlib. İnsanların gözlərində torpaqları azad etməyin qürurunu görmək məni çox sevindirdi.

Aytac SAHƏD

 

 





08.06.2022    çap et  çap et