525.Az

Tənbəllik, yoxsa prokrastinasiya? - Təranə Paşayeva yazır


 

İŞLƏRİ DAHA SONRAYA SAXLAMAĞIMIZIN PSİXOLOJİ SƏBƏBLƏRİ

Tənbəllik, yoxsa prokrastinasiya? - <b style="color:red"> Təranə Paşayeva yazır</b>

Prokrastinasiya - edilməsi vacib, bəzən sıxıcı, bəzən icra etmək istəmədiyimiz işlərin sonraya saxlanması anlamına gəlir. İnsanlar tez-tez prokrastinasiyanı tənbəlliklə qarışdırsa da, məsələ göründüyündən daha qarışıqdır. Prokrastinator işləri sonraya saxlayıb, istirahət etmir, tam tərsi, lazımsız yerlərə enerji sərf etməyə davam edir. Bir tərəfdən beyni yoran, yükləyən, çətin tapşırıqlar olaraq qəbul edilən işlərdən uzaqlaşmaq normaldır, lakin uzun vədədə bu ciddi narahatlıqlara gətirib çıxara bilir.

Böyük Britaniyada 1 mart tarixindən etibarən 1 həftə müddətində Prokrastinasiya həftəsi qeyd olunur (bu bayram günlərinin özü də "naməlum" səbəblərdən tez-tez sonraya saxlanır). Bu ideyanı dəstəkləyənlər həmin həftə ərzində, icrası təcili olmayan işləri başqa vaxta saxlayıb, beyinə dinclik verməli, bugünlə yaşamalı olduğumuz fikrini təbliğ edirlər. Onların əks qütbündə yer alan prokrastinasiya əleyhdarları isə 14 yanvar tarixini Prokrasinasiya ilə mübarizə günü kimi qeyd edir, işlərin sonraya saxlanmasını infantillik və tənbəllik olduğunu iddia edirlər. Alimlər sübut edir ki, iş aralarında fasilə vermək və ruhu dincəldən fəaliyyətlə məşğul olmaq faydalıdır, lakin sonraya saxlamaq qısa zamanda vərdişə çevrilə və həyatı çətinləşdirə bilər. Araşdırmalar göstərir ki, işləri sonraya saxlamağa meylli insanlar daha az pul qazanır, daha sıx xəstələnir və xroniki narahatlıqdan əziyyət çəkirlər.

Prokrastinasiya ilə tənbəlliyin əsas fərqi ondan ibarətdir ki, tənbəl insan yeni proyektə başlamaqdan ümumiyyətlə imtina edir, sonraya saxlayan isə məsuliyyətin reallığını qəbul edir, lakin motivasiya əksikliyindən daha sonra başlamağı planlaşdırır.

264 nəfərin iştirak etdiyi araşdırma sırasında məlum olub ki, kəllə-beyin MRT-si zamanı duyğulara (o cümlədən, qorxu) cavabdeh olan beyin hissəsi, prokrastinatorlarda işgüzar insanlara nisbətən daha böyükdür. Bu da o deməkdir ki, işləri sonraya saxlayan insanlar daha çox stressə məruz qalır, mümkün fiaskolar haqqında düşünərək işi icra etməkdən qorxurlar.

Daha bir psixoloji yanaşma ondan ibarətdir ki, insanlar sevmədikləri, faydalı hesab etmədikləri, qarışıq, düzgün struktura sahib olmayan, planlanmamış işlərin icrasını sonraya saxlamağa daha çox meyllidirlər.

Əgər prokrastinasiya xroniki hal almayıbsa, onun səbəbləri olduqca sadə ola bilər:

- Qərar qəbul edə bilməmək;

- Yeni təcrübələrdən qorxmaq (o cümlədən, pozitiv dəyişikliklər);

- Daxili motivasiya əksikliyi;

- Hər şeyi son ana saxlayanda daha rahat və mükəmməl icra ediləcəyinə inanmaq;

- Planlaşdırma bacarığının olmaması;

- Nəticələrin neqativ ola biləcəyini idrak etməmək;

- Perfeksionizm (mükəmməlliyyətçilik).

Bəzən insan hansı işin prioritet, hansının daha az önəm daşıdığını ayırd edə bilmir, ardıcıllığı bilməyən insan, hansı işi daha öncə görməli olduğunu önəmsəmir. Bəziləri icra etdikləri iş haqqında yetəri qədər informasiyaya sahib olmadığı üçün icra edə bilməməkdən qorxur və sonraya saxlayır. Yanlış bir inanc var ki, insan yalnız uğursuzluqdan qorxur. Əslində insanın uğurlu olmaq fobiyası da var - öyrəşdiyi mühit daha komfortludur, burda ola biləcək hər şeyi kontrol edir, gələcək uğur isə bütün ssenariləri alt-üst edə biləcəyi üçün hərəkətsiz qalmağı seçir.

Perfeksionizm də məşhur prokrastinasiya səbəblərindən biridir. İnsan gördüyü işin bütün xırda detalları barədə o qədər çox düşünür, təkrar-təkrar redaktə edir ki, təhvil tarixini ötürür. Daha sonra başını qatmağa başqa bir şey tapır, çünki işi icra edə bilmədiyi üçün də eqosu zədələnir və günahkarlıq hissini kompensasiya etmək üçün enerjisini fərqli istiqamətdə istifadə edir.

Bəs nə etməli?

Psixoloqlar bilirlər ki, yetkin insanların 20%-i mütəmadi olaraq işlərini sonraya saxlayır. Bu problemi aradan qaldırmaq üçün əvvəlcə bütün işləri ayrı-ayrılıqda nəzərdən keçirib, bunun ertələmə ya başqa səbəbdən olduğunu aydınlaşdırmaq lazımdır. Meyar - hər hansı bir işi sonraya saxladığım zaman dincəlirəm, yoxsa fərqli işlə məşğul olmağa başlayıram? sualını özünə ünvanlanmaqdır.

İşləri son ana saxlamamaq, hər şeyi zamanında və keyfiyyətli icra etmək üçün gündəlik, həftəlik, aylıq plan qurmaq lazımdır. Amma bu proqrama baş verəcək pozitiv hadisələri də əlavə etməyi unutmamaq lazımdır. Bu, gün ərzində işlərinizi həll etdikcə rahatlamaq, əylənmək, doyunca yemək, yatmaq, sevdiklərinizlə ünsiyyət qurmaq üçün də vaxtınız olduğunu xatırladacaq. Əgər 12:00-da iclasa girəcəyinizi qeyd edirsinizsə, 13:00-da edəcəyiniz ləzzətli naharı da qrafikdən kənar qoymaq olmaz.

Prokrastinasiyanın digər məşhur səbəbi, qoyulan məqsədin çox böyük, ciddi əmək və zaman tələb edən məqsəd olmasıdır. Bu halı aradan qaldırmaq üçün böyük məqsədinizi xırda işlərə bölmək lazımdır. Əgər siz xarici dil öyrənirsinizsə, aydın məsələdir ki, bunu bir gündə etməyəcəksiniz. Axşam gedib yeni dil öyrənəcəm, deməkdənsə, axşam gedib bir səhifə yeni məlumat oxuyacam və bir tapşırıq yerinə yetirəcəyəm, deyin. Beyniniz bu informasiyanın təhlükəsiz və asan icra olunan tapşırıq olduğunu qəbul edəcək və məqsədinizə çatmaq hissi davamlı motivasiya mənbəyiniz olacaq.

Bir faydalı addım da, məqsədləriniz barədə yaxınlarınıza danışmaqdır. Bu məsuliyyət hissinizi artıracaq və siz icra etməkdə daha həvəsli olacaqsınız, çünki hər kəs sevdiklərini sevindirmək istəyir.

Bir işə başlamadan öncə mütləq yayındırıcı faktorları göz önünə almaq lazımdır. Əgər siz tez-tez telefona baxır, mətn yazışmaları edir, sosial media hesablarınıza girirsinizsə, yaxşı olar ki, telefonunuzu səssiz rejimə və başqa bir otağa qoyasınız. Eyni şəkildə, səs-küylü mühitdəsinizsə, tək qalacağınız, qapını-pəncərəni bağlayıb diqqətinizi işinizə cəmləyə biləcəyiniz yerə getməlisiniz.

Əgər hazırlıq mərhələsi ipucları da kömək olmadısa, qızıl 15 dəqiqə qanunundan istifadə edin. Əvvəla, anlayın ki, sevməsəniz də, istəməsəniz də bu işi icra etməkdən məsulsunuz. Amma özünüzü, ruhunuzu davamlı şəkildə incitmək də faydalı deyil. Bu zaman özünüzə deyin ki, bu işin icrası üçün cəmi 15 dəqiqə vaxt ayıracaqsınız və bütün diqqətinizi buna cəmləyəcəksiniz. Əgər 15 dəqiqə işlədikdən sonra davam etmək üçün motivasiyanız yaranmadısa, daha yorğun hiss etməyə başladınızsa, bəlkə doğurdan da yorğunsunuz, acsınız və ya təmiz havaya ehtiyacınız var. Özünüzə, sağlamlığınıza vaxt ayırdığınız üçün günahkarlıq hiss etmək lazım deyil. Ehtiyaclarınızı ödəyin və istədiyiniz qədər 15 dəqiqə qanunundan istifadə edin, işin nə zaman tamamlandığının fərqinə belə varmayacaqsınız.

Ən önəmli məqamlardan biri nəticəyə köklənməmək, prosesdən zövq almaqdır. Çalışmalısınız ki, gördüyünüz işin hər etapında özünüz üçün faydalı bir şey öyrəndiyinizi, inkişaf etdiyinizi, özünüzə yatırım etdiyinizi xatırlayasınız. Ev yığışdırmaq eyni zamanda idmandır və fiziki görünüşünüzə də yaxşı təsir edir. Yemək bişirmək eyni zamanda yaradıcı prosesdir və ruhunuzu da bəsləyir. Sizi əsəbləşdirən insanlarla ünsiyyətdə olmaq - əsəblərinizi cilovlamağı, hər vəziyyətdə sakit qalmağı öyrənmək üçün fürsətdir.

 

 





08.06.2022    çap et  çap et