525.Az

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ərazi-sərhəd məsələləri - Lətif Şüküroğlu yazır


 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ərazi-sərhəd məsələləri - <b style="color:red"> Lətif Şüküroğlu yazır</b>

Bu gün Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası, iki ölkə arasında ərazi-sərhəd mübahisələrinin həlli diqqət mərkəzindədir. Gələcək münasibətlərin qurulmasında mühüm rol oynayacağını nəzərə alaraq, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə bu məsələlərə necə yanaşıldığını, tarixi təcrübənin nədən ibarət olduğunu təfərrüata varmadan, tezis şəklində bir daha xatırlatmaq istədim. Qeyd edək ki, AXC dövründə ərazi-sərhəd məsələlərinin həlli sahəsində Azərbaycan hökumətinin fəaliyyətini əks etdirən kifayət qədər arxiv sənədləri və materiallar mövcuddur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər Rusiya imperiyasının tərkibində muxtariyyət hüquqları belə tanınmayan, ölkənin milli ucqarları sayılan bölgələr, Azərbaycan, Gürcüstan və Ermənistanın sərhədləri hüquqi, siyasi baxımdan qeyri-müəyyən idi. Cənubi Qafqazın hər üç xalqı üçün həyati əhəmiyyət kəsb edən bu məsələdə ilk əlverişli şans 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin təşkili ilə yarandı. Rusiya Müəssislər Məclisini tanımaqdan imtina edən Cənubi Qafqazdan olan deputatların Tiflisdə yaratdıqları bu qurum ümumən regionda yeni müstəqil dövlətlərin təməlinin qoyulması yolunda ilk uğurlu təşəbbüslərdən biri olmaqla, Seymi yaradanlar arasında ərazi-sərhəd məsələlərinin həlli istiqamətində konkret fəaliyyətin başlanması baxımından da diqqətəlayiqdir.

Azərbaycan, Gürcüstan və Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi məsələsinin Seym daxilində həlli üçün bütün fraksiyalarının iştirakı ilə 1918-ci ilin mart ayında Osmanlı (Türkiyə) tərəfi ilə Trabzon danışıqları başlanmışdı. Bağlanacaq sülh müqaviləsinin Türkiyə ilə 1914-cü il sərhədlərinin bərpa edilməsinə əsaslanması razılığına gəlinməsi gözlənilirdi. Ancaq qarşılıqlı iddialar səbəbindən danışıqlar nəticəsiz bitdi.

1918-ci il mayın 11-də ərazi-sərhəd problemlərinin həlli məsələsinin müzakirəsi məqsədi ilə Batum konfransı öz işinə başladı. Konfransın davam etdiyi günlərdə erməni-gürcü birləşmələri ilə döyüşlərdə qan axıdılması ilə əlaqədar Türkiyə tərəfi Brest-Litva sazişində nəzərdə tutulandan əlavə ərazilərin - Tiflis quberniyasının Ahalsix, Ahalkələk rayonları, Aleksandropol və Eçmiədzin bir həssəsinin ona verilməsini, dünya müharibəsi qurtaranadək Transqafqaz dəmiryolundan istifadə hüququ tələb edirdi. Konfrans işini Seymin dağılmasından, Cənubi Qafqazda yeni cümhuriyyətlərinin yaradılmasından sonra iyun ayının 4-də başa çatdırdı. Azərbaycan, Gürcüstan və Ermənistan arasında ərazi-sərhəd məsələlərinin çözülməsi mümkün olmasa da, hər üç respublikanın Türkiyə tərəfi ilə ayrılıqda sülh müqaviləsi bağlaması, bu sənədlərdə sərhədlərin keçdiyi ərazilərin təsbit edilməsi, xəritələrdə əksini tapması müsbət hal idi.

Cənubi Qafqaz respublikaları ilə Osmanlı imperatorluğu arasında sərhədlərin müəyyənləşdirilməsi haqqında məsələnin ilk dəfə rəsmi surətdə əksini tapdığı müqavilələr imzalandı. "Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi" (1918-ci il 4 iyun) Azərbaycan üçün sərhədlərin müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsi baxımından bu gün də xüsusi əhəmiyyət kəsb edir. Çünki həmin sənəddə Azərbaycan-Türkiyə sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar həm Gürcüstan, həm də Ermənistanla bu sərhədlərin qovuşma əraziləri dəqiq göstərilmişdir. Başqa sözlə, bu müqavilədə Azərbaycanın sonrakı illərdə tarixi şəraitlə bağlı zorla, ya siyasi məqsədlərlə guya könüllü surətdə qonşu dövlətlərə verilməklə itirilən, yaxud qonşular tərəfindən mübahisəli hesab olunan əraziləri qeyd edilib. Ermənistanla imzalanmış müqaviləyə görə, Ermənistan Transqafqazda 9,8 min kvadratkilometr (təqribən 10 min) əraziyə malik dövlət idi. Ermənistan tərəfindən müqaviləni O.Kaçaznuni, A.Xatisyan və M.Papacanov imzalamışdılar. 14 maddədən ibarət müqaviləyə əsasən, Ermənistan Brest-Litovsk müqaviləsinin şərtlərini qəbul etdi. Eçmiədzin və Aleksandropol (Gümrü) Türkiyəyə keçir, Türkiyə Aleksandropol-Culfa dəmir yolundan istifadə etmək hüququ alırdı. Ermənistanın sərhədi İrəvan yaxınlığından keçirdi. Onun ixtiyarında cəmi 6 km-lik dəmir yolu qalmışdı. Batum müqaviləsinə görə, Ermənistan və Gürcüstan hökumətləri öz ərazilərində yaşayan müsəlman əhalisinin təhlükəsizliyini, azad inkişafını təmin etmək, ana dilində təhsil almaq, dini ayinlərin sərbəst icrasına şərait yaratmaq haqqında təəhhüd götürürdülər. 1918-ci il 4 iyun tarixli müqavilələrə əlavə sazişlər də imzalanmışdı.

1920-ci ilə qədər Ermənistanın 9,8 min kvadratkilometr ərazisi 2 dəfədən çox, sovet hakimiyyətinin ilk iki ilində isə təqribən 2,8 dəfəyə yaxın artmışdı. Bu ərazilərin cüzi istisnalarla, demək olar ki, hamısı Azərbaycanın əzəli, tarixi torpaqları idi.

Azərbaycan Respublikası adından Milli Şuranın sədri M.Ə.Rəsulzadənin və xarici işlər naziri M.H.Hacınskinin imzaladıqları müqavilənin 3-cü maddəsinə əsasən, bu üç respublika öz aralarında dövlət sərhədlərini müəyyən edərək protokollaşdırmalı və Osmanlı imperatorluğu hökumətinə müvafiq qaydada məlumat verməli idi. 4-cü maddədə isə Osmanlı hökuməti Azərbaycan hökumətinə qayda-qanun və ölkənin təhlükəsizliyinin təmin olunmasına ehtiyac duyulduğu təqdirdə, hərbi qüvvə ilə kömək etməyi öhdəsinə götürdüyü bildirilirdi. Müqavilənin 5-ci maddəsində gələcəkdə yaradılacaq sərhəd mühafizə qüvvələrinin də başlıca vəzifələrindən olacaq, o dövrdə mühüm əhəmiyyət kəsb edən bir məsələyə toxunulurdu: "Azərbaycan Respublikası hökuməti həmin ərazilərin hüdudlarında silahlı quldur dəstələrinin təşkilinə ciddi-cəhdlə mane olmağı və bu ərazidə sığınacaq tapmış quldur dəstələrini tərksilah edib, zərərsizləşdirməyi öz öhdəsinə götürür".

Həmin illərdə dövlət sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar Cənubi Qafqaz respublikaları özlərinə nisbətən yaxın bildikləri, nüfuzlu, bölgədəki problemləri həll etməyə iqtidarı çatan bir neçə dövlətə öz layihələrini təqdim etmişdilər. Azərbaycan nümayəndələrinin ərazi-sərhəd məsələləri ilə bağlı Türkiyə və Almaniya tərəfinə təqdim etdikləri layihədə Azərbaycana daxil edilən ərazilər aşağıdakı kimi göstərilmişdi: bütün Bakı vilayəti (Bakı şəhəri daxil olmaqla Bakı qəzası, Cavad, Göyçay, Şamaxı, Quba, Lənkəran qəzaları), Gəncə vilayəti (Gəncə, Qazax, Cəvanşir, Şəki, Ərəş, Qarabağ, Cəbrayıl, Zəngəzur qəzaları), İrəvan vilayəti (Naxçıvan, Şərur-Dərələyəz, Yeni Bəyazid qəzaları), Tiflis vilayəti (Borçalı, Sığnaq qəzaları və Tiflis qəzasının bir hissəsi), Zaqatala sancağı. Bu layihəyə görə, Borçalı vasitəsi ilə Azərbaycanla Türkiyə arasında dəhliz açılmalı idi.

Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi üçün hazırlanmış həmin layihələrin birinə əsasən Azərbaycan ərazisi 840.000 verst və ya 96.502 kvadratkilometr mübahisəsiz əraziyə malik idi. Paris sülh konfransının katibliyinə təqdim edlmiş 50 səhifəlik "Qafqaz Azərbaycanı Respublikasının nümayəndəliyinin Paris sülh konfransına memorandumu"nda hökumətin nəzarəti altında olan mübahisəsiz ərazinin 837.866 kv. verst, yaxud 94.137,38 kvadratkilometr olduğu göstərilirdi.

Həmin illərdə dərc olunmuş Ünvan - təqvimdə isə Azərbaycanın mübahisəsiz ərazisi 853.489 kv. verst / 97 297,67 kvadratkilometr, mübahisəli ərazilərlə birlikdə 999.088,7 kv. verstə, 113,895, 97 kvadratkilometrə bərabər idi.

Əslində 114.000 kvadratkilometrdən də artıq sahəyə malik olan Azərbaycannın ərazisinin hər üç halda mövcud olduğundan az göstərilməsi Azərbaycan hökumətinin qonşularla normal münasibətlərin qurulmasına necə yüksək qiymət verməsinin göstəricisi hesab etmək olardı.

Cənubi Qafqaz respublikaları arasında sərhədlərin müəyyənləşdirilməsi sahəsində Azərbaycan tərəfindən ilk addım 1918-ci il iyunun 26-da Zaqatala dairəsi Milli Şurası bölgənin Azərbaycana birləşməsi haqqında yekdilliklə qərar qəbul etməsi ilə atıldı. İyunun 30-da isə AXC hökuməti özünün müvafiq qərarı ilə Zaqatala dairəsinin Azərbaycanın tərkibinə daxil edilməsini rəsmiləşdirdi.

1918-ci il avqustun 21-də Gürcüstan hökuməti Azərbaycan və Gürcüstan arasında mübahisəli sərhəd məsələlərini həll etmək üçün arbitraj komissiyanın yaradılması haqqında qərar qəbul etdi və avqustun 31-də bu barədə Azərbaycan tərəfinə məlumat verildi. Xüsusi komissiyada ərazi və onunla bağlı digər məsələləri həll edəcək konfransın keçirilməsi erməni nümayəndələrinin gəlməməsi səbəbindən mümkün olmadı. Hələ iyun ayından irəli sürülən Zaqafqaziya konfransı ideyasının həyata keçirilməsinə 1918-ci ilin oktyabr ayında yenidən cəhdlər göstərildi. Konfransın gündəliyinə Gürcüstan hökuməti 4 məsələ irəli sürürdü. Konfransda iştirak edən dövlətlərin qarşılıqlı surətdə bir-birini tanıması, bütün mübahisəli məsələlərin, o cümlədən, sərhədlər haqqında mübahisələrin həlli bu təkliflərin əsasını təşkil edirdi. Ermənilərin günahı ucbatından konfransın vaxtı 3 dəfə dəyişdirildi. Noyabrın 14-də ermənilərsiz açılan konfrans daha 2 dəfə təxirə salındı.

1918-ci ilin dekabrında qısamüddətli erməni-gürcü münaqişəsindən sonra Azərbaycan-Gürcüstan münasibətləri yenidən ön plana keçməyə başladı. Əzəli Azərbaycan torpaqları olan Borçalını ermənilərlə paylaşdıran Gürcüstan tərəfi Azərbaycanın Zaqatala dairəsinə dair bir neçə iddia ilə çıxış etdi. Bu niyyətlərini reallaşdırmağa çalışan gürcülər, həmçinin, bu dairəyə aid iş və sənədlərin verilməsindən imtina edirdilər. Doğrudur, həmin dövrədək və sonrakı vaxtlarda da gürcülərin də əsas ərazi mübahisələri ermənilərlə bağlı idi.

1919-cu ilin martında Parlamentdə 4-cü hökumətin proqramı ilə çıxış edən yeni Baş nazir N.Yusifbəyli bəyan edirdi ki, xarici siyasət sahəsində əsas vəzifə böyük dövlətlərin Azərbaycanın suverenliyini tanımaqlarına nail olmaq, ölkənin ərazi bütövlüyünü təmin etmək, qonşu dövlətlərlə mehriban, xoş münasibətlər saxlamaqdan ibarət olacaqdır. Göründüyü kimi, hökumətin qarşısında duran əsas məsələlərdən biri sərhədlərin müəyyənləşdirilməsi və təsdiq edilməsindən ibarət olacaqdı.

1919-cu ilin əvvəllərində nəzərdə tutulan Qafqaz konfransının çağırılması yalnız həmin il aprelin sonlarında reallaşdı. Ermənilər 1919-cu il may ayının 28-də Türkiyənin 7 vilayətinin (Van, Bitlis, Diyarbəkir (cənubunu çıxmaqla), Xarpurt, Sebastiya (qərb hissəsini çıxmaqla), Karin və Trabzon, Kilikya adlandırdıqları ərazinin isə guya 4 sancağı (Maraş, Sis, Cebel-Berket, Aleksandretto ilə birlikdə Adana) Ermənistana ilhaq olunması və vahid Ermənistan yaradılması barədə akt qəbul edib konfransdakı nümayəndələrinə göndərmişdilər. Paris sülh konfransında erməni nümayəndə heyətinin başçısı A.Ağaronyanın dediyi kimi, bununla onlar "bütün erməni xalqının, birləşmiş Ermənistanın marağını ifadə etdiklərinə", ölkələrini "dənizdən-dənizə" çıxaracaqlarına ümid edirdilər.

Ermənilərə görə, "Türkiyə Ermənistanı" adlandırdıqları ərazinin 7 vilayəti ilə yanaşı, Qafqaz Ermənistanın bütün ərazisi, bütün İrəvan quberniyası, keçmiş Tiflis və Yelizavetpol (Gəncə) quberniyalarının cənub hissələri, Qars və Ərdəhan onlara məxsus olmalı idi. Beləliklə, Qara dənizdən Aralıq dənizinə, Azərbaycanın "Qarabağ dağlarından tutmuş Ərəbistanın səhralarınadək" olan ərazilərin alınması planlaşdırılmış və ermənilər tərəfindən böyük müttəfiq dövlətlərdən tələb edilmişdi.

Qafqazda olan ABŞ missiyasının vasitəçiliyi ilə Tiflisdə 1919-cu ilin 23 noyabrında münaqişə vəziyyətində olan Azərbaycan-Ermənistan arasında sazişin imzalanması, ingilislərin də əslində, bu ölkələr arasında hərbi əməliyyatların dayandırılması və razılığa gəlinməsi təşəbbüsləri Cənubi Qafqazda ərazi-sərhəd mübahisələrinin öz həllini tapmasına müəyyən şərait yarada bilərdi. Ancaq bu ümidlər tezliklə puça çıxmışdı. Amerikanların Qafqazdan çıxması və 1919-cu ilin dekabrında keçirilmiş Azərbaycan-erməni konfransının lazımi razılaşmaların əldə edilməməsi səbəbindən, başlıcası erməni tərəfinin qeyri-konstruktiv mövqeyi ucbatından saziş pozuldu.

Ermənistan-Azərbaycan konfransının 2-ci iclası 14 dekabr 1919-cu ildə keçirilmişdir. Konfransın gündəliyinə hökumətlər arasında fikir mübadiləsi ilə razılaşdırılmış üç məsələ salınacağı qərara alınmışdı. Birincisi - ərazi məsələsi; ikincisi - qaçqınlar haqqında məsələ; üçüncüsü - ticarət və dəmiryolu sazişləri. Konfransda Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri Fətəli Xan Xoyski Cənubi Qafqaz respublikalarının konfederasiyası ideyasını irəli sürmüşdü.

Ümumiyyətlə, ermənilərin ərazi və ölkələr arasında sərhəd xəttinin müəyyən edilməsinə dair iddialarına görə, Azərbaycanla Ermənistan arasında sərhəd xətti Gəncə yaxınlığından keçərək Kür çayı boyunca uzanır, sonra isə Qarabağı ağuşuna alaraq Zəngəzur və Cəbrayıl qəzalarının inzibati sərhədləri boyunca İran sərhədlərinə qovuşurdu. Belə olduğu halda bütün İrəvan quberniyası və Gəncə quberniyasının əksər torpaqları ermənilərə verilməli idi. Ermənilərin gürcülərə qarşı olan, Tiflis quberniyasının bir hissəsinin və digər ərazilərin onlara məxsusluğu barədə iddiaları Gürcüstanı da bu qarşıdurmaya cəlb etmişdi.

Sovet dövründə Azərbaycanın tarixi ərazilərinin bədxah qonşuların əraziləri kimi göstərilməsi cəhdlərinə baxmayaraq, bəzi kənar mənbələrdə Azərbaycanın Ermənistanla mübahisəli sərhədləri barədə obyektiv məlumatlar da əksini tapmışdır. Rusiya ordusunun Mərkəzi dövlət arxivində Azərbaycan-Ermənistan sərhədlərini əks etdirən belə dəyərli sənədlərdən biri "Azərbaycan Sovet Sosialist Respublikasının mübahisəsiz ərazisinin Ermənistanla sərhəddinin təsviri"dir. Həmin sənəddən: "Azərbaycanla Ermənistanın sərhəddi Sürməli qəzasından Araz çayınadək olan əvvəlki inzibati sərhəddən keçir: Ağamzalı, Baş-Gərni və İmirzin kəndlərindən, daha sonra Yeni-Bəyazit və Şərur-Dərələyəz qəzalarından keçərək Göyçə gölündən elə dönür ki, Gözəl-Dərə kəndi Ermənistana, Daşkənd və Basarkeçər kəndləri Azərbaycana keçir. Sərhəd Göyçə gölünü yarıdan bölür, sonradan Gəncə və İrəvan quberniyalarından elə keçir ki, Çubuğlu kəndi Ermənistana, Göyçə gölünün qalan şərq sahili isə Azərbaycana qalır. Bu bölgü əsasında Azərbaycan ərazisinə Gəncə quberniyası və Sürməli, Naxçıvan, Şərur-Dərələyəz, İrəvan quberniyalarının bütün qəzaları, eləcə də Kəmərli, Böyük-Vedi və Dəvəli kəndləri ilə birlikdə İrəvan quberniyasının qəzaları, Yeni-Bəyazitin şərq hissəsi daxildir".

Azərbaycan və Ermənistan cümhuriyyətlərin mövcudluğu dövründə ərazi-sərhəd məsələlərinin çözülməsi səyləri sonadək davam etdirildi, ancaq həllini tapmadığı üçün hər iki respublikanın sərhədlərinin müdafiəsi üçün müvafiq tədbirlərin görülməsinə əngəllər törətməklə, bolşevik işğalına yol açan səbəblərdən birinə çevrildi.

Azərbaycan Xalq Cümhuriyyətinin Cənub sərhədlərinə gəlincə, bu sərhədlər 1828-ci il "Türkmənçay" sülh müqaviləsində müəyyən edilmiş xətt boyunca uzanırdı və müstəqil dövlətin qurulmasından sonra da bu sərhədlər əsasən dəyişilməz qalmışdı. İran tərəfi ilə sərhədlərin mühafizəsi məsələləri də daxil olmaqla münasibətlərin nizamlanması sahəsində danışıqlara gəlincə, 1919-cu il noyabr ayının 1-də Parisdə 4 maddədən ibarət İran-Azərbaycan İttifaqı haqqında saziş hazırlanmışdı. Həmin sazişə görə, Rusiyada hansı dövlət forması və quruluşa malik olmasından asılı olmayaraq, Qafqaz Azərbaycanı Azərbaycan nümayəndəliyinin Sülh konfransına təqdim etdiyi tələblərdə və xəritələrdə göstərilən sərhədlərdə qəti surətdə birdəfəlik Rusiyadan ayrılırdı. Orada, həmçinin, Azərbaycan özünün müstəqilliyinin tanınmasında, hər cür qəsdən qorunmasında, təhlükəsizliyinin təmin olunmasında, siyasi, iqtisadi və mədəni inkişafında, hərbi gücündə İranın etdiyi kömək şəklində, İngiltərənin də həqiqi köməyinə ehtiyac duyduğu göstərilirdi. Azərbaycan tərəfi bununla İngiltərənin müdafiəsinə nail olmağa can atırdı.

1919-cu ilin ikinci yarısına qədər Lənkəran qəzası və Muğanın bir hissəsi tamamilə müstəqil Azərbaycan hakimiyyətinin tabeliyinə keçməmişdi. Bu ərazilərdə qondarma Muğan Respublikası yaradılmışdı. Həm bu separatçı qüvvə, həm də dövlətə müqavimət göstərən digər silahlı dəstələr mövcud idi. Həmin qüvvələrin qəti surətdə məğlub edilməsi yalnız Hərbi Nazirliyin birləşmələri tərəfindən həyata keçirilən 1919-cu ilin uğurlu avqust hərbi əməliyyatından sonra mümkün oldu.

1920-ci il mart ayının 20-də İran tərəfi ilə bağlanmış dostluq haqqında müqavilə ilə isə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini de-yure tanıdığını təntənəli surətdə elan edən İran dövləti ikitərəfli münasibətlərin inkişafı, o cümlədən, sərhədlərin təhlükəsizliyinin təminatında maraqlı olduğunu göstərmişdi.

Xalq Cümhuriyyətinin qurucuları, xüsusən Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski Azərbaycanın tarixi ərazilərini bərpa etməsini, qonşu dövlətlərin özününküləşdirməyə çalışdığı torpaqların Azərbaycandan ayrılmasına imkan verilməməsini qətiyyətlə irəli sürür və buna danışıqlar vasitəsilə nail olunmasını təklif edirdilər. Həmçinin, sərhədlərlə bağlı hazırlanan və digər tərəfə təqdim edilməsi nəərdə tutulan layihələrdə Azərbaycanın hüdudları içində qalan qəza və sancaqların bir-bir sayılmasını, dəqiq göstərilməsini zəruri hesab edirdilər. Azərbaycan Parlamentinin 2-ci iclasında (1918-ci il, 10 dekabr) çıxış edən M.Ə.Rəsulzadə İrəvanla yanaşı, Tiflis quberniyasının bir hissəsinin də Azərbaycana məxsus olduğunu qeyd edir, Borçalının türk və müsəlmanlarla məskunlaşmış hissəsinin Azərbaycandan ayrılmayacaq bir bütövü təşkil etdiyini, eyni zamanda, Zəngəzur, Qarabağ uyezdinin yenə Azərbaycanın tərkib hissəsi kimi ondan ayrılmasının mümkünsüzlüyünü bildirirdi. Onun qeyd etdiyi kimi, Azərbaycan bu mübahisəli məsələləri daim demokratik mövqedən, qılınc ilə deyil, sülh ilə həll olunmasını hər zaman istəmiş, indi də istəyirdi. Arzu edirdi ki, Gürcüstan və Ermənistan hökumətləri öz aralarındakı ixtilaflı məsələləri məhz sülh və müsalimət ilə həll etsinlər.

Parlamentin 20 dekabr 1918-ci ildə keçirilən dördüncü iclasında Fətəli xan Xoyski deyirdi: "İkinci dəfə biz Gürcüstandakı səfərimiz vasitəsilə yenə təşəbbüsatda bulunduq. Səfirimiz gürcülər ilə bahəm layihə hazırladı ki, Tiflisdə beynəlmiləl Zaqafqaziya konfransı çağırılsın. Sizə məlum olsun ki, bu konfransın çağırılmasını biz özümüz təklif etmişdik. Konfransın layihəsi hazırlandı, təşrini saninin 10-na təyin edildi. Sonra 17-sinə, 20-nə, 30-na olmaq üzrə dörd dəfə təxir edildi. Fəqət bununla bərabər, konfransa gəlmədilər. Hökumət belə işləri təklif edib, bu xüsusda yazar, xəbər verər, daha gedib özgə hökumətlərin qolundan tutub gətirə bilməzdi".

1919-cu ilin mayında Denikin könüllülərinin Dağıstana hücum edərək Mahaçqala və Dərbəndi tutmaları, Azərbaycanın şimal sərhədlərini təhdid etmələri də hökumətdən daha sayıq olmağı tələb edirdi. Təəssüf ki, bir qədər sonra Bakı rayonundakı müttəfiq qoşunları komadanlığı da Azərbaycanın müdafiəsi üçün zəruri olan Xəzər donanmasını Azərbaycana deyil, general Denikinə verməyi daha məqsədəuyğun hesab etmişdi. Lakin Azərbaycan hökumətinin ciddi səyləri nəticəsində donanmanın müəyyən hissəsinin Azərbaycana verilməsi məsələsi həllini tapmışdı. 1919-cu ilin yayında ingilislərin Bakını tərk edərkən şəhər limanının idarəçiliyini, hərbi hissələrin radiostansiyalarını, hərbi gəmilərin və hərbi sursatın bir hissəsini Azərbaycan hökumətinin sərəncamına təhvil verməsi bu sahədə vəziyyətin müsbət istiqamətdə dəyişməsinə şərait yaratmışdı. Həmin gəmilərin əsasında Azərbaycanın Xəzər donanmasını yaratmaq mümkün olmuşdu. Rusiya tərəfinin bütün etiraz və açıq-gizli hədələrinə baxmayaraq, artıq 1919-cu ilin sonunda bir neçə hərbi gəmi və sualtı qayıq Xəzər dənizində dövlət sərhədlərini qoruyurdu. Bu, ayrıca bir məqalənin mövzusu olduğundan ona toxunmuruq. Ancaq bolşeviklər tərəfindən sürətlə cənuba sıxışdırılan Denikin 1920-ci il fevralın 7-də Azərbaycanı rəsmi olaraq tanıdığını elan etdi.

Cənubi Qafqaz respublikalarının müstəqilliyinə olan ciddi təhlükə, o cümlədən, Denikin təhlükəsi ilə əlaqədar 1919-cu il iyunun 16-da Azərbaycanla Gürcüstan arasında üç il müddətinə saziş bağlanmışdı. Həmin sazişin 4-cü maddəsində sərhəd məsələləri də əksini tapmışdı: "Razılığa gələn tərəflər onlar arasında meydana çıxa biləcək sərhədlər haqqında mübahisələri saziş və ya arbitraj yolu ilə həll etməyi öhdələrinə götürürlər".

Ərazi-sərhəd mübahisələrinin həllini sürətləndirmək və Cənubi Qafqazın yeni müstəqil dövlətləri arasında əlaqələri genişləndirmək məqsədilə Böyük Britaniya nümayəndəliyinin müraciəti ilə əlaqədar 1920-ci il martın 5-də Azərbaycan hökumətinə göndərdiyi məktubda nümayəndə Uordrop hər üç respublikanın siyasi və iqtisadi xarakterli münasibətlərə girəcəklərinə öz hökumətinin ümidlərini ifadə etmişdi. O bildirirdi ki, London və qarşıdakı San-Remo konfransında bu ölkələrin sərhədləri məsələsinin müzakirəsi nəzərdə tutulduğu üçün Azərbaycan hökuməti tarixi-etnoqrafik dəlillərlə əsaslandırılmış ərazi tələblərinə dair ingilis nümayəndəliyinə xüsusi məruzə təqdim etsin və Qafqaz respublikalarının ən qısa vaxtda öz aralarında bir çox mübahisələri həll etmək üçün danışıqlara başlaması məqsədəuyğdur. Ancaq erməni tərəfinin yerlərdə sərhədlər məsələsini həll etmək mümkün olmadığından bu məsələnin Avropada müttəfiqlərin köməyilə həll edilməsi barədə əssasız iddiaları nəticəsində London konfransında həmin dövrdə Cənubi Qafqazdakı status-kvo təsdiq olunmadı. Çünki bu təkliflə Azərbaycan və gürcü tərəfi razılaşmamışdı. Gürcülər hər üç respublikanın arbitraj komissiyası yaradıb sərhədlər məsələsini həll etməsi, yalnız bu müsbət nəticə vermədiyi halda məsələnin Avropaya keçirilməsini təklif etmişdilər.

 

 

 





08.06.2022    çap et  çap et