525.Az

"Müharibə tanrısı"nın hökmü - Xaqani Cəfərli yazır


 

"Müharibə tanrısı"nın hökmü - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Artilleriya sahəsində çoxsaylı təkmilləşdirmələrin müəllifi olan artilleriya zabiti fransız Jan-Batist Vaget de Qriboval artilleriyanı "Müharibə tanrısı" adlandırmışdı. Hərb tarixində müstəsna isimlərdən olan general Napoleon da artilleriyaçı idi. Buna görə də piyada qoşunlarında xidmətə göndərildiyi zaman etiraz olaraq istefa etmişdi.

Rusiyanın "xüsusi hərbi əməliyyat" adı apardığı müharibə gözlənilmədən artilleriyanın hələ də önəmini saxladığını, hətta yenidən önə keçdiyini üzə çıxardı. Buna görə də Vaşinqtonun Kiyevə vəd etdiyi HIMARS reaktiv yaylım atəşi sistemlərinin müharibədəki vəziyyətə neçə təsir edəcəyi əsas müzakirə mövzularının önündə gəlir.

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinə hava hücumundan müdafiə radarları, əks batareya radarları, Mi-17 helikopterləri, nəqliyyat vasitələri, tank əleyhinə silahlar, artilleriya sursatları və M142 HIMARS reaktiv yaylım atəşi sistemləri daxildir. Bütün hərbi yardım paketinin dəyəri 700 milyon dollardır.

ABŞ-ın Ukraynaya göstərdiyi növbəti hərbi yardım paketində də xüsusi diqqət yüksək mobil universal taktiki raket və artilleriya sistemi olan HIMARS-a (High Mobility Artilleriy Rocket System - Yüksək Hərəkətli Artilleriya Raket Sistemi) verilməlidir. Sistem 5 ton ağırlığında FMTV (Family of Medium Tactical Vehicles) təkərli şassi üzərində hazırlanıb.

HIMARS-ların Ukraynaya verilib-verməyəcəyi qeyri-müəyyən idi. İlk öncə ABŞ prezidenti Co Bayden bu silahların Ukraynaya verilməyəcəyi haqqında açıqlama verdi. Həmin açıqlamadan üç gün sonra prezident Co Bayden ilk fikrinin əksinə olaraq Ukraynaya HIMARS reaktiv yaylım atəşi sistemlərinin veriləcəyini bəyan etdi. Qeyri-rəsmi məlumatlara görə, prezident Co Baydenin mövqeyini dəyişməsi dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin təkidli mövqeyi sayəsində gerçəkləşib. Yeri gəlmişkən, qeyd edim ki, Vaşinqton rəsmiləri arasında Rusiyaya qarşı ən sərt mövqe sahibləri kimi dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin adı çəkilir.

ABŞ-ın Ukraynaya HIMARS sistemlərini verməsi, NATO ölkələrinə də Ukraynaya bu silahlardan Kiyevə vermək imkanı yaradıb. Bunun nəticəsidir ki, ABŞ-ın ardınca Böyük Britaniya da Kiyevə M270 MLRS reaktiv yaylım atəşi sistemlərinin göndərəcəyini elan edib. London artıq bu qərarın Vaşinqtonla razılaşdırdığını açıqlayıb. Çünki M270 MRLS reaktiv yaylım atəşi sistemləri də ABŞ istehsalıdır. Vaşinqtonun razılığı olmadan ABŞ istehsalı silahları üçüncü dövlətə vermək qadağandır. İndi isə ABŞ artıq Ukraynaya reaktiv yaylım atəşi sistemlərinin verilməsi üçün bütün müttəfiqlərinə izn verib. Qeyd edək ki, Böyük Britaniyanın Ukraynaya verdiyi M270 MLRS sistemlərindən daha 17 ölkədə var. Bu ölkələrin hamısı "Ukrayna üzrə təmas qrupu"nun üzvləridir. Polşa isə M270 MLRS sistemlərindən ala bilmək üçün ABŞ-a sorğu göndərib. Ehtimal olunur ki, Polşa həmin sistemlərin önəmli bir hissəsini Ukraynaya verəcək. Bu isə Rusiya-Ukrayna qarşıdurmasında qüvvələr nisbəti kəskin dəyişə bilər.

Əgər siyasətçilər və diplomatlar 300 kilometrə qədər uçuş məsafəsinə malik olan və buna görə də Rusiya ərazisinə zərbə endirməyə imkan verən bu sistemlərin münaqişəni daha da alovlandıra biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlərsə, hərbi ekspertlər artilleriyanın öz əhəmiyyətini artırması məsələsi ətrafında müzakirə aparırlar.

Ukrayna rəsmiləri Kiyevin Rusiyaya zərbə endirmək niyyətində olmadığını təkidlə bildirirlər. Ancaq Kiyevin bu açıqlamaları Moskvadakı narahatlıqları aradan qaldırmayıb. Kreml rəsmiləri mövqelərini Ukrayna tərəfinin təminatlarına etibar etmədikləri ilə əsaslandırmağa çalışsalar da, hərbçilər Rusiyanın bu silahlara qarşı müdafiə sisteminin zəif olduğunu etiraf edirlər.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev xəbərdarlıq edib ki, əgər bu növ silahlardan Rusiya ərazilərinə qarşı istifadə olunarsa, Ukraynanın qərar qəbuletmə mərkəzlərinə zərbə endirəcəklər. Oxşar açıqlama ilə bir müddət öncə Rusiya prezidenti Vladimir Putun də çıxış etmişdi. Kreml rəsmiləri Ukraynanın HIMARS reaktiv yaylım atəşi sistemləri vasitəsilə Rusiya ərazisini vura biləcəklərindən narahatdır. Məlum olduğu kimi, Rusiya Ukrayna ilə həmsərhəd ərazilərdə ehtiyat qüvvələri saxlayır, hərbi sursat və yanacaq anbarları yerləşir. Əgər Ukrayna bu obyektlərə zərbə vursa, Rusiya böyük itki ilə üzləşəcək.

Rusiyalı hərbi ekspertlərə görə, HIMARS və MRLS-nin məhv edilməsi Rusiya silahlı qüvvələrinin qarşısında duran əsas vəzifədir. Ekspertlərə görə, Rusiya ordusu bu vəzifəni dəniz və havadan atılan qanadlı raketlərin, eləcə də bütün mümkün aviasiya silahlarının köməyi ilə həyata keçirə bilər. Hərbi ekspertlərə görə, Qərbin Ukraynaya verəcəyi reaktiv yaylım atəşi sistemləri məhv edilməsə, Rusiya ordusunun ağır itkilər verməsi qaçılmaz olacaq.

Bütövlükdə isə doqquz əsr öncə meydana çıxan artilleriyanın hərbi əməliyyatlarda əhəmiyyətinin artdığı halda cəmi bir əsr öncə meydana çıxmış tanklar gərəksiz "əşya"ya çevrilir.

Məmlüklərin monqollara artilleriyanın sayəsində qalib gəldiyi tarixdən bu günə kimi bu silah "Müharibə tanrısı" olaraq qalır və belə görünür ki, yenidən önə çıxır. Əks halda dünyanın ikinci ən güclü ordusuna malik olduğu söylənilən Rusiya Ukraynaya HIMARS və MRLS-nin verilməsindən bu qədər narahat olmazdı.

 





08.06.2022    çap et  çap et