525.Az

Olur bəzən... - Günay Ümid


 

Olur bəzən... - <b style="color:red"> Günay Ümid</b>

Olur bəzən...

Olur bəzən

Gözlərinə köçər dolu buludlar

Göyüzünü kipriklərinlə

Qucaqlayıb

Ürəyinə axıdarsan yağışları.

Olur bəzən

"Sevirəm" demədən də

sevə bilər insan.

Məsələn,

Göz yaşlarının arxasındakı

Gülüş kimi,

Buludların arxasından

Boylanan günəş kimi...

Böyük bir sükut var aramızda

Susduqca qulağını batırırıq

Məsafələrin...

Sən mənə bir vüsal uzaq,

Bir həsrət yaxın...

Səninlə unutdum

Bu dünyanın doğmasını

Yadını...

Bütün əzbərləri

pozduğum gecələrdə

Əzbərlədim adını...

Səni sevmək üçün

bir az ah olmaq gərəkmiş,

Bir az günah.

İslaq saçlarımın ucunda

Bir dəniz üşüyər.

Ləpələri döydükcə ürəyimi

Giziltiyə dönərsən...

Yosun qoxusu

Dağılar ətrafa üzərlik əvəzi...

Və sən mənə üzdükcə

Çoxalar məsafələr...

Əgər yorulmasan,

Bu dənizin dərininə dalmağı

Öyrən...

Əgər yorulmasan,

Sənə get deyəndə qalmağı

Öyrən...

 

Bizi kim aldatmışdı?!

 

Bizi kim inandırmışdı

Şeir,

Roman olacağımıza?!

Nağılda qalacağımıza?!

Bizi kim aldatmışdı

Hisslərin leysanında

Hərif-hərif doluya

Düşəcəyimizə?!

Göy qurşağında

Görüşəcəyimizə?!

İndi biz sətirlərin qucağından

Vərəqlərin qoynundan qopub

Səhifə-səhifə

uçuşduqca göy üzündə

Ayağımızın altından qaçır

Yer kürəsi...

İlişirik dünyanın boğazına...

Çırpıldıq həqiqətin üzünə...

Batdıq günahların gözünə.

Daha bu kitabın

Qopmuş vərəqlərində

Sevgi qanayır...

Sovrulan sətirlərlə

Külək oynayır...

Səpələnmiş vərəqlərdə

Ümid dayanacağımız

Elektrik dirəkləri,

paltar zivələri...

Görüş yerimiz

Həsrət zirvələri...

Sərçələr

Hərif-hərif parçalayacaq

Hekayəmizi

Səhifələrin hələ pozulmamış

Sətirlərindən

Bir səs yapışacaq bütün

Romanların,

Şeirlərin yaxasından,

Susqunluğuyla qışqırıb

Deyəcək:

- Ən çox

Bizim haqqımız deyildimi

Qalmaq?!

Ən çox

Bizim haqqımız deyildimi

Getmək?!

Və ən çox

Bizim haqqımız deyildimi

Dəli olmaq?!

 

Qəhvə falı

 

Saçlarım

Edam ağacına çevirdi

Əlimdəki darağı...

Bir şeir qucaqladı

Masadakı varağı...

Otağın boğazında düyünləndi

Gecəyə bağışladığım

bir qəmli nəğmə...

Sükutu yaraladı

gözlərdən asılan

bir nəmli kəlmə...

Biz susduq...

Hıçqıra-hıçqıra

mahnı dedi sözünü..

İki fincan qəhvə ovuşdurdu

Yorğunluğun gözünü...

İnamsızlığımızın üzünə

Fincanları aşırdıq,

Gələcəyi uydurmaqçün

Qəhvəni fala tapşırdıq...

Arzular süzülüb səpələndi

fincanın dərinliyindən

Yol-yol, cığır-cığır...

Guya ki, bütün yollar

Arzulara yetirmiş...

Guya ki,

bizi qismət bir araya gətirmiş...

Gecə damcı-damcı süzüldükcə

mürgülədi boş yataq...

Külək köks ötürdükcə

Pərdə-pərdə dilləndi otaq...

Sən demə,

Bütün nağıllar elə bitənə qədərmış...

Sən demə,

Bütün arzular elə çatana qədərmiş...

Sənin nağılın olum

Bircə cümləlik, kiçik

Mən sənin arzun qalım,

Mənə çatmağa gecik...

Daha məndən sənə qədər

Zaman işləməz sabaha.

Günahın qoluna girib,

Kölə olarıq bir aha...

Axı sən də bir yol idin,

yarımçıq və kələ-kötür...

İndi ya qır fincanını,

Ya da bu nəğməni bitir!

 

 

 





08.06.2022    çap et  çap et