525.Az

Zəfərin mübarək, Şuşa!


 

Zəfərin mübarək, Şuşa!<b style="color:red"></b>

Şuşada ilk dəfə 1985-ci ildə olmuşdum. İkinci dəfə I Qarabağ müharibəsi zamanı - 12 may 1992-ci ildə qismətimə yazılmışdı. Daxili İşlər nazirinin müvafiq əmri ilə 50 nəfərdən ibarət şəxsi heyətin komandiri kimi Laçına - Turşsuya ezam olunmuşduq. Şuşa işğal altında idi... Sonuncu dəfə isə zəfərdən sonra, 12 sentyabr 2021-ci ildə... Gördüklərim məni yaman sarsıtmışdı...

Zəvvar kimi aydın səmalı bir vaxtda - sentyabrın 12-ci günündə ziyarətinə gəldik.

İzninlə qollarımı boynuna salıb, səninlə qolboyun oluram. Mən, bu dumansız və sakit səmada ulduzların ən uca üfüqdə bərkidildiyi tavanı da aydın görürəm. Gördüklərim İlahi hikmət və əzəmətin təcəllasdır, ay Şuşa!

İndi qoynundayıq. Hər birimizin ruhu dincəlir...

Belə xoş anlarda unudulmaz və ömrümüzə yazılmayacaq günləri xatırlamaq istəməzdim. Axı keçmişi varaqlayıb köks ötürməyin nə mənası!? Onsuz da "o günlər" yaddaşlardan silinməyəcək!

Bu düşüncələrlə ibadət üçün Gövhər Ağa məscidinə tələsdim... Vədə xilaf çıxmadım, "Hacı, biz gələ bilmədik. Allah xatirinə bizdən ötrü dualar et", - dost tapşırığını da  unutmadım... 

Bu ziyarəti bizə bəxş edib yaşadanlardan Tanrı razı olsun!

Bakıdan Şuşaya uzanan "Zəfər yolu"nun inşası bitmək üzrədir. Ordumuzun ilan kimi qıvrılan, çətin aşırımlı bu  dağ yolunu, sal qayaları necə aşıb Şuşanı girovluqdan və əsirlikdən azad etməsini sənədli film kimi gözümüzün önünə gətiririk... İgid övladlarımız düşmənin inamında və güvəncində cəhənnəm odunu qalamışdı... O qayalara baxdıqca igidlərimizin qəhrəmanlığına bir daha heyran qalırdıq.

Kitabı, dini və imanı bir, vicdanı, məsləki, əqidəsi və sevgisi danılmaz övladlarının uzun ayrılıqdan sonra yanında olması bir bayrama çevrilmişdi. Dərdinə aşina olduq.

Bundan sonra səninlə hər görüş bayrama çevriləcək, ay Şuşa!

Söz ustadlarından olan Molla Pənah Vaqifin məqbərəsini də ziyarət etdik. Qısa müddətdə Məqbərənin əvvəlki görkəmi məharətli sənətkarların əməyi sayəsində bərpa olunmuşdu.

Mərd kişilər bir araya gəlməsəydi, meydan təzələnməzdi. Səni qazanmaq üçün özünü qurban verib şəhadətə qovuşmaq məqsədiydi igidlərimizin, bu, müqəddəs arzuları və istəyiydi.

Yırtıcıların viran qoyduğu yerlər indi bərpa olunur, yenidən tikilir. Gördüklərimiz Ali Baş Komandan İlham Əliyevin qurucu islahatlarının, dünyaya örnək siyasətinin və diplomatiyasının canlı təzahürüdür. Qürur duyduq.

Şəhərlər Sultanı, mədəni, mənəvi və tarixi qalaların memarlıq  abidəsi, əzəməti və əsrarəngsiz təbiətin sahibi Şuşa, zəfərin mübarək!

Səmadan torpağına enən saf yağış damcılarının da inci tək qiyməti varmış, bilməmişik. O dürr damcılar bərəkətli torpağına bərəkət gətirib, anlamamışıq. Dar günündə əlindən yapışıb səni ayaq üstə qaldıran bu torpağın ərsəyə gətirdikləri, qolu bükülməz Vətən oğulları necə də təbəssümlü və məğrurdular! Gəldik ki, doğmalıq itməsin, qala qapıların bağlanmasın, sənin biçimli, ağayana davranışının və qonaqpərvərliyinin bir daha şahidi olaq!

Tanrıya şükürlər olsun ki, təbiət də səxavətini və möcüzələrini Səndən əsirgəməyib. Cıdır düzünü seyr edib gəzdikcə sevincimizin meydanını geniş gördük. O sıldırım qayalara igidlərimizin barmaq və ayaq izləri həkk olunub. Onu daha bir kimsə itirə bilməz...

Torpağında addımlayırıq...

Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbülün güllələnmiş büstlərinə ürək ağrısı ilə baxırıq... Düşmən xatirələri əbədiləşdirilən xadimlərimizin heykəllərindən də ehtiyatlanırmış. Ona görə heykəlləri də güllələyib, məzarlıqları viran qoyublar. O qaniçən yağılar ölülərimizdən də qisas alıblar...

İndi qoynunda,  ay Şuşa, hər şey aşkar və sakitdir. Təbiətin saf, insanların əxlaqı təmiz, əyilməz vüqarın dəyəri ölçülməz cah-cəlal rəmzidir. Ziyarətinə gələnlərin üzünə gülümsə və olub keçənlərə keçmiş olsun", - de, əzəli təmkinini saxla. Sən musiqinin və musiqiçilərin beşiyi olan "pərdə" içrə qərar tutmusan. Bu vəziyyətdə məqamın çox uca zirvələrdədir...

Fələk zalımlıq və hoqqabazlıq etdi. Heç kimin xoşuna gəlmədiyi məkrli bir plan cızdı. İşğal "bağçasını" suladı. Ədalət hərarəti olmayan yad əllərə möhtac qaldı.

30 ildən sonra baş tutan görüşdə mənə elə gəldi ki, valideyn-övlad təmasının ürək didən səhnəsinə və uzun illərin səbrü-qərarına artıq son qoyuldu...

Bu gün Sən, hər birimizin gözündə Şuşada qürub edib, elə Şuşada da dan yerini qanadıb al rəngə boyadan günəşə bənzəyirsən. Bizlər başına dolanan pərvanələrik. Minnət olsun canımıza!. "Can nədir ki, onu qurban etməyək Şuşamıza?!"

Hüzurunda əmrinə müntəzirik. Tapşırığını ver, təlimatlandır.

Bir zamanlar ixtiyarsız olmuşuq. Günahlarımızı səmimiliklə etiraf edirik. Amma ağa kərəmsiz, qul xətasız olmaz ki, ay Şuşa!..

Bu günü çox gözlədik, Sənə qovuşmaq üçün çox çalışdıq. Yenə etiraf edim ki, nə vaxtsa görüşəcəyimizə ümidimiz qalmamışdı. Vətən torpağına isə tükənməz sevgimiz varıydı, var və yenə olacaq. Növbəti görüşlərədək, Şuşa!

 

 





08.06.2022    çap et  çap et