525.Az

Ermənistanda "əsəb müharibəsi"


 

Ermənistanda "əsəb müharibəsi"<b style="color:red"></b>

Ermənistanda müxalifət aprelin 25-dən başlayaraq baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fasiləsiz etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarının əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərir. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiya və yürüşlərində Azərbaycan əraziləri ilə bağlı da təxribatçı çağırışlar edirlər.

Aksiya iştirakçıları dövlət qurumlarının binalarına hücum edir, iğtişaşlar yaratmağa çalışırlar. Bir neçə gün öncə polislə etirazçılar arasında baş vermiş toqquşmada 60 nəfər xəsarətlər alıb ki, onlardan da 39 nəfəri polis əməkdaşıdır. Hadisə ilə bağlı bağlı artıq 10 nəfər həbs edilib. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, 15 nəfər təqsirləndirilən şəxs qismində prosesə cəlb edilib və onlara qarşı kütləvi iğtişaşların təşkili maddəsi ilə ittiham irəli sürülüb.

Məlumdur ki, bu aksiyaları təşkil edən, iğtişaşlar yaratmaqla hakimiyyəti devirməyə çalışan revanşist qüvvələrin başında 90-cı illərin əvvəlində Azərbaycan ərazilərində çox sayda müharibə cinayətləri törətmiş canilər dayanır. Həmin şəxslər illərlə öz xalqına qarşı da cinayətlər törədiblər. Buna görə də indi müxalifət adı ilə meydana çıxsalar da xalqdan istədikləri dəstəyi ala bilmirlər. Erməni xalqı bir daha sarkisyanların, koçaryanların hakimiyyətə gəlişinə imkan vermək niyyətində deyil.

Hazırda həm Brüsselin (Avropa İttifaqı), həm də Moskvanın ev sahibliyi ilə Azərbaycanla Ermənistan arasında müharibədən sonra qalan məsələlərin həlli, o cümlədən, kommunikasiyaların açılması, sülh sazişinin imzalanması ilə bağlı danışıqlar aparılır.

Bu gün acınacaqlı durumda olan Ermənistanın yeganə xilas yolu qonşu ölkələrlə normal münasibətlər yaratmaqla iqtisadiyyatın dirçəldilməsi və sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına nail olmaqdır. Bunu Paşinyan hökuməti aydın dərk edir. Ermənistan müxalifəti isə revanşist çağırışları davam etdirərək, prosesə mane olmağa çalışır.

Milli Məclisin deputatı Rasim Musabəyov Ermənistanda baş verən aksiyaların necə nəticələnə biləcəyi və bunun Bakı-İrəvan danışıqlarına təsirini "525"ə şərh edib. Millət vəkilinin sözlərinə görə, Paşinyan hökuməti bu aksiyaların nəticəsində müəyyən qədər təzyiq altındadır: "Müxalifətin məqsədi məlumdur, onlar Nikol Paşinyanı devirmək istəyirlər. Digər məsələlərdə isə bu aksiyalar elə böyük təsir imkanlarına malik deyil".

Deputata görə, müxalifət Paşinyanı devirmək üçün kifayət qədər kütlə toplaya bilmir: "Ona görə də istəklərinə nail olacaqlarını düşünmürəm. Amma məsələnin digər tərəfi də budur ki, əsəb müharibəsi gedir. Polisə hücumların olduğunu görürük. Onlar da buna cavab olaraq zorakılığa əl atıb 3-4 nəfəri öldürsələr, bəli, bu, vəziyyəti gərginləşdirə bilər. Ancaq hələlik müxalifət küçə təzyiqi vasitəsi ilə Paşinyanı hakimiyyətdən devirmək gücündə deyil".

Aksiyaların Azərbaycan-Ermənistan danışıqlarını ləngidə bilməsinə gəlincə, deputat bunun əksini düşünür. Onun sözlərinə görə, Nikol Paşinyan özü istəmədiyi hansısa bir addımları ləngitmək üçün etirazlardan istifadə edir.

Ermənistanda bəzi ekspertlər aksiyalarda rus izinin olması qənaətindədirlər. Erməni politoloq Levon Şirinyana görə, mitinqləri Rusiya təşkil edir. O, dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına hücum ediıldiyini deyərək, bunu iğtişaş adlandırıb: "Aydındır ki, burada rus izi, yəni ölkəni qeyri-sabit saxlamaq məsələsi var. Onların əhəmiyyətli bir hissəsinin Rusiya KQB-nin keçmiş agentləri olduğuna heç bir şübhəm yoxdur. Həmin agentlik şəbəkəsi vasitəsilə bütün bunlar koordinasiya edilir".

R.Musabəyov isə Rusiyanın aksiyaların təşkilatçısı olmadığını, sadəcə maliyyənin müxtəlif vasitələrlə bu ölkədən gəldiyini düşünür: "Ermənistanın Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri, deputat Artur Vanetsiyanın qardaşı "Rosneftdə"çalışır, ordan pul gəlir. Digər mənbələr də var. Amma Rusiya çalışır ki, kartların ikisini də - Paşinyanı da, onun rəqiblərini də əlində saxlasın".

R.Musabəyov söyləyib ki, regionda kommunikasiyaların açılması və Azərbaycan-Ermənistan sərhədlərində sabitliyin davam etməsi Rusiyanın maraqlarına cavab verir: "Bu məsələdə maneə yoxdur. Sadəcə Rusiya Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasında tələskənlik istəmir, bu da Qarabağda qoşunlarını saxlamaq üçün əlində bəhanə olması istəyindən irəli gəlir".

PƏRVANƏ

 

 





09.06.2022    çap et  çap et