525.Az

Azərbaycançılıq: birgəyaşayışın müasir və mükəmməl modeli


 

"ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCANÇILIĞIN BÜTÜN DÜNYA AZƏRBAYCANLILARINI BİRLƏŞDİRƏN İDEOLOGİYA HALINA GƏLMƏSİNİ TƏMİN ETDİ"

Azərbaycançılıq: birgəyaşayışın müasir və mükəmməl modeli<b style="color:red"></b>

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov deyir ki, Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Azərbaycançılıq ideologiyası XIX əsrin sonu - XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşmış və bir əsr ərzində davamlı təkamül yolu keçib. Ümummilli lider Heydər Əliyev azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsini, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsini təmin etdi və bu, Ulu öndərin daha bir tarixi xidmətidir. Heydər Əliyev hələ Sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdi. Həmin dövrdə Heydər Əliyev ölkədən kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, Azərbaycan diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 1990-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü diaspor müstəqil Azərbaycanın dayağıdır.

Rəvan Həsənovun sözlərinə görə, ideologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilib: "Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olmuşdur. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşmişdir. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.

Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir".

Azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar etməyərək hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünü ucaldan və ona şərəf verən vətəndaşlıq mövqeyidir.

Azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. İdeologiya kimi, azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin mühüm əsasını təşkil edir.

Rəvan Həsənov bildirib ki, Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə bu ideologiyanı zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək demişdir: "Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır".

Millət vəkili Musa Qasımlı bildirib ki, Azərbaycan xalqı milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq müxtəlif enişli-yoxuşlu yollardan, tarixi dövrlərdən keçərək inkişaf edib, zənginləşib. Hansı etnik kökə mənsub olmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını tək vətən, tək dövlət, tək bayraq, tək millət ətrafında bərabər şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ilə dövlətimizin və millətimizin bu günü və gələcəyi sıx bağlıdır. Azərbaycanda etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar Azərbaycan millətidir. Ona görə də azərbaycançılıq ilk növbədə ailədən, uşaq bağçasından, məktəbdən və cəmiyyətdən gəlməlidir: "Azərbaycançılıq təkcə vətəni, dövləti sevmək deyil, hər bir şəxsin olduğu yerdə onun sabit və davamlı inkişafı, dəyişən dünya reallıqlarına uyğun olaraq tərəqqisi və təhlükəsizliyi üçün çalışması deməkdir. Vətəndaşlarımızı birləşdirən bu ideologiyanın inkişafı yolunda əngəl olan, xüsusən, millətimizin birliyi və ölkəmizin bütövlüyünə qarşı yönəldimiş bütün, ən xırda cəhdlərin qarşısı amansızlıqla alınmalıdır".

Millət vəkili Fazil Mustafa  Azərbaycançılıq ideyası hamının bərabərhüquqlu Azərbaycan vətəndaşı olmasını təmin etmək üçün düşünülmüş birgəyaşayış modelidir. Bu modelin təşviqi, insanların özlərini millətindən, irqindən, cinsindən, dini mənsubiyyətindən asılı olmayaraq, real zəmində bərabərhüquqlu hiss edə bilsinlər deyə vacibdir. Ona görə də son illərdə Azərbaycanda bu istiqamətdə daha böyük işlər görülür və bu, təqdir olunandır. Azərbaycançılıq həm də Azərbaycanı parçalamaq istəyən qüvvələrə qarşı yönələn cəmiyyətin vazkeçilməz silahıdır. Bu model durduqca, Azərbaycan cəmiyyətinin içində parçalanma meyllərini gücləndirmək mümkün olmayacaq: "Bu ideyanın tarixi kökləri çox dərin deyil, Azərbaycan Cümhuriyyətinin yaranmasından sonra belə bir ideya ortaya çıxdı və daha çox 1990-cı illərdən sonra populyarlaşmağa başladı. Hesab edirəm ki, xüsusilə də 1990-cı illərdə bir az Sovet dövründən qalan azərbaycanlı modelinin inkişaf baxımından, etnik mahiyyət baxımından zənginləşdirilməyə çalışılsa da, buna etnik fenomen kimi baxılması yanlışdır. Çünki Azərbaycançılıq içində müxtəlif xalqları təmsil edən və dominat olaraq Azərbaycan türklərinin çoxluq təşkil etdiyi, azlığın hüquqlarının məsuliyyət daşıdığı bir modelin tanıtımıdır. Yəni bunu etnik kimlik tanıtımı kimi deyil, vətəndaş birliyi modeli kimi təqdim etmək. daha faydalıdır. Burada hər kəs fərqli din, dil, mədəniyyət anlayışlarını bir kənara qoyub, birlikdə bərabərlik göstərməyə meyl göstərəcək. Əsas fikri bu istiqamətə yönləndirmək lazımdır və Azərbaycançılıq ideyasını bu yöndə təbliğ etmək daha faydalı olar. Bu, həm də, elmi cəhətdən də əsaslandırılmış müəyyən nəticələr ortaya qoya bilər".

Sevinc QARAYEVA

 





09.06.2022    çap et  çap et