Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) "Dünya və teatr Qodonu gözlərkən" mövzusunda Beynəlxalq Teatr Konfransı keçirməyi planlaşdırır.
Universitetin 100 illik yubileyi münasibəti ilə "ADMİU 99+" layihəsi çərçivəsində onlayn formatda keçiriləcək Konfrans 22-23 noyabr 2022-ci il tarixində Bakı şəhərində baş tutacaq.
Konfransın mövzusu S.Bekketin absurd şedevrinin adı ilə əbəsdən səsləşmir: çünki dünyamızın gerçəklərinə, teatr sənətinin çağdaş durumuna aktual refleksiya kimi düşünülüb. Bu gün dünya, cəmiyyət qloballaşma ilə, robotlaşma ilə, ünsiyyətsizlik kollapsı ilə, zəncirvari reaksiya üzrə permanent davam edən lokal müharibələrlə, sosial şəbəkələrin həyasız anarxizmilə üz-üzədir. Bu gün teatr sənətinin də taleyi müəmmalıdır. Amma bununla belə hamı, istər dünyada, istər sənətdə nəyəsə ümid bəsləyir, nəyisə gözləyir. Bu gün Bekketin Qodosu hamının məchul ümidinin rəmzinə çevrilib.
Konfransın məqsədi də dünya və teatr "Qodonu gözlərkən" vəziyyətinə düşmüşkən reallıqda nə baş verdiyini, hansı proseslər getdiyini, teatr sənətini hansı perspektivlər gözlədiyini, müasir zaman kontekstində teatr vektorunun hansı səmtə istiqamətləndiyini, qismən də olsa, aydınlaşdırmaq və çoxsaylı suallara səslər, fikirlər polifoniyasında cavab axtarmaqdır.
Təşkilat komitəsi bu suallara cavab tapmaq istəyən bütün mütəxəssisləri, həmçinin, doktorant, dissertant və magistrantları konfransda iştiraka dəvət edir.
Zoom platforması üzərindən keçiriləcək Konfransın işçi dilləri Azərbaycan, rus, fars, türk və ingilis dilləridir.
Konfrans haqqında daha geniş məlumat və şərtlərlə ADMİU-nun http://admiu.edu.az/ və konfransın informasiya dəstəkçisi http://www.teatro.az saytlarında tanış olmaq olar.
Ş.MÜŞFİQ
çap et