525.Az

Həyat özü boyda qəm dənizidi - Seyid Malikin şeirləri


 

Həyat özü boyda qəm dənizidi - <b style="color:red"> Seyid Malikin şeirləri</b>

Seyid Malik 1987-ci ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Laçın rayonu işğal ediləndən sonra, 1992-ci ildə ailəsi ilə birlikdə Biləsuvar rayonunda məskunlaşıb. İxtisasca müəllimdir. Ədəbi yaradıcılığa erkən yaşlarından başlayan Seyid Malik iyirmi ildən artıqdır dövri-mətbuatda çıxış edir. "Qarabağın qara günü" və "Sevə bilsəm ayrılığı" adlı iki şeir kitabı işıq üzü görüb. Azərbaycan milli mətbuatının yaranmasının 136-cı ildönümü və "Məhsul" rayon qəzetinin 80 illik yubileyi münasibətilə Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman və diploma layiq görülüb.

 

Həyat özü boyda qəm dənizidi

Həyat özü boyda qəm dənizidi,

Kim bilir bu ahdan aha nələr var.

Yalan adasıdı, ilğım düzüdü,

Eh, nələr görmüşük, daha nələr var.

Səhər də elə bil duru axşamdı,

(Ulu göylərin də nəm gözü damdı).

Umud son nəfəsin verən bir şamdı,

Başına dolanan pərvanələr var.

Ürək bir yarpaqdı, - o da bir para,

Sağalmaz bir ömür aldığı yara.

Çırağı yanmayan könüllər sıra -

Ocağı qaralan nə xanələr var.

Gerçək yalandırsa, nağıl neyləsin,

Qəhər acıdırsa, noğul neyləsin?!

Dəli yığınına "ağıl" neyləsin,

Neyləsin mənim tək divanələr var.

Sarılmışıq bir gümana həpimiz,

Kim ovudar, ovutmasaq bizi biz!

Şükür, üzülməyib tamam ipimiz,

hələ sevinməyə bəhanələr var...

 

Əksi çaya düşən ay

 

Əksi çaya düşən Ay,

Sevgilimə bənzədin.

Nisgilliyəm bu axşam,

Nisgilimi bəzədin.

 

Bir quşam qanadım yox,

Yar dilində adım yox.

Mənim bir muradım yox,

Dərdimi təzələdin.

 

Arzusu, diləyi min,

Ağrısı, göynəyi min.

Üşüyən ürəyimin

Çuxasını gözədin.

 

Daha qalmayıb dözüm,

Birdi gecəm, gündüzüm.

Heç demədim, gül üzlüm, 

Niyə belə elədin.

 

Vermə qəti toxtaqlıq,

Məhv olmuşa nə qılıq?!

Suyum soğulub artıq,

Dənimi də ələdin.

 

Sevə bilsəm ayrılığı

 

Yağlı dili salma işə,

Gəl başlama tez qılığı.

Elə bilmə bu həmişə

Düzəldəcək aralığı.

 

Nə söylərsən əvvəlcədən,

Bildiyimiz bilməcədən.

Bəhanəni çək gecədən,

Üzə tutma qaranlığı.

 

Qayğın qəlbi üşüdəndə,

Ağrın alım, durma gendə.

Uzun olur bir ildən də

Ayrılığın bir anlığı.

 

Gəl ki, dəli dərd ütməsin,

Ömrü hədər üyütməsin.

Boz kinimiz kirlətməsin

Bu saflığı, arılığı.

 

Anla dərdli dərvişini,

Yubatma sən gəlişini.

Gözlərdimmi görüşünü,

Sevə bilsəm ayrılığı.

 

Deyirlər ki, dərd öldürür adamı...

 

Deyirlər ki, dərd öldürür adamı,

Sənin dərdin yaşadırmış, sən demə.

Son nəfəsdə yetirirmiş özünü,

Əzrayıla daş atırmış, sən demə.

 

Başım itib dağ üstümə gələndə,

Min bir qayğı bircə himə gələndə,

Qəmim coşub, dərdim dəmə gələndə,

Sevgin yasa yas tuturmuş, sən demə.

İnsan yaşar inamı sağ olanda,

Həsrətinə umud ortaq olanda.

Bilirsənmi, özün uzaq olanda,

Xəyalların baş qatırmış, sən demə.

 

Gəlsə dilə, dönsə sözə ayrılıq,

Nə deyəcək bizdən bizə ayrılıq?!

İndiyədək aramıza ayrılıq

Əbəs yerə gəlib durmuş, sən demə.

 

İnanmazsan bu yaşında Malikin,

Yad bir iz yox yaddaşında Malikin.

Ürəyinin düz başında Malikin

Ulu eşqin yuva qurmuş, sən demə.

 

Qayıdış şeirlərindən

 

İlk həsrətim, son istəyim, ay Laçın,

Ayaqyalın dağ aşmağa gəlirəm.

Ürəyimdə yuvalanıb gileylər,

Bircə-bircə danışmağa gəlirəm.

 

Neçə ildi mələr mənəm, mələr sən,

Nə çəkmişəm, necə deyim biləsən.

Bizdən sonra nələr gördün, nələr sən?!

Necə dözdün, soruşmağa gəlirəm.

 

Şükür, açdı şanlı ordum yolunu,

Üz bozardıb tökmə qara dolunu.

Ağrın alım, qolunu aç, qolunu,

Qol boyunda sarışmağa gəlirəm.

 

Az gəzmədim ayaz vuran çölləri,

İlıq olmur qəribliyin yelləri.

Arda qoyub qaçqın, köçkün illəri,

Xoş gününlə yarışmağa gəlirəm.

 

O uşağam, sən yadına sal məni,

Aldı getdi bir yumrulmuş yol məni.

Ana Yurdum, ağuşuna al məni,

Torpağına qarışmağa gəlirəm.

 





10.06.2022    çap et  çap et