525.Az

Azərbaycan və Pakistan münasibətlərinin 30 ili


 

"AZƏRBAYCANIN PAKİSTANA BÖYÜK SƏRMAYƏ QOYMASI, ŞÜBHƏSİZ Kİ, BİZİM XOŞ NİYYƏTİMİZİ VƏ ƏLAQƏLƏRİMİZİ GÜCLƏNDİRƏCƏK"

Azərbaycan və Pakistan münasibətlərinin 30 ili<b style="color:red"></b>

 

Azərbaycanla Pakistan arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqla yanaşı, işğalçı siyasətinə görə indiyədək Ermənistanı dövlət kimi tanımayan az sayda ölkələrdən biridir. Hələ də Pakistanla Ermənistan arasında hər hansı münasibət qurulmayıb. Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində də dost Pakistan ölkəmizin yanında oldu, onun haqq işini birmənalı şəkildə dəstəklədi. Diplomatik münasibətlərin 30-cu ildönümü ilə bağlı "525"ə danışan Pakistanın Azərbaycandakı sabiq səfiri Xalid Usman Qayser xatırladıb ki, rəsmi İslamabad Azərbaycanın müstəqilliyini tanıyan ilk iki dövlətdən biri olub.

- İki qardaş ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə onu deyə bilərəm ki, bu müddət ərzində mövcud potensialdan tam şəkildə istifadə olunmayıb. Bizim xoş niyyətimizi iqtisadi, sərmayələr, təhsil və mədəniyyət sahələrində əməli əməkdaşlığa çevirmək üçün çox şey tələb olunur. Müdafiə texnikası istehsalı sahəsində əməkdaşlıq və birgə müəssisələrin yaradılması imkanları da araşdırılmalıdır.

- İkinci Qarabağ müharibəsindən sonra ölkələrimiz arasında münasibətlərin daha da sıxlaşmasının və  genişlənməsinin şahidi oluruq. Bu, təbii ki, Pakistanın Azərbaycana qətiyyətlə dəstəyi ilə bağlıdır. Bu haqda fikirləriniz necədir?

- Azərbaycanın Ermənistan tərəfindən qanunsuz işğal olunmuş ərazilərini azad etməsi əlbəttə ki, məmnunluq doğurur. Buna Ali Baş Komandan Prezident İlham Əliyevin və cəsur ordunun sayəsində nail olundu. Pakistan dünyada yeganə ölkədir ki, Dağlıq Qarabağı qanunsuz işğal etdiyinə görə Ermənistanı dövlət kimi tanımayıb. Öz növbəsində Pakistan ictimaiyyəti də Kəşmir mübahisəsində Azərbaycandan daha böyük dəstək gözləyir. Hindistanın işğalı altında olan Cammu və Kəşmirdə silahsız və günahsız insanlara qarşı törədilən vəhşiliklərin pislənməsini istəyirik.

- Azərbaycan və Pakistan münasibətlərin inkişafında təbii ki, sizin də böyük rolunuz var. Siz səfir kimi çox fəal və uğurlu iş aparmısınız. Yəqin ki, yenidən Azərbaycana gəlib, işğaldan azad edilmiş əraziləri görmək istərdiniz. Belə bir təklif almısınız?

- Azərbaycanda diplomatik fəaliyyət göstərdiyim vaxtda Ermənistan ordusunun işğalı altında olan ərazilərə yaxın yerlərdə olmuşam. Gələcəkdə belə bir şansım olarsa, məmnuniyyətlə Azərbaycana səfər edərdim.

- Azərbaycan-Pakistan münasibətlərinin gələcəyini necə görürsünüz? Sizcə, yaxın gələcək üçün hansı sahələr prioritet təşkil edə bilər?

- Bəli, daha əvvəl dediyim kimi, bizim əlaqələrimiz bütün sahələrdə, o cümlədən, iqtisadiyyat, investisiya, müdafiə, təhsil və mədəniyyət sahələrində inkişaf etmək potensialına malikdir. Hazırda Pakistan iqtisadi çətinliklər yaşayır. Azərbaycanın Pakistana hər hansı böyük sərmayə qoyması, şübhəsiz ki, bizim xoş niyyətimizi və əlaqələrimizi gücləndirəcək. Diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə mənim tövsiyəm iqtisadi və investisiya əlaqələrimizi daha da gücləndirmək olardı.

Sonda Azərbaycan dövlətinə və xalqına, onun rəhbərliyinə uğurlar, firavanlıq və xoşbəxtlik arzulayıram. Qoy bizim ölkələrimiz arasında əlaqələr daha möhkəmlənərək güclənsin və bundan sonra da birlikdə bir çox yubileyləri qeyd edək.

PƏRVANƏ

 





11.06.2022    çap et  çap et