525.Az

"Azərbaycanda və İraqda Bayatlar" kitabına giriş - Qəzənfər Paşayev yazır


 

"Azərbaycanda və İraqda Bayatlar" kitabına giriş - <b style="color:red"> Qəzənfər Paşayev yazır</b>

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev "Azərbaycanda və İraqda Bayatlar" adlı əsər yazıb. Oxucu və tədqiqatçıların marağına səbəb olacağını nəzərə alaraq əsərin "Giriş" bölümünü təqdim edirik.    

Azərbaycan xalqının dünya, zaman, insan, dövlət, ordu, qəhrəmanlıq, ənənə və s. haqqında yazılmış qanunlar, düşüncələr, baxışlar məcmuəsi olan, etnik şüurun göstəricisi kimi onun səviyyəsini, səciyyəvi xüsusiyyətlərini, milli kimliyini açıqlayan, bitkin və sistemli abidə - "Kitabi-Dədə Qorqud" şifahi xalq ədəbiyyatımızın zirvəsi, şifahi və yazılı ədəbiyyatımızın başlanğıcı və tükənməz enerji mənbəyidir.

"Kitabi-Dədə Qorqud"un "Müqəddimə"si aşağıdakı cümlə ilə başlayır: "Rəsul Əleyhissəlamın zamanına yaqın Bayat boyundan Qorqud Ata derlər bir ər qopdı. Oğuzun ol kişi tamam bilicisiydi, - nə deyərsə, olurdu".

Yuxarıdakı cümlələr bir çox mətləblərə işıq tutur. Onlardan biri də Bayat boyu, Bayat əşirəti ilə bağlıdır. Təəssüf ki, Azərbaycan Qor-qudşünasları bu məsələyə o qədər də diqqət yetirməmişlər. Halbuki bu və ya digər eposun yarandığı tarixi şəraiti dəqiq müəyyənləşdirmədən onu səciyyələndirmək asan olmur.

Rəşidəddin və Bahadır xan Oğuz xanın böyük oğlu Gün xanın 4 (dörd) oğlu olduğunu və birinci oğlunun adının Qayı, ikincinin - Bayat, üçüncünün - Alka öylü, dördüncünün - Qara öylü adlandığını göstəriblər.

Bayatın törəmələri Bayatlar adlanıb və böyük bir Tayfa Birliyinə çevrilib. Bayatın anlamı - dövlətli və neməti bol deməkdir.

Bayatlar 24 Oğuz boylarından biri olub. Digər Oğuz tayfaları kimi Azərbaycanda, İranda, Türkmənistanda, Anadoluda, İraq və Suriyada yayılmışdılar.

Bayat Tayfa Birliyinin araşdırılmasının tariximiz üçün faydalı olacağına əmin olduğumdan Quzey Azərbaycanda və İraqda yaşayan Bayatlar haqqında tədqiqat aparmaq qərarına gəldim.

Monoqrafiyanın "Quzey Azərbaycanda Bayatlar" adlı I fəsli bütövlükdə Bayatlara, Dədə Qorquda, Qarabağ xanlığının ilk paytaxtı "Bayat qalası"na və s. həsr edildiyindən, burada İraqda toplu halda yaşayan və milli kimliyini qoruyan Bayatlardan daha çox bəhs etdik.

İraqda Bayat əşirəti haqda maraqlı məlumatı "Şərqi-Hind" şirkətinin nümayəndəsi Ceymz Edmondzun 1820-ci ildə türkmanların yaşadığı əraziyə səyahətindən əldə etdik. Edmondz yazmışdır: "Saat 820-də Quruçaya çatdıq. Burada Bayat türkmanlarının çadırları vardı. Əşirətin başçısı, "Qaraquş" ləqəbli Həsən bəy gəlib bizi yeməyə dəvət etdi".

Ceymzin Bayatların yaşadıqları bölgəyə gəlişi barədə bilgiyə kərküklü tədqiqatçı Şakir Sabir Zabitin araşdırmalarında da təsadüf  edilir: "Bayat torpağı düzənlik olaraq Kifri təpələrindən başlayaraq Çəmənə  qədər uzanır. Bura türkman bayatların oturuş yeridir. Yanıma rəisləri Həsən bəy gəldi. O, özünü təqdim etdikdən sonra bizi yeməyə dəvət etdi və dedi ki, bu bölgə torpağı Sultan tərəfindən bayatlara verilmişdir. Onlar dövlətə vergi vermirlər. Yalnız Bağdad vilayətinə əskəri yardım edirlər. Bayat rəisi mənə bildirdi ki, Nadir şah Bayatların çoxunu Xorasana döndərmişdi. Qalanları azdır. Lazım olanda yalnız 1000 (min) atlı çıxara bilər. O, bayatların İraqa gəlişi vaxtını bilmirdi".

İraqlı tarixçi alim Abbas əl-Əzzəvi də Bayat əşirətindən söz açır: "Bayatlar İraqda əskidən bəri yerləşən türk əşirətlərindəndir. Zəyimlər hökuməti nəzdində yüksək yerləri vardı".

İraqda yaşayan soydaşlarımız özlərini də, bizi də türkman adlandırırlar. Əslində əsrlər boyu biz də türkman adlanmışıq. Türkman məfhumu "Kitabi-Dədə Qorqud"un Drezden, Vatikan və 2018-ci ilin dekabrında yeni tapılan "Qazan xanın yeddibaşlı əjdahanı öldürdüyü boy"un əlyazmasında da öz əksini tapır. Əlyazmanı İranın Gülüstan ostanlığının (əski Xorasan vilayəti) Günbət şəhərindən (İraqda da Kərkük yaxınlığında Günbəd kəndi vardır - Q.P.) olan tanınmış mühəndis Vəli Məhəmməd Xoca bukinist mağazasında üzə çıxarmışdır. Yəqin buna görədir ki, əksər tədqiqatçılar onu "Günbət əlyazması" adlandırırlar. "Kitabi-Dədə Qorqud"un bu əlyazması İstanbulda Yusif Azmun və İzmirdə Mətin Əkici tərəfindən ayrıca kitab halında çap olunmuşdur. Bakıda isə əlyazmanı görkəmli türkoloq alimimiz Ramiz Əskər maraqlı Ön söz və şərhlərlə dərc etmişdir. Prof.Dr. Ramiz Əskər və Prof.Dr. Əhməd Bican Ərcilasun əlyazmanın dili üzərində tədqiqat apararaq o qənaətə gəlmişlər ki, bu əlyazma da Drezden nüsxəsində olduğu kimi, Azərbaycan dilində yazılmışdır.

Az sonra akademik Möhsün Nağısoylu yeni tapılan bu əlyazmanın mətnini dilçilik yönündən tədqiq edərək sanballı monoqrafiya ortaya qoymuşdur. Lakin Yusif Azmunun əlyazmanı "Dede Korkutun üçüncü əlyazması" (İstanbul, 2019) və Ramiz Əskərin "Kitabi-Dədə Qorqud"un üçüncü əlyazması" (Bakı, 2019) adı ilə çap etdirmələrinə haqq qazandırmaq olmur. Bu, üçüncü əlyazma deyil, Dədə Qorqudun bir qoludur. Kiçik bir əlyazmanı abidənin möhtəşəm Drezden və Vatikan nüsxələrinə tay tutmaq heç bir məntiqə sığmır. "Kitabi-Dədə Qorqud"un "Günbət əlyazması"na dair tədqiqatçılarımızın yol verdiyi başqa bir nöqsan haqqında da fikrimi bildirmək istərdim.

Əlyazmanın fotofaksimelisində əliflə yazılan söz Türkman oxunduğu halda alimlərimiz bu sözü Türkmən kimi veriblər.

Türkman sözünün yazılışının və oxunuşunun fərqinə varmamaq bir yandan "Kitabi-Dədə Qorqud"u, digər tərəfdən də İraqda yaşayan soydaşlarımızı istəsək də, istəməsək də, bizdən uzaqlaşdırmağa yönəlmiş olur. Nəticədə türkmən qardaşlarımız İraqda yaşayan soydaşlarımızı və "Kitabi-Dədə Qorqud"u özününküləşdirmək iddiasına düşürlər.

Halbuki "Kitabi-Dədə Qorqud" və tarixi kitablar türkmənlərin iddiasına əks mövqedə durur. "Kitabi-Dədə Qorqud" boylarında tez-tez türkman etnoniminə təsadüf edilir. "Qanlı qoca oğlu Qanturalı" boyunda (VI boy) oxuyuruq: "Bəli, canım baba, eylə istərəm! Pəs varasan, bir cici-bici Türkman  qızını alasan" və ya IX boyda işlənən "Oğuzun arsızı türkmanın dəlisinə bənzər" bu qəbildəndir. Hər ikisində Oğuzlar "türkmən" etnik anlayışına qarşı qoyulur... "Dədə Qorqud" boylarındakı oğuzlar özlərini etnopsixoloji baxımdan türkmənlərdən seçirdilər.

Burada İraq-Türkmanlarına ciddi işarə vardır. Tarixçilər göstərirlər ki, "İç Oğuz" - "Daş Oğuz" Birliyi ("Qalın Oğuz") coğrafi baxımdan Zaqafqaziyanın gündoğar hissəsini (Dərbənd daxil olmaqla - orda Qazan xan 10 min qoyun saxlatdırırdı) və İraqi-Əcəmin günbatan hissəsini (Bağdaddan yuxarı indi İraq-Türkmanlarının məskunlaşdığı ərazilər) tutmuşdu.

Deyilənlərlə bərabər, Türkmən dilini Azərbaycan dilindən, onun İraq-Türkman ləhcəsindən və "Kitabi-Dədə Qorqud"dan fərqləndirən əsaslı fərqlər vardır. İkicə misalla kifayətlənəcəyik:

1. Türkmən dilində ilkin uzanan saitlər geniş yayılaraq ingilis dilində olduğu kimi sözün mənasının dəyişməsinə səbəb olur; məsələn: baş-baş, baaş yara, gör-gör-göör-gor və s.

2. Ərəb və ingilis dilləri üçün səciyyəvi olan dişarası s, z səsləri eynilə türkmən dili üçün də səciyyəvidir.

İlkin uzanma və dişarası səslərə nə Azərbaycan dilində, nə Kərkük dialektində, nə də "Kitabi-Dədə Qorqud"da rast gəlinir.

Biz hələ 1992-ci ildə "Yazıçı" nəşriyyatında çap olunan "İraq-Türkman folkloru" kitabımızda yazmışdıq: "Elə təsəvvür yaranmasın ki, məqsədimiz dillərin yaxınlığını və ya uzaqlığını sübuta yetirməkdir. Kim bilmir ki, türk dilləri ailəsində türk və Azərbaycan, eləcə də türkmən dilləri biri-birinə çox yaxındır".

Xalq yazıçısı Anar "Türk dünyasının nadir söz abidəsi" məqaləsində bu mühüm məsələyə aydınlıq gətirmişdir:

"Kitabi-Dədə Qorqud"u israrla Azərbaycanla bağlamaq cəhdləri bu möhtəşəm abidəni Türkiyə türklərindən, yaxud elə Orta Asiya türkmənlərindən ayırmaq, almaq niyyəti güdmür... Dastanın öz mətni əsasında onun Azərbaycanla sıx bağlılığını bir daha göstərməyimizin yalnız bircə səbəbi var - Azərbaycan torpaqlarında türk dilində danışan xalqımızın qədimliyini bir daha təsdiq etmək".

Araşdırıcılar göstərir ki, "Kitabi-Dədə Qorqud" eposunun çox qədimlərlə səsləşən əfsanə, rəvayət və hekayətlərdən ibarət əksər boyları islamiyyətdən əvvəl yaranıb, sonralar yazıya köçürülüb.

Burada bir mühüm məsələyə xüsusi diqqət yetirmək zərurəti ortaya çıxır. Folklor nümunələrinin yaranması və yazıya alınmasını eyniləşdirmək qətiyyən doğru deyildir.

"Kitabi-Dədə Qorqud"un Müqəddiməsinin başlanğıc cümləsini əsas götürərək eposun VII əsrdə yarandığını göstərmək həqiqətdən uzaqdır. Abidədə yer alan boylarda cərəyan edən, islamla uyuşmayan hadisələr, epopeyada işlənən 2721 sözdən yalnız 559 sözün ərəb-fars mənşəli olması, İslam dövründə və sonralar geniş yayılan şəxs adlarına boylarda, demək olar ki, təsadüf edilməməsi, "Duxa qoca oğlu Dəli Domrul" boyunda Dəli Domrulun Əzrail haqqında təsəvvürünün olmaması, "Kitabi-Dədə Qorqud"un əksər boylarının İslama qədər yaranmasından xəbər verən dəlil-sübutdur.

Henrix Fridrix fon Dits başda olmaqla əksər tədqiqatçılar "Basatın Təpəgözü öldürdüyü boy"u yeni eradan əvvələ aid edirlər.

Dits bu boyun çox qədimlərlə səsləşdiyini ortaya qoymuş və Homerin "Odisseya"sındakı yunan siklopu - Polifemin Təpəgözün təsiri ilə yarandığını on bənddən ibarət dəlil-sübutla isbatlamışdır. Dits bu münasibətlə yazmışdır: "İnanırıq ki, Homer Asiyaya səyahəti zamanı Təpəgöz hekayəsini eşitmiş, onun natamam cizgilərini, tərcüməçinin dediyinə əsaslanaraq öz Polifemində vermişdir. Homerin Polifemi əsərə yamaq kimidir".

1974-cü ildə Londonda "Dədə Qorqud" dastanları Cofrey Lyuis tərəfindən kütləvi tirajla nəşr edilib. O, abidənin Azərbaycana xas olduğunu göstərir və qətiyyətlə bildirir ki, "Dastanlar" islamiyyətdən əvvəl yaranıb, sonralar isə yazıya köçürülüb.

Deyilənlərə onu da əlavə edək ki, hələ XIV əsrin əvvəllərində (1309) əslən oğuz olan tarixçi Əbubəkr ibn Abdulla Əd-Dəvadari Misirdə ərəb dilində "Şöhrətləndirilmişlərin tarixindən bir inci" adlı kiçik əsərində "Kitabi-Dədə Qorqud"dan, Təpəgözdən, Oğuz xandan söz açır və yazır ki, türklərdə "Oğuznamə" adlanan çox məşhur, əldən-ələ gəzən bir kitab var. Burada onların ibtidai həyatından, ilk hökmdarlarından bəhs olunur. Çox təəssüf ki, əsərin orijinalı zəmanəmizə qədər gəlib çıxmamışdır... Fakt budur ki, Harun Ər-Rəşidin zamanında bu "Oğuznamə" ərəb dilinə də tərcümə edilibmiş.

Görkəmli türkoloq alimlər Fərhad Zeynalov və Samət Əlizadə "Kitabi-Dədə Qorqud"un 1988-ci il çapına yazdıqları Ön sözdə qəti qənaətə gəlirlər ki, VIII əsrdə ərəb dilinə tərcümə edilən bu əsər ağızlarda dolaşan şifahi ədəbiyyat - folklor dilindən tərcümə edilə bilməzdi. O, yazılı bir əsər olmalı idi. Deməli, hələ o vaxt "Dədə Qorqud kitabı"nın müəyyən hissələri mövcud imiş.

"Kitabi-Dədə Qorqud" bizim epik yaddaşımız, düşüncə qaynağımızdır, tükənməz bir xəzinədir, qürur və fəxarət abidəmizdir.

Dünya alimlərinin qənaəti budur ki, "Dədə Qorqud" dastanları Azərbaycan dilində yazılmış və azərbaycanlılara aid bir abidədir. Bu, təkcə onunla izah olunmur ki, "Kitabi-Dədə Qorqud"da yer alan əksər toponimlər Azərbaycanla bağlıdır: Əlincə qalası, Dəmir qapı Dərbənd, Qazlıq tağı (Qafqaz dağları), Gəncə, Bərdə, Göyçə gölü, Dondarlı və Dondar Quşçu (Tovuzda kənd adları), Qaradərə (Qarabağda yer adı), Düyərli (Şəmkirdə kənd adı) və s.

"Kitabi-Dədə Qorqud" tədqiqatçılarından V.Bartold, A.N.Kononov, F.Köprülü, A.Dilaçar, M.Ergin onun azərbaycanlılara, V.Bartoldun təbirincə desək, Qafqaz türkmanlarına məxsus olduğunu, O.Gökyay, M.Ergin, Y.Yakubovski, H.Araslı, M.Təhmasib, Ə.Dəmirçizadə, Ş.Cəmşidov, X.Koroğlu və başqalarının isə əsərin Drezden nüsxəsinin, ümumiyyətlə, Azərbaycanda qələmə alındığını təsdiq etmələri ixtilaf doğurmur, əksinə, onun Azərbaycanda azərbaycanca yazıldığını təmin edir.

Maraqlıdır ki, tədqiqatlarda Azərbaycan ədəbi dili tarixindən danışarkən XV-XVI əsr ədəbi dilimizdə Cənubi Azərbaycan və Bağdad (Kərkük) şivə xüsusiyyətlərinin üstünlük təşkil etdiyi göstərilmiş, İraq-türkman ləhcəsi Azərbaycan dilinin Cənub qrupu - Təbriz, Ordubad, Naxçıvan, İrəvan dialekt və şivələri sırasına daxil edilmişdir.

Dəlil-sübuta ehtiyac duyulmayan daha bir maraqlı fakt.

Dilçilərdən P.Melioranski, M.Şirəliyev, N.Baskakov, A.Şerbak, H.Mirzəzadə, Ə.Nəcib, Ə.Orucov, Y.Şirvani təxminən XIII əsrin sonu, XIV əsrin əvvəllərində hazırlanmış "İbn Mühənna lüğəti"ndən danışarkən - əsər qədim Azərbaycan dilində olduğuna görə - onun ya İraq ərazisində, ya da müasir Azərbaycan ərazisində yazıldığını qeyd edirlər.

Bu fakt yuxarıda deyilənləri təsbit edir.

Çəkinmədən demək olar ki, əsrlərlə ərəblər və kürdlər əhatəsində qalan, məhz buna görə də qədim leksik və fonetik göstəricilərini daha çox saxlayan İraq türkmanlarının ləhcəsi "Kitabi-Dədə Qorqud"un dil xüsusiyyətlərini tamamilə əks etdirir. "Kitabi Dədə Qorqud"da yer alan onlarca sözün indinin özündə belə Kərkük ellərində işlək olması, daha doğrusu, həmin sözlərin yalnız həmin mənada işlənməsi tutarlı dəlil - sübutdur. Məsələn: kəpənək (yapıncı), xerxız//xırxız (oğru), əkmək (çörək), ənsə (arxa), qalavuz (bələdçi), qısraq (at, madyan), yayan (piyada), nəsnə (əşya, alət), səmiz (kök), sığır (buğa, çöngə), mavlamaq (huşunu itirmək), qanara (çarmıx), boru çalmaq (şeypur çalmaq), davul dögmək (təbil çalmaq), ismarlamaq (tapşırmaq), yarın (sabah), ög (ön), xoyrad (qaba, kobud, nadan), yağmalamaq (talamaq), qavat (alçaq, əskik adam), oda (otaq), imdi (indi), baş üzərinə (baş üstə!), eyi (gözəl), kəndi (özü), dam (tələ), yoğurd (qatıq), yazı (çöl), yaz (yay) və s. Maraqlıdır ki, təkrar olunanları nəzərə almasaq, "Kitabi-Dədə Qorqud"da işlənən 2721 sözdən yalnız 559 söz ərəb-fars mənşəlidir.

Bu faktın özü də eposun daha qədimliyinə dəlalət edir.

"Kitabi-Dədə Qorqud"un İraq-türkman şifahi və yazılı ədəbiyyatına təsiri də deyilənləri təsdiqləyən əsas amillərdəndir:

 

Hanı dediyim bəy ərənlər,

Dünya mənimdir deyənlər?

Əcəl gəldi, yer gizlətdi,

Fani dünya kimə qaldı?

 

İraq-türkman folklorunda:

 

Ya sinnən;

Mim əlifnən, ya sinnən.

Dünya mənim deyənin

İndi gəldim yasınnan.

 

Günümüzdə Güney və Quzey Azərbaycanda "Türkmaneli" və "Türkman" məfhumları işlənmədiyi halda, İraqda yaşayan soydaşlarımız "Türkman" kimliyini saxlayır. Yaşadıqları əraziləri isə "Türkman eli" kimi təqdim edirlər. Təsadüfi deyil ki, əski Kərkük evlərinin böyük zalının girişində dör (otağın yuxarı başı) və atəbənin birləşdiyi iki divarın bitişiyində dayanacaqlarda (danacaq da deyirlər) qarşı-qarşıya bəyaz (ağ) və siyah (qara) qoyun fiqurları yapılırdı. Əslində, Kərkük şəhərinə məxsus olan bu fiqurlardan bəyaz rəngdə olanı Kərkükdə hökm sürən Ağqoyunlu, siyah rəngdə olanları da Qaraqoyunlu Türkman dövlətlərinin simvolu mahiyyətində əsərlər idi.

Görkəmli alimlərimiz Fərhad Zeynalov və Samət Əlizadənin bu münasibətlə dedikləri tarixi sözləri burada verməyi münasib bildik: "Drezden nüsxəsində aydın-aşkar əliflə yazılan sözün Türkman oxunması xüsusi əhəmiyyətə malikdir. Məlumdur ki, türkmanlar - İraqdakı azərbaycanlılar, kərküklülərdir".

Akademik Şahin Mustafayevin "Tarixin və bugünün işığında Nadir şah" məqaləsi bu baxımdan deyilənlərə aydınlıq gətirir. Müəllif yazır: "Artıq XIV-XV əsrlərdə Azərbaycan və Şərqi Anadoluda yaranan dövlətlər özlərini "Türkman" dövlətləri kimi təqdim edirdilər. Xüsusilə Qaraqoyunlu və Ağqoyunlu hökmdarları. Bunu XV əsrin əvvəllərində Qaraqoyunlu hökmdarı Qara Yusifin Ağqoyunlu bəyi Qara Yölük Osmana sülh bağlamaq haqqındakı məktubundan da görmək olur. Qara Yusif barışığın zərurətini məhz ortaq etnik mənsubiyyəti - türkmançılığı ilə əsaslandırırdı: "Biz hər ikimiz türkman xalqındanıq".

Tədqiqatçı göstərir ki, bu dövlətlərin mərkəzini təşkil edən Azərbaycan və Şərqi Anadolu da tarixi qaynaqlarda "Türkman eli" olaraq tanıtdırılırdı. Məsələn, Osmanlı tarixçisi İbn Kamal XV əsrdə Qaraqoyunlu bəyi Pir Əhmədin Ağqoyunlu Uzun Həsənin sarayına qaçması haqqında yazırdı ki, o, tərki-diyar edib "Türkman eli"nə qaçdı, vardı Azərbaycanda qərar etdi.

Akademik eləcə də yazır ki, XV əsrdə Azərbaycan türkləri öz vətənlərini "Türkman eli" məfhumu ilə ifadə edirdilər. İki əsrdən sonra da Nadir şahın Osmanlı sultanına yazdığı məktubda özünü "Türkman eli"nin böyüyü adlandırması bu ənənənin davamçısı kimi çıxış etdiyini göstərir.

Akademik Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti" kitabında da "türkman" məfhumu ilə bağlı bir çox bilgilər vardır. Bircə faktla kifayətlənəcəyik. Kitabda göstərilir ki, III Toğrul dayısı Qızıl Arslana qarşı çıxır. Qızıl Arslan III Toğrulun və İzzətdin Həsənin Türkmanlardan ibarət ordusunu darmadağın edir. Onlar döyüş meydanından qaçaraq İzzətdin Həsənin Kərkük yaxınlığındakı Kərxın qalasına gəlirlər.

Deyilənlərə klassik şairlərimizin əsərləri və başqa məxəzlər də dayaq olur:

 

Ərəbin nitqi bağlandı dilindən,

Sənə kimdir deyən kim Türkmansan.

(Nəsimi)

 

Getdikcə tükənir ərəbin kuhi-məskəni,

Bağdad içrə hər neçə kim Türkman qonar.

(Xətai)

 

Görkəmli türk alimi Məhəmməd Fuad Köprülüzadə də "Azəri ədəbiyyatına aid tədqiqlər" əsərində Məhəmməd Füzulidən bəhs edərkən yazır: "Füzuli İraq türkmanlarındandır və ləhcəsi etibarı ilə azəri ünvanına verdiyimiz lisan dairəsinə mənsubdur. Füzulinin tədqiqinə girişməzdən əvvəl, əvvəla İraq və Azərbaycan türklərinin ləhcəsi olan azəri ləhcəsi ilə, bu ləhcə ədəbiyyatının Füzuliyə qədər keçirdiyi təkamül dövrləri haqqında ümumi məlumat verəcəyiz".

Fuad Köprülüzadə Füzulinin Bayat əşirətindən olduğunu da xüsusi vurğulayır.

Yeri gəlmişkən, Oğuznamələr üzrə mütəxəssis İsmixan Osmanlı Həsən Bayatinin "Cami-Cəm ayin" əsərinə yazdığı çox maraqlı Ön sözdə onun da dahi Azərbaycan şairləri -  M.Füzuli, İ.Nəsimi, S.Vurğun kimi Bayat boyundan olduğunu qeyd etmişdir. Lakin tədqiqatçı İ.Nəsimi və S.Vurğunun Bayat boyundan olduğuna dair heç bir məxəz göstərməmişdir.

İraq türkman alimləri daxil, bütün tədqiqatçılar "türkman" etnonimindən danışarkən, onun "ulu türk", "xalis türk", "əsl türk", "qüdrətli türk", "böyük türk" mənasını verdiyini xüsusi vurğulayırlar. İndinin özündə belə, ədəbi dilimizdə və İraq türkman ləhcəsində işlək olan "azman", "qocaman", "orman", "ataman", "asiman", "daraman - (nəhəng)", "batman - (böyük çəki vahidi)", "kərtman - (böyük toxa)", "koçman - (böyük koramal)", "daraman təppəsi - (çox böyük və kök adam)", "şişman - (kök), keçəman (böyük kərtənkələ) və s. kəlmələrdə "man"ın ulu, böyük, əzəmətli anlamına gəlməsi dediklərimizi təsdiqləyir.

İraq-Türkman ellərində Dəli Domrul "Dəli Dobur" formasında, dəli-dolu mənasında bu gün də işlənir.

"Duxa qoca oğlu Dəli Domrul" boyunda söhbət açılan "Quruçay"ın Bayat torpaqlarında olması da üstündən sükutla keçiləcək fakt deyildir. Doğrudur, Quruçay Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarında, Güney Azərbaycan, Gürcüstan və Türkmənistanda da vardır. Lakin biz qədim keçmişə malik Bayat əşirəti və "Kitabi-Dədə Qorqud"la bağlı Quruçaydan bəhs edirik.

Keçmişimizi güzgü kimi əks etdirən "əcdadlarımızın zəngin idrak və təxəyyülünün məhsulu olan" monumental "Kitabi-Dədə Qorqud" abidəsi dünyanın bir çox dillərinə tərcümə edilərək 200 (iki yüz) ildən artıq böyük bir zaman kəsiyində tədqiqata cəlb olunur.

Abidəni ərəb dilinə çevirən kərküklü yazıçı Cəlal Polad ona çox geniş müqəddimə yazaraq göstərir ki, "Kitabi-Dədə Qorqud" türkmanca olan ilk əsərdir. Dədə Qorqud isə Bayat əşirətinə mənsubdur.

Cəlal Poladın "Kitabi-Dədə Qorqud"u İraqda yaşayan bayatlara aid etməsi təsadüfi deyildir. Məxəzlər deyilənlərə dayaq olur. Bayat Qalası və Bayat Bəyliyinin, 13 (on üç) Bayat qəbiləsinin İraqda olması, bu əşirətin, əsasən bu diyarda məskunlaşması belə qənaətə gəlməyə imkan verir.

Türk Ensiklopediyası bu münasibətlə yazır: "İraqdakı bayatlar, ümumiyyət-lə, Kərkük bölgəsində bulunurlar. Bu bölgədəki türk xalqının çoxu onlara məxsusdur. Bunlar 13 (on üç) qəbiləyə və hər qəbilə də müxtəlif oymaqlara ayrılmışdır. Böyük türk şairi Füzuli də bayatlardandır. Türk musiqi muğamlarından birinin adı olan "Bayatı" muğamı Bayat türklərinə nisbət edilərək bu ad verilmişdir. Bu muğamın IV Muradın Bağdaddan dönüşündə bərabər gətirdiyi iraqlı Bayat türklərindən 12 (on iki) musiqiçi vasitəsi ilə İstanbula gətirilib yayıldığı söylənilir".

Bayat əşirəti ilə bağlı Şakir Sabir Zabitin araşdırmaları inkarolunmaz faktlarla zəngindir. O, Britaniya Kəşfiyyat İdarəsinin 1958-ci ildə çap olunmuş məxfi məlumatına əsasən qeyd edir ki, 1917-ci ildə ingilislər tərəfindən hazırlanan gizli məlu-matda bayatlar haqqında yazılmışdır: "Bayatlar türkcə və ərəbcə danışırlar. Sayları 10.000 (on min) evdir. Kifridən Qərə təppə və Tuza (Tuz Xurmatu - Q.P.) qədər bölgələrdə yaşayırlar. Oymaqları: Əlbu Əli - 800 ev, Əmirli - 800 evdir; Bostamlı - 100 evdir; Əl Bəkr Əhməd - 100 evdir və s. Əlbu Həsən, Həsən Zərliyyə, Əlbu Hüseyn, Əlvazat, Yengicə və s. oymaqlarda yalnız bayatlar yaşayırlar".

Bu gün İraqda yaşayan Bayatların bir qismi dağınıq halda ölkənin bir çox qəsəbə və şəhərlərində yaşayırlar. Onların sayının 7 (yeddi) mindən çox olduğu göstərilir.

Toplu halda Bayatlar 64-dən artıq köydə (Qələ, Bostamlı, Səyyad, Əmirli, Biravçılı, Xasadarlı, Qaranaz, Yeşil təppə, Başagələn, Çardaxlı, Yengicə, Üç təppə, Əski Kifri, Qalxanlı, Zəngili, Kəhriz, Kötəburun, Aştökən, Hasarlı, Cabarlı, Zeydan, Casim bəy, Salman bəy, Şəkər, Muradlı, Quşçu və s.) yaşayırlar.

Toplu halda köylərdə yaşayan bayatların sayı isə 1957-ci il əhalinin siyahıya alınmasına görə 17.455 nəfər, dağınıq və toplu halda yaşayan bayatların sayı 25.000 nəfər, ümumilikdə Kərkük vilayətinin əhalisinin sayı 388.912 nəfər göstərilmişdir.

Həmin vaxtda, daha doğrusu, 1957-ci ildə Kərkük idarə sistemi ilə Kərkük mərkəzinin 5 nahiyə və 250 köyü vardı. Kifri qəzasına 318 köy, Tuz Xurmatıya 234 köy bağlıydı. Bütün bunlar Kərkük Livasına (vilayətinə) tabe idi.

B.M.Dansiq Kərkük vilayətində əhalinin sayının az göstərilməsinin həqiqətdən çox-çox uzaq olduğunu göstərir. Tədqiqatçı bu münasibətlə yazmışdır: "Əhalinin ümumi hesaba alınması düzgün məlumat vermir. Bu, onunla izah olunur ki, rəsmi statistika idarələri hakim millətin sayının artıq göstərilməsinə çalışırlar".

1959-cu ildə İraqı ziyarət etmiş görkəmli Azərbaycan şairi Rəsul Rza da bu məsələyə kəskin şəkildə öz münasibətini bildirib: "Füzuli və onun oğlu Fəzli haqqında tədqiqat aparmış Bağdad Universitetinin pro-fessoru Hüseyn Məhfuzun dəvəti ilə Bağdad Akademiyasında olduğum vaxt akademiyanın prezidenti ilə söhbətimiz zamanı, prezident İraqda yaşayan türklərin (onlar bu xalqa gah türk, gah türkman deyirlər) 70-80 mindən artıq olmadığını və artıq assimilyasiya prosesi nəticəsində ərəbləşdiklərini söylədi... Onun süni bir laqeydliklə dediyi 70-80 min həqiqətdən uzaq olmaqla bərabər, bu rəqəmin azaldılmasında müəyyən məqsəd olduğunu aydın göstərirdi".

Hakim millətin sayının artıq göstərilməsinə cəhd 1237 hicri ilində bayatların toplu halda yaşadıqları bölgəni ziyarət edən Məhəmməd Münşi əl-Bağdadinin yazısından da açıqca görmək olur: "Kifri ilə Tuz Xurmatu arasındakı bölgədə Bayat əşirəti yaşamaqdadır. Min ev olar".

On üç qəbilə və hər qəbilədə müxtəlif oymaqların, kəndlərin min evdən ibarət olduğunu dilə gətirmək haqsızlıqdır. Təkcə oymaqlardan Əlbu Əlinin 800 evdən, Əmirlinin 800 evdən ibarət olduğunu göstərmək kifayətdir ki, Münşi əl-Bağdadinin məkrli niyyəti faş olsun. Yalnız Kifri (qəza mərkəzi), Qərə təppə (nahiyə) və Daquqda (nahiyə) yaşayan bayatların sayı rəsmi qaynaqlarda göstərilənlər-dən qat-qat artıqdır.

Göründüyü kimi, Münşi əl-Bağdadi gerçəkləri olduğu kimi yazmamış, elmiliyə məhəl qoymamış, tərəfsiz davranmamışdır.

Son olaraq deyə bilərik ki, Bayatlar İraqda qol-budaq atmış, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan böyük bir əşirətdir. Onların arasından görkəmli dövlət xadimləri, sərkərdələr, yüksək ixtisaslı, adlı-sanlı həkimlər, mühəndislər, istedadlı alimlər, şairlər, müğənnilər, mədəniyyət xadimləri çıxmış və çıxmaqda davam edir. Hazırda İraqda bayatlardan millət vəkili və nazirin olması deyilənlərə dayaq olur.

Bayatlar bəşəriyyətə Dədə Qorqud və Məhəmməd Füzuli kimi dahilər, "Kitabi-Dədə Qorqud" kimi möhtəşəm abidə bəxş etmişlər.

 

 





12.06.2022    çap et  çap et