525.Az

Rusiyanın "adalaşması" - Xaqani Cəfərli yazır


 

Rusiyanın "adalaşması" - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiya prezidentinin rəqəmsal inkişaf üzrə nümayəndəsi Dmitri Peskov hesab edir ki, Rusiya mövcudluğunu saxlamaq üçün texnoloji suverenliyə malik olmalıdır. Bunun üçün də istehsalın "adalaşması", bütün lazımi mal və xidmətlərin ölkə daxilində istehsal olunması lazımdır.

Rusiyanın buna necə nail olacağı məlum deyil. Çünki texnoloji asılılıq çox güclüdür. Məsələn, Rusiya istehsal etdiyi malların keyfiyyətinə nəzarət cihazlarını idxal edir. İndi sanksiyaların tətbiq olunması nəticəsində bir çox istehsal sahələri, xüsusilə də dərman istehsalçıları dərmanların keyfiyyətinə nəzarət edən cihazlardan məhrum olublar. Belə halda isə istehsal olunan malların keyfiyyətinə nəzarət etmək, tənzimləmək mümkün deyil. Rusiya rəsmiləri isə istehsalın "adalaşması"ndan danışırlar.

Qeyd etmək lazımdır ki, Krımın ilhaqından sonra sanksiyaların tətbiqinə görə Rusiya bir çox malların idxalından məhrum olan zaman idxal mallarının yerli istehsal malları ilə əvəzlənməsi proqramının həyata keçirilməsinə başlandı. Rusiya rəsmilərinin etiraflarına görə, Krımın ilhaqından ötən səkkiz il ərzində idxal mallarının yerli istehsal malları ilə əvəzlənməsi proqramında heç bir uğur əldə edilməyib. Hətta bu proqramın tamamilə iflas etdiyi də etiraf olunur. Qərb ölkələri ilə münasibətlərin tam kəsilmədiyi, sərt sanksiyaların tətbiq olunmadığı və geniş maliyyə imkanlarının mövcud olduğu bir zamanda istehsalın "adalaşması"na nail ola bilməyən Rusiyanın bu vəzifənin öhdəsindən bundan sonra necə gələcəyi məlum deyil. Avtomobil və elektromobil istehsalına cəhd edən Rusiya ötən əsrin "Moskviç"ini elektrikləşdirmək istəyirdi. Lakin məlum oldu ki, İjevsk Avtomobil Zavodu "Siemens" şirkətinin dəstəyi olmasa, keçən əsrin avtomobilinin özünü də istehsal etmək iqtidarında deyil.

Moskva şəhərinin meri Sergey Sobyanin etiraf edib ki, müasir avtomobil və elektromobil istehsal etmək üçün əcnəbi tərəfdaşa ehtiyacları var. Texnoloji cəhətdən inkişaf etmiş tərəfdaş olmadan Rusiya hətta müasir məişət cihazlarını da istehsal edə bilmir. Qərblə iqtisadi münasibətləri tamamilə qırılmaqda olan Rusiyanın ümidi Gündoğana, Çinə idi. Lakin Çinə bəslənən ümidlər də puç olmaqdadır. Çinin texnoloji şirkətləri bir-birinin ardınca Rusiyanı tərk edirlər. İddialara görə, rəsmi Pekin bu addımı ilə müharibəni dayandırması üçün Rusiyaya təzyiq göstərir. Digər ehtimala görə, Çin şirkətləri Qərbin sanksiyalarına məruz qalmaq istəmədikləri üçün Rusiya ilə əməkdaşlıqdan yayınırlar. Belə bir halda Rusiyanın istehsalın "adalaşması"na necə nail olacağı məlum deyil. Üstəlik, buna külli miqdarda maliyyə vəsaiti və uzun zaman lazımdır. Məsələn, yeni avtomobil icad etmək və istehsal etmək üçün bir neçə on milyard dollar və ən azı 20 il vaxt lazımdır. Yəni Rusiya yeni avtomobil istehsal etmək istəsə, bu məqsədə 2050-ci ildə nail ola bilər. O zaman isə dünyada tamam fərqli nəqliyyat vasitələri olacaq. Qeyd edək ki, Rusiyadan daha güclü elmi-texniki imkanlara malik Sovet İttifaqı avtomobil sənayesini yalnız əcnəbi tərəfdaşın - İtaliyanın "Fiat" avtomobil şirkətinin dəstəyi ilə həll edə bilmişdi. Üstəlik, o zaman Sovet İttifaqına qarşı sanksiyalar yox idi. İndi Rusiyanın bu problemi necə həll edəcəyi məlum deyil. Mövcud avtomobilləri isə yeniləmək də idxal malları olmadan mümkünsüzdür.

İstehsalın "adalaşması"na nail olacağı mümkün görünməyən Rusiyanın siyasi cəhətdən "adalaşdırılması" prosesi isə sürətlənməkdədir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən bir olan Rusiyanın xarici işlər nazirinin Serbiyaya səfər edə bilməməsi Şimal qonşumuzun "adalaşdırıldığını" göstərir. Serbiya prezidenti Aleksandr Vuçiçin bütün cəhdlərinə baxmayaraq, Rusiya xarici işlər naziri Sergey Lavrovun Belqrada səfəri gerçəkləşmədi. Bolqarıstan, Şimali Makedoniya və Monteneqronun Lavrovun təyyarəsi üçün hava məkanını bağlaması Serbiya prezidentinin Belqrad səfərinin qarşısını aldı. Bolqarıstan, Şimali Makedoniya və Monteneqro kimi kiçik ölkələrin Rusiya xarici işlər nazirinə hava məkanı verməməsi Rusiyanın siyasi cəhətdən "adalaşdırılması"nın bariz göstəricisidir.

Rusiya universitetlərinin Boloniya prosesindən kənarlaşdırılması isə elmin inkişaf imkanlarını sıfıra endirir. Rusiya Təhsil və Elm Nazirliyi isə Sovet İttifaqının sisteminə qayıtmağı təklif edir. Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn Vahid Dövlət İmtahanının ləğvini, qəbul imtahanlarının mümkün qədər şəffaf və dürüst olmasını təklif edib. Lakin o, bunun necə həyata keçirilməsi ilə bağlı heç bir variant irəli sürə bilməyib.

Latviyanın ədliyyə naziri Janis Bordans Rusiya və Belarusun əmlakının müsadirəsinə imkan yaradacaq qanunun hazırlanmasını tapşırıb. Qanun qəbul olunacağı halda Rusiya və Belarusa məxsus əmlak Latviya dövlətinin xeyrinə müsadirə olunacaq. Ədliyyə naziri Janis Bordans Rusiyanın soyqırımı cinayətlərində ittiham olunmasınının yeni qanun üçün təməl rolunu oynadığını bildirib.

Bir neçə gün öncə Rusiyaya qarşı iqtisadi sanksiyaların 6-cı paketini qəbul edən Avropa Birliyi qadağaların 7-ci paketini müzakirə etməyə başlayıb. Sanksiyaların 7-ci paketinin qəbulu Rusiyanın qlobal iqtisadiyyatdan daha çox kənarlaşdırılmasına səbəb olacaq ki, bununla da rusiyalı rəsmilər istehsalın həqiqətən də "adalaşdırılması" zərurəti ilə üzləşəcəklər.

 





12.06.2022    çap et  çap et