|
|
|
|
Başda Memar Sinanın ruhundan əfv diləyərək bildirirəm ki, Topqapı sarayı məni Dolmabağça sarayı qədər tilsimləməmişdi. Hər millətdən olan yüzlərlə insanın sırasına qoşulub renessans və barokko üslubunun birləşdiyi bu əsrarəngizlikdə özünü itirməmək qeyri-mümkündür.
Tonlarla ağırlığı olan çilçıraqlar, qızıl tozunun işım-işım işıldadığı divarlar, sağdan-soldan boylanan nəhəng tablolar göz qamaşdırır. Hələ tavanlar... Mikelancelonun Sikistin kapellasının tavanında yaratdığı o əsrarəngizliyi burada iliyinə qədər hiss edirsən. İnsanın nələrə qadir olduğunu, gücünün sonsuzluğunun fərqinə varıb dəhşətə qapılırsan! Bu memarlıq abidəsi insan əlinin əməyi, beyninin məhsuludur.
Başdan başlayaq. Bura Dolmabağça sarayıdır. Beşiktaşla Qabadaş arasında, dənizin qoynunda bütün görkəmi, əzəməti ilə ucalır. Padşahların, sultanların, ən nəhayət, Mustafa Kamal Atatürkün son nəfəsini verdiyi yerdir.
Bir zamanlar bu ərazi Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri, içərisində qəsrlərin də olduğu bir bağ kimi istifadə edilirdi. Həmin dönəm II Mahmud Bəylərbəyi və Çırağan bağlarında iki böyük saray inşa etdirmişdi. Topqapı Sarayı isə rəsmən olmasa da, tərk edilmiş sayılırdı. Ümumiyyətlə, son padşahlar Topqapı sarayından çəkiniblər. Çünki ucu-bucağı görünməyən bu sarayda sui-qəsd ehtimalı böyük idi. II Mahmudun fəsillərə görə dəyişən iqamətgahları Bəylərbəyi sarayı, Çırağan sarayı, Beşiktaş sarayı və Dolmabağçadakı qəsrlər idi. Sultan I Əbdülməcid də atası kimi Topqapı sarayına çox etibar etmir, orada yalnız qış aylarını keçirirdi. Hətta qırxdan çox övladının demək olar ki, hamısı Boğaziçi saraylarında dünyaya gəlmişdi. I Əbdülməcid köhnə Beşiktaş sarayında bir müddət yaşadıqdan sonra, o zamana qədər üstünlük verilən klassik Osmanlı sarayları yerinə, iqamətgah, səfirlik, qonaq qəbulu və dövlət işlərinin idarəsi məqsədiylə Avropa saraylarına bənzər üslubda saray inşasına qərar verir.
Həmin qərarla 1842-ci ildə Dolmabağça sarayının inşası başlayır. Saray Parisdə təhsil alan erməni Karapet Əmir Balayan və oğlu Niqokos Balayan tərəfindən inşa edilir. İnşaat işlərinin bitmə tarixi 1853-cü il olaraq göstərilir.
I Əbdülməcidin hakimiyyəti dövründə sarayın 3 milyon kisə qızıl miqdarında olan borcu xəzinəyə dövr edilir, xəzinə çətin vəziyyətə düşür, aylıqları ayın əvvəli yerinə ortalarında, daha sonra isə üç-dörd aydan bir ödəməyə məcbur olurlar. İnşası beş milyon qızıl pula başa gələn Dolmabağça sarayında Sultan cəmi altı ay yaşayır.
İqtisadiyyatın iflasa uğradığı bir vaxta taxta çıxan Sultan Əbdüləzizin hakimiyyəti dövründə sarayın xərcləri ən yüksək səviyyəyə çatır. Beş mindən artıq insanın işlədiyi Dolmabağçada illik xərc iki milyon strelinqə bərabər olur. Mütəmadi olaraq xoruz döyüşdürən, pəhləvan güləşdirən Sultan Əbdüləzizin hakimiyyətinin son dövrlərində saray müxtəlif siyasi hadisələrə, intriqalara, rüşvətə qarışır. Bütün bunlar isə onun taxtdan salınması ilə nəticələnir.
Ardınca Sultan V Murad Topqapı Sarayına aparılır və orada onunçün andiçmə mərasimi keçirilir. Yeni Sultanın şərəfinə bütün şəhər işıqlandırılarkən, Dolmabağça sarayının yalnız bir otağında işıq yanırdı. Həmin otaqda II Əbdülhəmid yeni konstitusiya üzərində işləyirdi. V Murad haimiyyətdə cəmi 93 gün qalır. Yerinə II Ədülhəmid keçir. Davamlı olaraq sui-qəsddən şübhələnən padşah Dolmabağça sarayında yaşamaqdan imtina edərək Ulduz sarayına köçür. Beləcə bu padşah da sarayda yalnız 236 gün qalır.
Böyük xərclər sayəsində inşa edilən saray, 33 il ərzində ildə iki dəfə ziyafətlər üçün istifadə edilir V Mehmedin hakimiyyəti dövründə saray işçilərinin sayı azaldılır. Hətta o da Dolmabağça sarayında üz çevirir. Ölümü isə Ulduz sarayında olur.
Artıq 1924-cü ildə Dolmabağçada sultan və ailələrindən heç kim qalmır. Boşalan saraya Atatürk ilk üç il ərzində bir dəfə də gəlmir. Lakin onun hakimiyyəti dövründə saray iki baxımdan önəm qazanır: xarici qonaqların bu sarayda qəbul edilməsi və mədəniyyət, sənət baxımından sarayın istifadə edilməsi. İran şahı Pəhləvi, İraq kralı Feysal, İordaniya kralı Abdulla, Əfqanıstan kralı Amanulla, xüsusi ziyarət üçün gələn İngiltərə kralı Edvard və Yuqoslaviya kralı Aleksandr Mustafa Kamal Atatürk tərəfindən Dolmabağça sarayında qəbul edilmişdi. Cümhuriyyət dövründə Atatürkün İstanbul səfərlərində iqamətgah kimi istifadə etdiyi sarayda yaşanan ən ağır hadisə, 10 noyabr 1938-ci ildə Atatürkün vəfatı olaraq tarixə keçir. Dolmabağça sarayının 71 nömrəli otağında dünyasını dəyişir. Masasındakı saat isə son nəfəsini verdiyi anda qalır, 09:05-də!
Sarayın böyük qəbul otağında Atatürklə vida mərasimi keçirilir. Sonralar saray, prezidentliyi dövründə İsmət İnönü tərəfindən İstanbula gəlişləri zamanı istifadə edilir. Ölkədə təkpartiyalı sistem qurulduqdan sonra buranın qapılarını sadəcə xarici qonaqları qəbul etmək üçün açırlar.
1952-ci ildən Millət Məclisi sədrinin qərarı ilə turizm üçün dəfələrlə açılıb bağlanan Dolmabağça sarayı ilə bağlı son qərar 1984-cü ildə verilir və o vaxtdan bəri muzey kimi xidmət göstərməkdədir.
Hərəmxana, Saat qülləsi, Məfruşət dairəsi, Quşluq və Vəliəhd dairəsi ziyarətə açıqdır. Hər birinin bağlarında ziyarətçilər üçün kafe xidməti mövcuddur. Sarayın çıxışında hədiyyə satışı ilə məşğul olan obyektlər var, milli sarayları tanıdan məlumat xarakterli kitabçalar, müxtəlif suvenirlər, tablo kolleksiyası, hətta renessans, barokko ilə aralarında heç bir əlaqə qura bilməsəm də, çox bahalı parfümlərin satışı da həyata keçirilir.
Arxitektura və struktura gəldikdə isə qeyd edim ki, Dolmabağça sarayı 600 metr uzunluğunda mərmər özül üzərində inşa edilib. Mabeyn binasından Vəliəhd binasına qədər olan məsafə 284 metrdir. Bu məsafənin ortasında yüksəkliyi ilə diqqət çəkən Müayədə binası yerləşir.
Dolmabağça sarayı isə üç mərtəbəli və simmetrik planlıdır. Sarayın 285 otağı və 43 böyük salonu, 66 tualeti, 6 hamamı var. Bünövrəsində fıstıq ağacı kötüklərindən istifadə edilib. Dəniz tərəfdəki girişdən əlavə qurudan da biri neçə dəbdəbəli qapısı var. Böyük, 56 sütunlu qəbul salonu 750 işıqla işıqlandırılan, ingilis istehsalı olan və otuz altı metr yüksəklikdəki qübbədən asılan 4,5 tonluq şəffaf çilçırağı ilə ziyarətçiləri heyran qoyur.
İnteryerdə istifadə edilmiş bütün parçalar sarayın toxuyucuları tərəfindən ərsəyə gətirilib. Parket döşəməsinin üstünü yüz qırx bir xalı və yüz on beş səccadə örtməkdədir. Çilçıraqlarının ümumi sayı otuz altıdır. Ayaqlı şamdanların, pilləkən dirəklərinin və bütün güzgü çərçivələrinin materialı büllurdur. Bundan əlavə, sarayda 581 büllur və gümüş qarışığından hazırlanmış şamdan var. İki yüz səksən vazadan qırx altısı Ulduz çinisi, əlli doqquzu Çin, iyirmi doqquzu Fransa, iyirmi altısı Yaponiya digərləri isə müxtəlif Avropa ölkələrinin çiniləridir. Hər birinin özünəməxsus xüsusiyyəti olan yüz əlli səkkiz saat sarayın otaq və salonlarını bəzəməkdədir. Saraydakı altı yüzə yaxın rəsm əsəri yerli və xarici rəssamların imzasını daşıyır.
Əminliklə deyə bilərəm ki, Dolmabağça sarayı ölmədən əvvəl ziyarət edilən yerlər siyahısına salınmalıdır. Səltənət Qapısından içəri keçənlər bu əminliyin səbəbini yaxşı bilir.