525.Az

Çağdaş Azərbaycan gəncliyi: vətənə, millətə nümunəvi xidmət yolunda


 

Çağdaş Azərbaycan gəncliyi: vətənə, millətə nümunəvi xidmət yolunda<b style="color:red"></b>

Bir xalqın, bir millətin uğurlu gələcəyi savadlı, bilikli, milli-mənəvi dəyərlərə sadiq, vətəninə, torpağına sadiq, bağlı olan,  dövlətinin rifahi üçün çalışan gənclərdən asılıdır. Bir xalq öz gələcəyinin parlaq olmasını istəyirsə, sahib olduğu gənc nəslin daha gözəl yetişməsi üçün əlindən gələni etməlidir. Xüsusilə də dəyərlər mühitində yetişən, milli-mənəvi, etik-əxlaqi dəyərlərə sahib olan gənclər bir xalqın parlaq gələcəyinin təminatçısıdırlar.

Gənclərimiz elm və təhsil sahəsində yüksək nailiyyətlər qazanaraq cəmiyyətin inkişafına öz layiqli töhfələrini verirlər. Gənclərimiz milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçilik ənənələrimizin dünyada tanıdılmasında səy və bacarıqlarını təsdiqləyir, qəhrəmanlığın, vətənpərvərliyin təbliğ olunmasında böyük işlər aparır və cəmiyyətin inkişafı istiqamətində ciddi addımlar atırlar.

Millət vəkili Cavid Osmanov deyir ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Ulu öndər Heydər Əliyevin "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir: "Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafında müstəsna xidmətlərə malikdir. "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram", - deyən Prezident tərəfindən ötən müddət ərzində bu istiqamətdə çoxlu sayda Dövlət Proqramları və İnkişaf Strategiyaları qəbul edilib. Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər İli" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Ölkə başçısı tərəfindən imzalanan sərəncamlar əsasında reallaşan Dövlət Proqramları nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olublar. Bütün bunlar isə Azərbaycanın gələcəyinə xidmət edən mühüm sərmayə hesab edilməlidir. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident cənab İlham Əliyev tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalanaraq Fond qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən, beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Bu günə qədər Fond tərəfindən minlərlə uğurlu layihə maliyyələşdirilib. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb".

Millət vəkilinin sözlərinə görə, Prezidentin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən, ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə on min manat məbləğində verilir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar cənab Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır: "Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən cənab Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə "Yüksəliş" müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Ölkə başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb".

Cavid Osmanov qeyd edib ki, rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər: "Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan ölkə başçısı 2020-ci ilin "Könüllülər İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. Ölkəmizdə təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə işləyirlər. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Könüllülər hərəkatı "ASAN xidmət"dən başladı və bu gün "ASAN xidmət"də işləyənlərin mütləq əksəriyyəti gənclərdir".

Millət vəkili Anar Məmmədovun sözlərinə əsasən, Azərbaycanda gənclər cəmiyyətin bütün sferalarında aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Bu gün gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin edib. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır: "Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir nümunədir. Bu siyasət model olaraq dünyanın inkişaf etmiş dövlətləri tərəfindən yüksək qiymətləndirilməklə bərabər, öyrənilir, tətbiq edilir. Gənclərlə bağlı məqsədli proqramların, konkret dövrləri əhatə edən strategiyaların məhz gənclərin fikirlərinin, arzularının nəzərə alınmaqla qəbul edilməsi, gənclərin bütün pozitiv təşəbbüslərinin dəstəklənməsi, dövlətin bütün strukturlarında, hakimiyyətin bütün qollarında gənclərin təmsil olunması, gənclərin dövlət hesabına ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən ixtisaslarda dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, dünyanın ən mötəbər, miqyasına görə ən böyük gənclər tədbirlərinin Bakıda keçirilməsi yuxarıda dediklərimizi bir daha təsdiq edir".

Sevinc QARAYEVA

 





13.06.2022    çap et  çap et