525.Az

 “XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan


 

 “XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan<b style="color:red"></b>

Əziz oxucular!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

Raqub KƏRİMOV Filologiya üzrə
elmlər doktoru, professor

 

 

 

 

 

 

 

Mirzə Sadıq Piran

 

Mirzə Sadıq İmanxan oğlu Piran 1811-ci ildə Şuşada anadan olmuş, ilk təhsilini də orada, mədrəsədə almışdı. Xüsusi istedad sahibi olan Mirzə Sadiq əksər klassiklərin, xüsusilə də Firdovsi və Füzulinin şeirlərinin çoxunu əzbər bilirmiş. Gözəl nitq və şeir demək qabiliyyəti, məlahətli səsi olan şair klassiklərin seçmə şeirlərini axşam məclislərində xüsusi zövq ilə oxuyarmış. Gəncliyində el şənliklərində xanəndəlik də edərmiş.

Mirzə Sadıq şeirlərini "Sadıq" və "Piran" təxəllüsləri ilə yazıb. O, Qarabağda fəaliyyət göstərən hər iki ədəbi məclisin üzvü olmuşdu. Lakin daha çox Natəvanın başçılıq etdiyi "Məclisi-üns"də iştirak etmişdi. Həm də bu məclisin ağsaqqalı hesab olunan Mirzə Sadıq gənc şairlərin təxəllüs seçimində onlara yardımçı olub və onların təsdiqini rəsmi qaydada həyata keçirilib. Xurşidbanuya "Natəvan" təxəllüsü götürməsini də o təklif edib.

Mirzə Sadıq Piran 1893-cü ilin yanvar ayında dünyasını dəyişib.

Buradakı şeir örnəkləri AMEA ƏYİ-nin arxivində saxlanılan əlyazmalardan götürülüb.                            

 

Qəzəllər

 

Qəmi-deydən oldu fariq, yenə çıxdı yaza zülfün,

Salacaqdı mən həzini qəmü dərdi-naza zülfün.

 

Ona tövri-ruyin, ey məh, yenə dəşti-Yəmən olmuş,

Kim ilən təkəllüm eylər ki, gəlib niyaza zülfün?

 

Alıb əldən ixtiyarım, dəxi qalmayıb qərarım,

Nə səbəb görəndə könlüm salır ehtizaza zülfün?

 

Hanı, sağ olaydı Mahmud, eşidib görəydi bir dəm

Ki, necə şikəst vermiş sənin ol Ayaza zülfün.

 

Nə səbəb qara bulud tək geyinib qara libasa,

Nədən eyləməz tərəhhüm məni-dilnəvaza zülfün?

 

Niyə tərki-mehr qılmış, dəxi axtarıb aramır,

Ki, həqiqət əhlin atmış, qoşulub məcaza zülfün.

 

Ləbin abi-çahi-Zəm-Zəm, ruyin oldu Kəbeyi-dil

Ki, siyahgun ərəb tək yol açıb Hicaza zülfün.

Dəxi tiri-qəmzən atma, saqın, eylə bir tərəhhüm,

Nə qədr cəfalar etdi məni-pakibaza zülfün!

 

Niyə bir tərəhhüm etməz Sadığa o xəttü-xalın?

Vəli çox sitəmlər eylər ona taza-taza zülfün.

lll

Edir həm qəmzədə məqtul yüz canı qara gözlər,

Salıbdır mərdum icrə, gör nə qovğanı qara gözlər.

 

Sanasan şahi-hindudur, girib yayə kəmin etmiş,

Atar üşşaqə bir-bir tiri-müjganı qara gözlər.

 

Edən dəm qəsdi-can ol iki türki-şuxü sərməstin,

Biri xəncər çəkər, ol biri pünhanı qara gözlər.

 

Kəməndi-zülfünü, həm tiği-əbrusun çəkib hər dəm,

Salır hər ləhzə dil mülkünə talanı qara gözlər.

 

İki kafərdi, ya kim, hər biri bir tiği-xunəfşan,

Çəkib, qətl eyləyirlər bir müsəlmanı qara gözlər.

                 

Sənin eşqində, ey şux, eyləyir virdi-zəban Sadiq,

Olum ol qəmzeyi-xunriz qurbanı, qara gözlər!

lll

Könül, dil vermə eşqə kim, bəladır,

İşi daim qəmü rəncü ənadır.

 

Təcəlla eylədikdə atəşi-hüsn

Vücudi-aşiqi-miskin fənadır.

               

Deyil baziçə, rahi-eşqdir bu,

Nə rahi-işrətü eyşü səfadır.

 

Bu işdə dövləti-Qarun gərəkdir,

Təhidəstə bu iş narəvadır.

 

Vəzifə əhli-fəqrə eşq bulmaz,

Bu yerdə şahlar miskin gədadır.

 

Əgər Cəmşiddir, ya kim, Sekəndər,

Şəhi-eşqin əlində binəvadır.

 

Gözəllər əhdinə çox etmə bavər,

Oların işləri daim cəfadır.

 

Bu yolda mən də çox yortdum, yügürdüm

Ki, gördüm axırı bimüntəhadır.

 

Bəli, gər aşiqi-Sadiq tapılsa,

Ona, əlbəttə, aşiqlik səzadır.

 

Asəf Lənbərani

 

Dövrün "Təzkireyi-Nəvvab", "Riyazül-aşiqin" kimi mötəbər mənbələrində adı ehtiramla çəkilən, "Türkcə şeirguluqda səramədi-şüəra"(Müctəhidzadə) kimi qeyd olunan Asəf Lənbəraninin kimliyi, anadan olma və ölüm tarixi haqqında heç bir məlumat verilmir. Hətta Firidun bəy Köçərli kimi zəngin məlumatı olan bir alim onun barəsində: "Bu şairin ismü nəsəbi bir kəsə məlum deyil" - yazmaqla kifayətlənir. Araşdırmalar zamanı xoş bir təsadüf nəticəsində şairin adının Molla Mir Hüseyn olduğunu müəyyənləşdirmək bizə nəsib oldu. Şairin yeni tapılan şeirləri nəticəsində o da məlum oldu ki, Molla Mir Hüseyn Asəf Lənbərani dövrünün ən istedadlı şairlərindən biri olub. Bəzi məlumatlara əsaslanaraq onun Baba bəy Şakir, Məhəmməd bəy Aşiqin müasiri olduğunu və XIX yüzilliyin birinci yarısında yaşayıb-yaratdığını qətiyyətlə söyləmək olar. 

Buradakı şeirlər AMEA ƏYİ-nin arxivində saxlanılan A-81/9602, B-1116/6050, B-3959/23410, B-3351/22370, B-1987/3146, B-2228/3147 şifrli cünglərdən götürülüb.

 

Qəzəllər

 

Bilməm ki, cisimmi görünür pirəhən içrə,

Ya ruhi-rəvandımı dolanur bədən içrə.

 

Müjganların içrə sənin ol çeşmi-xumarın,

Bir nərgisi-tərdir ki, bitibdür tikən içrə.

 

Kuyində yüz il zülfə əsir olsam, usanmam,

Əz-bəs ki, qara gün bana xoşdur vətən içrə.

 

Bir şeri-nəməkriz ilə ağzından öpərdim,

Pinhan ola bilseydim əgərçi süxən içrə.

 

Asəf güli-ruxsarıni görmişmi nigarın,

Qönçə dəhəni açıla qalmış çəmən içrə.

lll

Ta rəvaci-hökm göstərmiş cəmali-yarə xal,

Əhli-imanın qılıpdır ruzigarın qarə xal.

 

Rövşən etməkmi dilər əhli-nəzərlər halını,

Müttəsil şəmi-camalınlan yanar odlarə xal.

 

Ta xüruci-mülki-hüsn etmiş xəti-hinduvəşi,

Yüz xətlərdir görür dəfinə bilməz çarə xal.

 

Eyləmiş tərfi-zənəxdan üzrə kakilin kəmənd,

İstər ol çahi-nədamətdən özin qurtarə xal.

 

Dəftəri-bəxtin yazanda Asəfin kilki-qədər,

Düşdi miskin nöqtələr ol səfheyi-ruxsarə xal.

                                              

Qoşma

 

Sevdigim, şöleyi-şəmi-rüxsarın

Görən aşiq neylər tabi-afitab.

Afitabü qəmər, sərasər şəhab,

Alır rüxsarından zərrə-zərrə tab.

 

Tabım yox cismdə səbr edəm dərdə,

Düşmüşəm hicrinə dönmüşəm kürdə,

Rəhm qıl mən kimi dərdpərvərdə,

Gəlmişəm qapuna, ey alicənab.

 

Alicənabımsan, izzət, cahımsan,

Adilü dadrəsən şahənşahımsan,

Mülazimü müdam ümidgahımsan,

Sahibi-bəndəqan, malikü-rüqab.

 

Rüqabi-üşşaqə salıbsan zəncir,

Sübhən fəraqından qılmadın təhrir,

Xalların danəsi mayeyi-təzvir,

Cövri-sərkakilin könlümə qüllab.

 

Qüllabı-zülfünə paybəstəm mən,

Çeyşi-qəm çəngində zirdəstəm mən,

Asəfəm, dövrandan dilşikəstəm mən,

Əxtəri-bəxtimdən açılmaz səhab.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





13.06.2022    çap et  çap et