525.Az

“Dərinliyimin içində özümü axtara-axtara qalıram”


 

“Dərinliyimin içində özümü axtara-axtara qalıram”<b style="color:red"></b>

Çox  maraqlı xanımdır. Sanki müxtəlif rəng çalarlarının harmoniyasını özündə cəmləşdirə bilib. Bilib yox, sadəcə bunu bacarıb. Müsahib olmağa dərhal razılıq verdi. Bu da daha bir müsbət tərəfi. Artıq söhbətə başlayanda hiss etdim ki, mənim üçün maraqlı olan bu xanım, eyni zamanda həm də zəngin təxəyyülə  malikdir. Etiraf edim ki, 2008-ci ildən sonra onun yaradıcılığını, fəaliyyətini daha çox izləməyə başlamışam. Bu haqda bir qədər sonra...

Adətən bir ənənəvi sualla başlayıram söhbətə. Cavablar müxtəlif olur - bəzən sadə, bəzən konkret, bəzən də müsahibin tərzinə uyğun. Bu dəfə eşitdiyim cavab həm qeyri-adi, bir az qəlizliyə yaxın oldu, elə onun bəstələdiyi mahnılar kimi. Sualları özünəxas tərzdə, içdən gələn emosionallıqla cavablandırdıqca, yaşadığı zaman kəsiyində müxtəlif yaş həddindən adlayaraq gələn bir neçə obraz gördüm. Və istədim ki, portretdən boylanan  bu obrazlarla oxucu da tanış olsun. Rubrikamızın qonağı Əməkdar artist, fərqli dəsti-xətti ilə seçilən bəstəkar Gövhər Həsənzadədir.

 

- Söhbətimizin ilk obrazı balaca Gövhər olsun.

- Olsun... Artıq əsrin yarısını adlamış balaca Gövhər həm ziyalı, həm də uşaqlara çox ciddi nəzarət olunan bir ailədə böyüyüb. İxtisasca fizik olan atam uzun illər Bakı Seysmoloji Xidmət Mərkəzinə rəhbərlik edib. Artıq haqq dünyasında olan atamın işinə uyğun zəlzələ kimi xasiyyəti olub. Çox çəkinirdik ondan. Atamın nə sözü olardısa, onu anamın vasitəsilə bizə çatdırardı. Anam Afəridə xanım filoloqdu və pedaqoji fəaliyyətlə məşğul olub. Deyərdim ki, anam atamdan daha artıq ciddi və mühafizəkar idi tərbiyəmizdə. Bəzən öz tapşırıqlarını atamın adından deyərdi mənə və bacıma.

Beş yaşım olanda evə piano aldılar və prelüdə bənzər iki melodiyanı elə-belə dınqıltdatdım. Evə qonaq gələndə deyərdilər ki, Gövhər, gəl pianoda çal. Mən də uşaq həvəsilə o melodiyaları məmnunluqla çalardım, hamı da alqışlayardı. Vəssalam, yazdıqlarım elə beş yaşında da qaldı.

- Və...

- Mən sakit uşaq olmamışam. Səkkiz yaşıma qədər baletə getmişəm, bədii gimnastika  üzrə rayon çempionu olmuşam. Lakin atam bu yaşa qədər atdanıb-düşməyi kifayət hesab etdiyindən hər şeylə vidalaşmalı oldum. Lakin sakitlik mənə yad olduğundan dama dərnəyinə getdim, arada rəssamlıqla məşğul oldum, bir sərgim də təşkil olundu. Bütün bunlardan sonra elan etdim ki, musiqi ilə məşğul olmaq istəyirəm. Evdə əlimdən təngə gələn valideynlərim  dedi ki, bu, sənin son istəyindi. Əgər imtahanda musiqi duyumunun olmadığını desələr, daha heç bir şansın olmayacaq. Şans isə məndən yana oldu. Tək qabiliyyət imtahanı ilə musiqi məktəbinə qəbul oldum. Nümunəvi təhsil ocağı olan 7 saylı məktəbin səkkizinci sinfindən sonra A.Zeynallı adına Musiqi Məktəbini əla qiymətlərlə, daha sonra indiki Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirdim.

- Deyəsən tələsdik axı...

- Hə, tələsdik...16 yaşında musiqi yazmaq həvəsini duydum. Artıq A.Zeynallı adına Musiqi Məktəbində oxuyurdum. Orada bəstəkarlıq kursu vardı və onun rəhbəri bu gün də hörmətlə andığım Leonid Vaynşteyn idi. Musiqinin strukturunu qura bilirdim deyə, məni kursa yazdı, dedi ki, niyə musiqi bəstələmirsən? Sual mənə çox qəribə gəldi. Bu vaxta qədər ciddi rejimdə böyüyən mən, sərbəst nəsə deyə bilərəmmi fikrini yaxın buraxmağa qorxurdum. Lakin Vaynşteyn məni bu kompleksdən çıxararaq dedi ki, istədiyini elə. Qorxa-qorxa, çəkinə-çəkinə düşündüklərimi deməyə başladım. O, məni dinlədi, istiqamət verdi və beləcə, bəstəkarlığa hazırladı.

- Buna hazırlığın uğurlu başlanğıcı deyək.

- Əslində elədi. Konservatoriyada dahi Cövdət Hacıyevin sinfinə düşdüm və onun son tələbəsi oldum. Bu da uğurlu başlanğıc. Keçdiyim bu məktəb Gövhər Həsənzadənin bəstəkarlıq məktəbinin tramplini oldu. Nəslimizdə musiqi ilə məşğul olan yoxdu. Qismətimə bu yolla yürümək düşdü, mən də yürüməyə başladım.

- Az getdiz, çox getdiz və...

- Gedə-gedə gördüm ki, çox mürəkkəb insanam. Bəzən öz içimdə itib-batıram. Sonda özümü yığışdırıb, sakitləşdirib soruşuram ki, Gövhər, sən nə istəyirsən? Mən iş görürəmsə, o yüz faizlik olmalıdı. Bu gün qoy belə olsun, sabah daha yaxşı olar kimi bir anlam mənim üçün yoxdu. Əgər sabah daha yaxşı olacaqsa, qoy elə həmin vaxtda olsun, təki məni qane etsin. Neyləyim ki, mən buyam? Dərinliyimin içində özümü axtara-axtara qalıram. Çətin insan olduğum üçün musiqilərim də özümə bənzəyir.

- Mahnılarınıza yazdığınız şeirlər də...

- Mahnılarımın şeirlərini 99 faiz özüm yazsam da, mənə şairə demək olmaz, bu adın mənə deyilməyindən qorxuram. Poeziya yazarları da hiss edir ki, mənim yazdıqlarım şeir deyil. Mən bəstələdiyim musiqinin melodiyasının tələb etdiyini yazıram, çünki mənim üçün bunu heç kəs qələmə almayacaq. Mənim yazdıqlarım musiqinin dillə ifadəsidi, səsin sözlərə çevrilməsidi.

- Keçək professional bəstəkar Gövhər Həsənzadəyə.

- Mənim üçün ən asan iş mahnı bəstələməkdi, çünki mahnı mənə həmən gəlir. Mənə həvəs iki aydan sonra gələcək və ya bu mövzuda mahnı bəstələmək  tapşırığı almışam, amma hələ özümü hazırlaya bilmirəm kimi fikirlər mənə yaddı. Bəstəkarın təbi hər an üzdə olmalıdı. Peşəkar bəstəkarlar görmüşəm, onlardan hər hansı bir layihə üçün mahnı istəyəndə, deyib ki, buna vaxt lazımdı. Bu, mənim üçün çox qəribə anlayışdı. Sənin peşən musiqi yazmaqdısa və əsl bəstəkarsansa, beynini araşdırıb tapşırığa uyğun ordan nəsə tapıb üzərində işləyib qoymalısan ortaya, əks halda yaradıcı insan deyilsən. Sifarişlə mahnı yazmaq mənlik deyil, çünki istədiyimi musiqiyə çevirə bilmirəm, qalır ürəyimdə. Mahnının yaranması bəstəkarın əhval-ruhiyyəsi deməkdi. Mahnı bəstələyəndə həmin anda nəyi yaşayıramsa, onu nota çevirməliyəm.

- Gəlib çatdıq "Eurovision" müsabiqəsinə.

- On dörd il keçməyinə baxmayaraq, mən hələ də o yuxudan ayılmamışam. Azərbaycanın dünyaya inteqrasiyası, inkişafı üçün "Eurovision" yeni bir adım, yeni bir layihə oldu ki, bu da 2008-ci illə bərabər mənim də payıma düşdü. O zaman Bəstəkarlar İttifaqının üzvü olan 5-6 nəfərdən ibarət kiçik bir siyahıda adını görmək hələ 40 yaşı olmayan Gövhər Həsənzadəyə dövlətin  göstərdiyi etimadın təzahürü idi. Etiraf edim ki, o zamana qədər həmin yarışmasını vaxt darlığından televiziya ilə belə, izləməmişdim. Bildiyim tək o idi ki, mənə göstərilən etimadı mütləq doğrultmalı idim. Mahnını bəstələdim, sözlərini yazdım, sözlər tərcümə olundu və müsabiqəyə təqdm edildi. Bunu dövlətindən tapşırıq alan biri kimi etmək borcum idi. Müsabiqənin təşkilat mərkəzi mahnını da, müğənniləri də uyğun bildi və ilk dəfə olaraq Azərbaycan heyəti "Eurovision" a qəbul edildi. Birdən sanki duman çəkildi və o zaman anladım ki, Azərbaycanda hələ sözünü deməyən iki gənclə ölkəmi ilk dəfə olaraq təmsil etməyə gedirəm. Yalnız o zaman bu yükün ağırlığını dərk etdim. Sona qədər müəmma içində idim. Bu düşüncələrlə 16 ölkədə turnelərdən keçə-keçə gəlib çıxdıq Belqrada. Final günü uşaqlara dedim ki, məni nə zaldakılar, nə münsiflər, nə gələn səslər maraqlandırır. Biz bura Azərbaycan deməyə gəlmişik və bunun üçün üç dəqiqəmiz var. Not səhv oldu fikir verməyin, falş oxuduz üstündən keçin, muğamda səsin titrəsə, aşağıdan oxu, burdakılar muğam nədi bilmir. Mahnını mən yazmışam, nə istəyirsiz edin, bircə səhnədə büdrəməyin, səsiniz yerində olsun. Gözünüz zaldakı bayrağımızdan başqa heç nə görməsin, bütün Azərbaycan üçün oxuyun və gəlin. Bunu deyib onları Quranın altından keçirib səhnəyə yola saldım. Uşaqların ifası şox mükəmməl oldu.Vətəni təmsil etmək çox ağırdı, ağır olduğu qədər də məsuliyyətlidi. Yarım əsrdən sonra ilk dəfə müsabiqəyə qatılan Azərbaycanın adı onluğa düşdü. Əslində biz 3 və 4-cü yerləri paylaşırdıq, lakin sonra səkkizə düşdük. Təbii ki, burda müxtəlif nüansların, qərəzli mövqenin rolu vardı. Orada eşitdiyimiz: "Azərbaycan son 20 ildə "Eurovision"a ciddilik gətirən bir dövlət oldu" fikri ən yüksək qiymət idi. Azərbaycanın ilk çıxışı bu günədək öz təsirini saxlaya bilib. Qeyri-təvazökarlıq kimi səslənməsin, lakin kilsə musiqisi ilə başlayıb muğamla bitən, üç dəqiqəlik zaman kəsiyində dinləyicidə fəlsəfi fikir yarada bilən bir mahnı unudula bilməz. Bu lahiyədə ilk və son iştirakım elə 2008-ci ildə qaldı.      

- Amma illər bir-birini əvəz edə bildi.

- Etməli idi də... Uğurlu çıxışlar Azərbaycanı yarışmanın ev sahibliyinə qədər gətirib çıxardı. Lakin bunların heç birində mənim iştirakım olmasa da, həmişə hər məqamı izləməyə çalışmışam. 2014-cü ildən sonra uğur bizdən qaçmağa başladı. Səbəblərin dərinliyinə getmək fikrindən çox uzağam. Amma bir məqamı mütləq vurğulamalıyam. Yarışmada qazandığımız qələbələrimizə baxmayaraq, biz illərlə bu müsabiqədə dünyanın nəzərində torpaqları işğal altında olan bir ölkənin nümayəndəsi olaraq qalmışdıq. Amma biz nə etdik? Cəmi 44 günə dünyaya dedik ki, zaman keçsə də, türk heç zaman boyunduruq altında yaşamaz. Biz artıq qalib bir ölkəyik və bunu harada olmağımızdan asılı olmayaraq, dünyaya xatırlatmalıyıq. Bu baxımdan bizim yarışmada bu ilki çıxışımızı uğurlu hesab etmirəm. Yarışmanın seçiminə, müğənninin  ifasına heç bir iradım yoxdu. Lakin qalib bir ölkənin təmsilçisi təpədən dırnağa kimi həm mahnısı, həm səhnə maneraları ilə göstərməli idi ki, baxın, bu, mənəm. Onun ifa etdiyi mahnı, görkəmi bunu göstərmədi və tamaşaçının verdiyi cəmi üç səs sübut etdi ki, avropalılar artıq hər gün eşitdikləri sıradan bir avropa bəstəkarın sıradan bir mahnısını dinləmək istəmir. Bu baxımdan, bizim professional bəstəkarlarımızın hərəkətə keçməyini həm gözləyir, həm də arzu edirəm. Çünki mənim ifaçım səhnəni  qürurla, hay-küylü ifası ilə zəbt etməlidi.

P.S. Müsahibə boyu onun gah emosional, gah pafoslu danışığından hiss olunurdu ki,  vətənpərvər, uğurlarına əmin, özünə inamlı olan bu bəstəkar xanım çox qələbələrə imza ata biləcək bir gücün sahibidi. Biz də Gövhər Həsənzadəyə  bu əzəməti yaşamağı arzu edək.

Tamilla M-zadə

 





14.06.2022    çap et  çap et