525.Az

Sənətşünaslığımıza layiqli töhfə


 

XALQ YAZIÇISI ANARIN ON İL ƏVVƏL ÇAP OLUNMUŞ KİTABINA GECİKMİŞ RESENZİYA

Sənətşünaslığımıza layiqli töhfə<b style="color:red"></b>

Xalq yazıçısı Anarın "Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyəti" (II cild) kitabı 2012-ci ildə çap olunmasına baxmayaraq, onunla yaxından tanışlığım lap bu günlərdə baş tutdu. Kitabın çox əhatəli mündəricatı, xüsusilə də 910 səhifəlik nəşrdə yer almış çoxsaylı məqalələrin iyirmidən çoxunun təsviri sənətlə bağlı olması məni, gec də olsa, bu yazılanlara münasibət bildirməyə məcbur etdi.

Öncə demək istəyirəm ki, hər dəfə iştirak etdiyim tədbirlərdə Anar müəllimin adı çəkiləndə və fəaliyyəti dəyərləndiriləndə, istər-istəməz onun həm də "tanınma nişanı"na çevrilən "Qobustan" jurnalını xatırlamalı oluram. Özümü də bu unikal nəşrin yetişdirməsi hesab etməklə, obrazlı dillə, "Qobustan"ın da "Molla Nəsrəddin" kimi böyük məktəb olduğunu" deyirəm.

Həm də əqidə dostlarının toplaşdığı "Qobustan" redaksiyasında müəllif yazılarına özünəməxsus münasibət vardı. Jurnal ona qədər respublikada işıq üzü görmüş nəşrlərdən bütün mənalarda seçildiyindən, çap olunacaq məqalələrin seçimində də fərqli yanaşma mövcud idi. Yazıların orijinallığı, faktların yeniliyi və mövzunun özünəməxsus şərhi, ən başlıcası isə, pafosdan - süni təriflərdən uzaq olması əsas meyar sayılırdı. Elə yazılarda o vaxta qədər oxuculara tanış olmayan, çox vaxt da gizli saxlanan həqiqətlərin yer alması səbəbindən, jurnal yetmişinci illərdən başlayaraq respublikanın ən məşhur - arzulanan nəşrinə çevrilmişdi.

Etiraf edək ki, bütün zamanlarda həqiqəti demək, yazmaq və çəkmək çox çətin olub. Bu fikri "Qobustan"da çap olunanlarla əlaqələndirsək, onda həm də həqiqəti çap etməyin çətin olduğunu deyə bilərik. Bu işi yetmişinci illərdə məhz Anar müəllim gördü. Başqa sözlə desək, o, məhz fərdi səyləri ilə rəsmilərə qadağalı görünə bilən yazıları belə jurnal səhifəsinə çıxarıb ictimailəşdirməklə, Azərbaycanda incəsənət sahəsində "sandıq ədəbiyyatı"nın yaranmasına imkan vermədi.

Anar müəllim məşhur "altmışıncılar"ın sırasında olmaqla, həmin dövrdə yaşayıb-yaradan rəssamlarla ünsiyyətdə olmuşdu. Belə rəssamların sırasında Sovet dönəmində nonkonformistlər kimi tanınan "Abşeron məktəbi" nümayəndələri də vardı. Yazıçının həmin məktəbin yaradıcısı olan Mircavad Mircavadov, onun kiçik qardaşı Tofiq Cavadov, xalası oğlu Rasim Babayev, o vaxtlar çox gənc olan Fərhad Xəlilov və Kamal Əhməd, nonkonformistliyini bütün həyatı boyu sərgiləyən Qorxmaz Əfəndiyev və Əşrəf Muradoğlu haqqında kitabda çap olunmuş fikirləri çox vaxt oxuduğumuz "ütülənmiş" sənətşünas yazılarından çox fərqli olub, həmin yaradıcıların həyatı və yaradıcılığı barəsində yalnız həqiqəti əks etdirdiyindən maraqla oxunurlar. Onları zamanına görə dəyərləndirməli olsaq, həm də insani və yaradıcı cəsarət nümunəsi sayıla biləcək bu yazıların adi oxucudan fərqli olaraq, "yuxarı"ları qane etməməsi Anar müəllimi bir o qədər də narahat etməmişdi. Obrazlı dillə desək, "papaq" altında yatmağa məcbur edilmiş neçə-neçə yaradıcının əsərlərini jurnal səhifələrini çıxartmaqla mənəvi rahatlıq tapmışdı. Qənaətimizcə, geniş ictimaiyyət üçün hələ də "naməlum" qalmış həmin rəssamların ideoloji basqılar dövrünün "sosialist realizmi" bədii prinsipinə uyğun gəlməyən əsərlərini Anar müəllimin "xalqın malı"na çevirə bilməsi SSRİ məkanı üçün gözlənilməz bədii hadisə idi. Başqa sözlə desək, Fransada "Barbizonçular"ı Salonun təpkilərindən qoruyan tapılmamışdısa, Azəbaycanda Anar müəllim "Abşeronçular"ın himayadarına çevrilmişdi. Doğrudan da "Abşeron məktəbi"nin fəaliyyəti SSRİ rəhbəri N.S.Xruşovun Moskvadakı Manejdə təşkil olunan avanqard rəssamların sərgisini "buldozer"in qabağına verməsi ilə müqayisədə, duyulası təzad təşkil edirdi. Amma zaman dəyişmişdi, siyasi sistem də Ələkbər Rzaquliyevi 28 il həbsxana və sürgün həyatı yaşamağa məcbur edən deyildi. Lakin Bakıda bir qrup müxtəlif yaşlı rəssamın rejimin ideologiyasına uyuşmayan əsərlər yaratmaları tarixi hadisə idi. Həmişə olduğu kimi, elə bu gün də "Abşeron məktəbi"nin unudulmaz fəaliyyətinin kinoda bədiiləşdirilməməsindən təəssüf hissi keçiririk. Bunula belə, bunun nə vaxtsa gerçəkləşəcəyinə də ümid bəsləyirik. Bəlkə də elə bu işə Anar müəllim rəhbərlik edəcək?

Anar müəllimin Azərbaycan incəsənətinə, onun mütərəqqi və milli ruhlu yaradıcılarına həsr etdiyi məqalələr həm də əhatə dairəsinə görə diqqət çəkir. Bu mənada onun Qobustan qaya təsvirlərinə, Sofi Həmid məzarlığının rəsmlərinə, ilk professional təhsil almış heykəltaraş Zeynalabdin Əliyevə, rəssamlığımızın bənzərsiz fenomeni Əzim Əzimzadəyə həsr olumuş məqalələrini qeyd etmək istərdim. Etiraf edək ki, onun yetmişinci illərdə yazdığı "Qəmli yerin şux boyaları" yazısı Sofi Həmid məzarlığının yaranma tarixi və bənzərsiz estetikası barəsində bu gün də çox maraqla oxunacaq yazıdır.

Otuz dörd illik yaradıcılığını Azərbaycan təbiətinin vəsfinə həsr etmiş dahi Səttar Bəhlulzadə haqqında sağlığında və vəfatından sonra çoxsaylı məqalələr yazılsa da, onun təbliğində Anar müəllimin müstəsna rolu olub. Həm haqqında söz açdığımız kitabda yer almış məqalə, həm də rəssam haqqında yazıçının ssenarisi əsasında çəkilmiş "Bu, Səttar Bəhlulzadədir" (1969) telefilmini bunun əyani görüntüsü hesab etmək olar. Səksəninci illərdə R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən xatirə gecəsində çıxışçılar S.Bəhlulzadə haqqında bu vaxta kimi rəngli albomun çap olunmadığını dəfələrlə dilə gətirirdilər. Həmin tədbirdə çıxış edən Anar müəllimin dedikləri indi də yaddaşlarda yaşayır: "Burada nə qədər desəniz də, onun haqqında kitab nəşr eləyən olmaycaq. Mən "Qobustan" jurnalının baş redaktoruyam. Mənim imkanım ona çatır ki, tez-tez jurnalda onun əsərlərini çap edim və bunu edirəm. Sizin isə əlinizdə bu imkan yoxdur, amma evinizdə qələm-kağız ki var. Məgər sizin hər birinizin Mərkəzi Komitəyə məktub yazıb Səttar Bəhlulzadə haqqında kitab çap olunmasını istəməsi çətin işdir? Belə müraciətlər çox olarsa, kitabın nəşr olunacağına şübhə etmirəm!"

Düz sözə nə deyəsən...

Anar müəllimin qəhrəmanları onun ruhuna yaxın olan yaradıcılardır desək, yanılmarıq. Onun Toğrul Nərimanbəyov, Yuran Məmmədov, Mikayıl Abdullayev, Elçin Aslanov, Ələkbər Rzaquliyev, Elmira Hüseynova və digərləri barəsində bənzərsiz yazıları onun bu şəxsiyyətlərlə yaxın tanışlığının, bir çox hallarda isə dostluğunun nəticələridir.

Onun rəssamlığımızda ənənə və müasirlik probleminin necə həll olunmasına həsr olunmuş məqaləsi də elmi-nəzəri tutumuna görə diqqət çəkir. Miniatür üslubu estetikasının bu günümüzə daşınmasında böyük rolu olmuş rəssamlar barəsində gəlinən qənaətlər çox maraqla oxunur. Kitabda miniatür haqqında yer almış başqa bir məqalədə də məsələyə fərqli və elmi yanaşmasına görə yadda qalır. Elə yazıçının Azərbaycan xalçaçılığının estetiksı barəsində yazdıqları da özünəməxsus olmaqla, bu qədim sənət barəsində bu vaxta qədər yazılanlardan fərqlənir.

Yazıçının təsviri sənətə və onun yaradıcılarına münasibətinin yox yerdən qaynaqlanmaması birmənalıdır. Göz açdığı evdə tez-tez məşhur fırça və tişə ustalarını görən və onların söhbətlərinə həvəslə qulaq kəsilən gənc söz adamının bu təmasa biganə qalacağını düşünmək sadəlövhlük olardı. Zamanında Xalq şairi Rəsul Rzanın çox zəngin şəxsi kolleksiyasının olduğunu da nəzərə alsaq, onda Anar müəllimin rənglər dünyasına olan sonsuz sevgisinin səbəbsiz olmadığını deyə bilərik.

Sonda "Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyəti" kitabında yer almış çoxsaylı məqalələrin ayrıca kitab halında nəşr olunmasının, tədqiqatlarda mənbə kimi istifadəsinin vacibliyini vurğulamaq istərdik. Belə ki, bu dəyərli yazılar Azərbaycan sənətşünaslığına sözün əl mənasında layiqli töhfədir.

 





15.06.2022    çap et  çap et