525.Az

Samuray mənəvi ruhu yaşayır - Telman Orucov yazır


 

Samuray mənəvi ruhu yaşayır - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 Tarixin çox vaxt işə saldığı amansız ironiya yenə də öz işini gördü, syoqunat dövründə böyük hərbi və siyasi çəkiyə malik olan və ölkəyə nisbi sakitlik gətirən bir sinif  bu vaxt siyasət aləmi üçün buxov hesab edilməklə, onun sındırılması zərurəti yarandı.

Samuraylar onları sıxan mühitlə üzləşdilər, onlar müxtəlif vasitələrlə aşağılanırdı, bir vaxtlar özləri üçün təhqirin nə olduğunu bilməyənlər indi isə ən ağır qaydada istehza obyektinə çevrilmişdilər. Samuray qiyamı ilə hakimiyyətə bərpa edilən imperator təkcə samurayın şərəf rəmzi hesab etdiyi, onunla vəhdətdə olduğu qılıncdan onu məhrum etməklə kifayətlənməyib, öz hakimiyyət qılıncının da itiliyini ilk növbədə bu sinfin və onun ağalarının başına vurmaqla sınadı.

Lakin imperator, əslində isə onu idarə edən liderlər ölkəni siyasi və iqtisadi gerilikdən çıxarmaq, xilas etmək üçün modernləşməyə, Qərbin mütərəqqi hesab edilən idarəetmə və sənayenin təşəkkül tapması üsullarından geniş istifadə etməyə başladı. Bu miqyasda keçmişlə sürətli vidalaşma dünyada heç bir xalqın taleyində həm əvvəllər, həm də sonralar baş verməmişdi və həm də bütün inqilablara xas olan kütləvi qan tökülməsinə yol vermədən və buna ehtiyac duymadan getmişdi. İqtisadi inkişaf böyük sürət götürdü. Yaponiya həm də qısa müddətdə qüdrətli hərbi dövlətə çevrildi.

Meydzi Bərpası dövrü kimi tanınan ölkə ilk onillikdə sürətli transformasiyaya uğradı, bütün sahələrdə modernləşmə iri addımlarla irəliləyirdi. İngilislər "stride" sözü ilə "iri addım" ifadəsini leksikona daxil etmişdilər, bundan həm də bir feil əlavə etməklə "böyük uğur qazanmaq" kimi idioma, obrazlı ifadə yaranmışdı. Lakonik neologizm kimi bu, tərcümədə  başqa dillərə də daxil olmuşdu. SSRİ rəhbəri Leonid Brejnyev Bakıdakı çıxışında yüksək sürətlə inkişaf edən respublikanı bu təşbihdən istifadə edərək, "Şiroko şaqaet Azerbaydjan!" - "Azərbaycan iri addımlarla irəliləyir!" kəlamı ilə səciyyələndirmişdi. Bu sözlər bir müddət ölkəmizdə ən işlək və populyar şüara çevrilmişdi. Yaponiya barədə də bu ifadənin işlədilməsi yalnız həqiqətin etirafı kimi səslənir. Çünki ölkədə keçmişin və yeniliyin tərəfdarları arasında başqa ölkələrdən fərqli olaraq vətəndaş müharibəsi getmədi, yeni iqtisadi formasiyaya keçid əsasən dinc şəraitdə getdi, bunu isə az qala daşlaşmış feodalizm üzərində böyük qələbə saymaq olardı.

 Yaponiya həqiqətən də uzun sürən və möhkəm kök salmış feodalizmdən sıçrayış edib, dövr üçün müasir sayılan kapitalist dövlətinə çevrildi. Onun siyasi həyatında demokratik ünsürlər geniş yer aldı. Lakin az sonra Şərqə xas olan avtoritarizm, nəzərdə tutulan dövlət siyasi sistemini dəyişdi və aparıcı idarəetmə üslubuna çevrildi. Bu bəlalı metamorfozaya isə yalnız II Dünya müharibəsindəki ağır məğlubiyyətdən sonra son qoyuldu.

 

Yaponiyanın yeni militarist epoxası

 

Lakin ən böyük bəla Yaponiyanın militarizm yoluna düşməsi idi. Üç qonşu ölkə - Çin, Rusiya və Koreya üzərində qələbə çalması onun ambisiyalarını daha da böyütdü. Qərbin hərtərəfli faydalı təsiri ilə yanaşı, onun imperial təcrübəsi də diqqətdən yayınmırdı və ondan da istifadə vaxtilə izolyasiyada yaşamış Yaponiya üçün acgözlülüklə izlənmə ilə müşayiət olunmaqla, sonralar yeni ərazilər işğal etmək, daha iri imperiyaya çevrilmək həvəsini xeyli gücləndirdi. Bütün Asiyaya hökmran olmaq illüziyası Yaponiya liderlərinin şüuruna hakim kəsildi.

Lakin militarizmi əsas vəzifə kimi irəli sürənlər, ölkəni iqtisadı potensialına xas olan, xüsusən onun təbii sərvətlərdən məhrum olması kimi qüsurlarını da yaddan çıxarırdılar. Hərbi güc və siyasət isə tarix boyu iqtisadi gücə əsaslanmışdır, burada illüziyadan təhlükəli şey yoxdur. ABŞ kimi iri iqtisadi potensiala malik olan bir ölkəyə zərbə vurmaq məqsədini güdmək ağılsızlıq olmaqla, militarizm virusunun qorxulu nəticəsi idi. Lakin Yaponiya 1941-ci ilin 7 dekabrında Birləşmiş Ştatların Havay adalarındakı Pyorl-Harbor hərbi bazasına hava hücum edib, iri itkilərə məruz qoymaqla, onu darmadağın etdi. Bunu onlar Amerikanın Yaponiyaya qarşı tətbiq etdiyi ticarət məhdudiyyətləri, xüsusən neft satışının dayandırılması ilə izah edirdilər.

Pyorl-Harbor taktiki qələbəsi Yaponiyanın militarist rəhbərliyinə narkotik kimi bihuşedici təsir göstərdi, onu məğrurluq kimi adətən pis nəticə verən bir qüsura yiyələndirdi. Qonşu xalqların ərazilərinin işğalı da bu xəstəliyin şiddətini artırmışdı. Lakin ABŞ-la hərbi münaqişə ağılsız bir iş idi və az sonra fortuna Yaponiyadan üz döndərdi. Hitler ordularının 1940-cı ilin birinci yarısınin sonunda bir sıra Avropa ölkələrini asanlıqla işğal etməsi və 1941-ci ilin ikinci yarısında SSRİ ərazisi ilə sürətlə irəliləməsi yapon hökumətini çaşdırmışdı, o da belə uğur qazanmaq istəyirdi və ilk dövrlərdə hətta buna nail ola bilmişdi. Lakin Birləşmiş Ştatların böyük iqtisadi qüdrəti və onun törəməsi olan hərbi gücü ilə Yaponiya heç cür bacara bilməzdi.

Napoleon 1815-ci ilin martında Elbadakı sürgündən qayıdanda hər yerdə onu xilaskar kimi qarşılayırdılar, Parisə yaxınlaşanda kral XVIII Lui artıq paytaxtdan qaçmışdı. Yazıçı Onore de Balzakın Napoleonun bu uğuru barədə dediyi kimi, şlyapanın bir yellənməsi ilə imperiya ələ keçirilmişdi. Lakin nə Amerika kimi iri dövlət Paris idi, nə heç yerdə yapon işğalçılarını xilaskar kimi qarşılamırdılar, nə də prezident Fdanklin Delano Ruzvelt Burbon sülaləsindən olan kral deyildi. O, İosif Stalinlə və Uinston Çörçillə birlikdə II Dünya müharibəsi ərzində yüksək liderlik istedadı nümayiş etdirmiş, Hitler nasizminin və yapon militarizminin məhv edilməsində mühüm rol oynamışdı.

Nəhəng hücumun səhv addım olduğunu həmin ölkənin bəzi hərbi xadimləri də anlayırdılar. Onlar başa düşürdülər ki, arı pətəyinə çöp uzatmaq heç də yaxşı nəticə vermir. Məşhur admiral, Yaponiya Birləşmiş donanmasının baş komandanı İsoroku Yamamoto, baxmayaraq ki, o, Pyorl-Harbor əməliyyatının baş arxitektoru idi, demişdi ki, "Mən qorxuram ki, bizim elədiklərimizin hamısı dəhşətli qərar olmaqla, yatmış nəhəngi oyadacaqdır". O, Birləşmiş Ştatlara yaxşı bələd idi, Harvard universitetində təhsil almışdı.  Müharibənin gedişini də proqnozlaşdıranda olduqca düzgün fikir söyləmişdi: - "Birləşmiş Ştatlarla və Böyük Britaniya ilə müharibənin 12 ayının ilk 6 ayında biz gur hərəkət edib, qələbə arxasınca qələbə qazanacağıq". Başqa sözlə, 6 aydan sonra təşəbbüs əks tərəfin sərəncamına keçəcəkdir. Həqiqətən də, 1942-ci ilin iyununda gedən Miduey atollu uğrundakı döyüşdə dəniz və hava vuruşu Yaponiyanın ağır məğlubiyyəti ilə nəticələndi.

Yaponlar Miduey atollunun iki adasını tutmaq istəyirdilər ki, Sakit okeanda hücum əməliyyatları aparmaq üçün onlardan istifadə etsinlər. 1942-ci il may ayının sonunda ora 8 təyyarə daşıyan və 83 hərbi gəmilərdən ibarət iri donanma göndərmiş, desant həyata keçirməyə 5 min hərbçi cəlb etmişdi. Əvvəlcə vəziyyət Yaponiyanın xeyrinə idi, hava döyüşündə amerikanların 123 təyyarəsi məhv edilmişdi.

Amerikanlar isə həmin zonaya 25 gəmi, o cümlədən, 3 təyyarə daşıyan gəmi göndərmişdi. Yaponlar bunu gözləmirdi və həm də qalib gələcəklərinə tam əmin idilər. Yapon təyyarələri hava döyüşündən geri qayıtdıqdan sonra yenidən uçmağa hazır deyildilər. Bu vaxt, 4 iyun 1942-ci ildə amerikan aviasiyası yapon hədəflərini bombardman etməyə başladı. Yaponların  4 təyyarə daşıyan gəmisi məhv edildi. Böyük ümid bəslənilən bu əməliyyata komandanlıq edən admiral Tamon Yamaquçi hücuma məruz qalan flaqman gəmisində həlak oldu. 1943-cü ilin 18 aprelində isə həyatdan getmək növbəsi Yamamatonun özünə çatdı. Amerikanlar Yaponiyanın hərbi-dəniz aviasiyasını inkişaf etdirib, yüksək səviyyəyə çatdıran bu istedadlı hərbi-dənizçilik komandanını daha böyük təhlükə hesab etdiklərindən,  o, Solomon adalarında cəbhə mövqelərini yoxlamağa gedəndə, Sakit okeandakı Buqenvilli adasının üzərində uçarkən  təyyarəsini ABŞ qırıcı təyyarəsi vurdu və admiral həlak oldu.

  Hərbi-dəniz donanmasında malik olduğu və xüsusi əhəmiyyət kəsb edən  təyyarə daşıyan gəmilərdən yarısının məhv edilməsi Sakit okean hərb teatrı səhnəsində vuruşan Yaponiya üçün ağır zərbə idi.  Sonrakı illərdə ABŞ-ın üstünlüyü mütləq olmaqla, Yaponiyanın tam məğlub olmasını yaxınlaşdırırdı. Gələcək fövqəl dövlət olacaq Birləşmiş Ştatlar öz bazasının timsalında təcavüzə məruz qalsa da, Yaponiyaya döyüş səhnəsində göstərdi ki, onunla zarafat etmək baha başa gəlir, ya onunla düzgün oynamalısan, yaxud da heç oynamamalısan. Yapon militarizmi öz acı təcrübəsindən ibrət götürməklə yalnız səfehliyini göstərdi, müharibəni başlamamışdan əvvəl, ən azı onun nəticələri barədə də yaxşı fikirləşməli idi.

İkinci Dünya müharbəsi həm də yapon militarizminin iç üzünü, bütün eybəcərliklərini açıb göstərdi. İşğal edilmiş ərazilərdəki xalqlara, əhaliyə qarşı əsl irqçilik siyasəti həyata keçirilirdi və onları xatırlatmamaq, on minlərlə insana qarşı dəhşətli qəddarlıqlar barədə də susmaq olmaz. ABŞ-da yaşayan yaponların  nəzarət altında saxlanması - intern edilməsi yolverilməz haqsızlıq, insan haqlarının pozulması kimi kəskin tənqid edilir. Böyük Şərqi Asiyanın yaradılmasını elan edən Tokio isə işğal edilmiş ərazilərdə insanlığa zidd olan siyasət aparır, hər cür qəddarlığa əl atırdı. Vəhşiliklər içərisində yalnız ikicə cəhətə diqqət yetirilsə, Yaponiyanın militarist rəhbərliyi tam ifşa oluna bilər. Bunlar "təskinlik qadınları" adlanan, onlar buna "ianfu" deyirdilər, seks qullarının geniş tətbiq edilməsi və dinc əhalinin və hərbi əsirlərin ağır katorqa əməyinə cəlb edilməsi idi.

Minlərlə qadınlar yapon silahlı qüvvələrində olanlara seks qulları xidməti göstərməyə məcbur edilirdi. Onlar əsasən Çin və Koreya qadınları, həmçinin, digər işğal edilmiş ərazilərdən olanlar idi. Yapon qadınları da hərbi fahişəxanaların ilk qurbanları olmuşdular. Bu biyabırçı siyasət 7 il ərzində, 1938-1945-ci illərdə həyata keçirilmişdi. Həmin növ fahişəliyə cəlb edilənlərin ümumi sayı 360 min nəfər idi. Ən böyük sayda olan Çin qrupu 200 min nəfərdən ibarət idi. Koreyadan isə bu məqsəd üçün 100 min nəfər qadın və qız yığılmışdı, onlardan 3/4-ü elə müharibə vaxtı ölmüşdü. Əsgərlər qadınları və qızları zorlamaqdan da çəkinmirdilər. 1944-1945-ci illərdə isə Yaponiya rəhbərliyi öz cinayətlərini ört-basdır etmək üçün qadınları özlərini intihar etməyə məcbur edir və ya öldürülürdülər.

İkinci bir dəhşətli mənzərə müharibə ərzində yaponların işğal edilmiş ərazilərdə dəmir yolu xətti çəkməsi ilə əlaqədar idi. İndoneziyadakı dəmir yolu tikintisində  şaxta fəhlələri ilə birlikdə 20 mindən 60 minə qədər insan həyatının itkisi baş verdiyi güman edilir. Tay-Birma dəmir yolu isə inşasındakı dəhşətlərə görə daha çox Ölüm Yolu kimi məşhur idi. Bu yol 415 km. uzunluğunda olmaqla, Tailandın paytaxtı Banqkoku Birma paytaxtı Ranqun ilə birləşdiridi. Müharibə dövründə tikilən bu yol yapon qoşunlarını təchiz etmək üçün istifadə olunurdu. Yolun tikintisində katorqa əməyindən istfadə olunurdu. Ağır iş və yaşayış şəraitində 100 min asiyalı katorqaçı və 60 min hərbi əsir bu yolu tikirdi. Tikinti vaxtı aclıqdan, xəstəliklərdən və qəddarcasına münasibətdən təqribən 90 min Asiya katorqaçısı və 16 min hərbi əsir ölmüşdü. Hərbi əsirlər içərisində britaniyalılar çoxluq təşkil edirdi. Buna görə də sonralar Tay-Birma dəmir yolunun tikintisi hərbi cinayət elan edilmişdi.

Lakin britaniyalılar da vaxtilə başqa  xalqlara qarşı belə qəddarlıq göstərmişdilər. 1899-1902-ci illərdə Böyük Britaniya Cənubi Afrikadakı Bur respublikaları ilə müharibə apararkən tarixdə ilk dəfə ölüm düşərgələri yaratmışdı və bu düşərgələrdə 24 min bur ölmüşdü. Burada Britaniya məqsədinə çatmaqla, Cənubi Afrikadakı iki respublikanı müstəmləkəsinə çevirmişdi. Hitler də milyonlarla yəhudinin və slavyanın məhvinə səbəb olan ölüm düşərgələri şəbəkəsini yaradarkən ingilislərin bədnam təcrübəsindən istifadə etmişdi. SSRİ-də də QULAQ adlanan düşərgələr sistemi çox sayda insanın məhvinə səbəb olmuşdu. Yaponlar ölüm düşərgələrinə ehtiyac duymamışdılar, onu katorqa əməyinin tətbiqi ilə əvəz etmişdilər.

(Ardı var)   

 





15.06.2022    çap et  çap et