525.Az

"Vətən" poeması mənim taleyimə yazılmışdı" - Ramiz Qusarçaylı


 

RAMİZ QUSARÇAYLI: "İSTANBULDAKI ŞEİR FESTİVALINDA BİR DAHA ƏMİN OLDUM Kİ, BÖYÜK TURAN YARANACAQ"

"Vətən" poeması mənim taleyimə yazılmışdı" -<b style="color:red"> Ramiz Qusarçaylı</b>

Çağdaş ədəbiyyatımızın dəyərli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylının müəllifi olduğu və son zamanların ədəbi hadisəsinə çevrilən "Vətən" poeması və bu əsər haqqında silsilə məqalələrlə tanışıq. Poemadan parçalar "525-ci qəzet"in səhifələrində dərc edilib. "Vətən" əsərinə görə bu yaxınlarda AYB-nin təsis etdiyi Əhməd Cavad Mükafatı laureatı olmuş Ramiz Qusarçaylının Türkiyədə keçirilən Beynəlxalq Şeir Festivalına qatılması və orada "Ziya Paşa mükafatı"na layiq görülməsi hamımızı sevindirdi. Bununla əlaqədar şairlə həmsöhbət olub "Vətən" poeması, qatıldığı şeir festivalı və başqa önəmli mətləblər barədə danışdıq.

***

- Ramiz müəllim, istərdim, əvvəlcə "Vətən" poemasının taleyi barədə danışaq. Poema necə və nə zaman yarandı?

- "Vətən" poeması 30 illik hazırlıq mərhələsinin nəticəsidir. Azərbaycan müstəqillik illərinə qədəm qoyandan sonra Vətən haqqında əsər yazmaq düşüncəsi məni rahat buraxmırdı. Müstəqilliyin ilk illərində ölkədə mətbu orqanların sayı kifayət qədər artdı. Azərbaycanın tarixi, xalqımızın başına gətirilən müsibətlər, dövrün ictimai-siyasi vəziyyəti barədə qəzetlərdə kütləvi məqalələr çap olunurdu, Sovet illərində isə belə məqalələrin yazılması qadağan olunmuşdu. Mən həmin vaxtlar qəzetlərdə Vətən naminə yazılan məqalələri, digər vacib məlumatları toplayırdım. O vaxtı kortəbii bir hiss var idi ki, hansısa biçimdə bir əsər yaranacaq. Sosial şəbəkələrin aktuallaşdığı vaxtdan etibarən dünyada baş verən hadisələr, Azərbaycanın tarixi, ilkin mənbələr barədə bəzi nüansları daha yaxında öyrənmək imkanım oldu. Bundan əlavə, çap edilən ensiklopediyalarla, müxtəlif monoqrafiyalarla yaxından tanış oldum. Öyrəndiyim bütün bilgilər, Azərbaycanın ərazi bütövlüyünə edilən qəsdlər, ermənilərin və digər xarici qüvvələrin xalqımıza qarşı haqsız savaşı, bu illər ərzində Azərbaycanın şahidlik etdiyi qanlı-qadalı günlər məni Vətən haqqında kamil bir bədii nümunə yaratmağa sövq etdi. "Vətən" poeması ərsəyə gələnə qədər silsilə Vətən motivli şeirlər qələmə alırdım. Xüsusilə, 2005-ci ildə "Azərbaycan bayrağı" şeiri də bayaq sadaladığım amillərin mənə təsirinin nəticəsi olaraq yarandı. O şeir böyük uğur qazandı, dərsliklərə salındı, müxtəlif kitablarda dərc olundu, tədbirlərin əksəriyyətində səsləndirilir. 2020-ci ildə Bakıda keçirilən Zəfər paradının Şəmistan Əlizamanlının ifasında "Azərbaycan bayrağı" şeiri ilə açılması məni fərəhləndirdi.

- Yayımlanan andan etibarən "Vətən" poeması haqqında silsilə məqalələr yazıldı, əsər ədəbi mühitin diqqətini cəlb etdi. Poemanın, nisbətən, daha az oxunduğu bu dövrdə qələmə aldığınız bədii nümunənin belə şöhrət tapmasını müəllif kimi nə ilə əlaqələndirirsiniz?

- "Azərbaycan bayrağı" şeirinin yaranması, əslində, "Vətən" poemasının təməlini qoydu. 30 il qətrə-qətrə toplanan fikirlərin məcmusu olan "Vətən" poeması Qarabağ Zəfərindən 5 il qabaq aktiv yaradıcılıq prosesində yazılmağa başlanmışdı. Mən bu poemanın üstündə 4 ildən artıq işləmişəm. Yazmağa başlayanda artıq poemanın motivləri, süjet xətti, ideyası məlum idi, təkcə qalırdı sənətkarlıq və zəhmət. 2015-16-cı illərdə yazmağa başladığım poemanı 2020-ci ilin əvvəllərində başa çatdırdım. Hər bir şairin ədəbi taleyi olur. Taleyi olmayan şairin də, şeirin də ədəbiyyatda izi qalmır. Bir məsəl var, deyirlər, cavan vaxtı oxunan elm daşa yazılmış, qoca vaxtı oxunan elm suya yazılmış yazıdı. Əsər də gərək daşa yazılsın, suya yox. İlk yazılan vaxtlarda poemanın adı hələ məlum deyildi. Çox adlar fikirləşmişdim. Amma çapa gedəndə belə qərara gəldim ki, poemanın adı elə "Vətən" olsun. Əsər çapa hazır idi. Amma son anda fikrimdən daşındım. Görünür, əsərin və mənim taleyim buna imkan vermədi. Bu məsələnin ardınca Qarabağ zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsi başlandı. Qətiyyətli Prezidentimiz, qüdrətli ordumuz sayəsində böyük qalibiyyət əldə etdik. Yaxşı ki, əsəri o vaxtacan çapa verməmişdim. Çünki əsər nisgilli notlarla yekunlaşırdı. Hardasa, 4-5 ay müharibənin, zəfərin mənzərəsini yaratmağa çalışdım və poemaya əlavə etdim. Poema haqqında yazılan məqalələr, səsləndirilən fikirlərdən çıxış edərək demək olar ki, əsər uğurlu alınıb.

- Bu yaxınlarda mətbuatda İstanbul Beynəlxalq Şeir Festivalına qatılmağınız barədə xəbər yayıldı. Təklif kimdən gəlmişdi, necə oldu festivaldan xəbər tutdunuz?

- Həmin festival 1992-ci ildən etibarən Türkiyədə keçirilir. Bu, sayca 14-cü idi. Festival barədə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid mənə məlumat verərək dedi ki, AYB-yə Türkiyənin Mədəniyyət və Turizm Naziriliyindən, Türkiyə Yazarlar Birliyindən və festivalın təşkilatçısı, şair-yazıçı, alim Mehmet Doğandan dəvət gəlib və bu festivala qatılmaq üçün mən təklif olunmuşam. Təbii ki, eşidən kimi razılıq verdim və festivala qatıldım. Festivalın təşkilində Mehmet Doğanın zəhməti misilsizdir. Onun səyi nəticəsində türk dünyasında, sözün əsl mənasında, poeziya bayramı qeyd olundu.

- Festival nə zaman, harda keçirildi, açılışda kimlər çıxış elədi?

- Festival 9-11 iyun tarixlərində İstanbulda yerləşən Atatürk mədəniyyət mərkəzində oldu. Açılışında Beynəlxalq Şeir Festivalının daimi heyətinin sədri Mehmet Doğan, Türkiyə Yazarlar Birliyinin sədri Musa Kazım Arıcan, mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Dəmircan çıxış etdilər. Çox sevindirici haldır ki, açılışda adını çəkdiyim şəxsiyyətlərlə bərabər, mənə də söz verildi. Nazir müavini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxudu. Məktubunda Türkiyə rəhbəri 20-yə yaxın ölkədən gələn şairlərə təbriklərini, xoş arzularını ifadə etmişdi. Məktubda deyilirdi ki, bütün yazarların əsərlərində türk dünyasının problemləri, uğurları yüksək səviyyədə təsvir olunur, bundan sonra da yazılacaq əsərlərdə də bu uğurlar daha çox vəsf olunsun. Cənab Ərdoğan məktubun sonunda tədbirin uğurla yekunlaşacağına əmin olduğunu bildirirdi.

- "Azərbaycan bayrağı" şeirinizi orada səsləndirdinizmi? Qürurverici anlar olduğunu təxmin edirəm...

- Təbii ki, "Azərbaycan bayrağı" şeirini orada səsləndirdim. Ümumiyyətlə, ayrı-ayrı çıxışlarda müəyyən bəndlərə, misralara müraciət edirdim. Ancaq ayın 10-da, bütün qonaqların qatıldığı tədbirlərin birində sözügedən şeirin oxunması üçün kollektiv təklif oldu. "Azərbaycan bayrağı" şeirini deyəndə sanki Təbrizdə, Urmiyada, Borçalıda, Dərbənddə, Kərkükdə, Türkiyənin bütün bölgələrində həmin bayrağın kölgəsində idim. Şeiri deyəndə qarşımda 14-15 ölkənin şairləri var idi. Bu, mənim üçün böyük şərəf idi. Misraları oxuduqca həmin şairlərin gözlərində işıq görürdüm, eyni zamanda, özümə qarşı minnətdarlığı, etimadı sezirdim. Mən "Azərbaycan bayrağı" şeirini qalib xalqın şairi kimi deyirdim və dedikcə gözümün önündə bütöv Azərbaycanın xəritəsi canlanırdı.

- Festivalın ümumi məzmunu, proqramı necə idi?

- Festival 8-9 şairlə bağlı fəsillərdən ibarət idi. 3 gün ərzində hər fəsilə 1 saat vaxt ayrılmışdı. Festivalın digər hissələrində tədbirdə iştirak edən şairlər şeirlərini səsləndirirdilər. Sumqayıt Poeziya evinin rəhbəri, şair İbrahim İlyaslı da mənimlə birgə Azərbaycanı təmsil edirdi. İbrahim İlyaslının söylədiyi şeirlər auditoriya tərəfindən maraqla qarşılandı. Festivalda Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Kipr, Türkmənistan, İran, İraq, Bolqarıstan, Şimali Makedoniya, Şərqi Türküstan, Tatarıstandan şairlər iştirak edirdilər. Türkiyənin müxtəlif bölgələrindən 70-ə yaxın şair də bizimlə birlikdə idi. Birinci fəsil Bəxtiyar Vahabzadəyə həsr olunmuşdu. Onda da mənə söz verdilər, Bəxtiyar Vahabzadə haqqında danışdıqdan sonra onun bir şeirini oxudum. Ardınca "İstanbul" şeirimi səsləndirdim. Festivalın digər günlərində də görkəmli şairlər yad edildi, şeirlər səsləndirildi.

- Poemanızın "Ziya Paşa mükafatı"na layiq görülməsi auditoriya tərəfindən necə qarşılandı?

- Festivalda üç mükafat var idi. Əsas mükafat Ziya Paşanın xatirəsinə həsr edilmişdi. İkinci mükafat "Sezai Karakoç", üçüncü mükafat isə "Bəxtiyar Vahabzadə" mükafatı idi. Çıxışlarımı, "Vətən" poemasını, "Azərbaycan bayrağı" və "İstanbul" şeirlərimi, türk dünyası qarşısındakı xidmətlərimi nəzərə alaraq məni "Ziya Paşa mükafatı"na layiq gördülər. Mükafatı təqdim eləməmişdən qabaq haqqımda məlumat xarakterli çıxış etdilər və gurultulu alqışlarla təqdimat baş tutdu.

- Bu mükafat sizin üçün necə bir məna kəsb edir?

- "Ziya Paşa mükafatı" mənim üçün çox önəmli idi. Mən buna qədər "Əhməd Cavad" mükafatı, "Aşıq Ələsgər" medalı ilə təltif olunmuşdum. Bilirsiniz ki, Ziya Paşa XIX əsrdə yaşamış-yaratmış yeni Divan ədəbiyyatının banilərindəndir, dövrünün seçilən ictimai xadimlərindən olub. Hətta bir müddət mühacirətdə yaşayıb. Elə bir şəxsiyyətin adına təsis olunan mükafata layiq görülmək böyük şərəfdir. Əgər ömür vəfa etsə, böyük Turan, Türk dünyası, bütöv Azərbaycan barədə bir əsər yazmağı planlaşdırıram, hətta deyərdim ki, ilkin mərhələyə qədəm qoymuşam. Bu, həm Əhməd Cavadın, həm Aşıq Ələsgərin, həm də Ziya Paşanın ruhuna töhfəm olar. "Vətən" poeması mənim taleyimə yazılmışdı. Bu xoşbəxtlik yaxşı ki, mənə nəsib oldu. Anonsunu verdiyim əsər də, ümidvaram, "Vətən" poeması kimi uğurlu olacaq.

- Festival sizə, ümumən, nə kimi təəssürat bağışladı?

- Mən çox sevindim ki, doğrudan da, Turana gedən yol artıq görünməyə başlayıb. Həmin yolun qurucularından biri də yaradıcı insanlardır. İstanbuldakı şeir festivalında bir daha əmin oldum ki, böyük Turan yaranacaq. Müxtəlif ölkələrdən gələn söz sənətkarları buna ürəkdən inanırdılar. Olduqca maraqlı şeirlər səsləndirildi. Məni həm də o sevindirdi ki, festivaldakı şairlərin Azərbaycanın qələbəsi barədə kifayət qədər məlumatı var idi, onlar bu zəfəri yüksək qiymətləndiridilər. "Azərbaycan bayrağı" şeirini ayaq üstə alqışlayırdılar.

Nadir YALÇIN

 





16.06.2022    çap et  çap et