525.Az

İsveçrənin təşəbbüsü - Xaqani Cəfərli yazır


 

İsveçrənin təşəbbüsü - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

İsveçrə tarixində ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 15 üzvündən biri olacaq. Bu mövqeyə İsveçrə BMT Baş Assambleyasının 192-i üzvündən 187-nin səsini alaraq seçilib. İsveçrə 2023-2024-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərəcək.

Artıq İsveçrə hökuməti ölkənin BMT Təhlükəsizlik Şurasının üzvü kimi iki il müddətində hansı işləri görəcəyi ilə bağlı plan hazırlayıb. İsveçrə öz dəyər və prinsiplərini, habelə BMT Nizamnaməsi və BMT-nin İnsan Hüquqları Bəyannaməsini əsas kimi götürərək fəaliyyət göstərəcəyini müəyyən edib.

Bu günə kimi İsveçrə ölkələr arasında dialoqu təşviq edən, görüşlər və məsləhətləşmələr üçün yaradıcı platforma rolunu oynayıb. Politoloq Leandra Bias hesab edir ki, İsveçrənin dünyanın böyük dövlətləri ilə eyni danışıqlar masası arxasında olması onun üçün şans mənbəyi ola bilər. Ekspert ümid edir ki, bu yolla İsveçrə vətəndaş cəmiyyəti BMT-nin bu ali orqanının işində daha fəal və birbaşa iştirak edə biləcək.

Politoloq Leandra Bias bildirir ki, hazırda dünyada avtoritarizm və avtokratiyanın bütün formalarının yüksəlişi müşahidə edilir. Demək olar ki, hər yerdə əsas insan hüquqlarının pozulması müşayiət olunur. Rusiya insan hüquqlarına, o cümlədən, qadınların hüquqlarına hücumu gücləndirib. Hətta Rusiya BMT-nin Qadınlar, Sülh və Təhlükəsizlik (WPS) fəaliyyət planının bir hissəsi olan qadınların gender əsaslı zorakılıqdan müdafiəsini heçə endirmək istəyirdi. İsveçrə belə hallara qarşı mübarizə aparacağını ifadə edir.

İsveçrənin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi Rusiyanı narahat edir. Çünki İsveçrə Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərə dair sübutlar toplayır. Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərlə bağlı sübutların toplanması 2022-ci ilin martında İsveçrə Federal Prokurorunun qərarı əsasında başlayıb. O zaman Federal Prokurorun qərarı ilə işçi qrupu yaradılıb. Bu qrupa prokurorluq, polis və miqrasiya xidmətinin əməkdaşları daxildir. İsveçrə Rusiyanın hərbi cinayətlərlə bağlı məlumatları iki məqsədlə toplayır. Birinci məqsəd Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) yardım etməkdir. İkinci məqsəd isə hərbi cinayətkarların İsveçrə ərazisinə keçməsinin qarşısını almaqdır.

İsveçrə rəsmiləri hesab edirlər ki, kifayət qədər dəlil toplamaq mümkün olsa, həmin məlumatları digər ölkələrlə paylaşamaq mümkündür. İsveçrə BMT Təhlükəsizlik Şurasının üzvü olduqdan sonra həmin məlumatlar BMT-də müzakirəyə çıxara bilər. Ümumiyyətlə, son zamanlar İsveçrə fəal siyasət aparmağa çalışır. Rusiyanın hərbi cinayətlərini araşdırmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edən 41 dövlətdən biri də İsveçrədir. Ona görə də İsveçrə Beynəlxalq Cinayət Məhkəməsin fəaliyyətinin uğurlu olmasında maraqlıdır.

İsveçrənin siyasətində dəyişiklik keçmiş prokuror Mixail Lauberin FİFA-da iddia edilən korrupsiya hallarını ciddi araşdırmamaq və Rusiya ilə yaxın münasibətlərdə olmaq ittihamları ilə üzləşərək istefa verməsindən sonra yarandı. Mixail Lauberin istefasından sonra Federal Prokurorluğun rəhbərliyinə Stefan Blattlerin təyin olunması müharibə cinayətləri ilə bağlı işlərin araşdırılmasını önə çıxardı. Stefan Blattler hesab edir ki, Qırmızı Xaç ideyasının doğulduğu ölkə olaraq İsveçrənin üzərində xüsusi mənəvi borc var.

İsveçrənin BMT Təhlükəsizlik Şurasının üzvü olması ilə qeyri-hökumət təşkilatlarının fəalliyyətinin güclənəcəyi də gözlənilir. Bu, xüsusilə də Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdıran və İsveçrə ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə təsir edəcək. "Human Rights Watch" və digər QHT-lər peyk və sosial media görüntülərini şahid ifadələrilə təsdiqləmək üçün Ukraynadan olan qaçqınların ifadələrini toplayırlar.

İsveçrə müharibədən sonra Ukraynanın bərpası ilə bağlı məsələdə təşəbbüslə çıxış edir. Belə görünür ki, uzun illər bitərəflik statusuna malik olan dövlətlər artıq beynəlxalq siyasətdə daha önəmli rol oynamaq üçün əvvəlki mövqelərindən geri çəkilmək niyyətindədirlər. İsveç və Finlandiyanın NATO-ya daxil olmaq qərarı da bunun bariz nümunəsidir. İsveç və Finlandiya bitərəflik mövqeyindən imtina etdikləri kimi, İsveçrə də ənənəvi mövqeyindən - görüşlər və məsləhətləşmələr üçün yaradıcı platforma olmaq siyasətindən geri çəkilərək beynəlxalq siyasətdə təşəbbüsçü dövlətlərdən biri olmaq niyyətindədir.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə beynəlxalq təhlükəsizlik və münasibətlər sistemi dağıldı. İndi yeni beynəlxalq təhlükəsizlik və münasibətlər sistemi yaranmağa başlayır. Bitərəf dövlərin ənənəvi siyasətlərindən imtina etməsi də məhz köhnə beynəlxalq təhlükəsizlik və münasibətlər sisteminin dağılmasının nəticəsidir.

 

 

 





16.06.2022    çap et  çap et