525.Az

“Milli qurtuluş. Zəfər yolu” adlı tədbir


 

“Milli qurtuluş. Zəfər yolu” adlı tədbir<b style="color:red"></b>

14 iyun 2022-ci il tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “15 İyun Milli Qurtuluş Günü”nə həsr olunmuş “Milli qurtuluş. Zəfər yolu” adlı tədbir təşkil edildi.

Tədbirdə AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Milli Məclisin üzvü, filologiya elmləri doktoru, professor Jalə Əliyeva, Milli Məclisin üzvü, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərov, AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor  müavini,  tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, “Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, teleaparıcı, jurnalist Fəxriyyə İsayeva, politoloq Elşad Həsənov, kitabxana əməkdaşları və başqaları iştirak etdilər. 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov qonaqları salamlayaraq, müstəqil Azərbaycan Respublikasının müqəddaratında dönüş nöqtəsi kimi səciyyələndirilən “15 İyun Qurtuluş Günü”nün ölkəmizin, dövlətimizin tarixində  tutduğu müstəsna əhəmiyyətdən danışaraq, bildirdi ki, “Müasir, müstəqil, azad Azərbaycan dövlətinin banisi, qurucusu və memarı, bütün həyat və varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi, Azərbaycanın müasir,  çağdaş tarixi ilə əbədiləşən əvəzsiz şəxsiyyət, müasir və müstəqil Azərbaycan dövləti əsərinin müəllifi ulu öndər, ümummilli liderdir”.Ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən, Heydər Əliyev dühasına nəinki ölkəmizdə,  beynəlxalq miqyasda verilən diqqətdən danışaraq, müxtəlif dünya liderlərinin Heydər Əliyev haqqında söylədikləri fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. 

Milli Məclisin üzvü, filologiya elmləri doktoru, professor Jalə Əliyeva ulu öndər Heydər Əliyevi Azərbaycan xalqının xilaskarı adlandıraraq, onun hakimiyyətə qayıdışını böyük bir xalqın qurtuluşu olduğunu, məhz onun sayəsində Azərbaycan Respublikasının dünya xəritəsindən silinmək təhlükəsindən qurtulduğunu qeyd etdi. Bu cür tədbirlərin kitabxanalarda təşkilinin əhəmiyyətini qeyd edərək, vətəndaş olaraq şahidi olduğumuz tarixi gerçəklikləri yetişməkdə olan gənc nəslə təbliğ etməli olduğumuzu söylədi.   

AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Heydər Əliyev şəxsiyyətinin çox böyük bir tədqiqatın mövzusu olduğunu bildirərək, ulu öndərin öz təcrübəsi,  rəhbərlik bacarığı, diplomatik xüsusiyyətləri ilə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün bir örnək olduğunu söylədi. 

AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor  müavini,  tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Heydər Əliyevi öz xalqının, dövlətinin tarixini dərindən bilən, əsl tarixçi xüsusiyyətlərinə malik, daim xalqının gələcəyini düşünən uzaqgörən siyasətçi, dahi şəxsiyyət adlandırdı.  

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxışına Heydər Əliyevin “Mənim şəxsiyyət kimi formalaşmağımda kitabların çox boyük əhəmiyyəti olmuşdur” sözləri ilə başlayaraq,  bəşəriyyətin ən böyük kəşfinin kitablar, əlyazmalar, kitabxanalar olduğunu söylədi. Ulu öndərin mədəniyyət sahəsinə, ədəbiyyata, Ana dilinə olan müstəsna qayğısından danışdı.

Milli Məclisin üzvü, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərov tarixə nəzər salaraq ulu öndər Heydər Əliyevin necə ağır bir dövrdə hakimiyyətə qayıtmasından, o dövrlərdə respublikada yaşanan daxili və xarici hərcmərclik fonunda, qeyri-sabit şəraitdə tüğyan edən ictimai-siyasi böhranı   aradan qaldırmış, qardaş qırğınının qarşısını almış ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafının təməlini qoymasından söhbət açdı. Məhz ulu öndərin Azərbaycanlıların deportasiyasına və soyqırımına tarixi-siyasi qiymətin verilməsinə nail olduğunu söylədi. 

“Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan ümummilli lider Heydər Əliyevin Azərbaycanın şair və yazıçılarına göstərdiyi diqqətdən, qayğıdan söhbət açaraq Hüseyn Cavidin qəbrini Naxçıvana gətirməklə,  Vaqifin məqbərisini isə Şuşada ucaltmaqla Azərbaycanın “daş passportlarının” ölkəmizin iki mühüm bölgələrinə sancdığını söylədi. Azər Turan ümummilli liderin Hüseyn Cavidin qızı Turan Cavidlə olan və indiyə kimi bəlkə də heç bir yerdə səsləndirilməyən xatirələrini danışaraq, dahi Heydər Əliyevin Hüseyn Cavidin xatirəsinə necə həssaslıqla, ehtiram və diqqətlə yanaşdığını dilə gətirdi. 

Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli Heydər Əliyev dühasının Azərbaycan xalqı üçün göndərilən bir xilaskar, müdrik rəhbər, sözün əsl mənasında xalqın mənəvi atası, milyonlarla böyüməkdə olan gənc nəslin “Heydər babası” olmasından danışdı. Tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycanın illər öncə bu ideologiyanı, yeni yüksəliş konsepsiyasını müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin şah əsəri olmasını vurğuladı, Heydər Əliyevin təkcə öz adı ilə deyil, öz soy kökü, keçmişi, varisi ilə də Azərbaycan xalqına bir qurtuluş simvolu olduğunu söylədi. Bu gün qazanılan qələbələrin, imzalanan beynəlxalq sazişlərin özəyində Heydər Əliyev müdrikliyinin, uzaqgörənliyinin durduğunu bildirdi. 

Politoloq Elşad Həsənov ulu öndər Heydər Əliyevin dahi siyasətçiyə, əsl liderə malik xüsusiyyətlərindən, sözün əsl mənasında fenomen şəxsiyyət olmasından, ətrafında cərəyan edən  ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişinə real, diqqətli  yanaşmasından danışdı. Dəfələrlə çətin və mürəkkəb anlarda ümummilli liderin məsələləri yüksək peşəkarlıq, təmkin və iradə nümayiş etdirərək həll etməsinin şahidi olduğunu söylədi.   

Teleaparıcı, jurnalist Fəxriyyə İsayeva çağdaş Azərbaycan tarixinin banisi, dünyaçaplı siyasətçi, dahi şəxsiyyət  Heydər Əliyevin ümummilli lider olaraq bütün sahələrdə, çoxşaxəli fəaliyyət və uğurları, xalqına, millətinə, Vətəninə olan hədsiz sevgisi sayəsində  hər bir azərbaycanlının qəlbində taxt qurmağı bacardığını söylədi. Ulu öndərin hər bir qəbul etdiyi qərarda, atdığı addımlarda, illər boyunca tutduğu mövqelərdə əsas məqsədinin, amalının Azərbaycanın inkişafı, bütövlüyünün qorunması, xalqının rifahı olduğunu bildirdi. Ulu öndər Heydər Əliyevin elmə, jurnalistikaya, qələm sahiblərinə göstərdiyi qayğı və diqqətdən  söhbət açan Fəxriyyə xanım unudulmayan şəxsiyyətin  ruhu qarşısında böyük sayqı ilə baş əydiyini, ulu öndərin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğuladı.

Tədbirin sonunda Heydər Əliyevin Azərbaycan xalqına miras qoyub getdiyi idarəçilik, dövlətçilik ənənələrinin bu gün Azərbaycanda öz müdrik siyasəti ilə şanlı Zəfər tarixinin müəllifi olan, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi fikri səsləndirildi. 


 

 





16.06.2022    çap et  çap et