Bakı Kitab Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə şəhid leytenant, şair Murad Nağıyevə həsr olunmuş "Murad" adlı kitabın təqdimat mərasimi keçirilib.
"Təhsil" nəşriyyatında nəşr olunan kitabın tərtibçisi Banu Hümbətli, Sərxan Nağıyev, redaktoru isə şair İbrahim İlyaslıdır. Kitabda 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən leytenant Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs olunur. Kitaba Murad Nağıyevin şeirləri, xüsusilə də cəbhədə olarkən qələmə aldığı misraları daxil edilib.
Tədbirdə şair İbrahim İlyaslı, şəhid M.Nağıyevin təhsil aldığı 271 saylı orta məktəbinin direktor müavini Rüxsarə Əlizadə, döyüş yoldaşı, baş leytenant Namiq Səfərov, aktyor, dramaturq Kamran Ağabalayev, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, şəhidin ailə üzvləri çıxış edərək, Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs edən kitab haqqında danışıblar.
Sonra Respublika Uşaq Kitabxanasının əməkdaşları şəhidin qələmə aldığı şeirlərini səsləndiriblər.
Sonda Ağdam muğam məktəbinin şagirdlərinin ifasında "Qarabağ şikəstəsi", "Xudayar təsnifi" səslənib.
Qeyd edək ki, şəhid leytenant Murad Nağıyev "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Ş.MÜŞFİQ



çap et