525.Az

Sabir fenomeni Azərbaycan mühacirət mətbuatında


 

Sabir fenomeni Azərbaycan mühacirət mətbuatında<b style="color:red"></b>

Bolşeviklərin 28 aprel 1920-ci ildə ölkəmizə hərbi təcavüzündən, Cümhuriyyətin süqutundan bir müddət sonra Türkiyədə məskunlaşan Azərbaycan Xalq Cümhuriyyəti liderləri nəşr etdikləri mətbu orqanlarda totalitar sovet rejimi və kommunist diktaturasına qarşı müxtəlif istiqamətlərdə barışmaz ideoloji mücadiləyə başladı. Direktiv göstərişlə yaradılmış qondarma sovet ədəbiyyatının, saxta sosialist realizmi (sosrealizm) ədəbi metodu və konsepsiyasının kəskin tənqidi ideoloji mücadilənin aparıcı mövzularından idi. 1923-cü ildə İstanbulda nəşrə başlayan “Yeni Qafqasya” dərgisində, sonralar onun- mühacirət mətbuatının bayraqdarının proqramını, məramını eyni əzm və cəsarətlə davam etdirən “Azəri Türk”, “Odlu türk”, “Bildiriş”, “Azərbaycan yurd bilgisi”, “Qurtuluş”, “İstiqlal”, “Azərbaycan”, “Mücahid” və s. kimi qəzet və jurnallarda dərc olunan məqalələr yeni dövr milli ədəbiyyatşünaslığının yaranması və inkişafında mühüm rol oynamışdır. İllər ötdükcə sovet ədəbiyyatşünaslığı ilə daban- dabana zidd milli ədəbiyyatşünaslığımızın problemlərinə konseptual baxış formalaşmış, onun prinsip və elmi-nəzəri müdəəaları müəyyənləşdirilmişdir. Yüksək peşəkarlıqla, sistemli həyata keçirilən bu işin nəticəsində Məhəmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məhəmmədzadənin, Əhməd bəy Cəfəroğlunun, Əbdülvahab Yurdseverin, Mustafa Haqqı Türkəqulun, Səlim Rəfiqin, Məhəmməd Əli Rəsulzadənin məqalə və kitablarından ibarət zəngin və çoxşaxəli ədəbiyyatşünaslıq irsi ərsəyə gəlmişdir. “Kitabi- Dədə Qorqud” başda olmaqla bir çox dastanlarımızın, Qətran Təbrizi, Məhsəti, Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Qasimi, Şah İsmayıl Xətai, M.F.Axundzadə, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Cəfər Cabbarlı, Hüseyn Cavid, Əhməd Cavad, Almas İldırım, Əmin Abid (Gültəkin), Şəhriyar və bu kimi digər görkəmli sənətkarların həyat və yaradıcılığına dair dolğun, sanballı araşdırmalar bu gün də aktualdır və Azərbaycan ədəbiyyatı tarixinin yeni, milli konsepsiyasının özəyini təşkil edir, istiqamətini müəyyənləşdirir.

 Mühacirət mətbuatının, mühacirət ədəbiyyatşünaslığının ən çox müraciət etdiyi ədəbi simalardan biri də poeziyada yeni mərhələ açan və məktəb yaradan Mirzə Ələkbər Sabirdir. Mühacirət mətbuatında M.Ə.Sabir haqqındakı materialları məzmununa, məqsədinə görə dörd qrupa bölmək olar:

- Müxtəlif problemlərə- sovet ədəbiyyatşünaslarının tənqidinə, onların milli dəyərlərə qarşı qərəzli və saxta münasibətinə, cəmiyyət həyatındakı nöqsanların ədəbi əsərlərdə inikasına, klassik ədəbi irsin, məktəb və mətbuatın milli şüurun inkişafındakı roluna həsr edilmiş yazılarda M.Ə. Sabirlə bağlı fikirlərin əks olunduğu materiallar;

-M.Ə.Sabirin həyat və yaradıcılığından ayrıca bəhs edən yazılar;

-M.Ə.Sabirin yaradıcılığından nümunələr, foto və karikaturalar.

“Azəri mətbuatının müxtəsər tarixçəsi”, Mirzə Bala Məhəmmədzadənin məşhur “Azərbaycan Misaqi Millisi”, “Ədəbi hakimiyyət qovğası”, “Məktəblər və dərs kitabları”, Səlim Rəfiqin “Son dövr Azərbaycan ədəbiyyatı”, Əhməd Cəfəroğlunun “Azəri ədəbiyyatında istiqlal mücadiləsi izləri” və.s kimi məqalələrdə müxtəlif mövzulara toxunulur və bu zaman müəlliflər fikirlərini əsaslandırmaq üçün M.Ə.Sabir yaradıcılığına da müraciət edir. Mətbuat tarixinin inkişaf yolundan bəhs edən “Azərbaycan mətbuatının müxtəsər tarixçəsi” adlı məqalənin “İlk Rusiya ixtilalı ilə başlayan dövr” hissəsində məllif 1905-ci ildə senzuranın ləğvindən sonra mətbuat həyatındakı canlanmadan, “Həyat”, “Füyuzat”, “İrşad”, “Tərəqqi”, “Dəbistan” kimi dövrü nəşrlərdən bəhs etdikdən sonra yazır: “Tiflisdə intişar edən mizah məcmuəsi “Molla Nəsrəddin” bilhassa (xüsusi ilə- T.A) şayanı kayttır (diqqətəlayiqdir-T.A). Bu Azərbaycan intibah tarixində ən çox təsir eyləmiş bir məcmuədir...Məşhur Azərbaycan şairi Sabir “Hop-hop” şeirləri ilə bu məcmuənin ən nəfis mizahı tənqidlərini yazmışdır” Mirzə Bala Məhəmmədzadə irsinin ən parlaq nümunələrindən olan “Azərbaycan Misaqi Millisi” məqaləsində publisist bir neçə dəfə M.Ə.Sabir yaradıcılığından söz açmaqla, sitatlar gətirməklə mülahizələrini bəyan edir. Milli şüurun oyanmasında ədəbiyyat və mətbuatın rolunu yüksək qiymətləndirən M.B.Məhəmmədzadə şairin

Fəhlə, özünü sən də bir insanmı sanırsan?! 
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

Aldı dolu eldən səru samanını, neylim?
Yainki çəyirtkə yedi bostanını, neylim?

misraları ilə başlayan şeirlərindən sitatlar gətirərək kəndli-mülkədar, fəhlə-sahibkar münasibətlərini həcv edir, fəhlə və kəndlini qəflət yuxusundan oyanmasına çalışır. Maraqlı və diqqətçəkəndir ki, M.B.Məhəmmədzadə Hadi yaradıcılığının ideyasını, məğzini, mahiyyətini açmaq, özünəməxsus cəhətlərini göstərmək üçün onu dövrün sənətkarları Hüseyn Cavid, Abdulla Şaiq, eləcə də Mirzə Ələkbər Sabirlə müqayisə edir, konkret nümunələrlə fikir və mülahizələrini əsaslandırır. Mirzə Ələkbər Sabiri “realist və münekkit” sayan M.B. Məhəmmədzadə Hadini “son dərəcədə idealist, bəzən də utopist” adlandırır: Hadi məktəbə gedən bir uşaqdan ilham alaraq sevinir, onun şəninə ümidlərlə dolu şeir həsr edir, “Sabir bu qəbildən olan şeirin əleyhinə çıxır və bir dilənçi cocuq bularaq:

Ey dərbədər gəzib ürəyi qan olan çocuq!
Bir löqmə nan üçün gözü giryan olan çocuq!
Əşkilə abrusu da rizan olan çocuq!
Mətlubi nan, qazandığı hirman olan çocuq!

İnsan kimi bilinsə idi qədrü qiymətin,
Açmış olurdu məktəbi-milli cəmaətin,
Dərk etmək istəmir hələ bu feyzi millətin,
Qalsın nihan vədieyi-fitri-məharətin;
Ey ehtişami-milləti talan olan çocuq!
Ey dərbədar gəzib ürəyi qan olan çocuq!-
deyə yazır.”.

Bolşevik Əliheydər Qarayev “Kommunist” qəzetində dərc olunan məqaləsində məktəblərdə və dərs kitablarındakı “milliyyət” və “türkçülük” təhlükəsindən bəhs etmişdir. “Məktəblər və dərs kitabları” adlı məqalədə müəllif yazır ki, hər halda M.Ə.Sabirin milli parçalardan ibarət şeirləri Ə.Qarayevin xoşuna getməmişdir. Yazıda bolşevik mühərririn məsələyə antimilli münasibəti kəskin tənqid edilir.

Azərbaycan mühacirət ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi Səlim Rəfiq “Son dövr Azərbaycan ədəbiyyatı” adlı məqaləsinin “Xalqçı ədəbiyyat” hissəsində M.Ə.Sabir yaradıcılığının peşəkarlıqla təhlil edərək yazır: “Sabirin ictimai həyatda təmas etmədiyi sahə qalmadı. Fikirlərini özünəməxsus bir əda ilə nəzmin qəlbləri arasına sıxışdırdı. Azəri ədəbiyyatına bir “Hop-hopnamə” bəxş edən sənətkar Əli Nəzmi kimi şairlərin yetişməsində müəssir oldu”.

Dünya şöhrətli türkoloq prof.Əhməd Cəfəroğlu “Azəri ədəbiyyatında istiqlal mücadiləsi” adlı məqalələr silsiləsinin dördüncü hissəsində M.Ə.Sabir yaradıcılığından da söz açmışdır.

Mühacirət mətbuatında M.Ə.Sabirin həyat və yaradıcılığından ayrıca bəhs edən yazılar böyük satirik şairin keşməkeşli ömür yolu, fəaliyyəti, silahdaşları ilə daha yaxından tanış olmaq imkanı yaradır. Şamaxıda Sabirin qonşusu və yaxın dostu olmuş Məhəmməd Şərif Əfəndizadənin “Sabirə aid bir xatirə” adlı yazısı sabirşünaslığın zənginləşdirilməsi baxımından da maraq doğurur. Müəllif Sabirin iki otaqlı mənzilinin əlli addımlığındakı küçənin tinində kiçik dükanda sabun düzəldərək dolandığını, ətrafda mərsiyə oxuyan kimi tanındığını, dükanının qarşısında yüksək səslə dua oxuduğunu diqqətə çatdırdıqdan sonra şairlə ilk tanışlığını nəql edir: “Onunla 1905-ci ildə tanış oldum. Həmin il Tiflis və Bakıda türkcə qəzetlər çıxmağa və qəzetlərdə türkcə intibahamiz mənzum yazılar (şeirlər) yazılmağa başlamışdı. Hər halda onları görüb, onlar kimi davranmaq həvəsinə düşdüyünə görə Sabir bir gün məni dükanının önündə dayandıraraq türkcə sərf və nəhv kitabı istəmişdi. İstanbuldan cəlb edilən müəllimlərin (Şeyxzadə Hafiz Məhməd və daha sonra Nemanzadə Ömər Faiq əfəndilər) iştirakı ilə bir neçə il idi ki, Şamaxıda “üsulicədid” üzrə bir məktəb açılmışdı. Mən də o məktəbdə oxuduqdan sonra yenə eyni məktəbdə müəllim olmuş və İstanbuldan qəzet-kitab gətirməyə başlamışdım. Bunu bildiyinə görə Sabir məndən o günü “İstanbul kitabları” istəyirdi”. Sabir tanınmış şair, maarifçi, publisist Şirvanlı Seyid Əzimin ibtidai məktəbində oxuyur, mərsiyələr yazırdı. “İdeal və yüksək məfkurəli yazılarda uğur qazanan Mirzə Abasqulu Səhhətin” vasitəsi ilə Sabir 1906-cı ildə nəşrə başlaya “Molla Nəsrəddin” mənzuməsini oxuyur, jurnalla əməkdaşlıq etməyə başlayır. “Sabiri mərsiyə yazmaqdan və oxumaqdan qurtarıb şair yapan, mizahi şeirlər yazmaq üçün istedad olduğunu kəşf etdikdən sonra ondan əl çəkməyib ona mövzular verən, onu sabunçuluqdan qurtaran Səhhət olmuşdur” - yazan xatirə müəllifi Abbas Səhhətin “molla olmaq üzrə Xorasana göndərildiyini”, daha sonra Tehrana, oradan isə Beyruta getdiyini, fransız, rus dillərini mükəmməl öyrəndiyini, Beyrutda tibb təhsili aldığını, rus şairlərindən Qoqol, Puşkin, Lermontovdan tərcümələr etdiyini, onun səyi ilə Şamaxıda “bir irfan və ədəbiyyat ocağı vücuda” gəririldiyini, “Sabirə “Hop-hopnamə” ismini bulduğunu” da vurğulayır.

 M. Ş. Əfəndizadə oxucularla Sabirin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu ilə görüşlərinə, Məhəmməd Hadi ilə münasibətlərinə dair xatirələrini də bölüşür. O, Əli bəy Hüseynzadənin Sabirin yaradıcılıq üslubuna təsirndən bəhs edərkən göstərir ki, “büsbütün yeni olan məlum tərzdəki- yəni söyləmək istədiyi mövzunun əksini deyirmiş kimi görünmək - üslubunun intihab edişinə bir amil də Hüseynzadə Əli bəy olmuşdur. M. Ş. Əfəndizadə yazır : “Əli bəy İstanbuldan Bakıya gəldikdən sonra Şamaxıdakı xalalarını ziyarət etmək üçün oraya gəlmişdi. Sabir ilə mən də xalaları Mirzə Mehdinin evində ziyarətimizdə bu üslubu Əli bəy Sabirə ilham etdi və rus şairlərindən birisini buna misal göstərdi.” Müəllif yazının sonuna doğru Ağaoğlu ilə görüşü xatırlayır: “Ağa oğlu Əhməd bəyi ziyarətimizdə də Əhməd bəy: Sabir sizmisiniz?- deyincə - Əvət, yoxsa, Bangi döhül şenidən ez dur hoşet” (yəni davulun səsi uzaqdan xoş gəlir”-deyəmi düşündünüz-demiş və Əhməd bəyi də güldürmüşdü”.

Tənqidçi, publisist Məhəmməd Əli Rəsulzadə “Azəri ədəbiyyatında Sabir” adlı məqaləsini “Sabirin şeirlərindəki tənqid nə nəşəli ruhu göstərmək məqsədi ilə” yazdığını bildirir. Zənnimizcə, müəllif qarşısına qoyduğu vəzifəni irihəcmli və sanballı yazısında peşəkarlıqla icra etmişdir: “Ölçüyəgəlməz bir mizah nəşəsinə malik”, “ən acı ilacları kəndi xəstələrinə oxşamaqla verən doktor”, “yalnız Azərbaycan və Qafqaz türklrinin deyil, islam aləminin hamısının ehtiyac və nöqsanlarını görmüş və mənimsəmiş”, “millətin dərdi ilə yanan”, “bənzərsiz şair və tənqidçi” adlandırdığı Sabirin ömür yolu və yaradıcılığını əhatəli araşdırmış və dəyərləndirmişdir. M.Əli Rəsulzadə Sabirin şeirlərinin mövzu və ideyasını onun irsindən konkret nümunələr gətirərək təhlil edir və ədəbi-nəzəri mülahizələrini irəli sürür.

Mühacir soydaşlarımızın Ankarada nəşr etdikləri “Mücahid” (1955-1964-cü illər, cəmi 59 nömrə) aylıq ictimai fikir məcmuəsində Türkiyənin tanınmış ictimai xadimi, nüfuzlu ədəbiyyatşünas Agah Sırrı Levendin “Azəri şairi Ələkbər Sabir” adlı məqaləsi dərc olunmuşdur. Redaksiya bu yazının “Ulus” qəzetinin (Türkiyədə 10 yanvar 1920 tarixindən çıxmağa başlamış, bir müddət “Xalqçı”, “Barış”, 1974-cü ildən “Yeni Ulus” adı ilə nəşr olunmuşdur- T.A) 21.05. 1962-ci tarixli nömrəsindən götürüldüyünü qeyd etmişdir. O, Sabir yaradıcılığının bütün problemlərini -ideya, məzmun, dil, üslub, sənətkarlıq məsələlərini incəliklərinə qədər təhlil etmiş, dəyərləndirmiş, maraqlı elmi-nəzəri ümumiləşdirmələr aparmışdır. Agah Sırrı Levend M.Ə.Sabirin Türkiyə sevgisini və təəssübünü də yüksək qiymətləndirmişdir: “Sabir haqsızlığa və keyfə görə yönətimə də saldırmaqdan çəkinməmiş. İrandakı olayları izləyərək şahlara çatmış (sataşmış-T.A), Türkiyədəki Məşruyyət dövründən sonra Türkiyə türkləri ilə ilgilənərək “31 Mart vakası”nı (II. Əbdulhəmid idarəsinə qarşı ilk üsyan- T.A) öncədən xəbər vermiş

Osmanlılar, aldanmayın Allahı sevərsiz,

İranlı kimi yatmayın, Allahı sevərsiz-

 deyərək bizi uyarmaq istəmişdir.

Yuxarıda M.Ə.Sabir haqqındakı materialları məzmununa, məqsədinə görə təsnifatında şairin yaradıcılığından nümunələrə, foto və karikaturalara da mühacirət mətbuatında yer verildiyini qeyd etmişdik. Demək olar ki, bütün məqalələrdə şairin şeirlərindən gen -bol sitat gətirilərək istifadə olunur, bəzən də şeirlər tam halda verilir. Təkcə onu demək kifayətdir ki, “Azərbaycan” (Ankara) dərgisi müxtəlif saylarında “Hop-hopnamə”dən 15-dən çox nümunə dərc etmişdir.

    Biz mühacirət mətbuatında M.Ə.Sabir haqqında dərc olunan məqalələrin bir qismindən ilk dəfə olaraq bəhs etdik. Xüsusi vurğulamaq lazımdır ki, ünlü satira ustası ilə bağlı mühacirət ədəbiyyatşünaslığındakı mənbələr bu məqalələrlə və bu araşdırma ilə məhdudlaşmır, mühacirət ədəbiyyatşünaslığında M.Ə.Sabirin həyat və yaradıcılığına dair dəyərli araşdırmalar var və bu istiqamətdə tədqiqatlar bu gün də uğurla davam etdirilir. Fil.e.d. N.Cabbarlı 25 il öncə dərc edilmiş “Sabir mühacirət ədəbiyyatşünaslığında” məqaləsində (“Ədəbiyyat qəzeti”, 30 may 1997) problemi müəyyən qədər araşdırmışdır. Araşdırmanın daha dolğun variantı onun “Mühacirət və klassik ədəbi irs” monoqrafiyasında yer almışdır. Fil.e.d. prof. V.Sultanlı “Azərbaycan mühacirət ədəbiyyatı” kitabında M.Ə.Rəsulzadənin Sabir yaradıcılığına münasibətinə toxunmuş, fil.e.d. prof. Təyyar Salamoğlu (Cavadov) 2016-cı ildə Bakıda keçirilən «Azərbaycan mühacirət ədəbiyyatı: Reallıqlar, problemlər, vəzifələr» II Beynəlxalq elmi konfransında “Azərbaycan mühacirət ədəbiyyatşünaslığı Mirzə Ələkbər Sabir yaradıcılığına metodoloji münasibət kontekstində” adlı məruzəsində Əbdülvahab Yurdsevərin bu sahədəki  araşdırmalarından söz açmışdır. Bütün bu tədqiqatlar XX əsrin əvvəllərində Sabir irsinin öyrənilməsində xidmətləri olan Abbas Səhhət, Seyid Hüseyn, Firidun bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Tağı Şahbazi Simurq kimi xadimlərin, eləcə də, sovet dövründə sabirşünaslığın tədqiqində xüsusi bir mərhələ yaratmış Ə.Şərif, Ə.Mirəhmədov, M.Cəfərov, A.Zamanov, M.İbrahimov, K.Talıbzadə, Ə.Cəfər, T.Hacıyev, M.Cəlal,Yaşar Qarayev, N.Paşayeva, M.Məmmədov, Tərlan Novruzov, A.Məmmədov (Bayramoğlu), R.Məhərrəmova və digər ğörkəmli ədəbiyyatşünasların araşdırmaları ilə mühacirət ədəbiyyatşünaslığı arasında bir növ körpü yaratmış və bütövlükdə sabirşünaslığın zənginləşdirilməsinə yardım etmişdir.

 





17.06.2022    çap et  çap et