525.Az

Qalanın İrəvan qapısı - Məmməd Oruc yazır


 

VƏ YA DUMANLI BİR SEVDA MACƏRASI

Qalanın İrəvan qapısı - <b style="color:red"> Məmməd Oruc yazır</b>

Əlbəttə, söhbət Şuşa qalasından gedir, amma öncə bir məhəbbət macərası haqqında arayış verim ki, sözügedən qalanın İrəvan qapısını tapa bilək.

1951-ci ilin payızında Qərbi Azərbaycandan (Ermənistan SSR-dən) Azərbaycana deportasiya olunandan sonra məskunlaşdığımız aran kəndində üçüncü sinfi bitirib, yay tətilinə çıxandan sonra atam məni Şuşadakı vilayət düşərgəsinə ona görə göndərməmişdi ki, mən orda dincəlim, yox, atam məni o düşərgəyə ona görə yollamışdı ki, orda rusca biliyimi artırım.

(Nədənsə, atama elə gəlirdi ki, müharibədə çəkdiyi əziyyətlərin başlıca səbəbi rus dilini bilməməyi olub).

Yay tətilində məni düşərgəyə göndərmək, işgüzar bir insan olan atama hər tərəfdən ziyandı; əvvəla, o, ailəmizdə böyüyən səkkiz uşağın, necə deyərlər, boğazından kəsib, "putyovka"ya pul verməli olmuşdu, ikincisi də gərək mən düşərgədən qayıdana kimi, quzularımızı otarmaq üçün pul verib quzuçu tutaydı...

Əlbəttə, mən bütün bunları dərk eləyirdim və fikirləşirdim ki, gərək atamın istəyini doğruldam və düşərgədən qayıdanda, rus dilini necə öyrəndiyimi sübut eləyəm. Həm də ona görə sübut eləyəm ki, o, bir də məni düşərgəyə göndərsin.

Şuşanın Azərbaycan küçəsində yerləşən bu vilayət pioner düşərgəsində, bir nəfər belə, rus uşağı olmasa da, ünsiyyət vasitəsi rus dili idi. Təbii ki, öz aramızda ana dilimizdə danışırdıq; biz də, erməni uşaqları da. Ən çox qarşılaşdığım sual isə bu idi: "Hayes, türkes?" Bu suala elə ilk günlərdən ermənicə cavab verməyi öyrənmişdim: "Türkes".

Bəli, ilk dəfə mən doqquz yaşımda bildim, dərk elədim ki, doğum şəhadətnaməmdə, milliyyət bildirən qeyddən asılı olmayaraq, türkəm.

Hər gün bizi Şuşanın tarixi yerlərinə ekskursiyaya aparan erməni müəllimlərimiz isə türklərə qarşı kinlə danışırdılar və demək olar ki, hər gün düşərgənin arxa tərəfindəki xaraba qalmış evləri nişan verib deyirdilər, baxın, bunları türklər bu kökə salıb. Yadımdadır, o müəllimə bizi Cıdır düzünə ekskursiyaya aparanda, birdən-birə ayaq saxladı və bir səmti qırmızıya çalan qayanı nişan verib dedi: baxın, türk əsilli, İran şahı Qacar Azərbaycan şairi Vaqifin oğlu Əli bəyin başını burda kəsib, bu da on səkkiz yaşlı Əli bəyin qanıdır, qayaya hopub. Mən bu deyilənlərə nəinki inandım, hətta bacardığım tərzdə, rus dilindən tamam bixəbər olan yoldaşlarıma da anlatdım. Dibində duman sürünən bir dərəyə yaxınlaşanda da müəllimə qarşımıza keçdi və soldakı qayanı nişan verib dedi ki, bəs, Qarabağ gözəli, şair Vaqifin sevgilisi Xuraman xatun özünü bu qayadan atıb ki, o nadan türkün - Qacarın əlinə keçməsin. Yadımdadır, bu söhbəti eşidəndə qızların arasında ağlayanları da oldu.

Biz uşaqların arasında isə mehribançılıqdı. Bütün günü düşərgənin qocaman armud ağaclarının azman çətirlər kimi kölgə saldığı həyətində voleybol, tennis, şahmat, dama oynayırdıq, dəstə rəhbərimizin dirijorluğu ilə pioner mahnıları öyrənirdik, bir sözlə, darıxmağa səbəb yoxdu. Axşamlar daha maraqlı keçirdi. Asif müəllim qarmonunu səsləndirən kimi, oynamaq həvəskarı olanlar düşürdü ortalığa. Sonra pis-yaxşı səsi, avazı olanlar bacarıqlarını göstərirdilər. Lap axırda da meydan verilirdi deklomasiya söyləyənlərə. Əlbəttə, burada dil baryeri yoxdu... Hələ də yadımdadır, laçınlı Elman hər axşam eyni intonasiya ilə, birnəfəsə "Zamanın bayraqdarı"ını söyləyirdi. Lap axırda da baş dəstə rəhbəri gecənin qaliblərini elan eləyirdi, hərdən onlara hədiyyələr də verirdilər; kiminə rus dilində bir kitab, ya perosu ucudüyməli bir qələm, ya bir poçt markası..

Belə unudulmaz, qayğısız gecələrin birində "İnnabı" havasına oynamaqdan yorulub pörtmüş sarışın, çilli qız qarşımda dayandı və məni çoxdan tanıyırmış kimi, ərklə dedi:

- Hamı oxuyur, oynayır, şənlənir, amma sən kitab oxuyursan. Özünü kimə göstərirsən?

Əslinə qalsa, yerində verilmiş bir sual idi; mən də kitab oxumağımla özümü təsdiq etmək istəyirdim.

 Əlimdə tutduğum kitaba baxmadan soruşdu:

 - Nədi oxuduğun?

 - "Robinzon Kruzo".

 Kitaba ötəri nəzər salandan sonra dilləndi:

- Eşitmişəm bu roman haqqında, rusca olsaydı, mən də səndən alıb oxuyardım...

Və beləcə, iyirmi dörd gün bir göz qırpımında keçdi. Mənim üçün ən maraqlı hadisə isə sonuncu gün baş verdi. Məlum oldu ki, yüz əlli uşağın arasında xüsusi tərifnaməyə ("Qramota"ya) layiq görülən otuz pionerdən biri də mənəm. Əslində o iyirmi dörd gün ərzində mən nə oynamışdım, nə solo oxumuşdum, nə partiya haqqında deklomasiya söyləmişdim, sadəcə, şahmat yarışında üçüncü yeri tutmuşdum.

Ağlıma da gəlməzdi ki, bu "Qramota"ya görə atamın mənə hörməti birə yüz artar. Heç bir-iki gün keçməmiş, atam "Qramota"nı rayon mərkəzinə aparıb, xüsusi çərçivəyə saldırdı və gətirib evimizin divarından asdı.Və dedi ki, gələn yay yenə məni Şuşaya göndərəcək.

...Aylar, fəsillər ötdü, yenə yay gəldi və yenə atam məni yay tətilində həmin düşərgəyə göndərdi. Nə artıq mənə doğmalaşmış Şuşada, nə də o düşərgədə heç nə dəyişməmişdi. Ən qəribəsi isə, hər axşam "İnnabı" havasına sındıran, sarışın, çil-çil qızın yenə orda olması idi. Təbii ki, biz köhnə tanışlar kimi görüşdük. Hətta, bir neçə gündən sonra mən ona şahmat öyrətmək istədim, amma hiss elədim ki, oxumaq, oynamaq, bir sözlə, deyib-gülmək onun üçün daha maraqlıdır. Bir dəfə soruşdum:

- Sən haralısan? - O, bu suala dərhal cavab verməsə də, əlimdən tutub məni düşərgənin bayır qapısına qədər apardı və şəhadət barmağını təxminən yüz addım aralıdakı binaya sarı tuşladı:

 - Bax, o bina bizimdi, - dedi.

Yenə iyirmi dörd gün bir göz qırpımında arxada qaldı və bu səfərimdə, demək olar ki, Şuşada gəzmədiyim, görmədiyim bir yer qalmadı, hətta, Üzeyir Hacıbəyovun Ev muzeyinə üç dəfə getdim.

Yenə fəsillər ötdü, qışdan sonra yaz, yay gəldi və atam yenə verdiyi sözə əməl elədi. Və məni yenə də isti bir yay günündə Şuşaya - həmin pioner düşərgəsinə göndərdi. Yenə də məni təəccübləndirən (və bir qədər sevindirən) düşərgədə həmin sarışın, çil-çil qızla qarşılaşmağım oldu. Bu dəfə köhnə tanışlar kimi yox, köhnə dostlar kimi hal-əhval tutduq. Mən yarısına qədər oxuduğum "Ovod" romanını qayışımın altına keçirmişdim və deyəsən, elə bu kitab da onun diqqətini çəkdi.

- Yenə bütün günü kitab oxuyursan?

 Cavab verdim:

 - Çox maraqlıdı...

 O:

 - Oxu, - dedi, - kitab insanın ən yaxın dostudur. - Və ucadan gülüb məndən aralandı.

 O yay o sarışın qızla daha bir mükaliməmiz xatirimdən silinməyib. Yenə dəstə ilə ekskursiyadan qayıdırdıq. Bizə Şuşa qalasının Gəncə qapısını göstərmişdilər və bu zaman qalanın İrəvan qapısından da söz açmışdılar. Və nədənsə İrəvan qapısı məni daha çox düşündürmüşdü, odur ki, qıza dedim:

 - Sən buralısan, yəqin qalanın İrəvan qapısını da tanıyarsan...

 -  Nəyinə lazımdı İrəvan qapısı?

 - Axı, mən əslən irəvanlıyam.

 - Qalanın İrəvan qapısı çoxdan uçulub-dağılıb, yalnız adı qalıb, nənəm deyərdi ki, Gorusdan, Laçından gələn bütün yollar, cığırlar İrəvan qapısında bitərmiş...

Yedinci sinfə keçəndə hələ pioner qalstuku ilə məktəbə gedib-gəlsəm də, atam məni Şuşaya - pioner düşərgəsinə göndərmədi. Yəqin ki, bunun başlıca səbəbi ot çalmağı əməlli-başlı öyrənməyim idi. Hər gün pambıq zəmilərinin arasından, iki ulaq yükü ot biçib gətirə bilirdim, hətta beş-altı qucaq yaş otu, təkbaşına ulağın belinə aşırmağa da gücüm çatırdı. Hətta evin başqa işlərinə də yarayırdım; neft almaqdan, gilənar dərib Daşburun stansiyasından keçən sərnişin qatarlarının bələdçilərinə vedrə ilə satmağa kimi...

...Və bu minvalla Şuşaya yolum bir də onuncu sinfi bitirib 11-ə keçəndə düşdü. O da bir günlüyə. Həmin düşərgədə dincələn kiçik qardaşım Abdullanı gətirməyə getmişdim. Amma qəlbimin dərinliyində gizli bir niyyətim də vardı...

Artıq hər addımı yox, hər qarışı mənə doğma olan düşərgəyə çatanda və niyyətimi qapıda dayanmış növbətçi uşaqlara anladanda, məlum oldu ki, uşaqlar nahardadılar və mən bu qapıda ən azı yarım saat gözləməliyəm.

 ...Çaylaq daşı döşənmiş küçə ilə üzüyuxarı qalxanda hara, niyə getdiyimi bilirdim, amma bilmirdim ki, döyəcəyim qapıda səsə çıxan adama nə söyləyəcəyəm? Mavi darvazaya zəncirlə bənd edilmiş çəkici, nəhayət ki, əlimə ala bildim. Çəkici darvazaya pərçim olunmuş zindana bircə dəfə vurdum, onu da astadan. Və möcüzə baş verdi. Darvazanın aralığından gördüm ki, qapını açmağa həmin sarışın, çilli qız özü gəlir.

Tanışlıq verməmiş, o məni tanıdı və Şuşaya nə üçün gəldiyimi biləndən sonra soruşdu:

- Bəlkə Sizə bir kömək lazımdı? - Bu suala cavab verməsəm də, nəhayət ki, ürəyimdən keçən sualı dilimə gətirdim:

 - Olarmı hərdən sənə məktub yazım? - Ani olaraq yanaqları allansa da, ucadan güldü:

 - Olar, niyə olmur ki? Mən beş il qabaq tanış olduğum düşərgə yoldaşlarımın çoxusu ilə məktublaşıram.

 - Məktəbə yazım?

 - Yox, məktəbə niyə, evə yaz... - Daha nə isə soruşmağa ehtiyac yoxdu, evin ünvanı isə darvazanın üstünə aydınca yazılmışdı: "Azərbaycan küçəsi, 3".

Üçüncü, ya dördüncü məktubdan sonra mənim hissiyyata qapılıb ona nələr yazmağım, əlbəttə, yadımda deyil, amma o xatirimdədir ki, onun cavab məktubu bir cümlədən ibarətdi: "Mənə, bir daha məktub yazmayın, mən sizi başa düşmürəm..."

Azma, yazma da... Amma bir il sonra, universitetin jurnalistika şöbəsinə qəbul olunanda, elə yataqxanadakı ünvanımdan ona daha bir məktub yazdım. Nədənsə, mənə elə gəlirdi ki, bu məktub hər şeyi dəyişəcək. Sonucda mən yalnız bu məktubun ünvanına çatdırıldığını öyrənə bildim.

 

...Və bu minvalla, artıq mən üçüncü kursda oxuyarkən, biz təsadüfən Bakıda qarşılaşdıq. Mehribancasına görüşdük, hətta qarşımıza çıxan bir skamyada yanaşı oturub söhbət elədik. Məlum oldu ki, qəbul imtahanlarında yaxşı bal yığa bilmədiyi üçün "AZİ"nin axşam şöbəsinə qəbul olunub.

 - Bəs gündüzlər neynəyirsən?

 - İşləyirəm.

 - Harda?

 - Poçtda.

 - Nə işində?

 - Poçtalyon. - Mənim gülməyimi, yəqin ki, inanmamağım kimi qəbul elədiyi üçün əl çantasından poçtalyonluq vəsiqəsini də çıxardıb mənə göstərdi.

 Bu ötən iki-üç il ərzində o, o qədər gözəlləşmişdi ki, onun poçtalyonluq elədiyinə heç kim inanmazdı, yəqin ki...

Sağollaşanda yaşadığı ünvanı, telefonunu öyrənmək istədim və o, yenidən skamyaya çökdü.

 - Bilirsən, mən daş deyiləm, - dedi, - səni başa düşürəm, amma onu da bilirəm ki, bu məhəbbət deyilən şey ötəri bir duyğudur, necə alovlanırsa, eləcə də sönür bir gün... Hər şeyə ağılla yanaşmaq lazımdır, sən ancaq mənim balaca qardaşım ola bilərsən...

 - Balaca niyə, axı, mən səndən iki yaş da böyüyəm. - Və yəqin ki, mənim inadkarlığım onu bir qədər də mənimlə yanaşı bu skamyada oturmağa vadar elədi.

 - Düzünü desəm, yəqin ki, inanmayacaqsan, - dedi. - Bakıya gələndən mənə on səkkiz oğlan eşq elan eləyib. - Ağlıma hardan gəldisə, mən də zarafat etmək istədim:

 - Bəlkə, on doqquz?

 O, bu dəfə ucadan güldü:

 - Hə, düz deyirsən, on doqquz, biri də sən... - Bu mükalimənin mabədi isə məni lap heyrətə gətirdi.

 - Mən onların beş-altısı ilə hərdənbir görüşürəm...

 - Beş-altısı ilə niyə? - O, bu dəfə ciddi tərzdə cavab verdi:

 - Deyirəm, bəlkə, bir ağıllısına rast gəldim... - Araya çökən sükutu yenə mən pozdum:

 - Mən gələn ay "Şuşa" qəzetində təcrübə keçməyə gedəcəm, bir ay Şuşada olacam, sən də gəlsən...

 - Yox, mən gəlsəm, işimi itirə bilərəm, hər halda gəlsəm, səni axtararam... -  Maraqla soruşdum:

 - Harda axtaracaqsan? "Şuşa" qəzetində?

 Və o, təbəssümlə cavab verdi:

 - Yox, Qalanın İrəvan qapısında...

Üstündən, ortalama, 50-60 il keçib və hələ bir dəfə də olsun, qarşılaşmamışıq. Həqiqətən də Bakı böyük şəhər imiş... Əlli il gözün axtaran adam, bir dəfə də olsun, qarşına çıxmaya bilərmiş...

Bu günlər Şuşada böyük quruculuq işləri gedir və mən şübhə etmirəm ki, Şuşa qalası tam bərpa olunanda, öz əzəli görkəminə qaytarılanda, İrəvan qapısı da yaddan çıxmayacaq. Bu son günlərdə isə, hamıya bəlli oldu ki, hələ ki, rusların nəzarət etdiyi Laçın dəhlizinə alternativ olaraq, Laçından Şuşaya çəkilən yol tamamlanmaq üzrədir. Bir yandan baxanda, bu yol - Qalanın İrəvan qapısı deyil, bəs nədir?

Və mən şübhə etmirəm ki, çox keçməyəcək və insanlar Şuşanın Gəncə qapısında olduğu kimi, İrəvan qapısında da bir-birinə görüş verəcəklər. "Laçın dəhlizi" ifadəsinə isə, ola bilsin ki, tarix dərsliklərində rast gələcəklər.

21 aprel 2022, Albalı bağları 

 

 

 





17.06.2022    çap et  çap et